Heydər Əliyev Mərkəzi
“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının
inkişaf strategiyası” mövzusunda elmi-praktik seminar
keçirib
Heydər Əliyev Mərkəzinin “Heydər
Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində
növbəti seminar dekabrın 4-də Masallı rayonunda
keçirilib.
AZƏRTAC xəbər verir ki, budəfəki
seminar “Heydər Əliyev və Azərbaycan
iqtisadiyyatının inkişaf strategiyası” mövzusunu əhatə
edib.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev
Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə
çıxış edərək 2014-cü ildən etibarən
keçirilən elmi-praktik seminarlar layihəsi çərçivəsində
bir sıra maraqlı mühazirələrin oxunduğunu,
ölkəmizin tanınmış ziyalılarının,
alimlərinin ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti
haqqında danışaraq ictimaiyyəti, xüsusilə də
gəncləri Ulu Öndərin xidmətləri haqqında
yeni faktlarla tanış etdiklərini bildirib.
“Çox xoşdur ki, bizim bu layihə
paytaxtımızdan kənarda, ilk dəfə olaraq Masallıda
keçirilir. Heydər Əliyevin zəngin
irsinin dərindən öyrənilməsi, qorunub
saxlanılması, tədqiqi və hərtərəfli inkişaf
etdirilməsi bölgələrdə fəaliyyət göstərən
hər bir Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət
istiqamətlərindən birini təşkil etməlidir və
edir”, - deyə Anar Ələkbərov qeyd edib. Məhz
Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin
möhkəmlənməsi, dövlətçilik ənənələrinin
yaradılması, azərbaycançılıq
ideologiyasının bərqərar olması nəticəsində
bu gün Azərbaycanın uğurla inkişaf edən ölkəyə
çevrildiyini deyən Anar Ələkbərov
xalqımızın milli ideya ətrafında birləşməsi,
güclü milli mənəvi dəyərlər əsasında
müasir dövlətin qurulması prosesinin Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdiyini bildirib.
Anar Ələkbərov Heydər
Əliyev irsinin tədqiqi və daha geniş auditoriyada təbliği,
gənclərin tarixi keçmişinə bağlı ruhda
böyüməsi, onlara vətənpərvərlik hisslərinin
aşılanması məqsədilə 2015-ci ildən etibarən
Heydər Əliyev Mərkəzi tərəfindən müxtəlif qurumların tərkibində Heydər
Əliyev məktəblərinin yaradıldığını
da qeyd edib. Ötən müddətdə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Heydər Əliyev Mədəniyyət və
İncəsənət Məktəbi, Masallı rayonunda “ASAN Həyat”
kompleksinin nəzdində Heydər Əliyev İncəsənət
Məktəbi yaradılıb. O, bugünkü məşğələnin
də canlı telekörpü vasitəsilə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində, Sumqayıt
şəhərindəki Heydər Əliyev Mərkəzində
ümumilikdə 800-dən çox iştirakçı tərəfindən
izlənildiyini deyib.
Anar Ələkbərov, həmçinin
2014-cü ildə Heydər Əliyev Mərkəzində ilk dəfə
olaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda
ümumrespublika bilik yarışının təşkil edilməsi
ilə gözəl ənənənin təməlinin
qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu günədək ardıcıl
keçirilən yarışlarda iştirak edən, mövzuya
maraq göstərən tələbələrin sayının
ildən-ilə artması, gənclərin bu bilik müsabiqəsinə
həvəs göstərməsi sevindirici haldır.
“Heydər Əliyev həm sovet
dönəmində, həm də müstəqillik illərində
iqtisadiyyatın inkişafına böyük önəm
verirdi. Ümummilli liderin fikrincə, iqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir və
istənilən müstəqilliyin əsasında iqtisadiyyat
durur”, - deyən Anar Ələkbərov Heydər
Əliyevin bu sahədəki xidmətləri barədə
Ümummilli Liderlə uzun illər çiyin-çiyinə
çalışmış iqtisadçı-alim, akademik Ziyad
Səmədzadənin mühazirəsinin əhəmiyyətli
olacağını bildirib.
Milli Məclisin iqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri, akademik
Ziyad Səmədzadə mühazirəsində Heydər
Əliyevin həm sovet dövründə, həm də
müstəqillik illərində Azərbaycan
iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlərindən
söz açıb. Bildirib ki, Sovet İttifaqına daxil
olan müttəfiq respublikaların rəhbərləri bir
qayda olaraq ittifaq tərəfindən müəyyən edilən
“oyun qaydaları” əsasında fəaliyyət göstərirdilər.
Hər bir mühüm məsələ SSRİ dövlətinin
nəzarətində idi. Lider kimi fəaliyyət
göstərmək üçün çoxlu məhdudiyyətlər
var idi. 1969-cu ildə Azərbaycanın rəhbəri
seçilən Heydər Əliyev də bütün bu məhdudiyyətlərlə,
çətinliklərlə üzləşməli oldu.
Üstəlik də respublika iqtisadiyyatında, sözün əsl
mənasında, ağır vəziyyət
yaranmışdı: bütün əsas sosial-iqtisadi göstəricilərə
görə Azərbaycan ittifaqda axırıncı yeri tuturdu. Heydər Əliyev, ilk növbədə, iqtisadiyyatda
yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin
sistemli təhlilini apardı, risklər edərək bir
sıra təşkilati tədbirlər həyata keçirdi.
İttifaq hökuməti qarşısında respublikanın gələcək
iqtisadi həyatı ilə bağlı məsələlər
qaldırdı və qısa vaxt ərzində sovet hökumətinin
Azərbaycan Respublikasının inkişafına dair xüsusi
qərarın qəbul edilməsinə nail oldu. Milli gəlir,
sənaye, kənd təsərrüfatı məhsulları
istehsalında 60-cı illərdəki gerilik aradan
qaldırıldı, yeni keyfiyyətli inkişafın
fundamental əsaslarının möhkəmləndirilməsi
üçün xeyli iş görüldü.
Akademikin sözlərinə
görə, Heydər Əliyev qəti qərara gəlmişdi
ki, respublika iqtisadiyyatının uzaq gələcəyə
yönələn inkişafı elmi-texniki tərəqqini
müəyyən edən sahələrin daha üstün
inkişafından çox asılı olacaq. Bu strateji xətti
həyata keçirmək üçün Heydər Əliyev
titanik fəaliyyət göstərdi, ciddi maneələrin
aradan qaldırılmasına nail oldu. 1976-cı ildə
Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin
təkmilləşməsinə dair çox mühüm sənəd
qəbul etdilər. Heydər Əliyevin bilavasitə
rəhbərliyi ilə Azərbaycan sənayesinin
inkişafı tarixində mühüm rol oynayan bu proqramın
uğurla reallaşması üçün böyük təşkilati
iş aparıldı. Nəticədə sənayenin vacib
proporsiyaları xeyli yaxşılaşdı, yeni tipli sənaye
müəssisələri, istehsal sahələri istifadəyə
verildi, on minlərlə yeni iş yeri yaradıldı, sənayenin
ixrac potensialı xeyli artdı, istehsalın mədəni-texniki
səviyyəsi yüksəldi.
1976-1980-ci illərdə Azərbaycan
sənayedə məhsul istehsalının artımına
görə SSRİ-də birinci yerə çıxdı. Sənayenin
strukturunda maşınqayırma və metal emalı sənayesinin
payı 1965-ci ildəki 10 faizdən 16,3 faizə qalxdı.
Elmi-texniki tərəqqini müəyyən edən sənaye
sahələrində istehsalın həcmi əvvəlki
onillikdəki səviyyəyə nisbətən 2,4 dəfə
artdı. 1970-ci illər Azərbaycan tarixinə, sözün əsl
mənasında, sənayenin intibah dövrü kimi daxil oldu.
Ziyad Səmədzadə qeyd edib
ki, XX əsrin əvvəllərində, istərsə də
sovet hakimiyyəti dövründə Azərbaycan
iqtisadiyyatında əsas rolu neft sənayesi oynayırdı.
Heydər Əliyev iqtisadiyyatın maddi-texniki bazasında
yaranmış geriliyin aradan qaldırılması, qeyri-neft sahələrinin
üstün inkişafının təmin edilməsi
üçün əsaslandırılmış təkliflər
hazırladı. 1971-1975-ci illərdə respublika
iqtisadiyyatına 1966-1970-ci illərdəkindən 30 faiz
çox vəsait qoyuldu, 64 iri sənaye müəssisəsi
istifadəyə verildi.
Heydər Əliyevin Azərbaycan
iqtisadiyyatını inkişaf etdirməklə bağlı
müəyyən etdiyi strategiyada aqrar sektor xüsusi yer
tuturdu. 1960-cı illərdə Azərbaycan kəndində əhalinin
yarısı yaşayırdı, kənd təsərrüfatında
istehsal olunan milli gəlir də böyük çəkiyə
malik idi. 1971-1975-ci illərdə 1966-1970-ci illərə nisbətən məhsul istehsalı 34
faiz artdı, bir sıra vacib sahələrdə yüksək
göstəricilərin əldə edilməsinin möhkəm
təməli yarandı. 1976-1980-ci illərdə Azərbaycan kənd
təsərrüfatının ümumi məhsulunun
artımına görə ittifaqda birinci yerə
çıxdı.
Akademik bildirib ki, 1970-ci illərdə Azərbaycan
iqtisadiyyatının inkişafı ilə bağlı
göstəriciləri tarixi inkişafın ayrı-ayrı
dövrləri ilə müqayisə etdikdə, birmənalı
olaraq bu nəticəni çıxarmaq olar: Azərbaycanın
1969-1985-ci illəri əhatə edən dövründə
iqtisadiyyatda yüksək artım sürəti təmin
edilmiş, onun keyfiyyət göstəriciləri əsaslı
surətdə yaxşılaşmışdı ki,
bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi
bazasının formalaşması və inkişafında
müstəsna rol oynamışdı.
Ziyad Səmədzadənin sözlərinə
görə, 70-ci illərdə yaradılmış, elmi-texniki
istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan
çoxlu çətinliklər, problemlərlə üzləşə
bilərdi. Zəngin dövlətçilik təcrübəsinə
malik olan Heydər Əliyev Azərbaycanda yenidən
böyük siyasətə qayıtdıqda, respublikanı
ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın
tarixi-iqtisadi xüsusiyyətlərinə, xalqın mentalitetinə,
geosiyasi şəraitinə, milli mənafelərinə
uyğun inkişaf strategiyası hazırladı,
düşünülmüş və əsaslandırılmış
sistemli tədbirlər həyata keçirdi, beynəlxalq təşkilatlar,
inkişaf etmiş ölkələrlə əməkdaşlığın
formalaşması, iqtisadi islahatların aparılmasını
prioritet vəzifələr kimi müəyyən etdi.
“Bu gün biz böyük qürur hissi ilə
deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin
yeni iqtisadi sisteminin yaradılması Heydər Əliyevin
adı ilə bağlıdır”, - deyə Z.Səmədzadə
vurğulayıb.
Bildirilib ki, Heydər Əliyev ağır vəziyyətdə
olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə
dövlətimizin müstəqilliyinin qorunmasını təmin
etmək üçün düşünülmüş
strategiya seçdi və bu strategiyada neft amilinə
üstünlük verdi. Bu, yeganə çıxış yolu
idi. Bu, dünya inteqrasiyasına qovuşmaq,
maliyyə imkanları, demək olar ki, tükənmiş respublikaya
investisiyaların cəlb edilməsi yolu idi. 1994-cü ildə
Azərbaycan dünyanın böyük neft şirkətləri
ilə “Əsrin müqaviləsi”ni imzaladı. “Bu, müstəqil
Azərbaycan dövlətinin, onun prezidentinin tarixi uğuru
idi. Bu, eyni zamanda, Azərbaycanın dünya inteqrasiyasında
fəal iştirakı üçün əlverişli
imkanların yaradılması idi.
Akademikin sözlərinə görə, Heydər
Əliyev sübut etdi ki, Azərbaycan suveren dövlət kimi
öz təbii sərvətlərinin sahibidir və tarixin ona
verdiyi bu şansdan xalqının mənafeyi naminə
uğurla istifadə edilməlidir. O, neft siyasətini
ümumi inkişaf strategiyası, hüquqi demokratik cəmiyyətin
prinsipləri ilə əlaqələndirdi, milli mənafelər,
investisiya mühitinin yaxşılaşması
üçün zəruri tədbirlər həyata
keçirdi, Amerika və Avropanı Azərbaycanın maraqlarına
cəlb etdi. Bütün bunlar da Azərbaycan dövlətinin
beynəlxalq aləmdə imicinin yüksəlməsinə,
respublikaya investisiya axınının güclənməsinə
əlverişli şərait yaratdı, respublikamızın
müstəqil bir dövlət kimi imkanlarını genişləndirdi.
“Bu gün Azərbaycan dövləti
çoxsaylı alternativ neft-qaz ixracı ilə bağlı nəql
marşrutlarına malikdir. Bu isə ölkəmizin müstəqilliyinin
qorunması, onun iqtisadi təhlükəsizliyi
üçün çox güclü amil deməkdir. Azərbaycan
dövlətinin müəyyən etdiyi inkişaf
strategiyasında prinsipial məqamlardan biri də ondan ibarətdir
ki, neft məqsəd yox, vasitədir. Odur ki, qeyri-neft sektorunun
daha sürətli inkişafı iqtisadi siyasətin prioritet
istiqamətlərindən biri kimi müəyyən
edilmişdi və bu da öz müsbət nəticələrini
verir”, - deyə Ziyad Səmədzadə bildirib.
Qeyd edilib ki, Azərbaycan dövləti yaxın
və uzaq gələcək üçün iqtisadi inkişaf
strategiyasında aqrar sektorun daha davamlı inkişafını
nəzərdə tutub. “Azərbaycan qlobal
dünya böhranı dövründə səylərini
ölkədə maliyyə sabitliyinin qorunmasına yönəldib”
- deyən Ziyad Səmədzadə bildirib ki, Heydər
Əliyevin Fərmanı ilə 2002-ci ildə təsdiq edilən
“Azərbaycanda kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”
ölkədə sahibkarlığın inkişafına
böyük təkan verdi. Son illərdə bu işlər daha
sürətlə davam etdirilir. Prezident İlham
Əliyev tərəfindən təsdiq edilən dövlət
proqramlarında müəyyənləşdirilmiş istiqamətlər:
ölkədə sahibkarlıq mühitinin
yaxşılaşdırılması, regionlarda
sahibkarlığın maliyyə təminatının
artırılması, istehsal resursları və kadr
potensialı haqqında məlumat bazasının
yaradılması, infrastrukturun inkişaf etdirilməsi,
dövlət-özəl sektor münasibətlərinin
inkişafı, sahibkarların hüquqlarının müdafiəsi
mexanizmlərinin təkmilləşdirilməsi və
sahibkarlara texniki yardımın genişləndirilməsi
üzrə işlər uğurla davam etdirilir.
2004-cü il fevralın 11-də
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın (2004-2008-ci illər)” təsdiq
edilməsi haqqında Fərman imzaladığını
xatırladan natiq bu proqramın ölkə əhalisi
üçün böyük əhəmiyyət kəsb edən,
bir neçə fundamental məsələnin həllinə
yönələn məqsədləri nəzərdə
tutduğunu bildirib. Bunlar ölkə
iqtisadiyyatının tarazlı inkişafının təmin
olunması və neft amilindən asılılığın
azaldılması, regionlar arasında sosial-iqtisadi inkişafa
görə yaranmış uyğunsuzluqların, səmərəsiz
miqrasiya proseslərinin xeyli dərəcədə
yumşaldılması, regionların malik olduğu resurslardan səmərəli
istifadə olunması, mövcud yerli istehsal müəssisələrinin
fəaliyyətinin bərpası və gücləndirilməsi,
yeni iş yerlərinin yaradılması, regionların istehsal,
sosial infrastrukturunun müasir tələblər səviyyəsində
qurulmasıdır.
Ziyad Səmədzadə Heydər Əliyev
Fondunun “Regional İnkişaf” İctimai Birliyini təsis etməsinin
əhəmiyyətli addım olduğunu bildirib. O, regionlarda
ictimai fəallığın artırılmasının, insan
kapitalının inkişafının vacib olduğunu qeyd edib.
Akademik Ziyad Səmədzadənin
sözlərinə görə, bu gün dünyanın
aparıcı siyasətçiləri, dövlət xadimləri,
ekspertləri ölkəmizin dinamik inkişafını, qlobal
dünya layihələrində iştirakını, cəmiyyətdə
əldə olunmuş konsensusu, iqtisadi inkişafla sosial tərəqqi
arasında tarazlığın yaradılmasını,
müstəqil dövlətin inkişafının Azərbaycan
modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər.
Elmi-praktik seminar daha sonra
iştirakçıların sualları ətrafında
müzakirələrlə davam edib. Bu müzakirələrdə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Heydər Əliyev
Dövlət İdarəçiliyi Məktəbi, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Heydər Əliyev Mədəniyyət və
İncəsənət Məktəbi, Sumqayıt şəhərindəki
Heydər Əliyev Mərkəzindəki dinləyicilər də
iştirak edib.
İki
sahil.- 2017.- 5 dekabr.- S.4.