Azərbaycan
Respublikası Dövlət Neft
Şirkətinin
prezidenti Rövnəq Abdullayevin
Gənclər
Günü Münasibətilə neftçi gənclərə
təbriki
Əziz neftçi gənclər,
Sizi ənənəvi olaraq ölkəmizdə hər il təntənə ilə qeyd edilən 2 fevral - Gənclər Günü münasibətilə təbrik edir, hər birinizə işlərinizdə və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Yüksək təfəkkürə, sağlam düşüncəyə malik gənclik cəmiyyətin davamlı inkişafını təmin edir. Bu gün Azərbaycan gənclərinə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Gənc nəslin hərtərəfli inkişafı dövlətimizin diqqət mərkəzindədir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev daim Azərbaycan gənclərinə xüsusi qayğı ilə yanaşmış, dövlətin gənclər siyasətinə böyük önəm vermişdir. Gənclərin Vətənə sədaqət, xalqımızın tarixinə, dilinə, mədəniyyətinə, adət-ənənələrinə, dövlət rəmzlərinə hörmət və ehtiram ruhunda tərbiyə olunması, mükəmməl təhsil alması, bilik və bacarıqlarını ölkəmizin tərəqqisi naminə səmərəli şəkildə reallaşdırması, dövlət idarəçiliyində mühüm rol oynaması üçün Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə ciddi tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin bir hissəsi olaraq, 1994-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmış və 1997-ci ildə 2 fevral - Gənclər Günü təsis olunmuşdur. Azərbaycan gəncliyi bu yüksək etimaddan ruhlanaraq, dövlətçiliyimizin gündən-günə möhkəmlənməsi, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun yüksəlməsi naminə uğurla fəaliyyət göstərir.
Gənclərimiz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı davamlı inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında uğurla həyata keçirilməsində fəal iştirak edirlər. Azərbaycanın bugünkü dinamik inkişafında, qazandığı qələbələrdə gənclərin rolunu yüksək qiymətləndirən möhtərəm Prezidentimiz yeni nəslin ictimai fəallığını artırmaq, enerji və potensialından daha səmərəli istifadə etmək məqsədi ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq etmişdir.
Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi olan SOCAR-da gənclərə daim böyük diqqət və qayğı ilə yanaşılır, onların müasir təhsilə yiyələnməsi, mənəvi-əxlaqi cəhətdən kamil insan kimi yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Şirkətimizin bütün struktur bölmələrində gənclərin normal fəaliyyət göstərmələri və öz potensiallarını reallaşdırmaları üçün geniş imkanlar yaradılmışdır. İstedadlı gənclərin neft-qaz sahəsi ixtisaslarına həvəsləndirilməsi, habelə SOCAR-ın maliyyələşdirməsi hesabına dünyanın nüfuzlu universitetlərində təhsil alması üçün 2006-cı ildən etibarən Təqaüd Proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində təhsilini başa vurmuş gənclər SOCAR-da ixtisasları üzrə işlə təmin olunur, öyrəndikləri qabaqcıl təcrübəni Azərbaycanın neft-qaz sənayesində uğurla tətbiq edirlər. SOCAR-ın tərkibində yaradılan Bakı Ali Neft Məktəbi fəaliyyətdə olduğu qısa müddət ərzində gənclər arasında populyarlıq qazanmış, yüksək reytinqə malik ali təhsil ocağına çevrilmişdir. Gənc mütəxəssislərin hazırlanması, işlə təmin edilməsi, karyera yüksəlişi sahələrində ötən illərdə qazanılmış nailiyyətlər kadrların keyfiyyət tərkibində müsbət dəyişikliklər yaratmış, işçilərin ümumi sayında gənclərin xüsusi çəkisini artırmışdır.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Respublikamızda idmanın kütləviliyinə xidmət edən cəmiyyətlər sırasında “Neftçi İdman Klubu” İctimai Birliyi xüsusi yer tutur. Birliyin neftçi-idmançıları beynəlxalq miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.
Bu gün qürurla deyə bilərik ki, azərbaycançılıq ideyaları əsasında tərbiyə almış gənc nəsil ölkəmizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq, sosial həyatımızın, iqtisadiyyatımızın bütün sahələrində yaşlı nəsillə çiyin-çiyinə şərəflə çalışır. Gənclərimiz dövlətimiz tərəfindən qarşılarına qoyulmuş vəzifələri məsuliyyətlə yerinə yetirir, Azərbaycanın davamlı inkişafı, həyatımızın daha da müasirləşməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər. İnanırıq ki, onlar bu yolda yeni-yeni qələbələrə doğru inamla irəliləyəcəklər.
Əziz neftçi gənclər!
Bir daha sizin hər birinizi Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti
İki sahil.- 2017.- 2 fevral.- S.5.