İnsan amili, insan
kapitalı
Dövlətimizin
başçısı İlham Əliyev bu tezisə belə
aydınlıq gətirir:
Söhbət ondan gedir ki, Azərbaycan
vətəndaşına hər yerdə hörmət
olmalıdır
“İnsan
amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə
demişəm, biz neft kapitalını insan kapitalına
çevirməliyik. Bunu deyəndə təkcə elmə,
texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət
getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına
hər yerdə hörmət olmalıdır, dövlət
qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid
edilməməlidir, incidilməməlidir. Belə hallar var?!
Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər
vətəndaşı?! Dövlət məmuru! Mən yenə
də deyirəm, bütövlükdə bölgələrdə
icra nümayəndələrinin fəaliyyəti müsbətdir,
ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir
dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər
bir icra başçısını mən vəzifəyə
təyin edərkən, onu qəbul edərkən ona bir
neçə əsas istiqaməti göstərirəm:
inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq
və insanlara xidmət!” Bu fikirləri dövlətimizin
başçısı İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü
ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirmiş
və ölkənin davamlı inkişafında vətəndaş
münasibətlərinin rolunu önə çəkərək
tapşırıqlarını vermişdir: “Hər bir dövlət
məmuru öz vəzifə borcunu şərəflə yerinə
yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar
olmalıdır.”
Bu günlərdə isə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. İkinci Dövlət Proqramının icrasının başa çatmasından və yeni sənədin qəbulundan ötən 3 ildə ölkəmizin əldə etdiyi uğurlar, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi prioritetlər yenə də bir məqama işıq salır ki, dövlətin həyata keçirdiyi siyasətin önündə vətəndaş amili dayanır. Cənab İlham Əliyevin çıxışlarında hər zaman yer alan fikirlərdən biri də budur ki, əgər xalq görülən işlərdən razı qalarsa, o zaman mən də razı olaram. Son konfransda da dövlətimizin başçısı bu məqama xüsusi diqqət yönəltmişdir: “Nəticə olaraq, biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur... Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir.”
Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hər sahədə nümunəvi olması istəyini ortaya qoyur və bunun üçün zəruri addımlar atır, müvafiq qurumlara tapşırıqlarını verir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da məqsəd bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli inkişafına töhfə verməkdir. İnkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasına xidmət edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamı olaraq “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın imzalanması yeni hədəflərə nail olmaq üçün atılacaq addımların zəncirvari bağlılığına bir daha işıq saldı. İnkişaf Konsepsiyası da təsdiqləndiyi vaxtdan beynəlxalq səviyyədə davamlı inkişafın çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirilib. Yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalı, yoxsulluq azaldılmalı və s. Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail olub. Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ kimi öndə saxlanılıb. “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi, “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, eyni zamanda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” və s. kimi fərmanlar sahibkarlığın inkişafına böyük zəmin yaratdı. “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq iş adamlarının qeydiyyat orqanına getmədən, vaxt itirmədən internet vasitəsilə onlayn rejimində qeydiyyata alınmaları, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana uyğun olaraq istifadəyə verilən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti də vətəndaş amilinə verilən dəyəri ortaya qoyur. Məqsəd dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin-”dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyev “Elektron hökumət” prinsiplərinə keçməyin korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olduğunu bildirir: “Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görüləcək işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir.” “ASAN xidmət”in əhatə dairəsinin genişləndirilməsi bu sahədə öz uğurlu nəticələrini verir.
Ölkəmizin şəffaflığın təminatına verdiyi önəmin nəticəsidir ki, düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə dəstək verir. Məhz bu istəyin nəticəsidir ki, Azərbaycan 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulub.
Atılan addımlar Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. İmzalanan fərman və sərəncamlar, eyni zamanda, Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Nəzərdə tutulan islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək.
Yeganə
Əliyeva
İki sahil.- 2017.- 3 fevral.- S.6.