Gənclər yeni hədəflərə can atırlar...

 

Gənclik yenilik, gələcəyə yeni baxış, yeni nəfəs deməkdir. Gənclik milli mənəvi dəyərlərə sadiq qalan, amma daim yeniliyə can atan tükənməz qüvvədir. Əlbəttə, bu, birmənalıdır ki, bu günün gənci sabahın həkimi, müəllimi, siyasətçisi, anası, atasıdır. Ona görə də bu günün gəncliyinə inan ki sabahına təminat ala biləsən. Hər bir millətin gənci onu sabahlara aparan avanqard qüvvədir. Bu mənada gənclərin üzərinə həddindən artıq məsuliyyət düşür.  Azərbaycan gəncləri bu vəzifənin öhdəsindən layiqincə gələ bilir. İstər ölkə daxilində cərəyan edən hadisələrdə, siyasi, sosial-iqtisadi, mədəni  proseslərdə, istərsə də ölkə xaricində gedən proseslərdə gənclərimiz fəal iştirak edir, birlikləri, intellektləri ilə öncül sıralarda yer alırlar.

2 fevral - Azərbaycan Gəncləri Günündə oxucularımızı gənc nəslin nümayəndələrinin fikirləri ilə tanış etmək istərdik. İlk müsahibimiz Günay Həsənlidir. Günay Bakı Dövlət Universitetinin doktorantıdır. Hesab edir ki, Azərbaycan gəncləri bir çox xüsusiyyətlərinə görə öndə gedən gənclər olsalar da, bəzən vaxtdan səmərəli istifadə edə bilmirlər: “Nəzərə alsaq ki, gələcəyimiz gənc nəslin əlindədir, o zaman gəncləri doğru yola istiqamətləndirməliyik. Bunun üçün təhsildə fərqlənməklə yanaşı, həm də asudə vaxtımızdan səmərəli istifadə etməliyik. Təkcə universitetdə müəllimlərimizdən öyrəndiklərimizlə kifayətlənməməli, dünyada və ölkəmizdə gedən prosesləri izləməli, özümüzdə rəy formalaşdırmalıyıq. Bədii kitab oxumaq çox faydalıdır. İnanıram ki, biz gənclik olaraq xoşbəxt gələcəyimiz üçün əlimizdəki imkanlardan istifadə edərək cəmiyyətimizə töhfə verəcəyik.”

Gülsarə Qasımova da ölkəmizdə hər il 2 fevralın Gənclər Günü kimi qeyd olunmasından məmnundur: “Bu, hər bir gənc kimi, məni də sevindirir. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. Ölkəmizdə bir sıra sahələrlə yanaşı, bu yöndə də islahatlar həyata keçirildi. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı il 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Ümummilli Liderin müvafiq Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, gənclərimiz dövlət qurumlarında ön sıralara çəkilməklə yanaşı, dövlət tərəfindən mükafatlandırılırlar. Bu da gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Gənclər “İlin gənci” adı altında müxtəlif nominasiyalar üzrə təltif olunurlar. Bütün bunlar gənclərə stimul verir, gələcək fəaliyyətlərinə müsbət təsir göstərir”.

Ləman İmanova isə dövlət tərəfindən gənclərə göstərilən diqqətin nümunəsi kimi tələbələrə müəyyən güzəştlərin tətbiq edilməsini vurğulayıb. O qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr təhsili pilləsini dövlət hesabına oxuyub. Bu müddətdə heç bir maddi problem yaşamayıb: “Dövlət tərəfindən aldığım təqaüdlə bir sıra ehtiyaclarımı ödəyirdim. Hal-hazırda isə Macarıstanın Budapeşt şəhərindəki Corvinus Universitetində magistr təhsili alıram. Burada da dövlətimizin dəstəyini hiss edirik. Mən çox xoşbəxtəm ki, dövlətimiz gənclərə belə imkanlar yaradır və bizöz növbəmizdə bundan fayadalanırıq. Bundan əlavə, Macarıstan dövlətinin yaratdığı təqaüd proqramından da yararlanmağım üçün dövlətimizin müsbət rəy  xəbərini də tezliklə eşidəcəyimi  böyük həvəslə gözləyirəm”.

Gənclər Gününün təsis olunmasını tarixi hadisə adlandıran Elxan Niftaliyev qeyd edib ki, ölkəmizdə təqdirəlayiq şəkildə dövlət gənclər siyasəti həyata keçirilir: “Bu gün gənclərin intellektual inkişafı üçün hər cür şərait yaradılıb. Buna misal olaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılmasını göstərə bilərəm. Gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün layihələrə maliyyə vəsaitlərinin ayrılması ilə yanaşı, gənclərin öz ideyalarının gerçəkləşdirilməsində də böyük rolu olan bu fond inkişafa doğru gedən gəncliyimizin əsas dayaqlarından biridir. Asudə vaxtın səmərəli keçirilməsində əsas rolu intellektual oyunlar tutur. Gənclər intellektual oyunlarda iştirak edərək dünyagörüşünü artırır, yeni məlumatlar əldə edir,  vətənpərvər ruhda yetişir, yeni nəsillərə örnək olurlar. Bir gənc kimi mən də dövlətimizin həyata keçirdiyi gənclər siyasətindən razıyam. Dövlətimizin gənclərə dəstəyi mənim inkişafımda böyük rol oynamış, ideyalarımı real layihələrə çevirməyə kömək etmişdir”.

 

Röya Şahbazi

 

İki sahil.- 2017.- 2 fevral.- S.11.