Bu gün Azərbaycanı
dünyaya tanıdan amillərdən biri də dilimizə olan
ehtiramdır və bu yöndə həyata keçirilən
dövlət siyasətidir
Milli Məclisin Mədəniyyət
komitəsinin sədr müavini Jalə Əliyeva
- Jalə xanım, bildiyimiz kimi Ümummilli lider
Heydər Əliyevin qərarı ilə 2001-ci ən etibarən
1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və
Azərbaycan dili Günü kimi qeyd olunur. Sizcə, bu qərarın
tarixi əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, Ulu öndərimiz
Heydər Əliyevin verdiyi qərarlar, imzaladığı sənədlər
təkcə dünənimiz və bugünümüz
üçün deyil, o cümlədən gələcəyimiz
üçün də çox aktualdır və
xalqımızın mənafeyinə xidmət edir. Ulu öndər Heydər Əliyev hələ sovetlər
dönəmində respublikamıza rəhbərlik edərkən
ana dilimizi qoruyub və təbliğ edib.1969-cu ilin iyul
ayında respublikanın rəhbəri seçilən Heydər
Əliyev, cəmi bir-neçə aydan sonra o vaxtkı Azərbaycan
Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan
dilində nitq söylədi. Həmin dövrdə belə bir
addım, həqiqətən, böyük bir cəsarət istəyirdi.
Sovetləşmə isə bütün SSRİ məkanında
sürətlə davam edirdi. Və belə bir
zamanda - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası
hazırlanarkən, respublikanın rəhbəri Heydər
Əliyev, şəxsən özü yaradıcı ittifaqlara
xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan
SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə
xüsusi maddə salınmasını tələb etsinlər.
Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət
dili Azərbaycan dilidir - maddəsi təsdiq olundu. Bu addım, bu cəsarətli addım müstəqil
bir ölkədə deyil, milli hüquq və
azadlıqların məhdudlaşdırıldığı,
milli köklərin unutdurulmağa
çalışıldığı, totalitar imperiyaya
bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda
atılırdı.
Daha sonrakı illərdə də ana dilimizin
qorunması üçün gördüyü işlərə
görə biz Ümummili liderimizə borcluyuq. Belə
ki, müstəqillik dövründə də Ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin
qorunması və inkişafı baxımından mühüm
tədbirlər görüldü. Əvvəla, Ulu öndər
Heydər Əliyev tərəfindən imzalanmış
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərmanın Azərbaycan dilinin qorunması və
inkişafı baxımından əhəmiyyətinə
toxunmaq istəyirəm. Bəllidir ki, dil məsələsi ilə
bağlı çox ciddi sənədlər qəbul olunub.
Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu
öndər Heydər Əliyev tərəfindən “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərmanın imzalanmasıdır.
Hesab edirəm ki, Azərbaycan dilinin tarixində
bu səviyyədə sənəd qəbul olunmayıb.
Çünki sənəddə çox ciddi, strateji
münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən
başlamış, müasir dövrümüzə qədər
olan məsələlər geniş şəkildə öz əksini
tapır. Dövlətin dil siyasətini
bütün miqyası ilə olduqca dolğun şəkildə
əks etdirən fərman həm də, elmi-metodoloji məzmunu
ilə diqqəti cəlb edir. Əlbəttə, «Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında» Fərman Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin əsəri idi. Burada Heydər
Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks
etdirilir, həmin dövlət uğrunda aparılmış
mübarizənin tarixi və gələcəyi ifadə olunur.
Heydər Əliyevin fərmanı ilə 1
avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və
Azərbaycan dili günü kimi qeyd olunması da bu baxımdan
önəmlidir. Bu, sıradan bir qərar deyil. Biz
bu günü qeyd edərkən yaddaşlarımızı
saflaşdırırıq, yeniləyirik və bu dilin
uğrunda aparılan mübarizəni unutmayaraq onu gələcək
nəsillərə ötürməli olduğumuzu bu tarix bizə
dönmədən xatırladır.
Yəni 1 avqust tarixinin əhəmiyyəti bu
günü ildə bir dəfə qeyd etməkdən ibarət
deyil. Ulu öndərimizin həmin qərarı onu ifadə
edir ki, bu günə gətirən yol o qədər
böyük, şərəfli və keşməkeşlidir
ki, xalq öz dili uğrunda apardığı mübarizə
üçün qürur, iftixar hissi keçirə bilər. Bu qürur və iftixarı da bizə yaşadan
Ümummilli liderimiz Heydər Əliyevdir. Ümumiyyətlə,
bu gün Azərbaycanı dünyaya tanıdan, hörmət
qazandıran amillərdən biri də dilimizə olan
ehtiramdır və bu yöndə həyata keçirilən
dövlət siyasətidir.
- Mühüm hadisələrdən biri də
latın qrafikalı əlifbaya keçid idi. Bu əlifbaya
keçidin üstünlükləri nə idi?
- Latın qrafikalı əlifbaya keçid
çox əhəmiyyətli məsələdir. Biz 70 ilə
yaxın müddətdə kirill əlifbasından istifadə
etmişik ki, bu əlifba da sovetlər dövründə məcburən
qəbul etdirilib. Kirill əlifbasının yaxından-uzaqdan
soyumuzla bağlı heç bir əlaqəsi yoxdur. Müstəqillk
illərində Ulu öndərimiz Heydər Əliyevin qərarı
ilə latın qrafikalı əlifbaya tam keçid Azərbaycanın
dünyaya açdığı pəncərənin daha da
genişlənməsinə səbəb oldu. Bu, dünya əbədiyyatına
qovuşmaq, onu daha yaxın izləmək, eləcə də
köklərimizə qayıtmaq nöqteyi nəzərindən
latın əlifbasına keçid önəmli qərar idi.
Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də
1 avqust tarixi bizim üçün dəyərlidir.
- Ümummilli lider Heydər Əliyev tərəfindən
bu sahədə əsası qoyulan siyasət Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə
fikirlərinizi bilmək istərdik...
- Ulu öndərimiz Heydər Əliyev
bütün sahələrdə olduğu kimi Azərbaycan
dilinin qorunması və inkişafı üçün əvəzedilməz
xidmət göstərib. Hazırda Prezident İlham Əliyev
Heydər Əliyev siyasətini hər bir istiqamət üzrə
böyük uğurla davam etdirir. Hər bir azərbaycanlının
Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan dilinin
qorunması və inkişafı istiqamətində
atdığı addımlar da əvəzedilməzdir.Hamımıza
məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham
Əliyev "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında", 2007-ci ildə isə
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin Azərbaycan
dilində nəşr edilməsi haqqında" sərəncamlar
imzaladı. Bu sərəncamlar, ölkə rəhbərinin
ana dilinə qayğısının və sevgisinin nümunəsi,
öz vətəndaşlarını daha savadlı, daha
məlumatlı görmək arzusu idi. Bu sərəncamlar
xalqın özünə qayıdışına, xüsusilə
gənc nəslin, böyüməkdə olan
uşaqlarımızın milli dəyərlərimizə,
milli mənəviyyatımıza daha sürətlə və
uğurla sahib çıxmasına ölkə rəhbərinin
göstərdiyi yardım idi.
- Jalə xanım, Azərbaycan dilinin
qorunması və inkişaf etdirilməsi ilə bağlı
müvafiq dövlət proqramları qəbul edilib. Bu
proqramların və digər sənədlərin əhəmiyyəti
nədən ibarətdir?
- Biz müstəqil bir dövlətin vətəndaşlarıyıq.
Müstəqil siysətimiz olduğu kimi müstəqil ana
dilimiz də var və dövlət dili olaraq Azərbaycan
dilinin qorunması üçün atılan bütün
addımlar çox əhəmiyyətlidir. Bilirsiniz ki, bu
istiqamətdə dövlət başçısı tərəfindən
müvafiq qərarlar verilib, dövlət proqramları təsdiqlənib.
Mən bu sırada “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı”nın adını çəkmək
istəyirəm. Bu Sərəncam olduqca böyük əhəmiyyət
kəsb edir. Dövlət proqramında məhz cəmiyyətdən
gələn narahatçılıq və dilimizlə məşğul
olan insanların narahatçılığı bənd-bənd
öz əksini tapıb. Sənəddə Azərbaycan
dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə
fəaliyyətinin, terminologiya istiqamətinin də
inkişafına diqqət verilir və məsələ kompleks
şəkildə öz həllini tapır. Çünki Azərbaycan
dilinin bu gün televiziyada, mətbuat orqanlarında,
küçədəki reklam lövhələrində, mətbu
nümunələrində yad elementlərdən xali
olmadığı bizim hər birimizə yaxşı məlumdur
və bu baxımdan qeyd etmək istəyirəm ki, ölkə
başçısının bu yöndəki Sərəncamı
tarixi əhəmiyyətli bir sənəddir.
- Dövlət dili olaraq Azərbaycan dili ilə
bağlı qanunvericilik bazası haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Azərbaycan dili haqqında ayrıca qanun var və bu qanunda bütün məsələlər öz əksini tapır. Eyni zamanda, «Mədəniyyət haqqında» qanunda da Azərbaycan dili ilə bağlı müddəalar var. Ümumiyyətlə, millət vəkili olaraq çalışırıq ki, bütün qanunlarda dilimizin saflığı qorunsun və qanunlar Azərbaycan dilinin tələblərinə cavab versin. Eyni zamanda, ona da diqqət yetirilir ki, qəbul olunan qanunlar hər bir vətəndaşımız üçün anlaşılan olsun. Azərbaycan dilini qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin ən ali borcudur.
Iki sahil.- 2017.- 1 avqust.- S.10.