Qazaxda Xalq Şairi Osman Sarıvəlliyə həsr olunmuş poeziya bayramı
Qazaxda rayon icra
hakimiyyətinin təşkilatçılığı
ilə Xalq Şairi Osman Sarıvəllinin
doğum gününə
həsr olunmuş poeziya bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, poeziya
bayramından əvvəl
tədbir iştirakçıları
İkinci Şıxlı
kənd məzarlığına
gələrək Xalq
Şairi Osman Sarıvəllinin
qəbrini ziyarət ediblər. Qəbiristanlığın girişində məktəblilər
şairin şeirlərini
oxuyublar.
Sonra tədbir
iştirakçıları şair Eldar Nəsiblinin qəbrini ziyarət edib, “Bura Qazaxdı” şeiri səsləndirilib.
Poeziya bayramı
Ədəbiyyat Muzeyində
davam etdirilib. Qonaqlar öncə muzeylə, Xalq Şairinin kitablarından ibarət sərgi ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb
Babaşov poeziya bayramını açaraq
bildirib ki, görkəmli şair
Osman Sarıvəlli Azərbaycan
ədəbiyyatına böyük
töhfələr verib,
Azərbaycan dilinin inkişafında xüsusi
xidmətləri olub.Sonra
Xalq Şairinin həyat və yaradıcılığına dair
film nümayiş etdirilib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona
filialının sədri,
Əməkdar İncəsənət
Xadimi Barat Vüsal Xalq Şairinin həyatı, yaradıcılığı
haqqında tədbir iştirakçılarına ətraflı
məlumat verərək
bildirib ki, Osman Sarıvəllinin ilk kitabı
1934-cü ildə “Dəmir
sətirlərim” adı
altında oxuculara təqdim edilib. Xalqından, elindən, yurdundan, çayından, daşından ilham alan şairin
yazdığı hər
bir sətir Azərbaycan poeziyasının
inkişafında misilsiz
rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun
müdrikliyi, klassik poeziyamızın incəlikləri
Osman Sarıvəlli yaradıcılığının
mənəvi qidasına
çevrilib.
Poeziya bayramında akademik Teymur Bünyadov, Milli Məclisinin deputatlarından Nizami Cəfərov və Ülviyyə Ağayeva, Qazax Xeyriyyə Cəmiyyətinin sədri
İlham Pirməmmədov,
filologiya elmləri doktoru Rüstəm Kamal, şair, “Şur” nəşriyyatının direktoru
Musa Ələkbərli, şair-jurnalist
Məmməd Əfşan,
filologiya elmləri üzrə fəlsəfə
doktoru Natəvan Dəmirçioğlu, Azərbaycan
Yazıçılar Birliyinin
əməkdaşı Gülamayıl
Murad çıxış
edərək, Osman Sarıvəlli
yaradıcılığı haqqında öz ürək sözlərini
söyləyib, şairlə
bağlı xatirələrini
danışıblar. Qeyd ediblər
ki, Osman Sarıvəlli
böyük şair olduğu kimi, həm də gözəl tərcüməçi
idi. Sənətkar
Nizami Gəncəvi,
Viktor Hüqo, Puşkin,
Nazim Hikmət kimi dahilərin əsərlərini dilimizə
tərcümə edib.
Folklorumuzun və aşıq
yaradıcılığının tədqiqində, eləcə
də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb
çap edilməsində
öz köməyini əsirgəməyib. Onun qoşmaları
bu gün də Azərbaycan aşıqlarının ən
çox sevdiyi, oxuduğu mahnılara çevrilib.
Poeziya bayramında tədbir boyunca aşıqlardan Camoy Qurbanov, Hüseyn Kəmərli,
Samir Allahverdiyev, Şahin
Süleymanov saz havaları üstündə
şairin şeirlərini
oxuyublar.
Qazax Dövlət
Dram Teatrı aktyorlarından
Zəmanə Dərvişova
və Hacı Hacıyevin ifasında “Gətir oğul, gətir” poemasından bir parça ifa olunub.
M.Hüseyn adına məktəb-liseyin və İkinci Şıxlı kənd tam orta məktəb şagirdləri
tərəfindən Xalq
Şairinin bir-birindən
gözəl şeirləri
səsləndiriliblər.
Xalq Şairinin
oğlu, Türkiyədə
çalışan professor Babək Qurbanov çıxış edərək,
atasına verilən yüksək dəyərə
və bu cür yüksək səviyyədə tədbirin
keçirilməsinə görə
minnətdarlığını bildirib.
Məmmədov Zamin
İki sahil.- 2017.- 19 dekabr.- S.12.