Şərur rayonunun
Çəmənli və Arpaçay
kəndlərində
quruculuq işləri aparılıb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bizim siyasətimizin məqsədi ölkəmizi
gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir
və dayanıqlı inkişafa nail olmaqdır. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan
vətəndaşı daha da yaxşı yaşasın”. Ölkə Prezidentinin tövsiyələri
Naxçıvan Muxtar Respublikasında da ardıcıl icra
olunur. Yol tikintisi,
təhsil, səhiyyə və digər sosial
təyinatlı obyektlərin istifadəyə verilməsi,
sakinlərin məşğulluğunun təmin olunması kəndlərdə
şəhər rahatlığı yaradıb, insanların
yaşayış səviyyəsi yüksəlib, məskunlaşma
artıb. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a
bildirilib ki, fevralın 1-də Şərur rayonunun Çəmənli
və Arpaçay kəndlərində yeni sosial obyektlər
istifadəyə verilib.
Arpaçay Kənd Mərkəzinin
açılışı olub
Şərur rayonunun Arpaçay kəndi aparılan quruculuq işlərindən sonra abad və müasir yaşayış məntəqəsinə çevrilib. Kənddə dövlət qurumlarının iş şəraitinin yaxşılaşdırılması sakinlərə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.
Fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub. Bildirilib ki, binada rabitə evi, polis sahə, feldşer-mama və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana və iclas zalı vardır.
Baytarlıq məntəqəsi xidmətin təşkili üçün lazımi şəraitlə təmin olunub. Rabitə evində 384 yerlik ATS qurulub, poçt bölməsi yaradılıb, 2100 metr fiber-optik xətt çəkilərək kənddə sürətli internetə çıxış imkanı yaradılıb. Kitabxanada isə 4595 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Arpaçay kənd ərazi ilk təşkilatı üçün lazımi iş şəraiti yaradılıb. Feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılıb və müasir tibbi avadanlıqlar qoyulub.
Ali Məclisin Sədri sakinlərə göstərilən xidmətlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
Arpaçayda yeni xidmət
mərkəzi fəaliyyətə başlayıb
Müasir kənd infrastrukturunun əsas cəhətlərindən biri də yeni xidmət sahələrinin yaradılmasıdır.
Fevralın 1-də Arpaçay Kənd Xidmət mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Xidmət mərkəzində 6 kənd sakini işlə təmin olunub. Binada bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Xidmət sahələrinin yaradılması sakinlərin tələbatını ödəməklə yanaşı, həm də kənddə istehsal olunan məhsulların rahat satışının həyata keçirilməsinə imkan verəcəkdir.
Arpaçay kəndində quruculuq işləri aparılarkən 10 kilometrdən artıq rabitə xətti yenilənib, 300 metr elektrik, 350 metr qaz və 220 metr içməli su xətti çəkilib.
Çəmənli
kənd tam orta məktəbinin
yeni binası istifadəyə verilib
Muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir, vətənpərvər və sağlam gənc nəslin hazırlanması qayğısına qalınır. Hər il yeni məktəb binaları tikilərək istifadəyə verilir, mütərəqqi tədris metodları tətbiq olunur.
Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Çəmənli kənd tam orta məktəbin direktoru Ələkbər Süleymanov çıxış edərək deyib: Həyata keçirilən quruculuq işləri nəticəsində muxtar respublikanın bütün şəhər, qəsəbə və kəndləri gündən-günə böyüyür və inkişaf edir. Aparılan quruculuq işlərindən Çəmənli kəndinə də böyük pay düşüb. Bu gün kənddə hər cür şəraitə malik müasir məktəb binası istifadəyə verilir. Muxtar respublikada təhsilin inkişafı və müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri dərindən dərk edən pedaqoji kollektiv bundan sonra da gənc nəslin təlim-tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində bilik və bacarığını əsirgəməyəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırıb, ümummilli liderimiz Heydər Əliyevin “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”, - fikrini xatırladaraq deyib: Bu gün təhsilin qarşısında duran əsas vəzifə ölkəmizin gələcəyi olan gəncləri təhsilli və vətənpərvər yetişdirməkdən ibarətdir. Dövlətimiz tərəfindən lazımi avadanlıqlarla təmin olunan məktəb binaları tikilərək istifadəyə verilir. Ona görə də müəllimlər, eləcə də cəmiyyətin hər bir üzvü bu şəraitdən səmərəli istifadə etməli, milli dəyərlərinə sahib çıxan təhsilli və vətənpərvər gənclər böyütməlidirlər.
Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə sabitlik və inkişaf vardır. Bütün sahələrin, o cümlədən təhsilin inkişafı ilə bağlı dövlət proqramları qəbul olunmuş, ölkəmizin hər bir yaşayış məntəqəsində müasir məktəb binaları tikilərək istifadəyə verilmişdir. Gənc nəslin qarşısında duran əsas vəzifə yaradılan bu şəraitdən düzgün istifadə edərək özlərini gələcəyə hazırlamaqdır. Hər bir gənc yaxşı təhsil almalı, vətənpərvər olmalı, peşə öyrənməli və nəticədə ölkəmizin milli sərvətinə çevrilməlidir. Çəmənli kənd tam orta məktəbində də bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait vardır.
Ali Məclisin Sədri deyib: Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Məktəblərimizdə yaradılan müasir tədris şəraiti, elektron lövhəli siniflərin, kompüter otaqlarının, laboratoriyaların, müasir idman zallarının və digər tədris avadanlıqlarının istifadəyə verilməsi, xarici dillərin tədrisi şagirdlərin təhsilli və sağlam böyüməsinə, gələcəkdə dünyanın istənilən ölkəsində ali təhsil almasına imkan verəcəkdir. Bütün bunlar ölkəmizin gələcəyinə xidmət edən tədbirlərdir. Ona görə də bu işdə cəmiyyətin hər bir üzvü, xüsusilə də müəllimlər məsuliyyət daşıyır.
Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri kollektivə təşəkkür edib, qarşıya qoyulan vəzifələrin bundan sonra uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib, məktəb binasında yaradılan şəraitlə maraqlanıb.
3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Qeyd olunub ki, məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır.
Ali Məclisin Sədri tədrisin keyfiyyətinin artırılmasında bədii ədəbiyyatlardan istifadənin əhəmiyyətini qeyd edib, müvafiq tapşırıqlar verib.
Çəmənli kəndində dəqiq elmlərin tədrisi üçün də lazımi şərait yaradılıb. Məktəbdə kimya, biologiya və fizika laboratoriyaları istifadəyə verilib, ixtisas müəllimləri təkmilləşdirmə kurslarında iştirak edib, dəqiq elmlərə aid elektron dərslik bazası yaradılıb. 2016-2017-ci tədris ilində Çəmənli kənd tam orta məktəbində birinci sinfə 26 şagird qəbul olunub.
Məktəbdə informasiya texnologiyalarına əsaslanan tədris sistemi qurulub, internetə daimi çıxışı olan 38 kompüter şagirdlərin istifadəsinə verilib. Elektron lövhələrlə təmin olunan məktəb muxtar respublikanın məktəb-muzey şəbəkəsinə də qoşulub. Baxış zamanı muxtar respublikanın 195 məktəbi ilə “Naxçıvanqala” Tarix Memarlıq Muzeyi arasında keçirilən distant dərs izlənilib.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Məktəbdə yaradılan müasir şərait nailiyyətləri daha da artıracaq, ölkəmizin gələcəyi üçün sağlam nəsil yetişdiriləcəkdir. Yaxşı təhsil alan, vətənpərvər böyüyən və peşə sahibi olan gənc ölkənin milli sərvətinə çevrilir. Qarşıda duran əsas vəzifə ölkəmiz və xalqımız üçün yararlı vətəndaş yetişdirməkdir. Məktəbin kollektivi fəaliyyətini bu vəzifələrin icrası istiqamətində qurmalıdır.
Məktəbin müəllimi Gülmira Məmmədova kollektiv adından minnətdarlıq edərək deyib ki, müasir tədris şəraiti pedaqoji heyətin fəaliyyəti üçün geniş imkanlar açır. Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, bundan sonra da təhsilli, vətənpərvər və peşə sahibi olan gənclər yetişdirək.
Çəmənlidə
kənd mərkəzi inşa olunub
Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib.
Bildirilib ki, binanın birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və statistika işçisi üçün otaqlar ayrılıb.
Baxış zamanı qeyd olunub ki, kənddə baytarlıq xidmətinin təşkili diqqətdə saxlanılır. Baytarlar vaxtlı-vaxtında təsərrüfatlarda olaraq epizootik tədbirlər aparırlar. Sakinlər əsasən maldarlıq, heyvandarlıq və arıçılıqla məşğul olur. Düzgün baytarlıq xidmətinin təşkili təsərrüfatların genişlənməsinə, sağlam məhsul istehsalına imkan verir.
Kənd kitabxanasında 325 oxucu qeydiyyatdadır. Fondda 8 mindən artıq ədəbiyyat vardır. Yeni Azərbaycan Partiyası Çəmənli kənd ərazi ilk təşkilatının 115 üzvü vardır. Onlardan 29-u gənclər, 29-u isə qadınlardır. Binada 44 yerlik iclas zalının istifadəyə verilməsi mədəni-kütləvi və maarifləndirici tədbirlərin keçirilməsinə imkan verəcəkdir.
Rabitə evində Poçt bölməsi fəaliyyətə başlayıb. Burada 384 yerlik yeni ATS qurulub, genişzolaqlı və sürətli internetə çıxış imkanı yaradılıb. Hazırda kənddə 66 internet istifadəçisi vardır.
Feldşer-mama məntəqəsi 4 otaqdan ibarətdir. Ali Məclisin Sədri sakinlərə nümunəvi tibbi xidmət göstərilməsi və səhiyyə maarifi işi ilə bağlı tapşırıqlar verib.
Xidmət mərkəzində
6 kənd sakin işlə təmin olunub
Həmin gün Çəmənli kənd xidmət mərkəzinin də açılışı olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Burada 6 kənd sakini işlə təmin olunub.
Muxtar respublikanın kəndlərində yeni sosial obyektlər inşa olunarkən bir sıra abadlıq işləri də aparılır. Çəmənli kəndində də 12 kilometrdən artıq rabitə xətti, 3360 metr fiber-optik kabel, 1500 metr elektrik və 920 metrlik yeni qaz xətləri çəkilib, 1200 metrlik müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb.
Yeni avtomobil yolu istifadəyə verilib
Fevralın 1-də Şərurda aparılan quruculuq işləri çərçivəsində rayonun Dərvişlər-Arpaçay-Çəmənli-Babəki kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını edib. Sonra kənd sakinləri ilə görüş olub.
Ali Məclisin Sədri Çəmənli və Arpaçay kəndlərində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Çəmənli və Arpaçay kəndləri muxtar respublikanın müasir yaşayış məntəqələrinə çevrilib. Yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, daimi elektrik enerjisinin və təbii qazın verilməsi, rabitə xidmətinin göstərilməsi əhalinin rahat yaşamasına hesablanıb. Bu tədbirlər ona görə həyata keçirilir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz abadlaşır, müasirliyə qovuşur. Çəmənli və Arpaçay kəndlərində də sakinlərin problemləri həll olunub. Ona görə də yaradılan şəraitdən kənd sakinləri səmərəli istifadə etməli, kəndlərdə məskunlaşma artmalı, torpaqlar əkilməli, şagirdlər yaxşı təhsil almalı, ölkəmizin gələcək qurucuları sırasında bu kəndin də yetirmələri olmalıdır. Çəmənli və Arpaçay kəndlərində tarixən heyvandarlıq, maldarlıq, arıçılıq və əkinçilik inkişaf etdirilmiş, böyük təsərrüfatlar fəaliyyət göstərmişdir. Bu işlər bundan sonra da davam etdirilməli, təsərrüfatlar daha da genişləndirilməli, hər bir kənd sakini ölkəmizin inkişafına öz töhfəsini verməlidir.
Ali Məclisin Sədri bir daha sakinləri təbrik edib, onlara rahat yaşayış arzulayıb.
Kənd sakini Fərman Məmmədov deyib ki, kəndlərdə aparılan quruculuq işləri dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsidir. Yeni inzibati binalar, müasir məktəb, yol kənddə rahat yaşayışımızı təmin edir. Bu gün kənd adamları çətinliklərlə üzləşmirlər. Havaların qarlı və şaxtalı keçməsi artıq əvvəllər olduğu kimi problemlər yaratmır. Çünki kəndimiz müasirləşib, mənzillərimiz dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Kredit götürərək təsərrüfatlarımızı genişləndirir, əkinçilik, heyvandarlıq, maldarlıqla məşğul oluruq. İstehsal olunan məhsulların bazarı vardır. Bir sözlə, rahat yaşayışın təmin olunması Çəmənli və Arpaçay kənd sakinlərinin torpağa, yurd yerlərinə bağlılıqlarını, qurub-yaratmaq əzmini daha da artırır.
Sonra Ali Məclisin Sədri yolda görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, 4 kəndi birləşdirən 9,7 kilometrlik avtomobil yolu əsaslı şəkildə yenidən qurulub, yol yatağı genişləndirilərək asfalt örtük salınıb. Tikinti işləri aparılarkən 8,2 kilometrlik kənddaxili yollar da yenidən qurulub, 118 su keçidi qoyulub, 1350 metrlik beton kanal çəkilib. Yolun tikintisi kəndlərlə nəqliyyat əlaqəsini yaxşılaşdıracaq, həmçinin kənddə iqtisadiyyatın və turizmin inkişafına töhfə verəcəkdir.
İki sahil.- 2017.- 2 fevral.- S.4.