Azərbaycan üçün yanan ürək: akademik Həsən Əliyevin alimliyi vətəndaşlığından doğurdu

 

Akademik Həsən Əlirza oğlu Əliyev Vətənə və xalqa təmənnasız xidmətləri ilə hər bir azərbaycanlının yaddaşında silinməz izlər qoyub. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb və inkişaf edib. Onun haqqında düşünəndə istər-istəməz Azərbaycan təbiəti göz önünə gəlir. Çünki bu böyük ürəkli insan təbiət vurğunu idi, Azərbaycanın hər qarış torpağını, hər bir coğrafi məkanını ürəkdən sevir, qayğısına qalırdı. O, bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib. Prezident İlham Əliyev akademik Həsən Əliyevin Azərbaycan elminə verdiyi dəyərli töhfələri, elm xəzinəsinin zənginləşdirilməsi sahəsində xidmətlərini nəzərə alaraq, onun 110 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC akademik Həsən Əliyevin adını daşıyan Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun görkəmli alimlə bağlı qeydlərini və xatirələrini təqdim edir.

Akademik Həsən Əliyev gərgin, şərəfli və məhsuldar ömür yaşayıb. Belə bir atalar məsəli var: “Müqəddəs yer boş qalmır”. 1907-ci il dekabrın 15-də Azərbaycanın ilk əkinçi-ekoloqu Həsən bəy Zərdabi dünyasını dəyişir və həmin gün Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində ilk oğul uşağı dünyaya göz açır və onun adını Həsən qoyurlar. O, ayağı yer tutandan ailənin köməyinə yetişir, gücü çatan işlərin qulpundan yapışır. On bir yaşına çatanda Həsənin "ev" əməyi “çöl” əməyi ilə, yəni qoyun-quzu otarmaqla əvəz olunur.

1905-ci ildə rus-türk müharibəsi qurtardıqdan sonra rus ordusu silahlarını ermənilərə verir. Bu silahdan istifadə edən ermənilər Andronikin başçılığı ilə millətçi hərbi bölmələr yaradırlar. Zəngəzurdakı azərbaycanlı kəndləri hədəfə götürülür, onlara hücumlar edilir və neçə-neçə yaşayış məntəqələri boşaldılır. Qanlı-qadalı 1918-ci ilin yazında növbə Comərdli kəndinə də çatır. Qəfil hücuma məruz qalan köməksiz Comərdli əhli Naxçıvan diyarına üz tutur. Əlirza kişinin ailəsi Naxçıvan şəhərinə sığınır. Qaçqınlar bir parça çörək üçün ağır əməyə qatlaşmalı olurlar. Həsən Əliyev də 1917-1924-cü illərdə Naxçıvan şəhərində muzdurluq edir.

Sovet hakimiyyətinin ilk illərində savadsızlığın ləğvi kampaniyası geniş vüsət alır. Həsən Əliyev 17 yaşında (1924) Naxçıvan şəhərində kənd axşam məktəbində oxumağa başlayır və 23 yaşında (1930) məktəbi bitirir. O, hələ gənclik yaşlarından dünyagörüşünün yetkinliyi ilə tay-tuşlarından seçilirdi. 1925-ci il oktyabrın 5-də "Şərq qapısı" qəzetində "Bizə də teatr lazımdır", 1929-cu ildə isə "Molla Nəsrəddin" jurnalının 16-cı sayında "Müəllim lazımdır" adlı məqalələrini dərc etdirmişdi.

Həsən Əliyev daha sonra (1924-1930-cu illərdə) Naxçıvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda təhsil alır. Eyni zamanda, muxtar respublikanın Torpaq Komissarlığının zərərvericilərə qarşı mübarizə aparan şöbəsində fəhlə işləyir.

1935-ci ilədək, yəni 28 yaşınadək Həsən ƏIiyev kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki ziyanvericilərinə qarşı mübarizədə zəngin təcrübə toplayır. Bacarığını və biliyini nəzərə alaraq onu müxtəlif vəzifələrə irəli çəkirlər. Altı il orta təhsil, üç il ərzində ali təhsil almış Həsən Əliyev birbaşa aspiranturaya daxil olur.

1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradılır. Elmin közərməkdə olan ocağını daha da alovlandırmaq arzusu ilə yaşayan Həsən Əliyev Bakı şəhərinə gəlir. SSRİ EA Azərbaycan filialının torpaqşünaslıq bölməsində elmi işçi, sonra isə elmi katib işləyir.

Torpağın qədrini bilən Həsən müəllim xam torpaqların tədqiqi ilə məşğul olmağı qərara alır və susuz, dağarası çökəkliklərdə səhraya çevrilmiş Qobustanın cənub-qərb hissəsinin arid torpaqlarının tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı "Pirsaat düzünün torpaqları və ondan istifadə yolları" adlı ilk monoqrafik əsəri (1940) ilə nəticələnir. Həsən müəllim bu tədqiqat əsərində arid (quraq) iqlim şəraitində yaranmış xam torpağın elmi təhlilini verməklə, ondan necə istifadə etməyin yollarını da göstərirdi.

Gənc alimin yazdığı elmi əsərlərin mürəkkəbi qurumamış Böyük Vətən müharibəsi başlayır. Həsən müəllimin hərbi çağırışdan saxlanılmaq üçün bronu olmasına baxmayaraq, o, könüllü olaraq cəbhəyə, döyüşən orduya gedir. 1941-1943-cü illərdə Şimali Qafqaz uğrunda döyüşlərdə zabit kimi iştirak edir, ağır yaralanır. Bundan sonra yenidən əvvəlki iş yerinə qayıdır və SSRİ EA Azərbaycan filialının coğrafiya bölməsinin rəhbəri vəzifəsində (1943-1944) çalışır. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alır və cəmi 9 il sonra Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülür. Sonrakı illərdə isə elmi tədqiqatla yanaşı, təşkilati işlə də məşğul olur: Torpaqşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952), Azərbaycan KP MK katibi (1952) vəzifələrində çalışır.

Akademik Həsən Əliyev 1952-1957-ci illərdə Azərbaycan SSR EA-nın akademik katibi və eyni zamanda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində işləyib. 1951-ci ildə “Abşeron yarımadasında taxıl və ot əkilməsi məsələsinə dair” elmi məqaləsi EA-nın məruzələrində çap olunub.

 

Bu gün artıq hamıya bəllidir ki, təbiəti qorumadan heç bir ölkədə davamlı inkişafdan danışmaq olmaz. Akademik Həsən Əliyev dühası isə bunu keçən əsrin ortalarında görür və dərk edirdi. Belə ki, 1950-ci illərdə onun elmi istiqamətinin ikinci əsas şaxəsi - ətraf mühitin mühafizəsi başlanır və o, 1955-ci ildə Azərbaycan SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının sədri seçilir.

Həsən müəllim Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifələrində işlədiyi 1952-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub, Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilib. 1961-ci ildə “Azərbaycan SSR-in Böyük Qafqaz dağları zonasında üzümçülük və bağçılığı inkişaf etdirmək üçün torpaq ehtiyatları” adlı məqaləsi EA-nın xəbərlərində dərc olunub.

Bəzi qəlbiqara insanlar Həsən müəllimə irad tuturdular ki, elmlər doktoru olmaya-olmaya akademik seçilib. Ancaq bilmirdilər ki, o zaman üçün bu, normal hal idi. Həsən müəllim də heç kimin tənəsini qəbul edən adam deyildi və ona görə də 1966-cı ildə Moskva Torpaqşünaslıq İnstitutunun dissertasiya şurasında uğurla doktorluq dissertasiyasını müdafiə edir. Həmin müdafiədə iştirak etmiş bir şəxsin xatirələrindən: “Müdafiənin axırına yaxın iclasa Heydər Əliyev gəldi, bir qədər oturdu. Sonra məndən müdafiənin necə getdiyini xəbər aldı. Cavab verdim ki, hər şey yüksək səviyyədədir. O dedi ki, “mən gedirəm, başqa işlərim var, axşam görüşərik”. Axşam “Bakı” restoranında müdafiənin şərəfinə verilən ziyafətə gəldi, məclisə özü rəhbərlik etdi, şuranın üzvlərinə təşəkkürünü bildirdi”.

Öz imkanlarından istifadə edən Həsən müəllim Azərbaycan SSR Ali Sovetinin sessiyasında (1958) təbiətin mühafizəsi məsələsini müzakirəyə çıxarmağa nail olur. Təbiəti Mühafizə Cəmiyyətinin fəaliyyəti genişləndirilir, təbiəti mühafizə üzrə dövlət komitəsinin yaradılmasına və 1968-ci ildə direktoru olduğu Coğrafiya İnstitutunda ətraf mühitin qorunması ilə bağlı ilk elmi-tədqiqat şöbəsini yaradır.

Həsən Əliyevin institutumuza rəhbərlik etdiyi dövrü xüsusi qeyd etmək istərdim. Belə ki, o, direktor olana qədər əməkdaşlar arasında institutdaxili çəkişmələr baş alıb gedirdi, elmi tədqiqatlar ikinci plana keçmiş, əvəzində şəxsi ambisiyaların yarışması vüsət almışdı. Həsən müəllim direktor təyin olunandan sonra institutda işlər qaydasına düşdü, çəkişmələr aradan qalxdı, sağlam atmosfer qərarlaşdı. Coğrafiyaçıların etirafına görə, bu dövr Azərbaycanda coğrafiya elminin intibah dövrü olub.

Məsələn, 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz observatoriyasının yaranması və 25 il fəaliyyət göstərməsi də məhz onun fəaliyyətinin nəticəsidir. Bu observatoriya necə yaranmışdı? O zaman BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində “Qlobal atmosfer proseslərinin tədqiqi” layihəsi icra olunurdu. Bu layihə çərçivəsində dünya okeanında və materik içərisində fasiləsiz işləyən üç müşahidə məntəqəsinin yaradılması qərara alınır. Şimali Atlantikada və Sakit okeanda müşahidələr stasionarda durmuş gəmilərdən aparılırdı. Materikiçi müşahidə kimi Xəzər dənizi seçilir. Xəzər dənizində bunun necə təşkil edilməsi sualı meydana çıxır. Moskva elmi-tədqiqat institutlarının direktorları − akademiklərdən Monin, Obuxov və Çvanq Bakıya, Həsən müəllimin yanına gəlir, məsələni ona danışırlar. Həsən müəllim bir qədər fikirləşdikdən sonra neftçi Qurbana zəng edir, istifadədə olmayan dəniz platformalarından birini observatoriya yaratmaq üçün alimlərə verməyi xahiş edir və müsbət cavab alır. Observatoriya Moskva institutlarının iştirakı ilə yaradılsa da, əsas təşkilati işləri Həsən müəllim həyata keçirirdi. İşlər başa çatdıqdan sonra observatoriya bizim institutun səlahiyyətinə verildi. Elə mənim özümü də Həsən müəllim bu observatoriyaya işə qəbul etdi, sonra isə Moskva Okeanologiya İnstitutunun aspiranturasına göndərdi. Bu təmənnasız insanın xeyirxahlığını heç vaxt unutmur və onu həmişə minnətdarlıq hissi ilə yad edirəm.

1976-cı ildə alimin "Həyəcan təbili" əsəri işıq üzü görür. Bu kitab Azərbaycan xalqının təbiəti mühafizə sahəsində maariflənməsində və təbiətə sevgisinin artmasında müsbət rol oynadı. Akademikin "Həyəcan təbili" əsərinin ikinci, təkmil nəşri (1982) bu gün də müsbət mənada öz təsir gücünü, aktuallığını saxlayır. Azərbaycan xalqının ekoloji maariflənməsində akademik Həsən Əliyev və 1975-ci ildən nəşrə başlayan "Azərbaycan təbiəti" jurnalı da mühüm rol oynayıb.

Şair Bəxtiyar Vahabzadə öz xatirələrində yazır: “Bu gün məndən Həsən müəllimin insani xarakterini səciyyələndirməyi soruşsalar, bircə cümlə deyərdim: O, Azərbaycan üçün yanan bir vətəndaş idi. Buna görə də onun alimliyi vətəndaşlığından doğurdu”.

Məmməd Araz isə yazırdı: “Bəzən adama elə gəlirdi ki, Azərbaycan təbiətində hər şeyi o, öz əlləri ilə yerbəyer etmişdi; Sultanbud meşəsini də, Eldar şamı qoruğunu da, respublikanın neçə rayonunda yaşı mini adlamış neçə çinarın, Naxçıvan-Şərur yolunda qalmış yeganə narbəndin “müəllifi” onun özüdür”.

Həsən müəllim ömrü boyu öz tədqiqatları ilə xalqımızın güzəranının yaxşılaşmasına kömək göstərməyə çalışıb. O, Qonaqkənd rayonunda maldarlıq təsərrüfatlarının bərpa edilməsi, Şamaxı-Xaldan-Quba istiqamətində karvan yolu boyunca avtomobil yolunun inşası, Qanıx–Əyriçay vadisindən Bakıya su çəkilməsi üçün yuxarı təşkilatlara müraciətlər edirdi. Yardımlı rayonunun iqlim və torpaq örtüyünü tədqiq edib, orada kənd təsərrüfatının yeni istiqamətinin - üzümçülüyün inkişafı üçün xüsusi təqdimat yazıb və buna nail olub.

Bu kiçik məqaləni yazarkən arxivimdə saralmış vərəqlərin arasından əlimə bir sənəd keçdi. Maraqlıdır ki, bu, keçən əsrin 60-cı illərində Həsən müəllimin Azərbaycan KP Mərkəzi Komitəsinin plenumunda etdiyi məruzə idi. Bu məruzədə çox böyük cəsarət və vətəndaşlıq mövqeyi var. Partiyanın qılınc oynatdığı bir dövrdə çəkinmədən Ermənistanı və Gürcüstanı Kür və Araz çaylarını çirkləndirdiklərinə görə tənqid atəşinə tutur və onları əməli tədbirlər görməyə çağırır. Məruzədə, həmçinin Azərbaycan ərazisi də yaddan çıxarılmır, ətraf mühiti çirkləndirən müəssisələr adbaad göstərilir, adları çəkilən müəssisə rəhbərlərinin məsuliyyət daşıdıqları vurğulanırdı. Kür çayı boyu Tuqay meşələrini qırmaqla pambıq tarlalarının sahəsini artırmaq istəyən raykom katibləri ilə Həsən müəllimin mübarizəsi ictimaiyyət arasında böyük əks-səda doğurmuşdu. Əgər Həsən bəy Zərdabi meşəni meşəbəyilərindən qorumağa çağırırdısa, Həsən Əliyev də təbiəti mühafizədə dünyagörüşü dar olan məmurlarla mübarizəyə çağırırdı.

 

Həsən müəllimin həyatı təbiətlə təmasda məna tapırdı. O, respublikamızın hər bir guşəsinə vurğunluqla baxır, onlardan mənəvi zövq alırdı. Naxçıvanda İlanlıdağ, Dəvəçidə Çıraqqala (Qalaaltı), Qubada Təngə dərəsi, Şamaxıda Pirqulu və Meysəri dərəsi, Gəncədə Göygöl, Abşeronda Nardaran, Qəbələnin qaraçöhrəsi, Şərurun narbənd ağacı, Şollar düzünün meşələri, Yevlaxın Tuqay meşəsi... onun ürəkdən sevdiyi, bağlandığı yerlər idi.

Həsən müəllimin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətində sədrlik fəaliyyətini də xüsusi qeyd etmək istərdim. Təbii ki, Azərbaycanda o zaman bu qeyri-dövlət təşkilatı ilə yanaşı, dövlət qurumu olan Ekologiya Komitəsi də fəaliyyət göstərirdi. Maraqlı odur ki, bölgələrdə bu komitədən daha çox Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətini tanıyır, onun çağırışlarına əməl edirdilər. Vətəndaşlar bu cəmiyyətin üzvü olmaqdan fəxr duyurdular. Bunun dönə-dönə şahidi olmuşam. Fikirləşirəm ki, Həsən müəllimin xalqın belə yüksək inamını necə qazandığını izah etməyə ehtiyac yoxdur. Sadə şəkildə desək, bu onun sözü ilə əməlinin vəhdət təşkil etməsinin nəticəsi idi.

Ernest Rezerford atomun strukturundan danışanda qulaq asanlara elə gəlirdi ki, o, elektronu, protonu, neytronu və nüvəni bir-bir barmaqları ilə tutur. Həsən müəllim də təbiəti mühafizədən o qədər məhəbbətlə və ürək yanğısı ilə danışırdı ki, istər-istəməz dinləyicidə maraq oyanar, yaxşı mənada ekoloq “xəstəliyinə” tutulardı. O, təkcə Azərbaycanda deyil, beynəlxalq simpozium və konfranslarda da bu həvəslə çıxış edərdi. Görkəmli alim yaxşı başa düşürdü ki, Azərbaycanı tanıtdırmaq üçün beynəlxalq aləmə çıxmaq lazımdır və bu missiyanı hələ keçən əsrdə yorulmadan, həvəslə yerinə yetirirdi.

Həsən müəllim həm də bacarıqlı ekoloq-fotoqraf idi. O, Azərbaycan təbiətinin əvəzsiz guşələrinin fotoşəkillərini çəkməkdən, slayd yaratmaqdan, sonra da onları ictimaiyyətə çatdırmaqdan sonsuz zövq alar, sevinc hissi keçirərdi. Obrazlı şəkildə desək, Həsən Əliyev ömrünün ən bəhrəli çağlarını məhəbbət və hörmət yarpaqlarına bükərək hissə-hissə, parça-parça xalqa bəxş edirdi. Bu böyük insan sərf etdiyi alim əməyindən və zəngin elmi-tədqiqat işindən danışanda deyərdi: "Mən xalqıma çox borclu olduğumdan borcumu ödəyirəm".

Akademik Həsən Əliyev özünün pedaqoji fəaliyyəti ilə də fərqlənib, ali məktəblərdə mühazirələr oxuyub, 35-dən çox namizədlik və doktorluq dissertasiyasının elmi rəhbəri olub.

Həsən Əliyev bir insan kimi səmimi, mehriban, sadə, qayğıkeş, ədalətli, sözünü deyən, kimsəsizlərə dayaq olan əvəzsiz insan idi. O, kadrlara qayğı göstərir, elmi işçilərin qədrini bilirdi. Azərbaycanı qarış-qarış gəzmişdi, Vətənini çox yaxşı tanıyırdı, sevirdi. Hansı bölgədən, kənddən söhbət getsə, oranın təbiəti, əhalisi, adət-ənənəsi və el ağsaqqalı haqqında məlumat verər və o yerə tədqiqat aparmaq məqsədilə gedən elmi işçidən öz dəyərli məsləhətlərini əsirgəməzdi. Bir sözlə, o, təpədən-dırnağadək Azərbaycanı sevən bir şəxsiyyət idi. Hara getsə, samovarını da özü ilə aparardı. Böyük Qafqazın şərq yamacında institutumuzun Pirqulu Coğrafi Stasionarında ondan yadigar qalmış samovara hərdən köz atıb zümzüməsinə qulaq asa-asa Həsən müəllimi tanıyan yerli əhali ilə onu yad edir, xatirələrimizi bölüşürük.

 

Həsən müəllimin gərgin və səmərəli əməyi layiqincə qiymətləndirilib. Onun təltiflərindən bir neçəsinin adını çəkmək istərdim: SSRİ Xalq Təsərrüfatı Nailiyyətlərinin gümüş medalı, SSRİ Elmlər Akademiyasının Vavilov adına medalı, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Dövlət mükafatı və sair. Bu siyahını xeyli uzatmaq da olar.

Akademik Həsən Əliyevin sadəliyi, mənəvi saflığı, aydın təfəkkürü, geniş dünyagörüşü, xalq arasında nüfuzu ona əsrlərlə yaşı olacaq mənəvi bir ömür qazandırıb. "Həyəcan təbili" əsəri isə bir azman insanın vicdan səsi, hələ sağlığında özünə ucaltdığı heykəl idi.

Iki sahil.- 2017.- 16 dekabr.- S.10.