Hikmət Babaoğlu:
""Yeni Azərbaycan" qəzetinin ölkənin
ictimai-siyasi həyatında özünəməxsus yeri
var"
- Medianın daim təkmilləşən,
yeniləşən, dövrün iqtisadi, siyasi, ictimai
münasibətlərinin tələblərini ödəməyə
çalışan vasitə olduğunu nəzərə alsaq,
o zaman biz milli medianı bütövlükdə zəncir kimi
götürə bilərik. Ayrı-ayrı dövrlərdə
milli mətbuatda fəaliyyət göstərən, onun
inkişafında müəyyən rol oynayan mətbu orqanlar da
bütöv bir zəncirin həlqələridir. Dolayısı
ilə Azərbaycanın mətbu yaddaşı tək, vahiddir
və milli yaddaşın əsas komponentlərindən biridir.
“Yeni Azərbaycan” qəzeti Yeni
Azərbaycan Partiyasının rəsmi mətbu
orqanıdır. Bu gün Yeni Azərbaycan
Partiyasının üzvlərinin sayı 700 mindən
çox olduğunu nəzərə alsaq, o zaman “Yeni Azərbaycan” qəzetinə təkcə
partiyanın rəsmi orqanı kimi nə qədər
böyük bir auditoriyanın müraciət etdiyini görərik.
Bundan əlavə, partiyaya maraq göstərənləri,
ölkənin ictimai-siyasi həyatında partiyanın rolunu qəbul
edən, mənimsəyən çoxsaylı insanların da
olduğunu nəzərə alsaq o zaman biz Ulu Öndər Heydər
Əliyevin söylədiyi “Yeni Azərbaycan Partiyası
Ümumxalq Partiyasıdır” tezisinə gəlib
çıxacağıq. Dolayısı ilə “Yeni Azərbaycan”
qəzetinin müraciət etdiyi auditoriya da əslində elə
Azərbaycan xalqıdır. Bu, çox məsuliyyətli
prosesdir. Çünki media əksər hallarda bir sıra
mühüm məsələlərə cavab verir, ictimai rəyi
maraqlandıran suallara cavab verir, dünyada baş verənlər
haqqında informasiyalar yayır, insanları partiya həyatında
baş verən hadisələrlə bağlı məlumatlandırır,
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri
İlham Əliyevin fəaliyyəti qəzetimizin təbliğ
etdiyi istiqamətlərdən ən birincisidir. Bütün
bunları ümumi olaraq nəzərdən keçirsək
görərik ki, “Yeni Azərbaycan” qəzeti ölkəmizin
ictimai-siyasi həyatında özünəməxsus yeri olan
bir qəzetdir və eyni zamanda müstəqilliyimizi əldə
etdikdən sonra müasir mərhələdə milli
medianın formalaşmasında yenə də özünəməxsus
yeri olan bir qəzetdir. Bu rol və yer “Yeni Azərbaycan” qəzeti
boydadır.
- Son dövrlər cəmiyyətin və
dövlətin inkişafında mətbuatın böyük
rol oynadığını söyləsək
yanılmarıq. “Yeni Azərbaycan”
qəzetinin bu istiqamətdəki rolu haqqında məlumat verərdiniz?
- 1990-cı illərin əvvəllərində
Azərbaycanda müstəqil mətbuat yeni formalaşır və
yalnız çap mediası ilə məhdudlaşırdı,
indiki müasir texnoloji vasitələr isə yox idi. İlkin mərhələdə
milli mətbuatı təmsil edən, onun komponentləri olan
çap mediası kimi “Yeni Azərbaycan” qəzeti də
məhz çap mediası statusunda idi və qarşısına
qoyduğu məqsədi də məhz həmin vasitə ilə
həyata keçirirdi. Müəyyən məsələlər
istisna olmaqla, qəzetimizin mövqeyi dəyişilməz idi.
Bu məqsədlərdən birincisi maarifləndirmək,
ikincisi ictimai rəyi düzgün, obyektiv əsaslarda
formalaşdırmaq, üçüncüsü fikir
istehsalçısı olan insanlar üçün tribuna olmaq
idi. Düşünürəm ki, “Yeni Azərbaycan” qəzeti
bunun da öhdəsindən layiqincə gəlməyi bacarıb. Bütövlükdə bir qəzetin üzərinə
düşən ən böyük tarixi missiya xalqın
tarixini, mədəniyyətini, sosial kimliyini özünə
göstərməklə yenidən bu əsaslarla xalqın gələcəyini
ideoloji müstəvidə inşa etməkdir. 90-cı illərin
əvvəlləri həm axtarışlar, həm də milli özünüdərk, hadisələri
yenidən qiymətləndirmək baxımından xüsusi mərhələ
idi. Çünki o dövrdə Azərbaycanda formalaşacaq
ictimai şüur sonrakı mərhələdə ölkəmizdə
baş verən siyasi proseslərin eləcə də ictimai,
intellektual münasibətlərin keyfiyyətini müəyyənləşdirəcəkdi.
Ona görə də sözügedən
dövrdə düzgün mövqe tutmaq, tapşırılan
missiyasını düzgün yerinə yetirmək, Yeni Azərbaycan Partiyasının rəhbərliyinin,
icra katibliyinin tövsiyələrini məhz qarşıya
qoyulan məqsəd əsasında ictimailəşdirərək
auditoriyaya təqdim etmək çətin məsələ
olmaqla yanaşı eyni zamanda şərəfli idi. Bu proseslərdə
çoxsaylı Azərbaycan mediası, mətbu orqanı
iştirak edirdi. “Yeni Azərbaycan” qəzeti də bu mərhələdə
öndə olan qəzetlərdən biri kimi üzərinə
düşən missiyanı yerinə yetirirdi. Ancaq
biz bilirik ki, bu mərhələ həm də müəyyən
mənada bir qədər məhdudiyyətlər mərhələsi
idi və 1996-cı ildə böyük dövlət xadimi Heydər
Əliyev tərəfindən senzuranın ləğv
olunması, bütün milli mediamız üzərinə bir
azadlıq gətirdi, mediaya yeni dəyərlər
qazandırdı və bundan sonra milli mediamız artıq
özü-özünün fəaliyyət çərçivəsini
müəyyənləşdirməklə, məqbul hesab etdiyi
bütün informasiyaları cəmiyyətə
çatdırmaq imkanı qazandı. Amma biz bilirik ki, internet
2000-ci illərin əvvəllərində
bütün dünyada ictimai həyatın əsas
atributlarından birinə çevrilməyə başladı.
90-cı illərin əvvəllərində əgər bu pərakəndə
şəklində idisə, 2000-ci ilin əvvəllərindən
sonra artıq biz yeni media nümunələrini
görürük. Artıq “Yeni Azərbaycan” qəzetinin
də elektron səhifəsi var və qəzet çapa getməmişdən
öncə, qəzetin işi yekunlaşan kimi dərhal onun PDF
variantı qəzetimizin saytının xüsusi səhifəsində
öz əksini tapır. Gün ərzində qəzetin əldə
edəcəyi və səhəri gün oxucuya
çatdıracağı fikirlər və məlumatlar da elə
bir gün əvvəl yenə də qəzetin elektron səhifəsində
öz əksini tapır. Bəzən çap mediasının
məhdudlaşdırıldığı, internet
resursların, sosial şəbəkələrin qəzetin təsir
imkanlarını azaltdığı deyilir. Amma
unudurlar ki, qəzet hazırkı mərhələdə
müasir qəzetçilik təkcə çap müstəvisində
deyil, qəzetlər eyni müvəffəqiyyətlə
internetdə, elektron səhifələri olmaqla yanaşı,
digər sosial resurslardan fərqli olaraq onun çap
versiyası var. Belə olan halda, qəzetin rolunu
kiçiltmək, onu ictimai rəyə təsirini azalması
kimi fikirlər səsləndirməyi məqbul hesab etmirəm.
Hazırkı mərhələdə də milli
mediamız özünü sürətlə, çox
böyük keyfiyyətlə, qlobal informasiya məkanında
baş verən proseslərə uyğunlaşdıra bilib.
İndiki mərhələdə ideoloji mübarizələrin,
psixoloji rəqabətin, ictimai rəyin, informasiya ilə yeni
insanlar formalaşdırmaq cəhdlərinin də
böyük bir hissəsi internet resursları üzərindən
həyata keçirilir. Qəzetlər də bu işin fəal
iştirakçılarıdır.
- “Yeni Azərbaycan” qəzeti son illər
böyük təkmilləşmə yolu keçib. Auditoriya cəlb
etmək üçün hansı yeniliklərdən istifadə
edirsiniz və bundan sonra oxucularınızı hansı yeniliklər
gözləyir?
- Dediyimiz kimi, qəzet bu gün
öz məlumatlarını “vətəndaş mediası”
dediyimiz mediaya paralel olaraq ondan da irəliyə götürə
bilir. Çünki, “vətəndaş mediası”
adlandırdığımız sosial münasibətlərdəki
informasiya mübadiləsində çox böyük fərqin
olduğunu düşünürəm. Qəzetdə
peşəkarlıq məsuliyyəti var. Sosial mediada
hansısa fərd məlumatı sizdən əvvəl yaya bilər.
Lakin bu xəbərin ciddiliyi nə dərəcədədir, nə
qədər auditoriya bunu ciddi informasiya kimi qəbul edir,
inanır? Əksər insanlar buna inanmırlar. Təcrübələr
də göstərir ki, belə informasiyalar yalan
çıxır. Lakin qəzetin peşəkar məsuliyyəti
var. Qəzet “facebook” səhifəsində yaydığı hər
bir informasiyaya görə, Azərbaycan qanunları və
özünün ictimai nüfuzu qarşısında məsuliyyət
daşıyır. Ola bilsin ki, “Yeni Azərbaycan” digər
internet resursları kimi populyar, operativ deyil, amma
etibarlılıq və mötəbərlilik baxımından,
əlbəttə, qəzet öndədir. Bu gün Azərbaycan
əhalisinin 75 faizi internet istifadəçisidir. Bu istifadəçilər
informasiya mübadiləsi prosesində əksər hallarda
bir-birinə istinad edirlər. Lakin hər bir istifadəçi
üçün aydındır ki, bu informasiyaya inanmaq olmaz.
Bax bu rəqabətdə artıq önə çıxan
informasiya saytları, agentlikləri və qəzetlərdir. Ona
görə də hesab edirəm ki, mötəbər informasiya
mənbəyi kimi qəzet çıxış etməyi bacarır.
- Azərbaycan Prezidenti İlham Əliyev ölkə
mətbuatına diqqət və qayğı göstərir.
“Yeni Azərbaycan” qəzeti də bu diqqətdən kənarda
qalmır. Bu diqqət qəzetin yaradıcı kollektivinin
işinə təsir edirmi?
- “Yeni Azərbaycan” qəzetinin
YAP-ın mətbu orqanı olması üzərimizə
böyük məsuliyyət qoyur.
Əgər başqa mətbu orqanının bir dəfə
səhv etmək haqqı varsa, bizim belə haqqımız
yoxdur. Çünki regionun ən böyük partiyası olan
Yeni Azərbaycan Partiyası bu qəzetə etimad göstərir.
Qəzetin bu günə qədər formalaşmış ciddi
imici təkcə Azərbaycan oxucuları içərisində
deyil, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
nümayəndələri içərisində reputasiyası
var. Bu bizim üzərimizə daha çox məsuliyyət
qoyur. Bütün bunlar qəzetin bugünkü
səviyyəyə çatması partiya rəhbərliyi və
icra katiblərinin çox böyük rolu var. Əgər
onların tövsiyələri, ideoloji yardım olmasa, bu qədər
uğurlu şəkildə fəaliyyət göstərmək,
ən azından bu qədər populyar qəzet olmaq olmaz.
Bütün bunlar qəzet kollektivinin hər bir
üzvünün məsuliyyətini müəyyənləşdirir.
Azərbaycan mətbuatı bütövlükdə Ölkə
başçısının qayğısı ilə əhatə
olunub, Onun himayəsindədir. Azərbaycanda söz, mətbuat
azadlığının hamisi və ən böyük təminatçısı
Azərbaycan Prezidentidir. Azərbaycan Prezidentinin mətbuata
qayğısı təkcə bununla məhdudlaşmır.
Eyni zamanda qəzetin məişət problemlərinin həlli
ilə bağlı ciddi addımlar atılıb. Jurnalistlərə
pulsuz mənzillər verilib, “Yeni Azərbaycan” qəzeti də
bundan faydalanıb. Bundan başqa, jurnalist peşəsinin
ictimai nüfuzunun artırılması ilə bağlı
ölkə başçısı tərəfindən ciddi
addımlar atılıb. Biz hər əlamətdar gün
dövründə Azərbaycan Prezidenti tərəfindən
milli mediamız çox əhəmiyyətli institut kimi
xatırlanır, media mənsublarına fəxri adlar verilir,
müxtəlif mükafatlarla təltif edilir. Hər bir cəmiyyətin
mediası onun lokomativi, cəmiyyətin aparıcı, ən
intellektual institutlarından biridir. Digər intellektual
institutlarla müqayisə də ən populyar olanıdır.
Media birbaşa informasiya axınında olduğu
üçün daha çox fərq edilir, görülür,
öndə olunur. Azərbaycan prezidenti də
medianın bu keyfiyyətlərini dövlətimizin
ictimai-siyasi həyatında mühüm rola malik olduğunu nəzər
alaraq bu sahəyə diqqət və qayğı göstərir.
Bu gün milli mediamızı internet
resursları da daxil olmaqla bütün parametrlərlə
götürsək, milli maraqlarımızın, təhlükəsizliyimizin
təmin olunmasında çox böyük rol
oynadığını görərik. Bu
gün informasiya təhlükəsizliyi hər bir millətin,
dövlətin əsas təhlükəsizliklərindən
biridir. Ona görə də bu gün qlobal
informasiya məkanında, millətin, xalqın
maraqlarını qorumaq hər bir xalqın milli
mediasının əsas vəzifəsidir. Düşünürəm
ki, Azərbaycanda da milli media bu işlərin öhdəsindən
layiqincə gəlməyi bacara bilir və “Yeni Azərbaycan.
İki sahil.- 2017.- 11 aprel.- S.12