Heydər Əliyevsiz 14 il: Ulu
Öndərin zəngin dövlətçilik irsi əbədiyaşardır
YAP İcra katibinin müavini, Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzovun ümummilli lider Heydər Əliyevin
ildönümü ilə bağlı Trend üçün
xüsusi məqaləsi:
Azərbaycanın çoxəsrlik dövlətçilik
tarixində özünün müstəsna əhəmiyyəti,
sambalı, xalqımızın nəinki bu günü, həm
də gələcək taleyinin müəyyənləşdirilməsi
baximindan Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir
tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun
da hər bir səhifəsi, hər bir sətri ulu Öndərimiz
Heydər Əliyevin qüdrətli əlləri ilə
yazılıb. Bu mərhələləri
təhlil etməzdən əvvəl belə bir vacib aspekti
önə çəkmək lazımdır ki, Azərbaycanın
və böyük türk dünyasının müdrik lideri
Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti
etibarilə ölkəmizin hüdudlarından
çox-çox kənara çıxaraq, öz zəngin
məna tutumu ilə bəşəri zirvəyə yüksəlib.
Ulu Öndərimiz zamanı qabaqlayan, onun
fövqündə dayanan elə bir dahi şəxsiyyətdir
ki, o yalnız öz dövrü üçün
yaşamayıb, yalnız öz dövrünün
qayğıları ilə məşğul olmayıb. Azərbaycanı bəşər
sivilizasiyasının beşiyi olan ölkələrdən
biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin
övladları adlandıran Heydər Əliyevin ən
böyük xidmətlərindən biri də, məhz
xalqımızın şərəfli tarixi keçmişini bərpa
etməsi, milli-mənəvi isrimizin dəyərlərini
özümüzə qaytarması, milli adət-ənənələrimizi
yaşatması, Azərbaycançılıq məfkurəsinin
və milli ruhun hədsiz yüksəlişi, milli
özünüdərkin hər cür buxovlardan azad olunaraq,
öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər
əsasında milli dövlətçilik
arzularımızın real siyasi amilə çevrilməsinə
nail olmasıdır. Heydər Əliyev hələ
sağlığında canlı əfsanəyə
çevrilmişdir. Onun qeyri-adi şəxsiyyəti,
siyasətçi və dövlət xadiminə xas
böyük istedadı bizim hamımıza, onun müasirlərinə
və həmvətənlərinə dərin təsir
bağışlayır və siyasətçilərin, tədqiqatçıların
və jurnalistlərin diqqətini ona cəlb edir. Heydər Əliyev fenomeninə maraq illər
ötdükcə azalmır, əksinə, getdikcə daha da
artır. Ölkəmizdə və xaricdə çap edilən
bir çox yazılarda, tədqiqatçıların əsərlərində
biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin
və mahir idarəçilik bacarığının yeni-yeni
cəhətlərini görürük.
XX əsrdə Azərbaycanın yetirdiyi ən
böyük şəxsiyyət - ümummilli liderimiz Heydər
Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını
tarixi irs və milli-mənəvi dəyərlər zəminində
yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş
dahi strateqdir. Yalnız bir yolla - bütöv və tam həqiqətin
yolu ilə gedən və böyük uğurlar qazanan ulu
öndər Azərbaycan xalqının tarixində
şanlı salnamələr açmışdır. Reallıq və həqiqət böyüklük və
qüvvət əlamətidir. Öz təbiəti etibarilə
cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və
mütərəqqi qüvvələrə dayaq olan, sabahkı
gün, insanların xoş gələcəyi, gözəl
arzular və xəyallar haqqında düşünən
və onları reallığa çevirən bir şəxsiyyətin
həyat amalı ancaq həqiqət konsepsiyasına
bağlı idi. "Mənim həyat amalım
bütün varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi,
siyasi, mənəvi inkişafına xidmət olub" - deyən
böyük rəhbərin dövlətçiliyimizin ən
ağır günlərində göstərdiyi qətiyyət
bu sözlərdəki gerçəkliyi dəfələrlə
təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət
və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını
fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən
hifz edərək dirçəliş və inkişafa
doğru yönəldib, cəmiyyətdə
özünəinam hissini bərpa edib, ölkəmizdə
sabitlik və firavanlığa təminat yaradıb.
Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər
bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin
və onun üzvlərinin mənafeyinə xidmət etmiş,
Azərbaycan dövlətinin, Azərbaycan xalqının
bütövlüyü uğrunda fədakarlıqla
çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi,
dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi,
xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün
mümkün ola bilən hər bir işi
görmüşdür.
Bu gün daha çox Ulu öndər Heydər
Əliyevin müstəqillik dövründə Azərbaycan
Respublikasına rəhbərliyi zamanı gördüyü
işlərdən geniş bəhs edilir. Ancaq
unutmaq lazım deyil ki, dövlətçilik tariximizin
özünəməxsus bir mərhələsi olan Sovet
dövründə də bu böyük siyasətçi və
dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz
nailiyyətlərə imza atmışdır. Bildiyimiz
kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində
yalnız xammal mənbəyi kimi çıxış edir,
bütün sahə və istiqamətlər üzrə ən
geridə qalmış ölkələrin başında gəlirdi.
Respublikamızın inkişafı üçün əhəmiyyətli
resurs və potensial mövcud olsa da, onlardan səmərəli
surətdə istifadə edilməməsi tənəzzül
meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək
respublikanın rəhbəri olması ölkəmizin Sovet
dövrü tarixində dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyev fundamental strateji tədbirlər
görməklə, davamlı və nizamlı inkişafı təmin
etməyi bacardı. Sürətli sənayeləşmə
kursu seçildi və qısa zaman kəsiyində sənaye
sahəsinin inkişafında mühüm irəliləyişlər
qeydə alındı. Ardıcıl surətdə sənaye
müəssisələri tikilib istifadəyə verildi ki, bu da
davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini
təmin edən əsaslardan biri oldu. Qısa
müddətdə Azərbaycan İttifaq səviyyəsində
sənaye istehsalının artım sürətinə görə
ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı
sənaye təməli üzərində inkişaf etdirildi və
istehsal olunan məhsulların orta illik həcmi mütəmadi
surətdə atırıldı.
Artıq 1982-ci ildə kənd təsərrüfatı
məhsullarının istehsal həcmi ilk dövrlərlə
müqayisədə 6 dəfə
artırılmışdı ki, bu da aqrar sektorun
inkişafı yönündə həyata keçirilən
siyasətin səmərəliliyindən xəbər verirdi.
Eyni zamanda, Ulu öndər Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində
də tənəzzül meyilləri aradan qaldırıldı
və bəhs edilən sahədə ehtiyatlardan səmərəli
istifadə etməklə davamlı və nizamlı
inkişafın əsası qoyuldu. Nəticə
etibarilə, neft hasilatı xeyli artırıldı. Strateji sahə
olan təhsil sektorunda da ardıcıl və davamlı
islahatlar həyata keçirildi ki, bu da kadr potensialının
formalaşdırılması və təkmilləşdirilməsi
işinə fundamental töhfələr bəxş etmiş
oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası
yaxşılaşdırıldı. Ulu öndər
Heydər Əliyevin xüsusi diqqət və
qayğısının fonunda kadr potensialının
formalaşdırılması və təkmilləşdirilməsi
istiqamətində azərbaycanlı gənclər SSRİ
miqyasında fəaliyyət göstərən ali təhsil
müəssisələrinə göndərildilər.
Ümumilikdə, Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə
SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində
18 minədək yüksək ixtisaslı mütəxəssis
hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının
möhkəmlənməsinə fundamental töhfə idi.
Bununla yanaşı, azərbaycanlı gənclərin
SSRİ miqyasında fəaliyyət göstərən
nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi
milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi,
milli diaspor quruculuğunun formalaşdırılması
işinə mühüm strateji töhfələr bəxş
etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və
prosesi məhz belə dəyərləndirirdi: "O vaxtlar azərbaycanlıları
ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif
yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim.
İndi isə sərhədlər açılıb, azərbaycanlılar
hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək,
millətini, dinini, torpağını və ana vətənini
unutmayasan".
Bunlardan başqa, milli-mənəvi
dəyərlərin qorunması və dirçəldilməsi
istiqamətində əhəmiyyətli tədbirlər
görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət
və digər sahələrdə xüsusi dəyişikliklər
və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət
evləri inşa edildi, abidələr
ucaldıldı, incəsənət xadimlərinə fəxri
adlar, ordenlər, təqaüdlər ayrıldı.
Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin
fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini
daha da artırdı. 1978-ci ildə Heydər Əliyevin cəhdləri
və təşəbbüsü sayəsində Azərbaycan
SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in
rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli
dilimizin mühafizəsi və təbliği baxımından
mühüm tarixi hadisə idi. Bunun ardınca
"Müasir Azərbaycan dili" və "Azərbaycan
dili" dərslikləri hazırlandı. Beləliklə, Ulu
öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində
ölkəyə rəhbərlik etdiyi dövrdə həyata
keçirilən islahatlar və görülən strateji tədbirlərin
fonunda respublikamız sürətlə inkişaf edərək
SSRİ miqyasında xüsusi çəkiyə malik olan
respublikaya çevrildi.
Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövrü də Onun xalqımız və
dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini,
misilsiz xidmətlərini göstərən mühüm mərhələdir.
Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca
mürəkkəb situasiyada idi. SSRİ-nin
dayaqlarının sarsıldığı bir dövrdə
İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin
daxili həyatına da sirayət etmiş və idarəetmə
potensialı və qabiliyyəti aşağı olan ölkələrdə
çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan
etməkdə idi. Eyni zamanda, Muxtar Respublikanın blokada
şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı,
hakimiyyətin muxtar qurum üzərində oynamağa
çalışdığı oyunlar Naxçıvanın vəziyyətini
maksimum dərəcədə mürəkkəbləşdirmişdi.
Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər
Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri
seçilməsinədək olan tarixi mərhələdə
daha da kəskinləşdi. Müharibənin
davam etdiyi, sənaye məhsullarının
çatışmadığı, elektrik enerjisinin
olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə
Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata
keçirdiyi islahatlar, gördüyü tədbirlər və
işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin
təmin olunmasına nail oldu. Ümumiyyətlə, Ulu
öndər Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövründə gördüyü işlərin
mahiyyətini və əzəmətini anlamaq üçün
sadəcə, bir neçə fakta nəzər yetirmək
kifayət edir. Belə ki, milli dövlətçilik
ənənələrinin bərpa olunması yönündə
görülən işlər sırasında Muxtar
Respublikanın dövlət rəmzlərinin bərpa
olunması və milliləşdirmə siyasətinin həyata
keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı
il tarixində Naxçıvan Ali Məclisinin I
sessiyasında ilk dəfə olaraq üçrəngli
bayrağımız qaldırıldı. Milli bayraq məsələsi
ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından
"Sovet" və "Sosialist" sözləri
çıxarıldı. SSRİ-nin mövcud olduğu bir
dövrdə belə bir qərarın qəbul və icra edilməsi
olduqca yüksək siyasi səriştə və cəsarət
tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş
etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının
fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri
birlikləri Naxçıvan MR ərazisindən
çıxarıldı.
O zaman Azərbaycanda hakimiyyətdə
olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında
çıxış edərək, sabitliyə və
inkişafa mane olmaq yönündə xüsusi fəallıq
göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi
təsir edən destruktiv faktor qismində
çıxış edirdi. Hətta iş o həddə
çatmışdı ki, xarici güc mərkəzlərinin
"marionetka"ları qismində çıxış edən
hakimiyyətdəki "piyada"lar Naxçıvanda bir
neçə dəfə dövlət çevrilişinə cəhd
etdilər. Bunlardan ilki Xalq Cəbhəsinin
Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin
Muxtar Respublikada etdiyi çevriliş cəhdi oldu. Amma Ulu öndər Heydər Əliyevin siyasi məharəti
sayəsində bəhs edilən çevriliş cəhdlərinin
qarşısı alındı. Bunlarla yanaşı, Ulu
öndər Heydər Əliyev milli ideoloji məsələləri
önə çəkərək bir sıra təxirəsalınmaz
tədbirlər gördü və tarixi qərarlar qəbul
etdi. İlk növbədə "1990-cı il yanvar
ayının 20-də törədilmiş Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında" Qərar qəbul
edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və
hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31
dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik
Günü elan edilməsi barədə də tarixi qərar qəbul
edildi. Bütün bunlarla yanaşı,
Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və tərəqqi
meyillərinin əldə olunması üçün əhəmiyyətli
tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar
islahatlar reallaşdırıldı, özəlləşdirmə
prosesinə start verildi və infrastruktur sahələrinin
inkişafı yönündə xüsusi işlər həyata
keçirildi.
Digər tərəfdən,
blokada şəraitində olan Muxtar Respublikanın
inkişafı və sabitliyinin davamlılığını
təmin etmək üçün regional miqyasda rasional strateji
münasibətlər sistemi formalaşdırmaq lazım idi ki,
Ümummilli lider Heydər Əliyev bu yöndə strateji
addımlar atdı. Xüsusilə də Türkiyə və
İranla qarşılıqlı əməkdaşlığa
və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar
sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində
Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti
arasında işbirliyi protokolunun imzalanması blokada şəraitində
olan Naxçıvanın vəziyyətinə əhəmiyyətli
dərəcədə müsbət töhfə oldu. Beləliklə,
siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər
Əliyev gördüyü işlər, atdığı
rasional, praqmatik addımlarla Muxtar Respublikanın qurtuluşunu,
dirçəlişini və həmrəyliyini təmin
etmiş oldu. Bildiyimiz kimi, 18 oktyabr 1991-ci il
tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari
sessiyasında qəbul edilmiş "Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktına müvafiq olaraq, formal
müstəqillik əldə etmiş Azərbaycan
Respublikası müstəqilliyin ilk illərində kompleks
problemlər və dərin kataklizmlərlə üzləşdi.
Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səciyyə
daşıyan fundamental səbəbləri var idi. Bu səbəblərin başında isə həmin
vaxt Respublikaya "rəhbərlik" edən subyektlərin qətiyyətsizliyi,
Moskvanın kölgəsi altında, "kölə
psixologiyası" ilə yaşamaq niyyətləri və bu
rəhbərlərin xalqın ali mənafeyini mərkəzin
imperialist maraqlarına qurban vermələri dayanırdı.
Bütün mahiyyəti və mövcudluğu
ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi
müstəqillik ideyalarını, prinsiplərini qəbul etmək,
mənimsəmək iqtidarında deyildi. Məhz Azərbaycanın
o zamankı iqtidarının müstəqillik ideyalarına
etinasız olmasının nəticəsi idi ki, şəraitdən
istifadə edən təcavüzkar Ermənistan strateji
baxımdan ən əlverişli ərazilərimizi anneksiya
etdi. Hələ bu, son deyildi. Xalqımızın
bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz
qalmaları, dövlət strukturları arasında çəkişmələrə
start verilməsi və bunların daha kəskin xarakter
alması Azərbaycanın bir dövlət kimi
varlığını sual altına almışdı.
Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Ayaz Mütəllibov
hakimiyyəti çarəni istefa verməkdə gördü.
Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat
cütlüyü Azərbaycanı sözün əsl mənasında
xarici kəşfiyyat orqanlarının mübarizə
meydanına çevirdi. Ölkədə tam bir anarxiya
yarandı və daxili çəkişmələr
özünün pik nöqtəsinə çatdı.
Artıq "əlinə silah alan" hakimiyyəti ələ
keçirməyə çalışırdı və
bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın
təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq
münasibətlər sistemində Azərbaycanı müstəqil
subyekt kimi qəbul etmirdilər. Həmin ərəfədə
güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil
siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri
ilə müşayiət edilən xaotik durumdan xilas etsin. Amma
1993-cü ilədək ölkəyə rəhbərlik edən
şəxslər xarici qüvvələrin
"piyada"sı kimi çıxış etməkdən
başqa, xalqımız, dövlətçiliyimiz
üçün heç bir önəm kəsb edə bilmədilər.
Beləliklə, müstəqilliyin ilk illərində
Azərbaycan çox ciddi problemlərlə üzləşdi
və sistematik strategiyanın həyata keçirilməməsi
nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial,
hüquqi və digər sahələri iflic etdi, ölkədə
vətəndaş müharibəsi, separatizm təhlükəsi
artdı. Bu durum 1993-cü ilə, Ulu
öndər Heydər Əliyevin xalqın tələbi ilə
ikinci dəfə hakimiyyətə gəlməsinədək
davam etdi. Ölkəmizdə hökm sürən xaotik və
anarxist meyilllərin neytrallaşdırılmasında, mürəkkəb
siyasi-hüquqi kataklizmlərin qarşısının
alınmasında və ictimai-siyasi sabitliyin
əldə edilməsində Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri
birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Ulu
öndər ölkədə sabitliyi bərpa etdi,
sosial-iqtisadi tənəzzülün qarşısını
aldı, müstəqilliyin əsaslarını möhkəmləndirmək
istiqamətində addımlar atdı.Ulu öndər Heydər
Əliyevin xalqımız və dövlətçiliyimiz
qarşısındakı misilsiz xidmətlərindən biri
ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının
yaradılmasıdır. Müstəqillik əldə etdikdən
sonra xaotik və antaqonist siyasi proseslərin fonunda ölkəmizin
qarşısında duran başlıca strateji vəzifələrdən
biri də ictimai-siyasi institutlaşma prosesinin həyata
keçirilməsi idi. Bunun başlıca istiqamətlərindən
biri də plüralist prinsiplər əsasında müxtəlif
orientasiyalara malik olan siyasi partiyaların təsis edilməsi və
onların fəaliyyət mexanizmlərinin milli maraqlar və dəyərlər
əsasında təşkilinə şərait
yaradılması idi. Beləliklə, hakim
dairələrin törətdikləri süni maneələrə
baxmayaraq, ölkə ziyalılarının təkidli
çağırışları və xalqın etimadı
sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda
keçirilən təsis konfransında Yeni Azərbaycan
Partiyası təsis edildi və Ulu öndər Heydər
Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan
Partiyasının yaranmasına göstərdikləri maneələr,
ardıcıl təzyiqlər bu yola qədəm qoyan
insanları özlərinin ali məqsədlərindən
döndərə bilmədi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan
xalqının Ona göstərdiyi misilsiz
etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində
təşkilatlanmasına, ölkənin bütün
regionlarında özəklərini yaratmasına və
1993-cü ildə hakimiyyətə gəlməsinə şərait
yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan
bir siyasi təşkilat kimi yarandığı müddətdən
6 ay sonra siyasi hakimiyyətə gəldi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sistematik strategiyanın əsasında siyasi
sistemin təməl atributları və struktur elementlərinin
dirçəldilməsi və təkmilləşdirilməsi,
ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi,
inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, siyasi plüralizmin təmin
edilməsi və bütün bunların əsasında
demokratik transformasiyanın milli dəyərlərə və
maraqlara müvafiq surətdə baş tutması kimi fundamental
strateji vəzifələr dayanırdı. Zəngin dövlətçilik
təcrübəsinə, rasional təfəkkürə
və praqmatik fəaliyyət mexanizminə malik olan
Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində
mərhələli şəkildə bütün bu vəzifələrin
həllinə nail ola bildi. Məhz sadalanan vəzifələrin
yerinə yetirilməsi istiqamətində hüquqi-normativ
bazanın yaradılması strateji əsas oldu. Beləliklə,
xalqımızın Əbədiyaşar lideri Heydər
Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr
ayının 12-də xalq referenduma gedərək öz
dövlətçiliyinin əsas hüquqi istiqamətlərini
müəyyənləşdirəcək başlıca
siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının
Konstitusiyasını qəbul etdi. Yeni Konstitusiya dövrün
tələbləri, reallıqları və
qanunauyğunluqlarına görə mükəmməl və təkmil
siyasi-hüquqi sənəd idi. Konstitusiyanın
hazırlanmasında dünya dövlətlərinin konstitusiya
təcrübəsindən geniş istifadə edilməsi ilə
yanaşı, respublikamızın tarixi ənənələri,
spesifik özəllikləri və xalqımızın
mentaliteti də nəzərə alınmışdı.Müstəqillikdən
sonra ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və
bütövlüyü təmin edəcək fundamental mənəvi
faktor olan milli ideologiyanın müəyyən edilməsi və
ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli
istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində mövcud
olan siyasi hərc-mərclik və vahid dövlət siyasətinin
olmaması bütün sahələrdə olduğu kimi, milli
ideoloji siyasət sahəsində də güclü mərkəzdənqaçma
meyillərinin müşahidə olunmasına və nəticə
etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb
olmuşdu. Bu baxımdan, qürur və minnətdarlıq hissi
ilə xüsusi vurğulamaq istərdik ki, Azərbaycan
dövlətçiliyində Heydər Əliyevin adı ilə
bağlı olan əsas məqamlardan biri də məhz
dövlətçiliyin təməl prinsiplərdir. Bu təməl
prinsipləri yalnız bu gün üçün deyil, eyni
zamanda gələcəyə yönəlib. Hər bir xalq
öz dövlətçiliyinin idarə olunmasında müəyyən
ideoloji prinsiplərə söykənir. İdeologiyasız
dövlətçilik mümkün deyil və xalq səfərbəredici
ideyaya söykənmədən irəli gedə bilməz.
Dünyanın aparıcı dövlətlərinin
keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq, onların
müəyyən prinsiplərə söykəndiyini görərik.
Heydər Əliyev Azərbaycan dövlətinin ideoloji cəhətdən
altı təməl prinsipini müəyyənləşdirib.
Bunlardan birincisi müstəqil dövlətçilik
prinsipidir. Müstəqil dövlətçilik prinsipinin qayəsini
Azərbaycanın müstəqilliyinin hər şeydən uca
olması, suverenliyinin qorunması üçün
bütün vasitələrdən istifadə olunmasının
zəruriliyi ideyası təşkil edir. Müstəqil
dövlətçilik prinsipi - hər şey dövlət
naminə şüarına söykənir. Azərbaycanda
müstəqil dövlətin qurulması yolunda Heydər
Əliyevin hələ sovetlər dönəmindən
başladığı işlər nəticə etibarilə
bu prinsipin reallaşması ilə başa çatdı. Heydər
Əliyevin sayəsində Azərbaycanın müstəqilliyinin
dönməzliyi tam təmin olundu.Azərbaycançılıq
prinsipi - bu prinsip bütövlükdə Heydər
Əliyev ideologiyasının ana xəttini təşkil edir.
Azərbaycançılıq dünyada olan azərbaycanlıların
vahid bir ideya ətrafında birləşməsini, eyni zamanda
Azərbaycanda yaşayan hər bir vətəndaşın
dövlətə, xalqa bağlılığını zəruri
edir. Azərbaycançılıq dünyada olan azərbaycanlıları
müstəqil Azərbaycan uğrunda mübarizədə səfərbər
edir. Qanunçuluq prinsipi - qanun alidir və hər kəs ona
tabe olmalıdır. Tutduğu mövqedən, cəmiyyətdəki
fəaliyyətindən asılı olmayaraq bütün vətəndaşlar
qanuna əməl etməlidirlər. Bu baxımdan
qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
üçün müəyyən etdiyi əsas prinsiplərdən
biridir. Varislik prinsipi - burada söhbət siyasətin varisliyindən
gedir. Belə ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
böyük siyasət davamlı olmalıdır. Konstruktiv əməkdaşlıq
prinsipi - bu prinsip vətəndaş həmrəyliyini
özündə əks etdirir. Vətəndaş
həmrəyliyi dünən də lazım idi, bu gün də
lazımdır, sabah da lazım olacaq. Çünki istənilən
cəmiyyətdə iqtidar-müxalifət mübarizəsi, bu
və ya digər məsələdə fikir
ayrılığı ola bilər. Bu mübarizə
konstruktiv şəkildə, qanun çərçivəsində
getməlidir. Bu mübarizə eyni zamanda, vətəndaş həmrəyliyində
özünü büruzə verməlidir. Bir-birinə əks
ideyalar ortaya qoyan qüvvələr nəticə etibarilə
ölkəmizin maraqları naminə birləşməli, vətəndaş
sülhünü, həmrəyliyini qorumalıdırlar. Bu
prinsip daim Heydər Əliyev tərəfindən qorunub.Heydər
Əliyevin yaratdığı, qurucusu olduğu Yeni Azərbaycan
Partiyası 1992-ci ildən siyasi arenadadır. YAP müxalifətdə
olduğu dövrdə də konstruktivlik nümayişi
etdirmiş, vətəndaş sülhünə və həmrəyliyinə
əməl etmişdir. Heydər Əliyevin müəyyən
etdiyi bu siyasət YAP-ın fəaliyyətində həmişə
özünü büruzə verib. Sosial ədalət prinsipi -
Heydər Əliyev siyasətində sosial ədalət önəmli
yer tutur. Sosial ədalət olmayan cəmiyyətlərdə
insanlar arasında hansısa bir sülhdən, əməkdaşlıqdan
söhbət gedə bilməz. Cəmiyyətdə bazar
münasibətlərinin inkişafı sosial ədaləti
inkar etmir. Dövlətin sosial müdafiə siyasəti həmişə
qorunub saxlanılmalıdır. Sosial ədalət vətəndaşın
daim dövlətin himayəsində olması deməkdir. Heydər Əliyev böyük şəxsiyyət
olaraq Azərbaycan dövlətçiliyinin əbədi
mövcudluğu üçün zəruri əsaslar
formalaşdırmaqla kifayətlənməmiş, həmçinin
bu dövləti yeni əsrdə inamla irəli aparacaq, əzmlə
inkişaf etdirəcək, bir sözlə, alternativsiz siyasi
kursun davamlılığını bütün
sahələrdə təmin edəcək lider
yetişdirmişdir.Son səkkiz ildə ulu öndərin siyasətini
uğurla davam etdirən dövlət başçısı
İlham Əliyev qısa müddətdə xalqın layiqli rəhbəri
və lideri olduğunu əməli işi ilə sübuta
yetirmiş, hər bir azərbaycanlının Prezidenti
olmuşdur. Cənab İlham Əliyevin respublikaya rəhbərliyi
dövründə əldə edilmiş böyük nailiyyətlər
Azərbaycan xalqının öz seçimində dəfələrlə
haqlı olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan
və onun istiqlaliyyəti üçün ən mühüm
təminat faktoru odur ki, ulu öndərin bərqərar etdiyi
güclü dövlətçilik xəttini uğurla davam
etdirən lideri var. Azərbaycan Prezidentinin rəhbərliyi
ilə görülən işlər, əldə olunan
uğurlu nəticələr hələ ötən əsrin
90-cı illərinin ortalarından böyük rəhbər
Heydər Əliyev tərəfindən başlanmış
çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.
Qürur və məmnunluq hissi ilə deyə bilərik ki,
Heydər Əliyev siyasi kursu 2003-cü ildən Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlarımız ümummilli lider Heydər
Əliyevin 2003-cü il prezident seçkilərindən öncə
xalqa müraciətini xatırlatmağı zərurətə
çevirir: "İlham Əliyev yüksək intellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini
və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm
də Yeni Azərbaycan Partiyası bundan sonra da
xalqımızın ən layiqli övladlarını öz ətrafında
sıx birləşdirərək, Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən Ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm". Prezident
kimi fəaliyyətə başladığı gündən
görəcəyi işlərin prioritetlərini
açıqlayan, "Azərbaycanı daha qüdrətli
dövlətə çevirmək üçün ən
başlıcası ölkədə Heydər Əliyevin siyasəti
davam etdirilməlidir. Mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq,
heç vaxt bu yoldan dönməyəcəyəm" -
söyləyən cənab İlham Əliyev atdığı
hər addımında bu vədinə sadiqliyini nümayiş
etdirir. 2003-2008-ci illərdə verilən hər vədin
konkret işlərdə öz əksini
tapması, ayrı-ayrı sahələri əhatə edən
Dövlət Proqramlarının uğurlu icrası, iqtisadi
göstəricilərin təkcə rəqəmlərdə
deyil, insanların gündəlik həyatında öz əksini
tapması Xalq-Prezident birliyini, həmrəyliyini daha da möhkəmləndirdi,
2008-ci ildə keçirilən prezident seçkilərində
cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə
stimul verdi.Həyata keçirilən siyasətin əsasında
Azərbaycan vətəndaşının
dayandığını qeyd edən dövlət
başçısı İlham Əliyev Dövlət
Proqramlarının uğurlu icrasında da bu dəstəyin
rolunu xüsusi vurğulayır. Güclü sosial siyasətə
yol açan iqtisadi tərəqqinin artması
üçün bütün imkanlar mövcuddur. Azərbaycanın
özünü dünyaya sosial dövlət kimi təqdim etməsi
də əldə olunan uğurlara söykənir. Neft gəlirlərindən
səmərəli istifadə nəticəsində
iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın
dünyanı bürüyən iqtisadi və maliyyə
böhranından uğurla çıxmasına səbəb
oldu.
"Biz siyasətimizi elə aparmalıyıq
ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın
bütün sahələri - ilk növbədə qeyri-neft
sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı
hərtərəfli inkişaf etmiş ölkəyə
çevirə bilərik". Prezident İlham Əliyevin on il
bundan əvvəl səsləndirdiyi bu istək artıq
reallığa çevrilib. Bu gün ÜDM-də özəl
bölmənin payının 85 faiz təşkil etməsi
qeyri-neft sektorunun inkişafına yönələn diqqətin
bariz nümunəsidir. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramlarında qarşıya
qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan
ən ucqar kəndləri də daxil olmaqla böyük
quruculuq meydanını xatırladır. Artıq
keçid dövrünü başa vuraraq beynəlxalq
standartlara və bazar iqtisadiyyatının müasir tələblərinə
uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini
vacib hesab edən Prezident İlham Əliyev başlıca amil
kimi neft strategiyasının daha geniş miqyasda həyata
keçirilməsi, dünya siyasətinə
uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi
naminə inamlı addımlar atır. Bu gün
Azərbaycanın ən mötəbər tədbirlərə
ev sahibliyi etməsi, üçrəngli bayrağının
dünyanın nüfuzlu təşkilatlarının
qarşısında dalğalanması, beynəlxalq aləmdə
iqtisadi möcüzələr ölkəsi, sosial dövlət
kimi nüfuz qazanması Heydər Əliyev siyasi kursunun
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsinin nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan
193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi. Qurumda ilk
olaraq ədaləti müdafiə edəcəyimizi bəyan edən
dövlət başçısı İlham Əliyev bu
uğuru tarixi hadisə kimi dəyərləndirdi.
Müstəqilliyinin 20-ci ilində Azərbaycanın
155 ölkənin dəstəyini qazanaraq quruma qeyri-daimi üzv
seçilməsi keçilən yola, əldə edilən
uğurlara verilən dəyər kimi qəbul olundu. Bu
uğurumuzun yeganə problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
prosesinə öz müsbət təsirini göstərəcəyi
inkaredilməzdir. Ümumiyyətlə, hər bir sahənin
inkişafı dövlətin siyasətində əsas yer
tutur. Bu diqqət hər ili bu və ya digər
sahənin adı ilə bağlayaraq, həmin il çərçivəsində
həyata keçirilən tədbirlərin miqyasının
genişləndirilməsindən də aydın
görünür. İdman sahəsində gerçəkləşdirilən
dövlət siyasəti, Olimpiya ideallarının təbliği,
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi,
tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər
nəticəsində ölkəmiz mötəbər beynəlxalq
idman yarışlarının keçirildiyi məkana
çevrilib. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarı da deyilənlərin təsdiqidir.
Prezident İlham Əliyev bu münasibətlə
Azərbaycan xalqına təbrikində bildirmişdir ki, Azərbaycan
bu gün dünyada və Avropada idman dövləti kimi
tanınır: "Bizim uğurlarımız həm beynəlxalq
yarışlarda əldə etdiyimiz medallarla
ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış
müasir idman infrastrukturu da uğurlarımızı
tamamlayır. Buna Azərbaycanda və Bakıda
keçirilmiş dünya, Avropa çempionatlarını əlavə
etsək, görərik ki, doğrudan da Azərbaycanda idman
uğurla, sürətlə inkişaf edir".
Qeyd edək ki, XXX London Yay Olimpiya Oyunlarında
Azərbaycanın 205 dövlət arasında 30-cu yeri
tutması da böyük uğur olmaqla yanaşı, ölkəmizin
beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi
idi. London Yay Olimpiya Oyunlarında 10 medal qazanan
idmançılarımız Azərbaycanın
bayrağını yüksəklərə qaldıraraq, bir
daha ölkəmizin təqdimatına öz töhfələrini
verdilər. Ötən ilin mayında 42 ölkənin öz məşəlini
Azərbaycanda alovlandırması da ölkə həqiqətlərimizin
dünyaya təqdimatında əhəmiyyətli
rol oynadı. Hər bir ölkəni dünyada tanıdan siyasəti
ilə yanaşı, mədəniyyətinin də olduğunu
nəzərə alsaq, Azərbaycanın "Eurovision-2012"
mahnı yarışmasına ev sahibliyi etməsinin ölkələr
arasında əlaqələrin inkişafında körpü
rolunu aydın görərik.
Uğurlarımız davamlıdır. Bu
davamlılığı şərtləndirən əsas amil
möhkəm təmələ əsaslanan inkişaf
strategiyasıdır. İnkişafın Azərbaycan modelinin
mövcudluğu, onun başqa ölkələrə nümunə
göstərilməsi böyük uğurdur. Dövlət
başçısı İlham Əliyevin ölkəmizin 20
illik müstəqillik tarixində qazandığı
uğurların fonunda qarşıdakı illər
üçün hədəfləri və onlara nail
olmağın yollarını müəyyənləşdirməyə
xidmət edən "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə sərəncamı nəinki
ölkə daxilində, beynəlxalq səviyyədə
yüksək dəyərləndirildi. Azərbaycanı
yaxın on ildə inkişaf etmiş ölkələr
sırasında görmək istəyini ortaya qoyan Prezident
İlham Əliyev bu günə qədər 3 dəfə artan
ümumi daxili məhsulun daha 2 dəfə
artırılmasını qarşıya mühüm vəzifə
kimi qoyur. Ölkəmiz keçid dövrünü
başa vuraraq qlobal və regional çağırışlar
fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni
dövrün astanasındadır. Azərbaycanın əldə
etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və
daha da inkişaf etdirilməsi, qlobal və regional
çağırışlara cavab verərək ölkəmizin
dünya nizamında öz mövqeyini gücləndirməsi
üçün Prezident İlham Əliyevin "Azərbaycan
2020: Gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması barədə sərəncam
ulu öndər Heydər Əliyev tərəfindən
yaradılan milli inkişaf modelinə uyğundur. Sülh və
inkişaf Azərbaycan dövlətinin strategiyasının təməlini
təşkil edir. Qeyd etdiklərimizin fonunda bir
daha bu reallıq aydın dərk olunur ki, düzgün
seçilən yol, möhkəm təmələ əsaslanan
siyasət ölkənin davamlı inkişafını təmin
edir, beynəlxalq münasibətlər sistemində yeri və
rolunu möhkəmləndirir. Güclü, qüdrətli
Azərbaycan hər birimizin qürur mənbəyidir.
Xalqımız tam əmindir ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi də tezliklə
öz ədalətli həllini tapacaq, soydaşlarımız
öz doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha
böyük uğurlara imza atacaq.
Ümumiyyətlə, Heydər
Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi,
siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə
dünya politoloqları, analitik mərkəzləri tərəfindən
daha diqqətlə, daha dərindən öyrəniləcək,
müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir.
Heydər Əliyev öz ölümü ilə ölməzliyə
qovuşdu, xalqın taleyində liderlik missiyasını davam
etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti
dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi
inkişafımızın bütün istiqamətlərində
yolumuza həmişə işıq salaraq, bu gün də,
sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir.
Bəşər tarixi sübut edib ki, yalnız tək-tək
dövlət başçıları öz xalqı
qarşısındakı xidmətlərinə görə,
ümummilli liderlikdən əlavə, həm də öz millətinin
qəlbində və tarixində müqəddəslik zirvəsinə
çata biliblər. Zəmanəmizin ən dahi
şəxsiyyətlərindən biri, xalqımızın
böyük oğlu Heydər Əliyevə də, məhz
öz millətinin qəlbində və onun çoxəsrlik
tarixində müqəddəslik zirvəsinə yüksəlmək
səadəti nəsib olub. Heydər
Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin
ömrü onun yaşadığı illərlə
ölçürmür. Öz millətinin taleyini
yaşamış Heydər Əliyev indi də, gələcəkdə
də qədirbilən xalqımızın qəlbində
yaşayır və daim yaşayacaqdır.
İki
sahil.- 2017.- 12 dekabr.- S.1-6