Muğam ruhun qidasıdır
Müsahibimiz Naxçıvan Muxtar
Respublikasının Əməkdar
artisti, tanınmış
xanəndə Ehtiram Hüseynovdur
- Ehtiram müəllim, muğam insanın ruhunu oxşayan, onun psixologiyasına təsir göstərən
unikal musiqidir. Azərbaycan muğamının
UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir ki, hazırda nəinki yaşlı nəsildə, hətta gənclərdə belə
mənəvi sərvətimiz
olan muğama maraq artmaqdadır...
- Bəli, Azərbaycanda dövlət səviyyəsində
muğama qayğı
var. Bunun da nəticəsində
nəinki orta nəsildə, hətta gənclərdə də bu sənətə maraq qat-qat artıb.
Artıq
10 ildən çoxdur
ki, Azərbaycanda milli musiqiyə, milli mənəvi dəyərlərə, xüsusilə
muğama diqqət göstərilir. Dövlət
tərəfindən, ələlxüsus
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı
ilə Azərbaycan muğamına həsr olunmuş Muğam ensiklopediyası nəşri
hazırlandı. Eyni zamanda Qarabağ xanəndələri albomu
da muğamsevərlərin ixtiyarına
verildi ki, bu da
Qarabağ muğam
ifaçılığı məktəbinə mənsub
görkəmli Azərbaycan
xanəndələrinin səs
yazılarını əhatə
edir. Alboma XX əsrin əvvəllərində
fəaliyyət göstərən
xanəndələrin qrammofon
vallarında qorunub saxlanılan ifaları ilə yanaşı, bu məktəbin ənənələrini davam
etdirən orta və gənc nəsil xanəndələrinin
ifalarında muğamlar,
təsnif və xalq mahnıları daxil edilib.
Yeni ifaçılar
nəslinin yetişdirilməsi
məqsədi ilə
2005-ci ildən etibarən
hər iki ildən bir Muğam televiziya müsabiqəsi keçirilir. 2009-cu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və
təşkilati dəstəyi
ilə dünyada ilk dəfə olaraq Muğam aləmi Beynəlxalq Muğam Festivalı baş tutdu. Festivallar çərçivəsində
həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində
Azərbaycanın və
xarici musiqiçilərin
iştirakı ilə
konsertlər keçirilir,
beynəlxalq muğam müsabiqəsi, beynəlxalq
elmi simpozium və ustad dərsləri
təşkil olunur.
Dünənin muğam müsabiqəsi
iştirakçıları, qalibləri bu gün artıq Azərbaycan Milli Konservatoriyasında, musiqi kolleclərində dərs
deyirlər, gənclərə
muğamın sirlərini
öyrədirlər.
- Muğam müsabiqələrinin
gənclərin, o cümlədən
sizin həyatınızda
rolunu necə dəyərləndirirsiniz? Siz
özünüz də
Muğam televiziya müsabiqəsinin iştirakçısı
olmusunuz...
- 2007-ci ildə televiziya vasitəsilə elan verildi. Mən də müsabiqədə
iştirak etmək qərarı verdim və şükürlər
olsun ki, iyirmiliyə düşə
bildim. Bildiyimiz kimi, Muğam
televiziya müsabiqəsində
SMS səsverməsi yoxdur.
Müsabiqədə sona qədər
qalmaq sırf iştirakçının özündən
asılıdır. Səs varsa,
onun üzərində
işləyib əziyyət
çəkib bəhrəsini
görmək mümkündür.
- Artıq təsdiq olunmuş faktdır ki, muğam hər bir azərbaycanlının
genində var. O zaman muğam təhsili almaq, nəzəriyyəyə
yiyələnmək vacibdirmi?
- Əlbəttə, təhsil
vacibdir. Təhsilsiz xanəndə tam olmur. Düzdür, qulaq asıb
öyrənmək də
olur. Xanəndəlik sənətində həmişə öyrənmək
lazımdır. Bir xanəndənin
ifasında muğama
min dəfə qulaq asırsan və hər dəfə də yeni nə
isə öyrənirsən.
Təhsilsiz xanəndələrimiz də olub. Lakin onlar hansısa ustaddan fərdi şəkildə dərs alıblar.
- Nə üçün məhz muğam?
- Uşaqlıqdan xanəndə
olmaq istəmişəm.
Heç
vaxt ağlıma gəlməyib ki, hansısa başqa sənətin sahibi olum. Özümü dərk edəndən
bu sahəyə meyilli olmuşam. Hər şey təbii ki birdən-birə baş vermədi.
- Təhsildən söz düşmüşkən, bir
qədər də tələbələrinizdən danışaq...
- Sumqayıt Musiqi
Kollecində işləyirəm. Çalışıram bir zamanlar öyrəndiklərimi
indi də tələbələrimə öyrədim.
Əvvəl də vurğuladığım
kimi, indi gənc nəsildə muğama maraq, həvəs olduqca yüksəkdir.
- Muğam ruhun qidasıdır. Bəs hansı muğam
daha çox sizin ruhunuzu qidalandırır?
- Mən muğamların arasında fərq qoymuram. Yerindən, məkanından, əhval-ruhiyyədən asılıdır.
Görürsən, elə
əhvalda oluram ki,
Segah və
ya Bayatı-Şiraz
oxuyuram. Muğam həm tərbiyə,
həm də mədəniyyətdir. Fikir verin,
muğam ifaçıları
həmişə seçiliblər.
Öz oturuşları, duruşları,
geyimləri ilə daim fərqlənirlər.
Bu da muğamda olan əzəmətdən,
milli mənəvi dəyərlərə sadiqlikdən
irəli gəlir.
- Yaradıcılığınızda
hansı yeniliklər var? Yaxın zamanlarda dinləyicilərinizi
nə ilə sevindirəcəksiniz?
- Aprel ayının 1-də Macarıstanda festival keçirildi.
Festivalda dünyanın
40-a yaxın ölkəsindən
musiqiçilər vardı.
Biz də orada
iştirak etdik. Böyük sənətkarlarımız Malik Mansurov, Elşən Mansurov, nağarada isə Ramin Abdullayevin müşayiəti
ilə çıxış
etdik.
Aprel ayının
26-da Beynəlxalq Muğam
Mərkəzində Rast
dəsgahı adlı
muğam axşamı
keçiriləcək. İki
sahilin oxucularını
da dəvət edirəm.
Buyurub gələ bilərlər.
May ayında yenə
Çin Xalq Respublikasına yola düşəcəyik. Orada Yeganə Axundovanın rəhbərliyi altında Ələkbər
Ələkbərov, Elşən
Mansurov və mən İpək Yolu festivalında iştirak edəcəyik.
Şəmsiyyə Əliqızı
İki sahil.- 2017.- 12 aprel.-
S.14