Xalq Artisti: Hərdən kənara çəkilib
estafeti oğluma vermək istəyirəm
Müsahibimiz Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti, səhnəmizin
Leylisi, Şahsənəmi Gülyaz Məmmədovadır
- Gülyaz
xanım, gəlin söhbətimizə yanvarın 25-də Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında nümayiş
olunan “Aşıq Qərib” operası ilə başlayaq.
Tamaşada baş rolda Şahsənəm obrazını
canlandırırdınız. İstərdik ki, təəssüratlarınızı
oxucularımızla da bölüşəsiniz?
- Demək olar ki, bu tamaşalar hər ay mütəmadi olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunur. Yanvarın 25-də nümayiş olunan “Aşıq Qərib”” operası çox uğurla keçdi. Bu dəfə tərəf-müqabilim Səbuhi İbayev idi. Səbuhi İbayevlə biz uzun illər tərəf-müqabil olmuşuq. Həmin səhnədə dəfələrlə “Leyli və Məcnun”u” ifa etmişik. Sözügedən əsərdə ilk tərəf-müqabilim respublikanın Xalq Artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov olub. Daha sonra Zahid Quliyev, Baba Mahmudoğlu, İlkin Əhmədov ilə tərəf müqabili olmuşam.
- Tərəf-müqabil
sarıdan deyəsən bəxtiniz gətirib?
- Elədir. Hər birinin özünəməxsus ifa tərzləri və özünəməxsus obrazları var.
- Bilirik ki, 1988-1992-ci illərdə konservatoriyanın nəzdindəki musiqi kollecində, 2002-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin solo oxuma (xanəndəlik) fakültəsində təhsil almısınız. Gözəl, şirin səsiniz var, amma musiqi təhsiliniz olmasaydı bugünkü Gülyaz Məmmədova ola bilərdinizmi? Və ya təhsilsiz karyera əldə etmək mümkündürmü?
- Mən hər şeyi şansa
bağlayıram. Ümumiyyətlə, insanın alnında nə
yazılıbsa o olur. İnsanın nə qədər
şirin səsi olsa da , şansı yoxdursa, arzuya çatmaq
mümkün olmur. Şansım olmasaydı bəlkə də
mən indi hansısa bir evdə 8-9 uşaq anası idim.
Hərdən düşünürəm ki, əgər
müğənni olmasaydım kim olardım? Bir çox sahələrə
marağım olub. İdmançı, rəssam, rəqqasə
olmaq istəmişəm. Qısası, mən incəsənət
insanıyam. Qismət... Uşaqlıqdan başladım
oxumağa və tale məni Bakıya gətirib
çıxardı. Allaha şükür ki, hər şey istədiyim
kimi oldu. Düzdür, çətinliklərim çox olub.
Çünki tələbəlik illərim keçid
dövrünə düşüb. Rəşid Behbudov
adına Azərbaycan Dövlət Mahnı Teatrında və
“İrs”” folklor ansamblında çalışmışam. Sonralar Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrına solist kimi qəbul
olundum. O vaxt ən
böyük sənətkarlarımız Arif Babayev, Səkinə
İsmayılova, Qəndab Quliyeva, Canəli Əkbərov, Baba
Mahmudoğlu, vokalistlərdən Şahlar Quliyev, Firudin Mehdiyev
və s. musiqi bilicilərimizin müsbət rəyini
aldıqdan sonra gənclərə teatrda işləmək
üçün şans verilirdi. Mən də
dinləmələrdən keçdim, şans üzümə
güldü və teatrda fəaliyyətə başladım.
- Hələ professional səhnəyə
gəlməmişdən əvvəl, uşaq yaşlarında
müğənnilərimizi və ya səhnə əsərlərini
seyr edərkən müğənnilər, aktrisalar haqqında
nə düşünürdünüz?
- Mən
uşaq vaxtı, lap tələbəlik illərində dahi sənətkarlarımızı
görəndə onlara əlçatmaz kimi baxırdım. Fikirləşirdim ki, yaxınlaşıb əlimi
onlara toxundursam bir ulduz kimi xəyal kimi uçarlar. Çox qəribə bir duyğudur. Dillə
ifadə edə bilməyəcəyim qədər qəribə...
Mirzə Babayev, Yaqub Məmmədov, Şövkət Ələkbərova,
Nəsibə Zeynalova, Eldəniz Zeynalov, Yaşar Nuri, Səyavuş
Aslan Allah onlara rəhmət eləsin. Yaşar Nuri ilə
“Arşın mal alan”da” tərəf-müqabil
olmuşam. Mənə deyiləndə ki, sən
Telli obrazını hazırla Yaşar müəllimlə tərəf-müqabil
olacaqsan, həyəcandan əsirdim. Əlbəttə,
indi o zamanları xatırlayanda məmnunluq hissi keçirirəm.
Nə yaxşı ki, mən o duyğuları
yaşamışam. Zeynəb Xanlarova səhnəmizdə
inqilab etdi. Düzdür, gözəl sənətkarlarımız,
xanəndələrimiz çox idi. Amma
Zeynəb xanım səhnəyə bir fərqlilik- rahat oxumaq
gətirdi. O vaxt Şəkiyə konsertə gəlmişdi.
Hamı Zeynəb xanımı görmək istəyirdi.
Camaat “Kamaz”lara, tütün
maşınlarına, avtobuslara doluşub konsertə getdilər.
Biz uşaq olduğumuza anamız konsertə getməyə
icazə vermədi. Dedi Zeynəb xanıma televizordan
baxarsınız uşaqsınız, stadionda itərsiniz. Konsertdən iki gün sonra Şəkidə
müsabiqə var idi. Qardaşım
Ataş bizi həmin müsabiqəyə aparmışdı.
Biz su içmək istədik. Qardaşım su almaq üçün mağazaya
girdi. Biz də küçədə
dayanıb qardaşımı gözləyirdik. Bu vaxt gördük ki, iki gözəl xanım biz tərəfə
gəlir. Onlardan biri Zeynəb Xanlarova, digəri
isə rayonumuzun katibi Sevil xanım idi. Sevil
xanım Gülyanaqla məni tədbirlərdən
tanıyırdı. Bizi Zeynəb Xanlarovaya göstərib
dedi ki, Zeynəb xanım, bu uşaqlar bizim gələcəyimizdir,
sizin mahnılarınızı da sevə-sevə oxuyurlar. Zeynəb xanım əyilib Gülyanaqla mənim
üzümüzdən öpdü və söylədi ki,
gözləyəcəyəm bu uşaqlar böyüsünlər,
məşhur olsunlar, onlarla yenidən görüşəcəyəm.
Evə gələndən sonra anam bir həftə
Gülyanağın üzünü yuduzdura bilmədi. Deyirdi ki, məni Zeynəb xanım öpüb
üzümə əl vurmayın. Həmin
söhbətdən artıq neçə illər
keçmişdi. 1998-ci ildə Zeynəb xanımı “Azərbaycan
televiziyasi”nin həyətində
gördüm. Böyük sənətkar məni
yanına çağırdı. Görüşdük.
Mənim Zeynəb xanımın
mahnılarını ifa etməyimdən məmnunluğunu dilə
gətirdi.
- Demək olarmı ki, müğənni
kimi püxtələşməyinizdə Zeynəb
xanımın rolu olub?
- Zeynəb
xanımı hamımız özümüzə ustad hesab edirik.
Çünki tək biz yox, demək olar ki,
bütün gənc sənətçilər ustad sənətkarın
repertuarına müraciət ediblər.
- Bəstəkar
mahnılarının da mahir ifaçısısınız, nəyə
görə həyatınızı məhz muğamla
bağladınız?
-
Bilirsiniz, bizim sənətimiz xanəndəlikdir. Mahnılar, nəğmələr, əsərlər
ifa etsək də muğamın yeri bir başqadır. Biz muğamlarımızla, nəğmələrimizlə
dünyanın hər yerində konsertlər vermişik,
bayrağımızı dalğalandırmışıq.
Dünyanın hər bir bucağını
öz nəğmələri ilə gəzən iki
böyük sənətkarımız olub - Zeynəb Xanlarova və
Rəşid Behbudov. Zeynəb xanım da Rəşid
müəllim də hansı ölkəyə getsəydilər
həmin xalqın mahnısını ifa edirdilər. Biz də çalışırıq ki, bu ənənələrə
sadiq qalaq. Gülyanaqla Osetiyaya getdik asetin
mahnısı, Fransada fransız mahnısı oxuduq. Qastrollarda həmişə respublikamızı
layiqincə təmsil etməyə
çalışırıq. Qoy Azərbaycanın
səsi dünyanın hər yerindən gəlsin.
- Gülyaz xanım, çox gülərüz
insansınız. Sizdən insana pozitiv enerji gəlir.
Sirr deyilsə, bu enerjini nədən və ya
kimdən alırsınız?
- (Gülür) Mənim təbiətim, xarakterim belədir. Gülməyi
sevirəm. Çox macəralı həyat
yaşayıram. Konsertə, ya teatra gedəndə
mütləq başıma gülməli bir hadisə gəlməlidir.
Ümumiyyətlə,
gülüb-danışmağı, insanlarla xoş ünsiyyət
saxlamağı sevirəm. Təbii ki, mənim
də problemlərim var. Ancaq bədbinliyə
qapılmağı, küsülü qalmağı,
qalmaqalı sevmirəm. Hər işdə
sakitlik axtarıram.
- Dahilərdən biri deyib ki, uğur
gedilən yoldur, çatdığın məkan deyil. Sizin aləminizdə
uğur nə deməkdir?
- Arzu necə
arzunu əvəz edirsə, sanki uğurlar da uğuru təqib
edir. Biz həmişə səhnəyə
çıxanda gözəl ifa etməyi
düşünürük. Bilirsiniz bizim
üçün ən böyük uğur nədir? Tamaşaçı alqışı. Özümə də, sənət dostlarıma da
bolluca uğur qazanmağı arzulayıram.
- Əgər sizi
hansısa müğənni ilə müqayisə edirlərsə,
bunu kompliment olaraq qəbul edirsiniz, yoxsa
acığınıza gəlir?
- Məsələn,
Rübabə xanımın oxuduğu bir əsərdirsə, təbii
ki təzə-təzə onun kimi oxumağa
çalışırsan. Lakin sonralar artıq hər
bir ifaçının ifa tərzi formalaşır. Tələbələrimiz də bu gün bizə bənzəməyə
çalışırlar. Amma bir azdan
onların hərəsinin öz üslubu olacaq.
- Hesab edirsinizmi ki, bu gün illər
əvvəlki arzularınızın böyük bir qismini həyata
keçirmisiniz?
- İllər əvvəl tütün sahələrində
tütün becərirdik. Şitillərin dibini
belləyirdik. Bütün sahəni
gözdən keçirirdim. Başımı
yuxarı qaldırırdım və başlayırdım nəğmə
oxumağa. Arzulayırdım ki, görəsən mən
də müğənni ola biləcəyəmmi?
Bir də görürdük uzaqdan toz-tozanaq
qopara-qopara bir araba gəlir. Gəlib
çatırdı qardaşım əl edirdi ki, Gülü gəl
Şəkiyə konsertə çağırırlar. Gedirdik konsertdə oxuyurduq, yenə
qayıdırdıq öz köhnə həyatımıza.
Amma arzum musiqi təhsili almaq, xanəndə olmaq
idi. Ona görə deyə bilərəm
ki, arzularımın çoxu həyata keçib.
-Təbii ki, insanın
uğurlarında onun ailəsinin də rolu danılmazdır.
Elə buna görə bir qədər də ailədən,
özünüzdən danışaq...
- Əvvəl Allaha, sonra valideynlərimə, nənəmə
minnətdaram ki, mənə və bacıma bu qədər dəstək
oldular. Dayılarım bizim müğənni
olmağımıza qarşı çıxırdılar.
Deyirdilər qız uşağı oxumaz. Amma anam-atam bizə dayaq oldu. Yaxşı
işə bizim ailədə həmişə münasibət
məqbul olub. Heç nəyə
qısqanclıqla yanaşmayıblar.
- Qeyd etdiniz ki, valideynləriniz sizi həmişə
dəstəkləyiblər. Bəs siz
özünüz necə valideynsiniz? Övladınıza
sərbəstlik verirsiniz, yoxsa mühafizəkarsınız?
-
Oğlum əvvəl tamamilə başqa bir sahəyə getmək
istəyirdi. Sonra fikrini dəyişdi. Övladıma tamamilə azadlıq vermişəm.
Ustadımız Kamil müəllim məsləhət
gördü ki, uşağı tar sinfinə yazdır, qoy incəsənətə
meyillənsin. Doğrudan da peşman
olmadım. Bir də gözümüzü
açdıq ki, tar çala-çala oxuyur. Oğlumun səsindən razıyam. İstəyərəm dəstək olum, qabağa
getsin. Hətta bəzən
düşünürəm ki, özüm artıq çəkilim
kənara. estafeti verim övladıma.
Eyni zamanda, tələbələrimə də
övladım kimi əlimdən gələn köməyi etməyə
çalışıram.
- Xüsusilə Şərq aləmində
qadınlar özlərini ailə həyatında təsdiqləməyə
üstünlük verirlər, yəni arxa-dayaq kimi kişidən
istifadə edirlər. Özünütəsdiqin
çıxış yolunu siz nədə
görürdünüz?
- Mənə Allah səs verib. İşləyirəm,
çalışıram tələbatlarımı,
ehtiyacımı özüm ödəyirəm. Bilirsiniz,
səhnə geyimi, mahnıları lentə aldırmaq və s.
hamısı puldur. Bir qadın olaraq özüm
maddi ehtiyaclarımı ödəyə bilirəm. Mənim
kişi dəstəyinə ehtiyacım
yoxdur.
- İnsanda hansı cəhət
olmalıdır ki, o, bu həyatda güclü dayana bilsin?
- Səbr. Həyatda hər şeyi yaxşı
düşünmək lazımdır. Heç nəyə
tez qərar vermək olmaz.
- Sizcə, əsl qadın necə
olmalıdır? Kimə əsl qadın-ana demək
olar?
- Əsl qadın ailəsinə
bağlı olmalıdır. Aza qane
olmağı çoxunu paylaşmağı bacarmalıdır.
Əsl qadın özünü sevməlidir.
Özünü sevən insan ətrafındakıları
da sevməyi bacarır. Əsl ana o kəsdir
ki, övladına gözəl tərbiyə verməyi
bacarıb.
- Son olaraq qarşıdakı
planlarınız haqqında məlumat verərdiniz
-
Qarşıdakı günlərdə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun””,
“Arşın mal alan”” tamaşaları yenidən
səhnəyə qoyulacaq. Tamaşaçılarımızın
hər birini teatrımıza dəvət edirik.
- Gülyaz xanım, sizə öz təşəkkürümüzü
bildiririk, bol-bol sənət uğurları, yeni mahnılar və
anşlaqla keçən konsertlər arzulayırıq.
-
Çox sag olun.
Şəmsiyyə Əliqızı,
Günel Eyyubova
İki sahil.-
2017.- 4 fevral.- S.12.