Gənclərin
inkişafı dövlət
üçün hər zaman prioritetdir
Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini İntiqam Babayevin müsahibəsi
- İntiqam müəllim, hər
il 2 fevral - Gənclər
Günü ölkəmizdə yüksək səviyyədə
qeyd olunur. Ümumiyyətlə, Azərbaycanda həyata
keçrilən dövlət gənclər siyasətinin əsas
istiqamətləri nədən ibarətdir?
-
Bilirsinz ki, bu il 2 fevral – Gənclər Gününün
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsis
olunmasının 20 ili tamam olur. Bu bizim üçün
çox əlamətdar bir gündür. Aydın məsələdir
ki, ilboyu dövlət tərəfindən məqsədyönlü
şəkildə gənclərin inkişafına yönəlmiş
siyasət həyata keçirilir. Amma Gənclər
Günü hər bir ölkədə yoxdur. Ölkəmizdə
bu günün təsis edilməsi o deməkdir ki, Azərbaycanda
gənclərin inkişafı dövlət
üçün hər zaman
prioritetdir. Biz hər il görülən işlərlə
bağlı gənclərə hesabat veririk, eyni zamanda onların fikir və təkliflərini
dinləyirik.
Ümumiyyətlə, Azərbaycanda dövlət gənclər siyasəti beynəlxal müstəvidə bir modeldir. Bu faktı müxtəlif ölkələrin nümayəndələri də vurğulayırlar. Azərbaycana gələn xarici qonaqlar deyirlər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq. Çünki artıq bu sahədə Azərbaycanın böyük təcrübəsi və nailiyyətləri var. Görülən işlər nəticəsində gənclərimiz bu gün nəinki ölkə daxilində, beynəlxalq müstəvidə keçirilən tədbirlərdə Azərbaycanı uğurla təmsil edirlər. Bir çox gənclərimiz xaricdə təlimçi qismində iştirak edərək əcnəbi gənclərlə təcrübəmizi bölüşülər.
Biz öz siyasətimizi «Gənclər siyasəti haqqında» qanuna uyğun olaraq qurmuşuq. Bununla yanaşı, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası adlı sənəd var ki, bu gün həmin sənəddə nəzərdə tutulan tədbirləri həyata keçiririk. Strategiyaya əsasən gənclərimizin hərtərəfli inkişafına şəraitin yaradılması istiqamətində addımlar atmağa çalışırıq. İstedadlı-yaradıcı gənclərə stimul verilməsi, gənclərin elmə marağının artırılması, gənclərimizin beynəlxalq müstəvidə layiqincə təmsilçiliyi və digər mühüm məsələlər fəaliyyətimizin ön sıralarında gedir. Gənclər siyasəti vasitəsi ilə təkcə gənclərin inkişafı üçün deyil, ölkəmizin, mədəniyyətimizin təbliğinə də öz dəstəyimizi verməyə çalışırıq.
- Başa vurduğumuz 2016-cı ildə Gənclər və İdman Nazirliyi nə kimi tədbirlər reallaşdırıb?
- Ötən il Gənclər və İdman Nazirliyinin xətti ilə 150 tədbir-layihə reallaşdırılıb. Bu tədbirlərin 30-u beynəlxalq, 120-si respublika səviyyəli olub. Bölgələrimizdə də çoxsaylı tədbirlər keçirilib. Nazirlik olaraq gənclərimizin beynəlxalq əlaqələrinə xüsusi diqqət yetiririk. Belə ki, 2016-cı ildə 1000-dən artıq gənc bizim mübadilə proqramında iştirak edib. Xaricdən gələn gənclər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə qatılıb, həmçinin bizim gənclərimiz başqa ölkələrdə beynəlxalq tədbirlərdə iştirak ediblər. Onların sırasına gənc alimlər, ictimai fəal, yaradıcı və s. gənclər daxildir.
Qeyd edim ki, ötən il ərzində kifayət qədər maraqlı tədbirlər keçirilib. Bu tədbirlər ölkəmizlə yanaşı Avropa və MDB məkanını əhatə edib. Məsələn, mən «Youthvision» layihəmizi xatırlatmaq istəyirəm. Mədəniyyət sahəsinə aid bir layihədir. Azərbaycanın bir ölkə olaraq «Evrovision» müsiqi yarışmasında iştirakını nəzərə olaraq ona oxşar bir layihə keçiririk. 2016-cı ildə bu layihəni 20 ölkənin iştirakı ilə reallaşdıra bildik. Bilirsiniz ki, hazırda dünyada maliyyə-iqtisadi böhran, qeyri sabitlik var. Belə bir şəraitdə 20 ölkədən gənclər öz hesablarına bu layihədə iştirak edərək öz maraqlarını nümayiş etdirdilər. Bu, təkcə layihəyə deyil, ölkəmizə olan maraqdır. Azərbaycanın dinamik inkişafı, mövcud olan ictimai-siyasi sabitlik bu gəncləri çox maraqlandırıb ki, həmin layihədə iştirak ediblər.
Keçən il həmçinin «Multikulturalizm ili» çərçivəsində də tədbirlər keçirdik. Gənclər arasında bu ideyanın təbliği, milli-mənəvi dəyərlərin təbliği, gənclər arasında dini radikalizmin profilaktikası baxımından maraqlı tədbirlərimiz oldu.
Gənclərin elmə marağının artırılması baxımından «İstedadların hazırlıq laboratoriyası» layihəsini xüsusi qeyd etmək istəyirəm. Hər il keçirdiyimiz bu laboratoriyada minlərlə məktəbli yeniyetmə, gənc iştirak edir. Bizim üçün çox vacib məqamdır ki, bu layihədə bölgədən olan gənclər fəal iştirak edir və qaliblərin 30-40 faizi cənub bölgəsindən olan oğlan və qızlardır. Böyük uğurdur ki, gənc məktəbli qızlar fizika, riyaziyyat, kimya fənnindən qalib gəlirlər. Bu layihənin növbəti mərhələsi odur ki, qalib olan bu uşaqlar beynəlxalq olimpiadalarda iştirak edirlər. Həmin uşaqlardan bu gün Prezident təqaüdçüləri, xaricdə ali təhsil alanlar da var.
Digər bir məsələ isə gənc alimlərimizlə bağlıdır. Gənclərin elmə həvəsləndirilməsi ilə yanaşı elmdə olan gənclərin fəaliyyətinə dəstək verilməsi də nazirliyin diqqətindədir. Biz hər il gənc alimlərin elmi işlərini nəşr edirik və düşünürəm ki, alim üçün onun beyninin məhsulunu nümayiş etdirmək, təcrübəsini bölüşmək, tərəf müqabilləri ilə fikir mübadiləsi aparmaq böyük nailiyyətdir. Eləcə də, gənc alimlərin beynəlxalq elmi konfranslarda iştirakına dəstək veririk. Həmçinin, gənclərin sahibkarlıq, iqtisadi biliklərin artırılması üçün, biznesinə dəstək üçün layihələrimiz var.
Eyni zamanda, gənclərimizin yeni texnologiyalara yiyələnməsi üçün potensiallarını stimullaşdırmağa çalışırıq. Ölkəmizdə kompüter oyunları üzrə çempionatlar təşkil olunur. İlk vaxtlarda bəzən tənqid olunurduq ki, dövlətin vəsaiti kompüter oyunlarına xərclənir. Amma bu lazımdır, çünki dünyada da belə təcrübə mövcuddur. Bu layihə vasitəsilə dünya auditoriyalarına çıxmaq lazımdır. Bu baxımdan, 2016-cı ildə nailiyyətlərimiz var. Dünya çempionatında 2-ci yerə çıxmış qalibimiz var.
- Gənclərin vətənpərvərlik, o cümlədən hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi də daim diqqət mərkəzindədir. Bu baxımdan, nazirlik əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
- Əlbəttə ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi fəaliyyətimizin əsasını təşkil edən mühüm istiqamətlərdən biridir. Bu mənada təbii ki, xeyli sayda layihələrimiz, tədbirlərimiz var. Bizim gənclərimiz var ki, milli kompüter oyunlarını icad edirlər. Artıq bir neçə məhsulumuz var. Məsələn, onların sırasında «Şuşa və Ağdam işğal altında» layihələrinin adını çəkə bilərəm. Gənclərin fantaziyasına görə, xüsusi təyinatlılarımız torpaqlarımızı erməni işğalından azad edir. Bu, kifayət qədər çox oynanılan oyundur. Buna görə ermənilər bizə qarşı kampaniya aparırdılar ki, guya Azərbaycan gəncləri militarist kimi böyüyürlər. Amma onların iddialarının əsası yoxdur. Çünki torpaqlarımın işğaldan azad olunması, Ermənistanın işğalçılıq siyasətinin dünyada ifşa olunması əsas vəzifələrimizdəndir. Eyni zamanda, «Odlar yurdu» kompüter oyunları istehsala buraxılıb ki, burada da tariximiz, mədəniyyətimiz geniş təbliğ olunur.
Tədbirlər sırasında mən Virtual Qarabağ Mərkəzinin məhsullarını qeyd etmək istəyirəm. Bu mərkəz tərəfindən Laçın, Şuşa, qədim Azərbaycan şəhəri olan İrəvan və başqa ərazilərimiz haqqında film hazırlanıb. Bu istiqamətdə işlər davam edir. Virtual Qarabağ Mərkəzi 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyinin inkişafı dövlət proqramı çərçivəsində yaradılıb. Amma dövlət proqramı bitsə də, layihə fəaliyyətini davam etdirir. Çünki uğurludur. Nazirlik dəstək göstərir. Bu məhsullar bir neçə dildə hazırlanır.
Hərbi vətənpərvərlik mövzusunda layihələrimiz sırasında «Şahin» hərbi idman oyunlarını qeyd etmək istəyirəm. Bu, hər il yüz minlərlə məktəblinin qatıldığı layihədir. Gənclər hərbi xidmətə çağırılır, vətənin müdafiəsində dayanırlar. Buna görə də, onlar üçün indidən hərbi texnika ilə işləmək, hərbi fiziki işlər görmək, hərbi vətənpərvərlik hisslərinin yüksəlməsi baxımından çox əhəmiyyətli layihədir. Eyni zamanda, hər il Xocalı soyqırımı ərəfəsində keçirdyimiz «Mahir nişançı» müsabiqəmiz var ki, gənclər, tələbələr arsında böyük maraqla qarşılanır.
Bütün bunlarla yanaşı hərbi xidmətdə olan gənclərlə mülki gənclər arasında daim ünsiyyət qurulur. Biz gənclərin xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfərlərini təşkil edirik. Bu, bizim ənənəmizdir. Eləcə də, nazirliyin yerli idarələri əlamətdar günlərdə hərbi hissələrə baş çəkib hərbçilərimizlə görüşlər keçirirlər.
Nazirlik olaraq mütəmadi şəkildə «Əsgər bayramı», «Hünər» mahnı festivalı və digər layihələr reallaşdırırıq ki, bu, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir.
Mən bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, ötən ilin aprel döyüşləri bizim üçün sınaq idi. Müasir Azərbaycan gəncləri nümayiş etdirdilər ki, müasir dünyagörüşlərə sahib ola bilərlər, amma vətənpərvərlik ruhu daim yüksəkdir və öndədir. Aprel döyüşləri xalqımızın həmrəyliyini göstərdi. Dünya da, öz cəmiyyətimiz də gördü ki, gənclərimiz nəyə, hansı gücə qadirdir. O proseslər zamanı on minlərlə gəncimiz cəbhəyə getməyə can atırdı. Amma işğalçı Ermənistan isə insanların cəbhə zonasından qaçmasının qarşısını almağa çalışırdı. Bir sözlə, gənclərimizdə böyük ruh yüksəkliyi var. Sosialoji sorğularda da vətənpərvərlik baxımından mütləq faiz yüksəkdir.
- Qeyd etdiyiniz kimi Gənclər və İdman Nazirliyi gənclərlə iş sahəsində səmərəliliyi daha da artırmaq üçün müxtəlif layihələr həyata keçirir. Bəs bu sahədə infrastruktur təminatı hansı səviyyədədir?
- Gənclər və idman sahəsində infrastrukturumuz genişlənir. 2016-cı ildə də ölkədə Gənclər evlərinin sayı artıb. Artıq respublikamızda 39 Gənclər evi və mərkəzləri var. Bunların 12-si nazirliyimiz tərəfindən inşa edilib və bir neçəsi də inşa olunmaqdadır. Digərləri isə müvafiq rayon icra hakimiyyətləri tərəfindən inşa edilib. Biz çalışırıq ki, bütün bu mərkəzlərin fəaliyyətini əlaqəndirək. Bu mərkəzlər müasir standartlara tam cavab verən məkanlardır, maddi-texniki təhcizatı yüksək səviyyədədir. Gənclər evləri və mərkəzləri ictimai fəallıq, ən müxtəlif mövzularda diskussiyaların aparılması baxımından münasib məkanlardır. Bu il ərzində çalışacağıq ki, onların fəaliyyətini daha da gücləndirək.
Maraqlıyıq ki, partnyorlarımız olan gənclər təşkilatları da tədbirərini bu məkanlarda keçirsinlər. Bu amil rayon və şəhər gənclərinin ictimai fəallaşması deməkdir. Eləcə də, olimpiya mərkəzlərində də təkcə idman yarışları deyil, digər tədbirlər, intellektual oyunlar keçirmək imkanlarımız var. Bu mərkəzlərin də potensialından istifadə edirik.
- Azərbaycanda gənclərin inkişafı üçün müxtəlif dövlət proqramları həyata keçirilib. Hazırda da yeni proqramlar üzərində iş gedirmi?
- Yuxarıda qeyd etdiyim kimi «Gənclər siyasəti haqqında» qanuna uyğun olaraq fəaliyyət göstəririk. Eyni zamanda, gənclərin inkişafı ilə əlaqədar dövlət proqramları var. Bu istiqamətdə artıq iki dövlət proqramı icra olunub. Düşünürəm ki, üçüncü dövlət proqramı yaxın zamanlarda qəbul ediləcək. Bu yöndə işlər gedir və sənədin digər dövlət qurumları ilə razılışdırılması prosesi başa çatmaq üzrədir.
Belə bir ənənəmiz var ki, gənclərlə bağlı sənəd hazırlandıqda ictimai müzakirələr təşkil olunur, gənclərin fikirləri, təklifləri nəzərə alınır. Cənab Prezidentin də tapşırığı belədir ki, proqramlar konkret olmalı və gənclərin maraqlarını əks etdirməlidir. Dövlət başçısı ilə gənclərin görüşlərində də canlı dialoq olur və bunun özü dünya üçün müsbət təcrübədir.
- Gənclər və
İdman Nazirliyi
ölkəmizdə fəaliyyət gənclər təşkilatları
ilə işi hansı səviyyədə
qurub?
- Hazırda respublikamızda 330-dan çox gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda ictimi fəaliyyətlə məşğul olan, elm, təhsil və digər sahələrdə çalışan gənclər təmsil olunurlar. Dövlət proqramlarının mühüm nəticələrindən biri də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılmasıdır. Fəaliyyət göstərdiyi 5 il ərzində minlərlə layihə icra olunub. Burada müsbət əhət odur ki, fərdlərin layihələri maliyyələşdirilir.
Bütövlükdə gənclərin öz potensiyalını reallışdırmaq üçün şərait yaradılıb. Müxtəlif sahələrdə çalışmaq istəyən gənclər var. Müxtəlif sahələrdə uğur qazanan gənclər hər il dövlət başçısı tərəfindən mükafatlandırılır, təltif olunurlar.
Özlərini siyasətdə sınamaq istəyən gənclər var ki, onlar YAP Gənclər Birlyinin ətrafında birləşiblər. Təşkilat təkcə siyasi deyil, ən müxtəlif mövzularda layihələr həyata keçirir. Biz nazirlik olaraq YAP Gənclər Birliyi ilə sıx əməkdaşlıq edirik. Təşkilatda müxtəlif sahələr üzrə çox bacarıqlı, istedadlı gənclər var ki, onların potensialından istifadə etməyə çalışırıq.
- İntiqam müəllim, bildiyimiz kimi ölkə Prezidenti cənab İlham Əliyev 2017-ci ili Azərbaycanda «İslam Həmrəyliyi ili» elan edib. Gənclər və İdman Nazirliyi bu il çərçivəsində hansı tədbirləri keçirməyi nəzərdə tutur?
- Ölkə Prezidenti tərəfindən 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan olunması cəmiyyətimizi çox yüksək səviyyədə ruhlandıran qərardır. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu oyunlara minlərlə insan qatılacaq. Yəni bu tədbirə dünyada çox böyük maraq olacaq.
Eyni zamanda, bu qərarın siyasi yükü də böyükdür. Azərbaycan dövlət olaraq Şərqlə Qərb arasında körpü rolunu oynayır, dünya miqyasında nüfuzlu ölkədir. İl ərzində keçiriləcək müxtəlif tədbirlər Azərbaycanın beynəlxalq mövqeyi gücləndirəcək, təbliğatı genişlənəcək. Xaricdən gələn qonaqlar ölkəmizlə daha yaxından tanış olacaqlar. Eyni zamanda, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələn turistlərin də sayı çox olacaq.
Nazirlik olaraq təbii ki, bu il çərçivəsində layihələr keçirəcəyik. Bunların içərisində «Mən Azərbaycan haqqında nə bilirəm» ənənəvi layihəmizi qeyd etmək istəyirəm. Bu layihəni müxtəlif ölkələrin tələbələri arasında keçiririk və qalib gələn tələbələr Azərbaycana səfərini təşkil edirik. Nəzərdə tutmuşuq ki, həmin layihəni bu il müsəlman ölkələrində keçirək və qalib gələn gənclərin yay aylarında ölkəmizə səfərini təşkil edək. Eyni zamanda, İslam ölkələrinin gənc klassik müsiqi ifaçılarının müsabiqəsi də keçiriləcək. Həmçinin, İslam ölkələrinin gənc alimlərinin Azərbaycanda toplantısının keçirliməsini planlaşdırırıq.
Ümumiyyətlə, bu ilə sırf İslam dini məqamından deyil, İslam dünyasında elm, təhsil, mədəniyyət və digər sahələrdə birliyin gücləndirilməsi baxımından yanaşmaq lazımdır. Bu baxımdan, Azərbaycanın İslam dünyasına böyük töhfələr verməsi böyük əhəmiyyət kəsb edir və ölkəmiz bu prosesdə də bir daha özünü təsdiq edəcək.
İki sahil.- 2017.- 2 fevral.- S.7.