Əməkdar artist: İndiki gənclər sənətə daha yaradıcı fikirlərlə gəlirlər

Müsahibimiz respublikanın Əməkdar artisti Elçin Həşimovdur

 

- Müsahibəmizə belə bir sualla başlamaq istəyirik: tələbələrinin çox sevdiyi Elçin müəllim uşaqlıq dövrünü necə xatırlayır?

-Hər normal azərbaycanlının keçirdiyi bir uşaqlıq keçirmişəm. Əslimiz qarabağlıdır. Ancaq mən Bakıda anadan olmuşam. Atam Azərbaycanda tütün texnologiyası üzrə çalışan ilk ali təhsilli insan, tütün texnologiyasından dərs deyən ilk mütəxəssis olub. Bunlara baxmayaraq, biz qarabağlıların qanında, canında muğam sevgisi mütləq var. Atam həvəskar olaraq tarla məşğul olub. Eyni zamanda, səsi də qəşəngdir. Uşaq yaşlarımda evdə atamın tarlarını görmüşəm. Ustad müəllimlərim atamın dostları olub. Anam tarzən olmağımı çox istəyirdi. Qara Qarayev adına 8 saylı məktəbdə təhsil aldım. Sənət dostum, Əməkdar artist Elnur Əhmədov da oranı bitirib. Orta məktəbi də, kolleci də fərqlənmə ilə bitirdim. Ailəmizdə təhsilə xüsusi diqqət olub. Bacım da Bakı Dövlət Universitetini qızıl medalla bitirib.

Uşaqlıqda kəndimizə çox gedirdim. Çox şükür ki, kəndimiz işğaldan azad olunmuş yaşayış məntəqələrindəndir. Kəndə gedəndə uşaqlarla qoyuna, quzuya gedirdik, gözəl çaylarımız var, oyunlar oynayırdıq, amma hara getsəm özümlə tarımı da aparırdım. Uşaqlığım çox maraqlı keçib. Özüm Keşlə qəsəbəsində böyüsəm də yay aylarını Qarabağda keçirirdim. Ətrafımda hər zaman yaxşı insanlar olub. Onlarla bu gün də dostluq edirəm. Həyət evində böyümüşəm. Mənə elə gəlir ki, həyət evində yaşayan insanların mühiti fərqli olur. Yadıma gəlir ki, ilk qar yağanda gecə saat neçə olmasından asılı olmayaraq məhəllənin bütün uşaqları küçəyə axışardıq. Yaxşı xatırlayıram, məhəllədə biri yemək bişirəndə, “qoxusu yayılar” deyib öz uşağından əvvəl qonşunun uşağını yedizdirirdi. Bu gün də həmin insanlarla münasibətim var. Özümdə bir müsbət cəhəti sevirəm ki, həyatda küsülü qaldığım insan yoxdur. İstər sənət aləmində, istərsə də həyatda. Bunu məni tanıyan bütün insanlar təsdiq edə bilər.

- Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və bir çox digər xanəndələrimizi, sənət adamlarımızı müşayiət edirsiniz, muğam üçlüklərinin tərkibində çalışırsınız. Bu sənətçilərin hansı ilə çalışmaq sizə daha rahat gəlir?

-Onlar ayrı-ayrılıqda mənim sənət dostlarım olduğu kimi, həyatda da dostlarımdır. Onların hər biri Azərbaycan musiqisinə tövhələr verib. İstər musiqi səhnəsində, istərsə də opera səhnəsində hər birindən zövq almışam. Təbii ki, biz ən çox Mənsum İbrahimovla fəaliyyət göstəririk. Aygün Bayramova, Nəzakət Məmmədova ilə bir yerdə, xüsusilə opera səhnəsində çox olmuşuq. Sənət dostum Elnur Əhmədovla opera səhnəsində birlikdə ifa etmişik. Ümumiyyətlə, musiqiçi müxtəlif xanəndələri müşayiət etməyi bacarmalıdır. Xanəndəni müşayiət etmək üçün onun yaradıcılığına bələd olmaq lazımdır. Hər xanəndəni eyni cür müşayiət etmək olmaz. Onu elə duymalı, qarşındakına elə ötürməlisən ki, səndən zövq alıb ən gözəl performansını sərgiləsin. Bunu etməsən iş getməyəcək.

- Bəzən konsert zamanı qəfildən hər hansı bir hadisə baş verir. Ya alət qaydasında olmur, ya qeyri-adi bir hadisə həmin sənətçinin səhnəyə çıxmasına maneə olur və ya mane ola biləcək məqamlar yaranır. Bu cür hadisələrlə rastlaşmısınız?

-Tar, kamança təbii alətlər olduğu üçün belə hallar tez-tez yaşanır. Dəriyə, ağaca, simə adicə işıq da dəyəndə görürsən ki, kök dəyişir. İfa etdiyin zaman sim qırıla bilər və s. Amma getdiyin yolda təcrübə öz işini deyir. Dəfələrlə olub ki, ifa etdiyim məqamda tarımın simi qırılıb.  Bu alətdə qoşa sim olduğu üçün digərləri köməyimə çatıb. Təbii ki, həmin effekt alınmır. Şair də əbəs yerə deməyib: “İki simin titrəməsi” . Tarın əsl səsini iki sim bir-birinə dəyəndə alırıq. Təbii ki, solo ifaçılığımız da olur. Məsələn, İtaliyanın məşhur “Cinema” simfonik orkestrı ilə Verona şəhərində konsert verdik. Çox gözəl keçmişdi. Konsertdə Mənsum İbrahimov, Aygün Bayramova, Elnur Əhmədov kimi xanəndələrimiz də konsertdə iştirak edirdilər. Orkestrin dirijoru Yalçın Adıgözəlov idi. Mənsum müəllim səhnəyə çıxanda möhkəm yağış başladı. O da Fikrət Əmirovun “Kor ərəbin mahnısı” oxuyurdu. Yağış yağanda tarın dərisi aşağı düşür və alətin üzü yatır. Tarı qucaqladım, sıxdım və ifa etməyə başladım. İstəyirdim ifa tez qurtarsın ki, dəri yatmasın. Elə ifanı bitirməyə az qalırdı ki, artıq üz tamam yatdı. Bir az professionallıqla, tez ifanı yekunlaşdırdım. Konsertimiz nöqsansız, yüksək səviyyədə keçdi. Yadıma gəlir, bir dəfə Mənsum müəllimlə Tehranda  konsertdə idik. Tehranın, Səmərqəndin havası çox qurudur. Quru havada da tarın üzü bərkiyir. Bilirik ki, Bakının havasında rütubət var, alət də o rütubətə öyrəşib. İfa etdiyimiz məqamda  nəsə səs eşitdik. Nə olduğunu anlamadıq. Elnurun da kamançasından qəribə səs gəldi . Mənsum müəllim dönüb soruşdu ki,o nə səsdir? Yaxşı ki, nömrənin axırı idi. İnanırsınız, alətləri güclə kökləmişdik.

- Xarici səfərlərinizdən söz düşmüşkən, söhbətimizi belə bir sualla davam etmək istəyirik: mahir bir tarzən kimi milli musiqimizi dünyanın bir çox ölkələrində, Amerikada, Fransada, İngiltərədə, İsveçrədə, Fillandiyada, yəni saysız hesabsız ölkələrdə tanıdırsınız, təbliğ edirsiniz. Bu ölkələrin hansında musiqimiz daha çox sevilib?

-Demək olar ki, hamısında. Düzdür, tamaşaçılar fərqlidir. Məsələn, biz Brazilyanın Rio- de- Janeyro şəhərində olduq. Onlarda istiqanlıq var, eləcə də italiyanlar, ispanlar. Onlar ingilislər kimi qulaq asmırlar. İngilislərdə bir az soyuqluq var. Avropa tamaşaçısı muğama bir başqa cür qulaq asır. Ərəb ölkələrində və Asiya qitəsində, Fransada dəfələrlə konsertdə olmuşuq. Biz hətta bir gün əvvəldən, ya da səhər tezdən gedib mikrafonları yoxlayır, qaydasına salıb qayıdırdıq. Mən gedəndə gördüm ki, bizim mikrafonların hamısı hazırdır. Çünki musiqiçilərimiz o ölkələrdə o qədər konsert veriblər ki, onlar artıq bizim musiqimizi yaxşı bilirlər. Onların tamaşaçısı elektron ünvan vasitəsilə mütəmadi olaraq illik qastrol səfərlərinə kimlərin gələcəyini öyrənirlər. Oraya konsert vermək üçün müxtəlif ölkələrdən gəlirlər. Tamaşaçılar bileti öncədən internet vasitəsilə əldə edirlər. Konsert zamanı əlimizdən gələn performansı sərgiləyirik. İnsanlardan heç bir şey hiss etmirsən, elə ki, konsert bitir, insanların alqışları konsert salonunun başına götürür. Bu tempramentlik bizdə də var. Məsələn, Çində tamaşaçılar başqa cürdür. Normal qulaq asırlar, reaksiyasızdırlar. Amma onların musiqilərinə oxşar nəsə ifa edəndə artıq reaksiyaları dəyişir. İfamızı bitirmişdik, xahiş gəldi ki, “Qarabağ şikəstəsi”ni bir daha  ifa edək. Həmin gün səhnədə “Qarabağın şikəstəsi”ni üç dəfə ifa etdik. Görünür “Qarabağ şikəstəsi”nin onlara da toxunan bir məqamı var. Konsertdən sonra bir neçə səfir bizə yaxınlaşıb dedi ki, “Qarabağ şikəstəsi”i bizim xüsusilə çox xoşumuza gəldi.

- Milli musiqi ilə məşğul olan sənətçilərimizin əksəriyyətinin ən çox sevdiyi bir muğam olur. Bilmək istəyirik ki, bu muğamlardan hansı sizin iç dünyanızın təzahürüdür? 

- Gözəl sualdır. Yəqin ki, belə olur. Amma bilirsiniz necədir? Bir valideyndən soruşursan hansı övladını daha çox sevirsən? Mən bu suala cavab verərkən, elə vəziyyətdə qalıram. Birinin adını çəksəm, mənə elə gəlir ki, digərinin xətrinə dəyər. Muğamların hamısı gözəldir. Sadəcə kim nə cür ifa etməyi bacarır, həm də alətlərə düşmək məsələsi var. Elə muğam var ki, kamançada, balabanda və yaxud tarda daha gözəl səslənir. Xanəndələrdə də belədir. Görürsən elə muğam var xanəndənin səsinə düşmür.

- Siz həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində çalışırsınız. Opera, muğam, elə sənət sahələridir ki, burada tək xanəndə təsadüf hallarda yüksək səviyyədə ifa edə bilər. Orkestr səhnədəki sənətçilərin işini tamamlayır. Opera səhnəsində çıxış etmək sizin üçün maraqlıdırmı?

 

- Artıq uzun illərdir ki, Opera və Balet Teatrında fəaliyyət göstərirəm. Vasif Adıgözəlovun sonuncu əsəri olan “Natəvan” operasını mən ifa edirəm. Allah rəhmət eləsin Vasif müəllimə. O, məni özü şəxsən dəvət etmişdi. Vasif müəllim operanı yazanda bərabər işləyirdik. Hətta elə yerlər var idi ki, mənim ifama görə əsərə daxil edib. Şəfiqə Axundovanın “Gəlin qayası” və s. başqa operalarında da ifa etmişəm. Opera çox maraqlı bir yerdir. O məkanı tərk etmək çox çətindir. İnandırım sizi ki, istəmirsən çıxasan. İstəyirsən elə o nağılın, əfsanənin içərisində qalasan. Səhnə ilə opera tamamilə başqadır. Məsələn, operada mən Leylinin, Məcnunun əzabını, iztirabını, ölümünü hiss etməsəm mənə elə gəlir ki, onu yaşayıb ötürmürəmsə, işimi tam görmürəm. Ortaya qoyulan iş kollektiv işidir. Bu, çox gözəldir, eyni zamanda da məsuliyyətlidir. Məsələn, elə vaxtlar olur ki, xanəndə yaxınlaşır deyir ki, səsim yaxşı vəziyyətdə deyil, mümkünsə bunu bir az aşağıdan ifa edin. Elə adam var ki, qəbul etmir, amma bu, yalnışdır. Çünki ortada birgə görülən iş var, xanəndənin performansı nə qədər gözəl olsa mənim ifamı tamamlayır.

- Hər kəsin bir müəllimi olur. Maraqlıdıır, həm sənətdə, həm də ailədə sizin müəlliminiz kim olub?

-Ümumiyyətlə, sənətdə müəllimlərim çox olub. Onların hər biri tanınmış insanlardır və adlarını xüsusi hörmətlə çəkirəm. Dünyasını dəyişənlər də, yaşayıb-yaradanlar da var. Mənim musiqi kollecində müəllimim hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univesitetində də çalışan Fikrət Manaxov olub. Daha sonrakı müəllimlərim də böyük sənətkarlar olub. Kamil Əhmədov, Akif Novruzov, Ağasəlim Abdullayev, professor Oqtay Quliyev, Möhlət Müslümov  kimi müəllimlərdən dərs almışam. Hazırda mənə ötürülən bu sərvəti, Azərbaycan musiqisini çalışıram ki, öyrəndiyim qədər məndən sonra gələn nəslə ərmağan edim. Tələbələrim var. Həyat müəllimim deyəndə ilk olaraq gözümün qarşısına valideynlərimi gətirirəm. İlk tərbiyəni ailədən görürsən. Onu bilirəm ki, mən valideynlərimə görə başıuca gəzə bilirəm. Daha sonra hər bir insandan həyatın üçün nələrisə götürürsən. Uşaq yaşlarımda yaxşı tar ifaşılarını özümə nümunə götürürdüm. Bəzən tarla az məşğul olurdum və öz-özümə deyirdim ki, demək, mən onlar kimi ola bilməyəcəyəm. Onlardan stimul alırdım.

- Davamçınız ola biləcək tələbələriniz varmı?

- Həqiqətən də çox gözəl tələbələrim var. Artıq bu gün xalqımız da onları tanıyır. Onların səsi xarici ölkələrdən, böyük səhnələrdən gəlir. Hətta mənim sinfimdə 3 nəfər Prezident təqaüdü alan tələbələrim var. Hansı ki, onlar imtahansız qəbul olunublar. Beynəlxalq müsabiqənin qalibi var. Onların hər biri potensial gələcəyi olan ifaçılardır. Rövşən Qurbanov, Nahid Məmmədov, Ədalət Behbudov, Rəşad İbrahimov, Tofiq Məmmədov, Səxavət Məmmədov və başqa tələbələrim çox bacarıqlıdırlar. Yeni tələbələrimdən Atabəy İsmayılov Prezident təqaüdçüsü və çox gözəl ifaçıdır. Amma tək mənim deyil, bir çox müəllimlərin gələcəyi olan tələbələri var. Onlar bizim gələcəyimizdir. Həm də indiki gənclər sənətə daha maraqlı, yaradıcı fikirlərlə gəlirlər.

 

Şəmsiyyə Əliqızı

İki sahil.- 2017.-20 aprel.- S.12