Sənətimə sonsuz sevgim var
Nuriyyə İsmayıl qızı
Hüseynova 1969-cu ildə
anadan olub. Bülbül adına
orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında muğam
ixtisası üzrə
təhsil alıb. Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının
solistidir. Nuriyyə Hüseynova
ansamblın tərkibində
bir çox dövlət tədbirlərində
çıxış edib.
2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində
UNESCO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında UNESCO tərəfindən
kompakt-disk buraxılıb.
O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən
“Qəlblərin səsi”
festivalında, İstanbul şəhərində
“İslam ölkələrinin mədəniyyət həftəsi”
çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə
çıxış edib.
Beləliklə, müsahibimiz respublikanın
Əməkdar artisti Nuriyyə Hüseynovadır.
- Nuriyyə xanım, artıq dekabr ayındayıq və
2017-ci ilin son günlərini
yaşayırıq. Bu il hansı əlamətdar anlarla yaddaşınızda qalacaq?
- 2017-ci il yaddaşımda
uğurlu, düşərli
bir il kimi
qaldı. Sənətimdə uğurlarım oldu.
Bir sıra konsertlərə, layihələrə imza atdım. Vyanada təşkil olunan
iki hissəli solo konsertim xüsusilə yaddaşımda dərin izlər buraxdı. Dünyanın bir çox
ölkələrində səfərlərdə
olduq, mədəniyyətimizi,
milli musiqimizi, muğamımızı təbliğ
etdik.
- Özünüz də qeyd etdiniz ki,
səfərlər, konsertlər
çox olur. Ən güclü stimulunuz nədir ki, illərdir bu ardıcıllıqdan yorulmursunuz?
- Sənətimə sevgim o qədər böyükdür
ki. Düşünürəm istər başqa
ölkələrdə, istərsə
də ölkəmizdə
tamaşaçıların sevgisi, dövlətimizin əməyimizə göstərdiyi
diqqət sənət
adamı üçün
ən böyük stimuldur.
- Bu qədər işin-gücün
arasında çox vaxt zamanın necə keçdiyini anlamırıq. Dəyişən illər, fəsillər
Nuriyyə xanımın
daxili dünyasında
nələri dəyişir?
-Bilirsiniz, istəsək də istəməsək də zaman gedir.
İnsan
yaşlanır, qocalır.
Bəzən düşünürsən ki, kaş heç
bu dünyaya gəlmiyəydim, kaş bu olanları görməməydim. Amma bütün
hallarda həyat yaşamağa dəyər.
Bir indiki həyatıma, bir keçmişə baxıram. Uşaqlığımda, gəncliyimdə çətinliklər yaşadığım
üçün indi özümü çox xoşbəxt hiss edirəm.
O çətinliklər qətiyyən
madiyyatla bağlı deyildi. Uşaq ikən evimizdən
ayrı düşmüşəm.
Sənətimlə əlaqədar
Bakıya gəlmişəm,
çox stress, həyəcan
yaşamışam, göz
yaşı tökmüşəm.
Daha sonra ailə qurmuşam. Yəni elə bir uşaqlıq, gənclik həyatı yaşamadığım
üçün hərdən
dönüb baxmaq belə istəmirəm keçmişə.
- Məşhur mahnılarımızdan
birində deyilir ki, ötən günlərimi qaytaraydılar,
gələn günlərimi
qurban verərdim...
- Heç vaxt elə fikirləşə
bilmirəm. Mənim üçün ötən gün ötəndə qaldı.
Təbii
ki, keçmişini bilməyən, ona dəyər verməyən
insan nə qabağa gedə bilər, nə yüksələ bilər.
Keçmişi qoru, gələcəyini
qur. Bu, bir
aksiomadır. Amma mən
gələn günlərimi
daha çox yaşamaq, övladlarımın
gözəl günlərini
görmək istəyirəm.
- Görünür ki, çətinliklərə baxmayaraq,
məqsədlərinizə nail oldunuz. Bəs o çətin günlərdə
ümid işığınız
nə idi?
- Düşünürük ki,
zaman ən gözəl dərmandır.
Amma güclü olmaq həm də insanın xarakteridir.
Düşünürəm hər bir çətinliyə sinə
gərmək üçün
insanın ruh sağlığı yerində
olmalıdır. Əgər ruh
sağlığı yerindədirsə,
onda yaşamaq eşqi varsa, güclü olacaq və çətinliklərin
öhdəsindən gələcək.
Hər bir dərdin dərmanı var. Yetər
ki, həll etmək istəyi olsun. Sonda hər şeyə nail olacaqsan. Bir də ki bütün hallarda insanın içində sevgi, inam olmalıdır.
İnamsız, dinsiz adamdan
heçnə gözləmə.
Bu ikisi olan yerdə insan hər şeyə nail ola bilər.
- Nuriyyə xanım, həm ailəyə, həm də sənətə vaxt ayıran xanım sənətçilərimizdənsiniz. Belə görünür ki, istəsək bunu da bacarmaq mümkündür..
- Türklərin bir gözəl sözü var: uzaqdan davulun
səsi çox gözəl gələr. İşin içinə varmadan, onu görmədən, kənardan baxıb fikir söyləmək çox asandır. Sənət dünyasında tanınan
bir sima olmaq asan deyil.
Türk,
müsəlman xanım
üçün isə
bu, daha çətindir. Cəfakeşlik,
keşməkeşli yollar
və s. İzahatını
tam verə bilmirəm.
Arif insanlar başa düşərlər ki, nə demək istəyirəm. Bu qədər çətinliyin
içində həm
ailənin nüfuzunu qorumaq, ona layiq
olmağa çalışmaq
da asan deyil. Hərdən fikirləşirəm
ki, başqa cür ola
bilməzdi. Yəqin ki, sənətimdən
uzaq dura bilməzdim. Çünki sənətimə sonsuz sevgim var. Bu sevgi mənə ancaq güc verir. Elə bir gün olur
ki, bir işin
arxasınca gündə
3-4 dəfə gedib gəlirəm. Təbii ki,
işimiz çətindi,
insanı yorur. Ev gedəndə heçkimlə
danışa bilmirəm.
Gün ərzində bir tələbəyə iki üç, bəzən daha çox dəstgah muğamı oxumaq, efirin öz qaydaları var ki, ona uyğun
hazırlaşmaq, həmişə
formada olmaq, digər tərəfdən
ailə qayğıları
ilə maraqlanmaq və s. Evə necə çatım ki, həyat yoldaşım işdən
gəlməmiş onun
qabağına isti yemək qoya bilim fikiri. Təbii ki,
bunların hamısını
bir arada edə bilmək çətindir, məsuliyyətlidir.
Evdə yeməyi hər dəfə özüm bişirirəm. Köməkçim də var. Amma elə işlər var ki, onlara
ancaq özüm baxıram. Ümumilikdə bu yorğunluğu
sözlə ifadə etmək çox çətindir. Hamısının kökündə həm ailəmə, həm də sənətimə olan sevginin gücünün
verdiyi dayanıqlıqdır.
- Nuriyyə xanım alın yazısına daha çox inanır, yoxsa şansa?
- Məncə, ikisi də var.
Şanslı insanın
şansı elə onun alın yazısıdır. Rəmətlik
nənəmin bir sözü var idi. İndi yeri gəldi onu demək istəyirəm. Deyirdi ki, Allah bəzi
insanları yaradıb
ki, dünyada boş qalmasın, çoxluq olsun deyə. Bəzi insanları isə yaradıb ki, onlarla həyat davam etsin, irəli
getsin. Həqiqətən
də nənəmin uşaq vaxtı dediyi bu sözün
fərqinə varıram
ki, dünyada seçilən insanlar var. Elə insanlar
var ki, onlar
həyat baxımından
şanslı olurlar, elələri var ki, karyera baxımından.
Mən hazırda əminəm ki, kariyeramda mən daha güclü ola bilərəm. Çünki potensialıma
bələdəm. Amma
bunu tam göstərə bilmirəm.
-Nə mane
olur sizə?
- Çox şeylərdən
keçməlisən, tam
sərbəst olmalısan.
Səhnə bunu tələb edir. Güclü reklam olmalıdır. Bu gün qadın olub dünya səviyyəli bir müğənni olmaq, sənətini bütün
dünyaya təqdim etmək çox çətindir. Milli dəyərlərə, mentalitetə
dəyər verən,
hörmət edən xanım üçün isə bu, ikiqat
çətindir. İllərdir
bunun əziyyətini ödəyə-ödəyə gəlirəm. İstədiyim
hələ də o deyil.
- Amma qarşısınızda
o məqsəd var, eləmi?
-Bilirsiniz, gücüm
hara qədər yetirsə, təbii ki, çalışacam. Mən bütün konsertlərimi öz gücümlə edirəm.
Məsələn, Amerikada,
Kanadada konsertlərim olub. Fransanın bir neçə şəhərində, eləcə
də Türkiyənin
dümək olar ki, bütü şəhərlərində mənim
konsertlərim olub. Şərq ölkələrinin
adlarını saysam yəqin ki vaxt
çatmaz. Qətərdən
tutmuş Hindistanda, Ruminyadan ta Kuveytə
qədər konsertlərim
olub. Amma mən hələ də razı deyiləm. Bilirəm ki, mənim sənətimin potensialımın
qarşısında çox
azdır bunlar.
Şəfiqə Dadaşova
Iki sahil.-
2017.- 6 dekabr.- S.12.