“Səməd
Vurğun və ədəbi türk dünyası” elmi konfransında maraqlı məruzələr dinlənilib
Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğunun ev-muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Səməd Vurğun və ədəbi türk dünyası” adlı respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans
iştirakçıları əvvəlcə şairin
ev-muzeyi ilə yaxından tanış olublar.
Ev-muzeyinin direktoru
Nüşabə Babayeva-Vəkilova
konfransı giriş sözü ilə açaraq, Səməd Vurğunun xatirəsinə
həsr olunmuş və artıq ənənəyə çevrilmiş
belə tədbirlərin
keçirilməsinin əhəmiyyətindən
danışıb.
O, Yusif Səmədoğlunun
Türkiyədə yenicə
çapdan çıxan
və ev-muzeyin kitabxanasına daxil olmuş “Qətl günü” romanını
iştirakçılara təqdim
edib.
Filologiya üzrə
fəlsəfə doktoru
Aygün Bağırlı
“Qətl günü” romanı haqqında maraqlı elmi fikirlərini tədbir iştirakçıları ilə
bölüşüb.
Sonra konfransda
seçilmiş mövzuya
uyğun məruzələr
dinlənilib.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri”
şöbəsinin müdiri,
filologiya elmləri doktoru Almaz Ülvinin
“Özbək poeziyasında
Səməd Vurğun
mövzusu” adlı məruzəsi böyük
marağa səbəb
olub.
Məruzədə deyilir: “Ötən
əsrin 40-50-ci illərində
Səməd Vurğun
poeziyasının şöhrəti
dünyanın əksər
ölkələrinə yayılmışdı.
Ədəbiyyata gəldiyi
ilk vaxtlardan, daha çox isə 30-cu illərin yarısından bu gün də dillər əzbəri olan əsərlər yazsa da, 1937-ci ilin qara-qorxularından
nə şöhrətin
şirinliyini, nə də şairə olan xalq məhəbbətini
sevinclə könülə
doldurmaq, dilə gətirmək mümkün
deyildi. Çox güman ki, o xoflu zamanlarda bu duyğuları – nəşəli anları
yaşamaq adamın yadına da düşmürdü. Sonra
müharibənin odu-alovu
hər kəsin arzularını, istəyini,
sevən qəlbini qarsaladı. Amma bir həqiqəti də deyək ki, 37-nin xofu, dəhşəti müharibədən
də ağır, işgəncəli idi. Bu illərdə ən gözəl əsəri, şeiri-sənəti,
sənətkarlığı tərif etməyə qorxurdular. Birdən nə isə, hansısa ifadədə sətiraltı məna
"tapılardı". Onunla
da hər şey bitmiş olardı. Amma müharibə illərində
yaxşı, gözəl
əsər tərifləndi,
şairə də, oxuyana da, eşidənə
də ruh gətirdi, ağrılardan
yorulan ruhu bir hovur dincəltdi.
Eyni ağrıları
Səməd Vurğun
da yaşayıb.
37-nin hər qara gecəsinin işıqlı
sabahla açılmasına
sevinib, sonra yenə qorxulu gecələr gəlirdi. Nəhayət, "bu div heybətli" illər başa çatdı və sən demə, artıq Səməd Vurğun poeziyasının səsi-sədası
düzü-dünyanı başına
alıbmış. Hamı
Səməd Vurğun
kimi yazmağa can atırdı. Gənclər bu təsiri öz yaradıcılıqlarında
daha tez hiss etdilər. Hətta o dövrün
50-60-cı illərin mötəbər
ziyalıları, ədəbiyyatşünasları,
tənqidçiləri az
qala "üsyan etdilər" ki, hamı Səməd Vurğun olmayacaq ki?! Klassiklərdən bəhrələnmək, öyrənmək
lazımdır. Səməd
Vurğundan o yana – ötən illərə, əsrlərə, bəşər
ünvanlı sənətkarlara
nəzər yetirmək,
onların məktəblərindən
faydalanmaq lazımdır.
Belə tərzdə yazılmış ədəbi-tənqidi
məqalələr hələ
şairin sağlığında
ikən yayılır,
dərc olunurdu. Səməd Vurğun isə öz şeir dünyasında idi. Azərbaycan ədəbi mühitində
bu təsir az qala kütləviləşmişdi.
Eyni vəziyyəti özbək poeziyası ilə yaxından tanış olarkən orada da gördük.
Sanki özbək şairləri də Səməd Vurğun kimi yazmaq - yaratmaq
bəhsində imişlər...”
.
Daha sonra M.Füzuli
adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Səməd Vurğun və Məhəmmədhüseyn Şəhriyar”,
Nizami adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri”
şöbəsinin baş
elmi işçisi,
filologiya
elmləri doktoru Yaşar Qasimbəylinin “Səməd Vurğun və XX yüz il özbək klassikləri”, Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Aygün Bağırlının
“Səməd Vurğunun
nəzəri-estetik irsində
türk xalqları ədəbiyyatı”, AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun
“Ədəbiyyat nəzəriyyəsi”
şöbəsinin aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Səməd Vurğun yaradıcılığına türk
ədəbiyyatının təsiri”,
Nizami adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri”
şöbəsinin dissertantı
Sənubər Səmədovanın
“Müstəqillik illərində
özbək mətbuatında
Səməd Vurğun
yaradıcılığı” mövzularında məruzələri
dinlənilib.
Dinlənilən məruzələrin əsas qayəsini Səməd Vurğun yaradıcılığının türk xalqları ədəbiyyatına, o cümlədən
Türkiyə, özbək,
tatar, qazax, qırğız ədəbiyyatlarına
təsiri, şairin əsərlərinin həmin
ölkələrdə tərcüməsi
və ədəbi əlaqələr müstəvisində tədqiqi
kimi məsələlər
təşkil edib. Məhəmmədhüseyn Şəhriyar,
Qafur Qulam, Musa Cəlil, Mehmet Akif Ərsoy
kimi görkəmli şairlərin yaradıcılıqları
ilə müqayisəli
təhlil konfrans iştirakçıları tərəfindən
yüksək dəyərləndirilib.
İki
sahil.- 2017.-29 aprel.- S.16.