Muğam
xalqımıza verilən
ilahi vergidir
Dünyadakı bütün dahiləri yetişdirən pedaqoqlar, müəllimlər olub. Müəllimin ən böyük hədiyyəsi isə yetişdirdiyi tələbələrinin uğurunu
görmək,
onların sevincini yaşamaqdır. Budəfəki
müsahibimiz güclü səsi, muğama olan dərin
bağlılığı, Azərbaycan muğam sənətinin inkişafındakı
xidmətləri ilə yanaşı, həm də uzun illərdir yetişdirdiyi tələbələri ilə mədəniyyətimizə
xidmət edən Azərbayanın Əməkdar müəllimi Qəzənfər Abbasovdur.
- Qəzənfər müəllim, söhbətimizə ilk olaraq sizin uşaqlıq
və gənclik illərinizdən başlamaq istəyirəm. Bəlkə o illərə bir ekskurs edək?
-Mən Ağcabədi rayonunun Hacılar kəndində anadan olmuşam. Orta məktəbi də
həmin kənddə bitirmişəm. Daha sonra bir
neçə dəfə ali məktəbə qəbul olunmaq istəmişəm. Xatırlayıram
ki, Bakı Dövlət
Universitetinə gəlirdim. Ən böyük
arzum hüquqşünas olmaq idi. Ancaq arzuma nail ola bilmədim və
hərbi xidmətə
getdim. Hərbi
xidmətimi uzaq
Sibirin Çita şəhərinin Çinlə sərhəd
olan hissəsində keçirmişəm. Daha sonra Vətənə qayıdıb bir müddət kənddə işləmişəm. 1984-cü
ildə
Sumqayıtda Nəriman Nərimanov adına mədəniyyət evində muğam ansamblı var idi. Burada musiqi təhsili
almağa başladım. Orada müəllimim Mənzura Rüstəmova olub. Paralel
olaraq həm də zavodda işləyirdim. Həmin illərdə fəhlələrə növbəlilik əsasında ev
verirdilər. Mən də oradan ev aldım. Hazırda
da həmin evdə yaşayıram.
1986-cı ildə
hazırkı Azərbaycan
Milli Konservatoriyasının tərkibində olan musiqi kollecinə qəbul olundum. Seyid
Şuşinski irsinin böyük davamçısı olan
respublikanın Əməkdar
artisti, çox böyük müəllim
Nəriman Əliyevdən dərs aldım. Təhsilimi
başa vurduqdan sonra Nəriman
müəllim məni muğam
teatrının nəzdində fəaliyyət
göstərən muğam
studiyasında muğam müəllimi
kimi işə qəbul etdi. Arif Qazıyev muğam teatrının direktoru,
İslam Rzayev isə
bədii rəhbəri idi. O zamandan bu günə kimi müəllim kimi fəaliyyət göstərirəm. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil
oldum, böyük sənətkarımız ustadımız, professor
Arif Babayevin sinifində təhsil aldım. Tələbələrimdən Sevinc Sarıyeva, Humay Məmmədova, Mütəllim Dəmirov, Bəxşeyş Mehdiyevi və s.
tanıyırsınız.
- Siz həm pedaqoq, həm də gözəl xanəndəsiniz. Bəs səsinizi ilk dəfə kim kəşf etdi?
- Gənc yaşlarımdan artıq
hiss edirdim ki, səsim var. 1972-ci ildə “Qarabağ bülbülləri” ansamblı var idi və onların səsi hər yerdən gəlirdi. Bir vaxtlar
Tacir Şahmaroğlu “Bayatı-şirazı” inprovizasiya
etmişdi. O zamanlar hamıya bir ruh gəlmişdi. 10
yaşım var idi. Kənddə
musiqi məktəbi yox idi, amma mədəniyyət
evi vardı. Evdə
səkkiz uşaq
olmuşuq, dördü rəhmətə gedib. Hamımızın
səsi olub. Babam Mirzə
Mahmudun səsi-sorağı
Təbrizdən, Dərbənddən,
Şamaxıdan gələrmiş. Mənə elə gəlir ki, səs
irsidir.
- Təxminən 1991-ci illərdə tanınmış xanəndə-pedaqoq Nəriman Əliyev sizin ifanızda “Şüştər”i dinləyəndən sonra belə söyləmişdir: “Heç nə oxumasan da “Şüştər”in şöhrəti sənə bəsdir”. Bu, 1991-ci
ildə söylənmiş bir
sözdür. Sizcə
bu illər ərzində sizin
“Şüştər”i
üstələyən hər
hansı bir ifanız olubmu?
- İlk dəfə 1990-cı ildə Azərbaycan televiziyasında Oqtay Rəcəbovun aparıcılıq
etdiyi məktəblilərin musiqi qrupunda “Şüştər”i ifa etmişəm və daha sonra həmin ifa 1991-ci ildə radionun fonduna yazılıb.
Gülyaz Məmmədova “Mahur” muğamını, İrşad Hüseynov
“Mirzə Hüseyn seygahı”nı, Səbinə Niftəliyea isə qadınlar arasında ilk dəfə “Rahab” muğamını ifa
etdi. “Şüştər”
mənə bundan sonra
şöhrət gətirdi. Nəriman
müəllim o zaman
bu ifadəni işlətmişdi. Deyirdi ki, bu ifanla “Şüştər”ə
möhür vurdun. “Şüştər”i belə oxumaq hər xanəndəyə
müəssər olmur. Elə onun
dediyində bir həqiqət varmış.
Artıq həmin vaxtdan 26 il keçir. Desəm
ki, “Şüştər”i
ən gözəl ifa edən mən olmuşam bu,
eqoistlik olar. “Şüştər”i Cabbar
Qaryağdıoğlu, Məşhədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər mükəmməl ifa ediblər. Desəm
ki, “Şüştər”
mənim ifamda ən mükəmməl muğamdır, düzgün
olmaz. Mənim ifamda “Xaric seygahı”, “Vilayəti”, “Orta mahur”
muğamları da var. Uzun müddətdir ki, muğamı tədris edirəm. Heç vaxt
düşünməmişəm ki, muğamın
biri digərindən daha
yaxşıdır. Hər gün onların nazı ilə oynayıram. Nə qədər fiziki gücüm, səhhətim imkan versə,
yüksək səviyyədə oxumağa
çalışacağam. Hesab edirəm ki, bütün
müəllimlər mənimlə eyni fikirdədirlər.
- Azərbaycan muğamında siz
yeddi lad məqamı fəth edən bir xanəndə kimi tanınırsınız. Bu, ilk dəfə sizin ifanızda Güney Azərbaycan telekanalı
vasitəsilə bütün
dünyaya yayımlanıb. Bu məqama çatmaq, o
yeddi ladı mənimsəmək üçün hansı
yolları keçmisiniz?
- Uşaq
ikən səsimi bəzi sənətkarlara bənzədirdim. Arif müəllim, “Mirzə Hüseyn seygahı”nı oxumuşdu, onu təkrar etməyə
çalışırdım. Qədir Rüstəmovun “Sona bülbülləri”ni, Baba
Mirzəyevin
“Üç telli durnası”nı, Xan Şuşinski kimi sənətkarların ifalarını
dinləyib səsimi onların səsinə bənzədirdim. Uzun
müddət təhsil almışam.
Ancaq bu 9 il mənə kifayət etməyib. Elə bu gün də özümdən narazıyam. Çünki xanəndəlik sənətində
bilmədiyim
çox şeylər
var. Elə
muğamlarımız var ki, yaddan çıxıb. Biz onların hamısını bərpa etməyə
çalışmalıyıq.
Üzeyir Hacıbəyli
Azərbaycan xalq
musiqisinin əsasları
ilə yeddi əsas muğamın lad
sistemini qurub. Bu, proqramlaşdırıldı
və Seyid
Şuşinski bu proqramın əsas
tədqiqatçılarından
biri olub. Bu gün də
bu proqram davam edir. Sovet hökuməti zamanı bu
muğamların heç adı çəkilə bilməzdi. Allah ulu öndər
Heydər Əliyevə qəni-qəni
rəhmət etsin. Bugünkü müstəqilliyimiz
bizə hər cür şəraiti yaratmağa
imkan verir. Muğam elədir ki, yazılı surətdə harasa keçmir. Not vasitəsilə gələcəyə ötürülür.
- Bu
gün dərs dediyiniz tələbələr Azərbaycan muğam sənətinə, öz töhfələrini verəcəklər. Tələbələriniz
arasında gələcəyinə
ümid bəslədiyiniz,
muğamlarımızın tanınmasında, səs baxımından
daha böyük inqilablar edəcək tələbəniz
varmı?
-Gələcəyinə ümid bəslədiyim tələbələrim çoxdur. Tələbələrimdən Zülfüqar
Mahmudov Naxçıvan Muxtar Respublikasının Əməkdar artistidir.
Muğam müsabiqəsinin laureatı Səbinə Ərəbli, mən deyərdim ki, “Kəsmə şikəstə”ni Fatma Mehrəliyevadan, Şövkət Ələkbərovadan sonra gənc xanəndələr arasında ən mükəmməl ifa edən xanəndədir. Nəriman müəllimin mənə dediyini mən Səbinə üçün deyə bilərəm ki, Səbinə Ərəbli bu gündən sonra heç nə ifa etməsə də “Kəsmə şikəstə”yə öz möhürünü
vurdu. Hər
dəfə onu dinləyəndə
müəllim kimi
deyil, tamaşaçı kimi heyranlıqla izləyirəm.
- İfalarınızı bəziləri Seyid, bəziləri isə Cabbar Qaryağdıoğlu
üslubuna bənzədirlər. Siz hansı üslubu özünüzə daha yaxın hesab
edirsiniz?
-”Ot kökü üstə bitər” - boşuna deməyiblər. Bunun qısa cavabı
budur. Mən
də daim klassiklərdən bəhrələnirəm
və bu yola sadiqəm. Fikrimcə,
bu yolu dəyişmək olmaz. Bütün xanəndələrə,
müəllimlərə, tələbələrə də bunu tövsiyə edirəm.
Biz bunu qoruyub saxlamalı, nəsildən-nəsilə ötürməliyik. Muğam əsrlər boyu yol gəlib. Özü-özünü ayrı-ayrılıqda
daim qoruyub saxlayıb. Müəyyən dövrlərdə çətinliklərdən keçməsinə baxmayaraq muğam
muğamlığında da qalıb. Muğama
kimsə nə yamaq vura, nə də dəyişə bilib. Muğam elə
bir sənətdir ki, nə qədər
itirməyə
çalışılsa belə,
haradansa üzə
çıxmağı bacaracaq. Mənə elə
gəlir ki, muğam
xalqımıza verilən
ilahi vergidir.
- Qəzənfər müəllim, son zamanlar muğamın
musiqinin bir çox sahəsi ilə sintezinə rast gəlirik. Məsələn, cazla... Buna münasibətiniz necədir?
-Fikrimcə, burada heç bir qəbahət yoxdur. Muğamın
sintezini Azərbaycanda
ilk dəfə Vaqif Mustafazadə edib və çox gözəl də alınıb.
Orada rəhmətlik Hacıbaba
Hüseynovun da ifasında improvizə
edilmişdi. Caz musiqisi bizim olmasa da onun
içərisində muğam elementlərinə yer verilməsi cazın məşhur olduğu
Avropa, Amerika və
başqa xalqların musiqisinə
muğamın təsirini
qoyacaq.
-
Özünüzü daha çox hansı rolda
görürsünüz? Xanəndə,
yoxsa pedaqoq Qəzənfər Abbasov rolunda?
- Mən həm xanəndə, həm də pedaqoqam. İnsanlara
xoş olursa, məni
hər iki obrazda da
sevirlərsə, bu, mənim xoşbəxtliyimdir. Belə hesab edirəm ki, pedaqoq olmaq asan bir iş
deyil. Çünki bütün dahiləri yetişdirən pedaqoqlar, müəllimlər olub. 2015-ci ildə
mən iki dəfə konsert vermişəm. Biri Milli Konservatoriyada, digəri isə Beynəlxalq Muğam Mərkəzində. Milli
Konservatoriyanın rektoru Siyavuş müəllimə
dərin təşəkkürümü
bildirirəm. Hər
zaman mənə diqqət və
qayğısını göstərir
və mənim konsert verməyim üçün
hər cür şəraiti yaradır.
Mən
orada “Humayun” dəsgahı
oxudum. Son dövrlərdə demək olar ki, “Humayun dəsgahı”nı heç kim ifa etməyib. Konsert
zamanı özüm bəstələdiyim təsniflərimdən, xalq
mahnılarımızdan da ifa etdim. Möhtəşəm bir konsert oldu.
- Qəzənfər müəllim, Azərbaycan Televiziyasının
Seyid Şuşinski haqqında çəkdiyi sənədli filmdə ağanın orta
yaşlarını canlandırmısınız. İstərdim bir az
bundan danışasınız.
- Bəli, mənim bir şəklim var. Həmin şəkil rejissorun əlinə keçir və Seyid Şuşinski ilə məni çox bənzədir. Başımda
papaq, əlimdə qaval, deyir ki, Seyidin
orta yaşlarına Qəzənfəri çəkəcəyəm.
Gəlib
çəkdilər. Düşünürəm
ki, çox gözəl
də alındı.
O da mənim ustadımın ustadına bir ehsan olsun. Seyidi yaşatmaq bizlərin
borcudur. Seyid Şərqin
çox böyük incisidir.
- Bilirik
ki, Azərbaycan muğamının tanıdılmasında,
yeni-yeni istedadların ortaya çıxmasında muğam
müsabiqələrinin rolu çox böyükdür və dövlət səviyyəsində bu muğam müsabiqələrinə xüsusi diqqət göstərilir. Bu
müsabiqələrdə sizin tələbələrinizdən də iştirak edənlər var. Müsabiqələrdəki obyektivlik sizi qane
edirmi?
-Bəli, elə bu günlərdə də muğam müsabiqəsi başlayıb. Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın sayəsində muğam müsabiqələri uzun zamandır ki, davam
edir. Heydər
Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu layihə
illərdir
böyük uğurlar qazanır. Yer
tutub-tutmamasından asılı olmayaraq hər zaman tələbələrim
bu müsabiqədə iştirak edib.
Azərbaycan
Televiziyasi və Mədəniyyət
və Turizm Nazirliyinin
birgə layihəsində iştirak etməyimiz şəxsən mənim
üçün böyük fəxrdir.
Tələbələrim Rəna Qafarova, Taleh Balakişiyev
iyirmilikdə iştirak ediblər. Sonrakı müsabiqələrdə çox tələbələrə dəstək olmuşam. 2011-ci ildə
keçirilən
müsabiqədə isə tələbəm Səbinə Ərəbli birinci və Nigar Şabanova isə
üçüncü yeri tutdular. Tələbələrimin uğurları
mənim
üçün fəxrdir.
Builki müsabiqədə Arzu Mahmudova, eyni zamanda,
Nüşabə Kərimova və Nasir Ətapur və Məcid Əsri iştirak edirlər. Yeri gəlmişkən, bütün tələbələrimə uğurlar arzu edirəm.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2017.- 4 aprel.- S.19