Əmək
hüquqlarımızın qorunması və layiqli həyat səviyyəsinin
təminatı öz əlimizdədir
Yaxud əmək müqaviləsi, sosial
sığorta ödənişləri və vergilər
insanların maddi rifah halının yüksəlməsinə
və dövlətin daha da möhkəmlənməsinə yol
açır
Azərbaycan vətəndaşlarının
əmək hüquqlarının qorunması, işçilərin
maddi, sosial tələbatlarının ödənilməsi və
layiqli həyat səviyyələrinin təmin edilməsi
ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin
prioritetlərindəndir. Son illər
dövlət tərəfindən əmək münasibətləri
iştirakçılarının hüquq bərabərliliyinin
təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək
müqaviləsi üzrə öhdəliklərinin icrasına
hüquqi təminatın yaradılması istiqamətində
sistemli və məqsədyönlü tədbirlər həyata
keçirilib.
Əmək münasibətləri
iştirakçılarının hüquq bərabərliliyi
prioritetdir
Görülmüş tədbirlər
nəticəsində iqtisadi artımın bazasında əhalinin
gəlir əldə etmək imkanları daha da genişləndirilib,
makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun
inkişafı, bu sahədə əlverişli şəraitin
yaradılması vasitəsilə tarazlı və bilavasitə
yoxsulluğun azaldılmasına istiqamətlənmiş
inkişafın
reallaşdırılması, eləcə də müasir prinsiplər
əsasında fəaliyyət göstərən sosial
müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə
inteqrasiyasının prioritet kimi müəyyən olunması
milli iqtisadiyyatın sosial yönümlülüyünü
daha da artırıb. 2006-cı ildən ölkədə
tətbiq edilən və dövlət sosial sığorta
sistemində fərdi uçota əsaslanan yeni
sığorta-pensiya sistemi isə işçilərin pensiya və
digər sosial təminatlarının daha effektiv
reallaşdırılmasına imkan verib. Həyata
keçirilmiş tədbirlərin nəticəsi olaraq son on
il ərzində minimum əməkhaqqının səviyyəsi
3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı
3,3 dəfə, əmək pensiyalarının baza hissəsi
3,1 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə
artıb. Nəticə etibarilə ölkədə
yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi
isə 5 faizdən aşağı enib.
Qeyri-rəsmi əmək münasibətləri
layiqli həyat səviyyəsinin təminatına mane olur
Göründüyü kimi,
dövlət bütün resurslardan istifadə edərək
ölkədə yeni iş yerlərinin
açılmasını, insanların maddi rifah halının
yüksəlməsini, sosial tələbatlarının ödənilməsini,
yüksək təqaüd almasını təmin etməkdədir.
Lakin bəzi hallarda vətəndaşların qanuni mənafelərinin
və əmək hüquqlarının pozulması, əmək
münasibətləri iştirakçılarının
hüquq bərabərliliyinin təmin edilməməsi kimi
hallarla da qarşılaşırıq.
Əslində, Azərbaycanda qanunvericilik səviyyəsində
bütün tədbirlər görülür, aidiyyəti
dövlət qurumları da vəzifələrini yerinə
yetirirlər. Amma bir sıra hallarda görürük ki, işəgötürənlə
işçilər arasında qeyri-rəsmi razılaşmalar əsasında
əmək müqavilələri imzalanmır. Yəni, sahibkar
vergilərdən, sosial ödənişlərdən yan
keçmək üçün işçiləri ilə əmək
müqaviləsi imzalamır. Bununla da, əməyi istismar
olunan vətəndaşların məcburi sosial ödənişləri
həyata keçirilmir və bu da gələcəkdə
onların təqaüdlə bağlı ciddi problemləri
ortaya çıxır. Beləliklə də, qeyri-rəsmi əmək
münasibətləri layiqli həyat səviyyəsinin təminatına
mane olur.
Əmək müqaviləsi vətəndaşın
sosial qarantıdır
Ekspertlərin hesablamalarına görə, bu
gün Azərbaycanda aylıq əməkhaqqının
dövriyyəsi təxminən on milyard manat təşkil edir.
Lakin işəgötürən və işçilərin məsuliyyətsizliyi
və digər səbəblərdən bu məbləğin
1/3 hissəsi rəsmiləşdirilmir. Bu da, öz növbəsində,
həm büdcə ödənişlərinin azalmasına, həm
də işçilərin hüquqlarının pozulmasına
şərait yaradır.
Bazar araşdırmalarının
nəticəsi olaraq demək olar ki, Azərbaycanda
qeydiyyatsız məşğulluq daha çox özəl
sektor üçün xarakterikdir. Çünki bu sektorda
işçilərin təxmini olaraq cəmi 10 faizi, yəni hər
10 nəfərdən biri əmək müqaviləsi əsasında
çalışır. Aqrar sektorda çalışanların
cəmi 2.5 faizi, tikinti, ticarət, ictimai iaşə və nəqliyyat
sektorunda məşğul olanların isə 35-40 faizi əmək
müqaviləsi bağlayır. Son hesablamalara görə isə
əmək müqaviləsi olmadan çalışanlar Azərbaycanda
ümumi məşğul əhalinin 65-66 faizini təşkil edir.
İnkişaf etmiş ölkələrdə isə bu
göstərici maksimum 6-7, bir sıra keçid ölkələrində
9-10 faizdir. Yəni, burada diqqət yetiriləsi əsas
məsələ ondan ibarətdir ki, vətəndaşlar
özləri iş yerlərində əmək müqaviləsinin
imzalanmasında maraqlı olmalıdırlar, yaxud, sahibkardan,
işəgötürəndən bunu tələb etməlidirlər.
Çünki əmək müqaviləsi vətəndaşın
sosial qarantıdır.
İşçi-sahibkar-dövlət
üçbucağı: layiqli həyatın möhkəm
özülü
Bu gün Azərbaycanda müşahidə edilən
inkişaf prosesi çərçivəsində əmək
münasibətlərinin beynəlxalq təcrübəyə əsasən
qurulması üçün sistemli maarifləndirmə
işinə ehtiyac yaranır. Bir çox hallarda vətəndaşlar
əmək müqaviləsinin əhəmiyyəti, onun
işçinin həyatında oynadığı rolu
görmür, yaxud görməzlikdən gəlir. Lakin birbaşa çoxluğa təsir etmək gücünə
malik media qurumları və kütləvi kommunikasiya vasitələri
əmək münasibətlərinin düzgün
formalaşdırılması, əməyin və
işgüzarlıq keyfiyyətlərinin artımı ilə
layiqli həyat səviyyəsinin təmin edilməsi arasında birbaşa əlaqələrin qabardılması,
işçilərin hüquqularının pozulmasının
qarşısının alınması kimi məsələləri
ictimailəşdirməli, vətəndaşlara
hüquqlarını izah etməlidirlər. Çünki
yalnız bu yolla qeyri-rəsmi əmək münasibətlərinin
qurulmasının qarşısı alınar və vətəndaşların
layiqli həyat səviyyəsi təmin edilər.
Qeyd edək ki, əmək müqaviləsi
işçi və işəgötürənin
hüquqlarını qorumaqla bərabər, onların vəzifələrinin,
öhdəliklərinin sərhədlərini müəyyən
etmək üçün hüquqi vasitə, sənəddir. Həmin
sənədin isə bir çox üstünlükləri var
ki, onları hər bir vətəndaş bilməlidir.
Belə ki, muzdlu fəaliyyətə görə
sahibkarların işçilər üçün ödədiyi
sosial sığorta haqqı həddən artıq
ağırdır. Ona görə də əmək
münasibətləri rəsmiləşdikdə sahibkarlar istədikləri
vaxt işçini işdən çıxarmaq sərbəstliyini
itirirlər. Çünki belə vəziyyətdə işdən
çıxarma prosesi çətinləşir, məhkəmə
vasitəsilə kompensasiya alınması, qanunvericiliyin tələbinin
pozulmasına görə sanksiyaların tətbiqi
qaçılmaz olur.
Eyni zamanda, rəsmi əmək müqaviləsi
sahibkarların üzərinə işçilərin sosial təminatı
ilə bağlı öhdəliklər qoyur. Məsələn,
işçi məzuniyyətə çıxdıqda, xəstələndikdə,
əlil olduqda qanunvericiliyə uyğun olaraq sosial müavinətlər
ödənməlidir. Lakin bir çox hallarda sahibkarlar bu
yükü öz üzərilərinə götürmək
istəmirlər.
Bir çox hallarda muzdlu işə görə
gəlir vergisini də faktiki olaraq sahibkar ödəməli
olur. Çünki işçilər bir qayda olaraq vergi
çıxılandan sonra nə qədər məvacib
alacaqlarını öncədən sahibkarla
razılaşdırmağa can atırlar. Belə
razılıq olduqda işəgötürən
işçinin maaşını gəlir vergisi məbləğində
artırmalı olur. Qeyri-rəsmi əmək münasibətləri
şəraitində isə maaşlar ödənilən gəlir
vergisinin məbləği həcmində azaldılır.
Əmək münasibətlərində
ən vacib amil kimi çıxış edən əmək
müqaviləsi işçinin əsas müdafiə vasitəsidir.
İşçinin əmək müqaviləsi bağlamadan əmək
fəaliyyəti ilə məşğul olması zamanı
hüquqları pozulan işçini məhkəmədə
müdafiə etmək mümkünsüz olur. Ona görə də tərəflər
arasındakı münasibətlərin əmək müqaviləsi
ilə rəsmiləşdirilməsi qanunvericiliyə görə
mütləqdir. Əmək Məcəlləsinin 49.2-ci bəndinə
əsasən, işçi bu məcəllənin tələbləri
pozularaq, yazılı əmək müqaviləsi olmadan,
işəgötürənin razılığı ilə
faktiki olaraq işə başlamışsa, həmin andan əmək
müqaviləsi bağlanmış hesab olunur və bu halda ən
geci üç gün müddətində yazılı əmək
müqaviləsi tərtib edilməlidir.
Əmək müqaviləsi həm də
işçinin pensiyaya çıxarkən sosial vəziyyətinə
bilavasitə təsir edən gələcəyə təminat
sənədidir. Qanunvericiliyə görə,
pensiyaya çıxan vətəndaşın sosial müdafiəsində
pensiyanın baza hissəsi 110 manatdır. 2006-cı ilə qədər
pensiyaya çıxan şəxsə hər ilin stajı
üçün təxminən 2 manat əlavə olunur və
onun pensiyası 110 manat+2 manat işlədiyi illərin
sayının hasili qədər olacaq.
2006-cı ildən sonra əmək fəaliyyəti
ilə pensiyaya çıxan vətəndaşın isə
sosial sığortası olduğu üçün onun
pensiyası qazandığından asılı olacaq. Yəni həmin
şəxs üçün hesablanan təqaüdün
miqdarı - baza hissəsi + aylıq məvacibinin 25 faizi qədər
olacaq. Bu məbləğin 22%-ni işəgötürən,
3%-ni isə işçi verir.
Göründüyü kimi, istər
vətəndaşın hüquqlarının müdafiəsində,
istərsə də onun pensiyaya çıxarkən hesablanan
pensiyasının məbləği - sosial müdafiəsi
yalnız və yalnız əmək müqaviləsinin
bağlanması ilə mümkündür.Əmək
müqaviləsi imkan verir ki, həm vətəndaş əməyinin
qarşılığında normal məvacib alsın, həm
sosial ödənişləri vaxtında
köçürülsün, həm də dövlətə
vergisini zamanında ödəsin. Bununla da
işçi-sahibkar-dövlət üçbucağı
layiqli həyat səviyyəsinin təminatının möhkəm
bünövrəsinə çevrilir.
Maarifləndirmə işləri gücləndiriməlidir
Beləliklə də, aydın
olur ki, işçilərin əmək qanunvericiliyi və əmək
müqaviləsinin üstünlükləri, həmçinin
müqaviləsiz çalışmanın mənfi nəticələri
barədə məlumatlılığının yüksəldilməsinə,
işəgötürənlərin isə müqaviləsiz işçi
çalışdırmanın onlar üçün
doğuracağı hüquqi nəticələr barədə
maarifləndirilməsinə ehtiyac var.
Əlbəttə ki, bu gün qanunverilik səviyyəsində
əmək münasibətlərinin bütün detalları
müəyyən edilib. Hətta, o da öz əksini
tapıb ki, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin 53.1-ci maddəsinə əsasən,
Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsini bağlamadan
işəgötürənlər tərəfindən fiziki
şəxsin hər hansı işin yerinə yetirilməsinə
cəlb edilməsinə görə vəzifəli şəxslər
3 min manatdan 5 min manata, hüquqi şəxslər 20 min manatdan
25 min manatadək miqdarda cərimə edilir.
Amma bütün bunlarla yanaşı, qanun
çərçivəsində fəaliyyət göstərən
sahibkarlar, işəgötürənlər üçün
nümunəvi güzəştlərin tətbiqi ilə
bağlı təkliflər də irəli sürülə
bilər. Məsələn, işəgötürənlərin
sosial sığorta yükü azaldıla bilər. Eyni zamanda,
differensial sığorta haqlarının tətbiqi imkanları
nəzərdən keçirilə bilər. Məsələn,
1000 manatadək məvaciblər üçün 10 faiz, bu məbləğdən
yuxarı əmək haqları üçün nisbətən
yüksək ayırma dərəcəsi tətbiq edilə bilər.
Yaxud sosial sığorta ayırmalarının maksimum həddi
18 faiz müəyyən edilə, həmin yük işçi
və işəgötürən arasında bərabər
nisbətlə bölünə bilər. Eyni zamanda, əmək
müqaviləsinin tətbiqi sahəsində nümunəvi
olan sahibkarlara sığorta ayırmaları üzrə
rüblük və ya illik güzəştlər də tətbiq
oluna bilər.
Bir sözlə, aparılan
araşdırmadan bəlli olur ki, əmək müqaviləsi
tərəflərin hər biri üçün müəyyən
öhdəlikləri, hüquq və vəzifələri nəzərdə
tutur. Əmək haqlarının
leqallaşdırılması ilk növbədə vətəndaşların
sosial maraqlarının təmin olunmasına
yönəldilir və vətəndaşlar işəgötürənlər
tərəfindən onlara ödənilən qeyri-leqal əmək
haqları ilə razılaşmaqla özlərini gələcəkdə
dövlətin sosial təminatından məhrum etmiş
olurlar.
Əmək haqqını
qeyri-leqal alan işçilər məzuniyyət
haqqının, xəstəlik və işdənçıxma
müavinətinin tam həcmdə ödənilməməsi ilə
rastlaşır, ipoteka və digər kreditləri almaq
hüququndan və ən əsası gələcəkdə
layiqli pensiya təminatından məhrum olurlar. Ona görə də işəgötürənlə
əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi
əmək haqqı ödəməyi tələb etməklə
hər bir vətəndaş özünün firavan gələcəyini
indidən düşünmüş olar. Çünki
işçilərə ödənilən rəsmi əmək
haqları onlar üçün sabit sosial təminatının
təməlini qoymuş olur.
İki
sahil.- 2017.- 25 aprel.- S.6