Gənclər gələcəyin təminatçılarıdır
Samirə Quliyeva: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu gənclər
siyasəti gəncliyin gələcəyə ümidlə və
optimist baxmasına imkan
verir
“Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunə qismində çıxış edir. Ölkəmizdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə edilir”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva söyləyib.
Onun sözlərinə görə, hər il 2 fevral - Gənclər Günü Azərbaycan gəncliyi tərəfindən böyük coşqu və rüh yüksəkliyi ilə qeyd edilir: “Bəlli olduğu kimi, ulu öndər Heydər Əliyev “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Sevindirici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub. Ulu Öndərin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə Gənclər Gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və optimist baxmasına imkan verir”.
Gəncliyin inkişafı istiqamətində ölkəmizdə mühüm layihələrin həyata keçirildiyini deyən Samirə Quliyeva vurğulayıb ki, gənclərin mənzil probleminə diqqətin artırılması, ipoteka şərtlərinin sadələşdirilməsi, gənclər üçün əmək birjalarının təşkil olunması, işsizliyin aradan qaldırılması üçün müxtəlif layihələrin gerçəkləşdirilməsi, gənclərin sağlam həyat tərzi ilə bağlı sosial proqramların həyata keçirilməsi, sağlam gənc nəslin yetişməsi məqsədilə respublikada idman hərəkatının genişləndirilməsi, yeni nəslin dünyagörüşü, mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlətin bu sahədə siyasətinin başlıca prioritetlərini təşkil edir: “Bütövlükdə, dövlət başçısı tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, onların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində iştirak edir”.
Aytac Əliyeva: Azərbaycanda gənclər
siyasəti keyfiyyətcə yeni mərhələyə
qədəm qoyub
“Dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Məhz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva deyib.
Onun sözlərinə görə, ölkəmizdə gənclər siyasəti bu gün müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir: “Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Ölkədə xüsusi qayğıya ehtiyacı olan, istedadlı gənclər və gənc ailələr üçün ünvanlı sosial layihələr həyata keçirilir. Təhsil və idman sahələrində görülən işlər hər bir gəncin öz bacarığına, istedadına uyğun peşəkar fəaliyyətlə məşğul olmasına şərait yaradıb”.
Aytac Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin gənclər siyasəti təkcə respublikada yaşayan gənc nəslin nümayəndələri ilə məhdudlaşmır: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan soydaşlarımızı, o cümlədən gənclərimizi də diqqət mərkəzində saxlayır, onların hüquqlarını müdafiə edir, Azərbaycan mədəniyyətinin və həqiqətlərinin tanıdılması yönündə gördüyü işlərə yaxından dəstək verir”.
“Hər birimizə məlumdur ki, ölkəmizdə Gənclər Gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. Ulu Öndərin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi”. Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini, ofis rəhbəri Əli Pənahov söyləyib.
Onun sözlərinə görə, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir: “Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq. Azərbaycan gəncliyi sabaha inamla baxır, bu yolda inamla addımlayır. Bütün bu təşəbbüslər və təşkilatlanmalar təbii ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə yaratdığı demokratik mühitin konkret nəticələri idi. İndi əsas amalımız bu günə kimi formalaşmış gənclər ordusunu heç bir itki vermədən gələcəyə doğru aparmaqdır. Şübhəsiz ki, bu, belə də olacaq. Azərbaycan gəncliyi xoşbəxtdir ki, onun İlham Əliyev kimi Prezidenti və səmimi dostu var”.
İntizarə Məmmədova
İki sahil.- 2017.- 2 fevral.- S.9.