Şəhid ucalığı

 

Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Ölümsüzlüyə qovuşan igid, qəhrəman Vətən oğullarından biri də Culfa rayonunun Camaldın kəndində dünyaya göz açan Mirəyyub Miryusif oğlu Seyidovdur. Onun həyat və döyüş yolunu vərəqlədikcə düşmənə olan nifrət, qəzəb birə-beş artır. Qəlbi Vətən eşqi ilə döyünən hər bir oğul və qızı sanki Mirəyyub Seyidovun qızğın döyüşlərə atıldığı Sədərək torpaqlarına aparır.

Bir faktı qeyd edək ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyevin Sədərəkdə döyüşlər başladığı andan hər gün sərhəd bölgəsi ilə maraqlanmış, bölgəyə gəlmiş, əhali ilə görüşmüş, onlara lazımi köməyini əsirgəməmişdir. Onun xidmətləri sədərəklilər üçün danılmazdır. Ən çətin anlarda bir rəhbər kimi Sədərəyə dayaq duran bu dahi insana sədərəklilər daim minnətdardılar.

Ötən əsrin 90-cı illərinin əvvəlində muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdı. Bu baxımdan əsas ağırlıq isə həmişə Sədərəyin üzərinə düşmüşdür. Sədərək kəndində vəziyyət tamam başqa idir. Burada əsl müharibə gedir, atışmalar olurdu.

Miryusif ağa Camaldın kəndinin sayılan adamlarından idi. Onun məsləhəti ilə görülən hər bir işdən xeyir gələrdi. Xalq hərəkatının fədailərindən olan bu el ağsaqqalının bir sözünü iki edən olmazdı.

Miryusif ağanın silah tutan üç oğlu gecəli-gündüzlü ana yurdun Mudafiəsində idilər. Mirəyyub Sədərəkdə, Mirdavid Gərməçataqda, Mirabdulla isə Goranboyda öz övladlıq borcunu yerinə yetirirdilər. Əmmələri Seyid qızı Cəməngül isə gəlinlərini, nəvələrini başına yığaraq həyət-bacada əkin-biçinlə məşğul olur, çöldəki üzüm sahələrini becərirdi.

Mirəyyub 1966-cı il yanvar ayının 1-də anadan olub. Kənd orta məktəbində səkkizinci sinfi bitirib, dülgərlik peşəsinə yiyələnmək üçün texniki peşə məktəbini oxuyub. Oranı qurtaran ili hərbi xidmətə çağırılıb. İrkutskda xidmətdə olarkən ermənilər tərəfindən döyülən dostunun qisasını aldığına görə başı çox bəlalar çəkib. Əsgərlikdən qayıtdıqdan sonra Culfa yerli istehsalat kombinatında fəhlə kimi işə düzəlib, kollektivin dərin hörmətini qazanıb. Qəzetlərdə haqqında məqalələr yazılıb, müdiriyyət tərəfindən dəfələrlə mükafatlandırılıb. Sərhədlərimiz təhlükədə olanda, xalqın milli ordu yaratmaq təşəbbüsü qiymətləndiriləndə Mirəyyub da Culfa Rayon Polis Şöbəsində işə düzəlib. Hara, hansı posta göndəriblərsə, canla-başla gedib. Gah yaylaqlarda çobanlarla bərabər elin sürüsünün keşiyini çəkib, gah da Şərurda, Sədərəkdə əlində avtomat erməni quldurlarının hücumlarının qabağını alıb.

Həyat yoldaşı Süsən günlərlə Mirəyyubun növbədən qayıtmasını gözləyib, körpələri Könüllə Qafar ata nəvazişi üçün darıxıblar. Evə gələndə də atası Miryusiflə əlbir olub kəndə su çəkdirib, kəndin xeyrinə-şərinə yarayıb. Süsən Seyidova həyat yoldaşı Mirəyyub haqqında belə deyir: “İyun ayının 23-də Mirəyub Seyidovun ölümündən 25 il ötüb keçir. Mən onun bir oğul və bir qız övladını böyüdüb boya-başa çatdırmışam. Oğlum Mirqafar hərbçi peşəsinə yiyələnib. Qızım Könül isə musiqi müəllimidir. Övladlarım həmişə, fəxr edirlər ki, onların belə qəhrəman ataları olubdur. Yoldaşım 1990-cı ildə xüsusi təyinatlı polis nəfəri kimi ermənilərin torpaqlarımıza göz dikdiyi bir vaxtda, Sədərəkdə gedən qızğın döyüşlərə atılıb. O, ən ağır döyüşlərdə şücaət və qəhrəmanlıq göstərmişdir. Mən Mirəyyubu döyüşlərdən saxlaya bilmirdim. O deyirdi: “O torpaqlar bizimdir, biz qorumasaq kim qoruyacaq. Torpaqları biz qorumalıyıq ki, bizdən sonra gələn nəsil dəyərini, qədrini bilsin. Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Culfa rayonundan da 42 şəhid oldu. Onlardan biri də mənim yoldaşım Mirəyyub Seyidovdur . O,vuruşaraq şəhidlik zirvəsinə ucalıb”.

Şəhidin oğlu Mirqafar atası haqda belə deyir. “Atam 1992-ci il iyun ayının 23-də Sədərək uğrunda gedən döyüşlərdə şəhid oldu. Mən o zaman 10 aylıq idim. Atamı görmədim, onsuz böyüdüm. Mənim yeganə təsəllim başımızı ucaldan, bizə qürur hissi duyuran atamın Vətən, torpaq uğrunda şəhidliyi oldu. Mən böyüyüb boya-başa çatıb ailəmi, həyatı dərk etdikdən sonra atamın getdiyi yolla getməyi qərara aldım. Atamın Vətən, torpaq uğrundan canından keçməsi, şəhidliyi məndə ruh yüksəkliyi yaradıb. Mən də istəyirəm ki, mənfur düşmənlərə qarşı vuruşub, yeri gələrsə canımızdan keçmək üçün hər an hazır olaq”.

Mirəyyub Seyidovun yaxın qohumu Həsən Əliyev isə şəhid eloğlumuz haqqında belə deyir: “Onun Vətənə bağlılığı, düşmənlərə qarşı mübarizəsi, qəhrəmanlığı bizi qürurlandırır. Seyid nəslindən olan Mirəyyubun xatirəsi yaxınları, dost-tanışları içərisində əziz tutulur, onun məzarüstü abidəsini tez-tez ziyarət edir, ruhu qarşısında baş əyirik. Bu gün ordumuzda Mirəyyub Seyidov kimi igid, cəsur oğullarımız nümunəvi xidmət edirlər. Onların arasında şəhidin oğlu Mirqafar Seyidov da vardır. Mən əminəm ki, zaman gələcək işğal altında olan torpaqlarımız azad olunacaq”.

İyun ayının 23-də polis serjantı Mirəyyub Seyidov Milin altındakı səngərdə idi. Yenə də erməni silahlı birləşmələri Naxçıvan sərhədləri ətrafında mövqelərini möhkəmlədir, ardıcıl olaraq torpaqlarımıza basqınlar edirdilər. Mirəyyub və onun silah dostları düşməni xeyli itkiyə məruz qoymuş, onları öz yuvalarında oturtmuşdular.

Bu qələbə də qurbansız olmamışdı. Həmin gün həyat yoldaşı Culfa şəhərində kirayədə yaşadıqları evdə süfrə açıb onun yolunu gözləyirdi. Mirəyyub bu axşam hökmən evdə olacağına söz vermişdi. Axı, bu gün onların toylarının üç ili tamam olurdu. Gecə saat 12 olsa da ondan xəbər-ətər yox idi. Süsən səssiz-səmirsiz pəncərə qabağında dayanıb o, gələn yollara göz dikmişdi. Sən demə, elə bu anda Mirəyyub şəhid kimi doğma ata ocağına qayıdırdı: “Gecə saat 12 olardı. Qohumlarımızdan iki nəfər gəldi ki, bəs Mirəyyub yaralanıb, evə gətirirlər. Dizlərim əsdi. Uşaqlar hamısı çölə töküldülər. Eyvana çıxanda gördük ki, işıqları yanıb-keçən maşınlar bizə tərəf gəlirlər. Necə aşağı düşüb qapıya getdiyimi belə bilmədim. Tabutu maşından endirmişdilər. Uzun boylu, uzun saçlı, enli kürəyi qanına qəltan balamı bağrıma basdım. Boynun qucaqlayıb üzündən öpüm. Qollarını qaldırıb boynuma saldım. Səs vermədi. Tabutdan ayırdılar, əlimdən alıb evə gətirdilər balamı, burada da səsimə səs vermədi. Bir gecəlik qonağım oldu. Səhərəcən ha yalvardım, ha yaxardım yenə məni eşitmədi”,-deyə Mirəyyubun anası Seyid qızı Səməngül o ağır günləri yana-yana xatırlayır.

Ölümündən sonra Mirəyyub Seyidovun adı Camaldın kənd orta məktəbinə verilib. Mirəyyub təkcə qohum əqrəba, dost tanlş içində özünə hörmət qazanmışdı, o həmçinin iş və döyüş yoldaşları üçün nümünəvi olub.Bu barədə daha ətraflı döyüş yoldaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istefada olan polis mayoru İsmayıl Hüseynovun dediklərindən: “Mən 1990-cı illərdən daxili işlər orqanlarına polis sıravisi kimi işə qəbul olunmuşam. Xidmət dövründə əməkdaşlar ilə birlikdə çiyin-çiyinə vuruşmuşam. Bu əməkdaşlardan biri də həmyerlimiz Mirəyyub Seyidov idi. Mirəyyubla mən 1990-cı illərdə şəhid olduğu günədək polis orqanlarında çalışmışam. Xidməti postlara bir yerdə çıxmışıq. Bir yerdə sərhədlərimizin qorunmasında fəal iştirak etmişik. Şəhidimiz vətənpərvər, istiqanlı, qayğıkeş bir insan, sadiq dost idi. Bir neçə dəfə mən onunla eyni vaxtda qeyrət qalası adlandırılan Sədərək uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 1992-ci ilin may ayında aparılan qızğın döyüşlərdə fəal iştirak edib düşmənə layiqli cavab vermişik. Bu gün torpaqlarımız üzərində rahat gəzməyimiz, azadlıq əldə etməyimiz şəhidlərin canı bahasınadır. Buna görə də onlara borcluyuq. Mirəyyub Seyidov məndən bir neçə yaş böyük idi. Döyüş yoldaşı kimi o bizi ruhlandırır, bizə ürək-dirək verirdi. O deyərdi ki, biz heç vaxt imkan verməyəcəyik ki, erməni quldurları torpaqlarımıza addım ata. O həmişə döyüşlərdə irəli atılardı. Biz Sədərək uğrunda gedən döyüşlərdə neçə dəfə şahidi olmuşuq ki, ümummilli lider Heydər Əliyev xidməti postlara gəlib bizlə şəxsən maraqlanırdı. Dahi şəxsiyyət deyərdi: “Naxçıvan və Sədərək bizim qeyrət qalamızdır”. Biz o sözdən qürurlanaraq canımız, qanımız bahasına döyüşdük, Düşmənə imkan vermədik. Baxmayaraq ki, mən bu gün istefada olan polisəm, evdə hərbi geyimim də var. Döyüşə getməyə hər an hazıram. Nə qədər ki, Qarabağın mərkəzində bayrağımızı sancmamışıq şəhidlərimizin ruhu rahatlıq tapmayacaq. Mən əminəm ki, tez bir zamanda Qarabağ torpaqları erməni qəsbkarlarından alınacaq. O günlər uzaqda deyil.”

Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinin direktoru Aytən Mikayıllı deyir: “Həyatda elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardır şəhidlərdir. Ən yüksək şərəfli zirvədir şəhid olmaq. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır şəhidlər. Erməni təcavüzkarlarına qarşı mübarizədə Vətən oğulları böyük hünər, qəhrəmanlıqlar şücaətliklər göstərmişlər. Belə qəhrəmanlardan biri də Mirəyub Seyidovdur.

Vətən torpağını öz mübarək şəhid bədənləri ilə gülləndirən Vətən oğulları. Anamız torpağa gömüldükcə daşlaşan, daşlaşdıqca hər qarış torpaqdan vətəndaş göyərdən şəhidlər. Siz bir evin, bir ailənin yox, bir millətin bir torpağın yolunda şəhadət şərbətini içdiniz. Ümummilli lider Heydər Əliyev demişdir: “Dünyaya gələn hər bir insan bu dünyanı tərk, edəcəkdir. Bu dünya heç kəs üçün əbədi deyil, ancaq öz əməlləri ilə xalqa, millətə, sədaqəti ilə xalqın milli istiqlaliyyət ruhunu yüksəklərə qaldırmaları ilə dünyalarını dəyişənlər müqəddəs insanlardır, onlar cismən dünyadan gediblər ancaq ruhən bizim qəlbimizdədirlər bütün Azərbaycan xalqlnln qəlbindədirlər.”

Heç kim unudulmur və heç nə yaddan çıxmır. Bu söz əbəs yerə deyilməyib. Ona görə ki, Mirəyyub Seyidov kimi qəhrəman, igid oğulların keçdiyi ömür yolu, döyüş yolu böyüməkdə olan gənc nəsil üçün nümunədir. Xalqımız isə hər bir vətənpərvər oğul və qızlarının xatirəsini daim əziz tutacaq.

Gec-tez işğal altında olan torpaqlarımız düşməndən azad ediləcək, ay ulduzlu, üç rəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında, Xocalıda yüksəkliklərdə dalğalanacaq.

 

Əmin Aslanlı,

 

Naxçıvan Muxtar Respublikası

Dövlət Televiziya və Radio

Verilişləri Komitəsinin redaktoru

 

İki sahil.- 2017.- 12 avqust.- S.13.