Vətənpərvər, savadlı, sağlam...

 

Müasir Azərbaycan gəncliyini bu sözlərlə xarakterizə edən  müsahibimiz Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirir ki, bu günün gənclərinin çiyinlərinə ağır yük və ciddi məsuliyyət düşür. Amma sadalanan keyfiyyətlərə malik olan Azərbaycan gənclərinin potensialı sabahımıza inamı getdikcə artırır.

 

- Fuad müəllim, düşünürük ki, Gənclər Günündən danışarkən ilk olaraq ölkəmizdə həyata keçirilən gənclər siyasətinə qısa nəzər salmalıyıq. İstəyirik ki, gənclər siyasətinə və 2 fevral - Gənclər Gününün tarixinə sizin gözünüzlə nəzər salaq...

-Fürsətdən istifadə edib bütün gənc oxucularımızı, eyni zamanda “İki sahil” qəzeti kollektivinin gənc üzvlərini Gənclər Günü münasibətilə təbrik edirəm. 2 fevral günü Azərbaycan tarixində doğrudan da vacib gündür. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdandan sonra ilk qərarlarından biri məhz gənclərlə bağlı oldu. 1996-cı ildə Ümummilli Liderin təşəbbüsü ilə ölkəmizdə Gənclər Forumu keçirildi. Savadlı, fəal, ağıllı gənclər regionlardan paytaxta gəldilər, regionlarının problemlərini, şəxsi düşüncələrini, gələcəklə bağlı planlarını, müstəqilliyin inkişafına töhfələrini bölüşmək fürsəti əldə etdilər. Ulu Öndər böyük səbr və təmkinlə həmin gəncləri dinləyirdi. 1996-cı ilin 2 fevral günü ölkəmizdə “Gənclər Günü” elan olundu. Çalışırdıq ki, hər birimiz öz sahəmizdə ümummilli Liderin fəaliyyətinə əməllərimizlə dəstək olaq. Bu gün ölkəmiz çox inkişaf edib, Azərbaycan gəncliyinin inkişafı artıq yeni mərhələyə qədəm qoyub. Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev gənclərin hərtərəfli biliyə yiyələnmələri, beynəlxalq aləmə inteqrasiyası, onların intellektual səviyyəsinin yüksəldilməsi, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması istiqamətində bütün imkan və səylərdən yararlanmağa çalışır. Gənclərin məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının 2005-ci il 30 avqust tarixli “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)” təsdiq edilməsi haqqında” Sərəncamı gənclərə dövlət qayğısının artırılması istiqamətində qətiyyətli addım idi. Bu əhəmiyyətli sənəddə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

- Vurğuladınız ki, müstəqillik qazandığımız ilk illərdən bu günə qədər gənclərin inkişafı üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılır. Necə hesab edirsiniz, bu günün gəncliyi onlara göstərilən yüksək etimadı doğruldurmu?

-Bu gün dünyada vəziyyət, tələblər dəyişib. Yadımdadır, əvvəllər gənclərlə işləmək üçün onlardan bir xarici dil bilməsini və kompyuter bacarıqlarının olmasını tələb edirdik. Amma bu gün gənclərlə işləmək üçün bu keyfiyyətlər yetmir. Artıq gənclərin iki və ya daha çox xarici dil bilmələri, yeni texnika və texnologiyanı tez qavramaları, sosial şəbəkələrdən aktiv və düzgün istifadə etmələri, danışıq, insanlarla ünsiyyət və s. kimi amillər əsas götürülür. Bu günün tələbi budur. Hesab edirəm ki, bugünkü gənclik etimadı doğruldur. Azərbaycanda Vətənə, ailəyə, torpağa bağlı gənclər ordusu yaranıb. Bu gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik korpuslarda, xaricdəki transmilli şirkətlərdə fəaliyyət göstərirlər. Bir sözlə, Azərbaycan dövlətçiliyinin yaşamasında, müstəqil ölkəmizin daha da qüdrətlənməsində Azərbaycan gənclərinin rolu böyükdür. Bu baxımdan dövlət gənclər siyasəti prioritet sahələrdən birinə çevrilib. Bu siyasət gənclərin öz bilik və bacarıqlarının daha da inkişafını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Azərbaycan dövləti tam əmin ola bilər ki, bizim həqiqətən də bacarıqlı gənclərimiz var. Gəncliyin inkişafı sürətlə gedir. Çalışmalıyıq ki, gənclərə hər zaman dəstək olaq. Onlara nə qədər müsbət enerji versək, o enerji bizə qayıdacaq.

- Fuad müəllim, yəqin razılaşarsınız ki, bu gün dünyada olduqca gərgin siyasi proseslər gedir. Azərbaycan gəncliyi həmin mürəkkəb ictimai-siyasi proseslərə cavab verə bilirmi?

- Düzgün vurğuladınız. Həqiqətən də dünya çox gərgin ictimai-siyasi proseslərin ağuşundadır. Bu gün vaxtilə İslam mədəniyyətinin mərkəzi olan ölkələr dağıntı içindədir, vətəndaş müharibəsi gedir. Heç vaxt düşünməzdik ki, nə vaxtsa Avropanın hansısa şəhərində terror ola bilər. Onlar özləri də bu fikri qəbul etməzdilər. Ümumiyyətlə, fikirləşirəm ki, dünya çox tez dəyişir. Bir vaxt deyirdilər ki, sərhədlər açılmalıdır. Bu günün tendensiyası odur ki, sərhədlər bağlı saxlanılmalıdır. Düşünürəm ki, belə bir şəraitdə Azərbaycan gənclərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Çünki gənclərin təşkilatlanması üçün bütün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılmışdır. Bu gün gənclərə göstərilən diqqət və qayğı sahəsində Azərbaycan Avropa ölkələrinin bir çoxunu üstələyir. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi vasitəsilə gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının təşəbbüslərinin reallaşdırılması məhz yeni məzmunda həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Bu gün Azərbaycanda 300-dən çox gənclər təşkilatları fəaliyyət göstərir və onlar 30-dan çox beynəlxalq platformada təmsil olunublar. Gənclərimiz beynəlxalq əməkdaşlıq sahəsində müxtəlif istiqamətlərdə bir çox layihələrə imza atıblar. Bu da gənclərimizin nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində iştirakına zəmin yaradıb. İstər informasiya texnologiyalarının inkişafı, istərsə də qloballaşma ilə bağlı digər faktorlar da təbii ki, gənclərimizi getdikcə dəyişdirir. Bu gün sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Onlar parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təbii ki, bütün bunlar cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərilərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən inamı doğrultmağa çalışırlar. Mütəmadi olaraq tələbə gənclər təşkilatları üzvlərinin və fəal tələbələrin, gənc alimlərin müxtəlif beynəlxalq müsabiqələrdə, elmi konfranslarda, simpozium və seminarlarda iştirakları təmin edilmişdir. Xaricdə təhsil almaq özü böyük bir göstəricidir. Bəziləri xarici ölkələrin elmi-tədqiqat institutlarında çalışaraq ölkəmizi təbliğ edirlər. Düşünürəm ki, bu, ölkəmizdə neft gəlirlərinin insan kapitalına çevrilməsinin maddi sübutudur.

- Müsahibəmizin əvvəlində qeyd etdiniz ki, gənclərlə iş üçün önəm verilən məsələlərdən biri də onların sosial şəbəkələrdən düzgün və aktiv istifadə etmək bacarıqlarıdır. Gənclərin bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Əslində sosial şəbəkələrin tarixinə baxsaq görərik ki, o, tələbələrin bir-biriləri ilə ünsiyyəti üçün yaranmışdı. Amma bu gün artıq sosial şəbəkə birinci növbədə informasiya mənbəyi, ikinci növbədə isə insanların fikirlərini yaymaq üçün ən yaxşı vasitədir. Bu gün sosial şəbəkədə elə səhifələr var ki, onlar saytlardan daha çox izlənilir. Çoxları bunu qəbul etməsələr də, bu, reallıqdır. Doğrudur, bəzən sosial şəbəkələrdən istifadənin mənfi cəhətləri də olur. Amma bu reallıqdır ki, ondan istifadə etmək xüsusi bir güc tələb etmir. Hər bir gənc bu gün sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bir qrup var ki, hər şeyi qara rəngdə görür. Bu onların öz vicdan və əxlaq məsələsidir.

- Hazırda Milli Məclisin gündəliyində gənclərlə bağlı hansı qanun layihələri müzakirə olunur?

 -Bilirsiniz ki, hələ üç il əvvəl gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması ilə bağlı parlamentdə təşəbbüslə çıxış etmişdim. O vaxt bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı müəyyən problemlər oldu. Hazırda zərərli vərdişlərlə əlaqədar qanun layihəsinə əlavə və dəyişikliklə bağlı plan hazırlayıb müvafiq komitəyə təqdim etmişik. Eyni zamanda, gənclərin sağlamlığının qorunması istiqamətində layihələrimiz var ki, bu işdə Səhiyyə Nazirliyi bizə dəstək olur. Həmçinin “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklər planlaşdırmışıq. Bu yaxınlarda komitənin iclası olacaq, müzakirələrimizi aparacağıq. Bununla bağlı işci qrupu yaradılıb, ictimaiyyətlə müzakirələr aparılıb. Hələ ki istiqamətlərimiz bunlardır. Növbəti sessiyada da yeni layihələrimiz olacaq.

- Bu günün gəncliyindən, onun inkişaf və perspektivlərindən danışdıq. Deyirlər, problem olmalıdır ki, qarşıda onun həll edilməsi ilə bağlı məsələ dursun. Bu, inkişafa aparır. Yəqin ki, Azərbaycan gəncliyində sizi narahat edən hansısa problem var...

 -Bəli. Düşünürəm ki, bu günün ən böyük problemi təhsildir. Əslində bu, təkcə Azərbaycana xas olan problem deyil. Ümumiyyətlə, yeni dövrün yeni tələbləri var. Təəssüflər olsun ki, təkcə bizdə yox, bir çox ölkələrdə təhsil istiqaməti tam formalaşmayıb. Təhsil həm də mədəniyyət deməkdir. Cəmiyyətdə olan problemlər, insanların bir-birilərinə münasibəti - hər şey təhsillə bağlıdır. Gənclərimiz daha çox oxumalı, özlərini elmi cəhətdən daha çox inkişaf etdirməlidirlər. Amma gənclərin savadlı yetişməsi üçün də ölkəmizdə lazımi şərait yaradılıb. Bu mənada gənclərin üzərinə böyük məsuliyyət düşür. Bir də deputat kimi məni ən çox narahat edən məsələlərdən biri boşanmaların sayının gündən-günə artmasıdır. Çünki bu, təkcə iki insanın taleyi deyil. Bu, həm övladların, valideynlərin, eləcə də ailə ilə bağlı bir çox insanların həyatında problemə, psixoloji sarsıntıya gətirib çıxarır. Nəzərə alsaq ki, boşanmalar daha çox gənc ailələrdə müşahidə olunur, o zaman deyə bilərik ki, bu problem birbaşa onların taleyini həll edir. Düşünürəm ki, bu geniş xarakter alan bir sosial problemdir və dövlət qurumlarımız bu işlə ciddi məşğul olmalıdır.

- Son olaraq müasir Azərbaycan gəncini üç kəlmə ilə necə xarakterizə edərdiniz?

- Vətənpərvər, savadlı, sağlam. Çox istəyirəm ki, gənclər hər zaman sağlam olsunlar. Çünki sağlam beyin sağlam düşüncə formalaşdırır.

 

Şəmsiyyə Əliqızı,

Şəfiqə Dadaşova

 

İki sahil.- 2017.- 2 fevral.- S.12.