Xoşbəxtliyin ünvanı -
sağlamlıq
Sağlamlığı
olanın ümidi, ümidi olanın hər şeyi var deməkdir
İki gözəllik salonunu biri-birindən ancaq aradakı aptek ayırır... Əslində məni bu mövzunu qələmə almağa sövq edən də diqqətsizlikdənmi və ya elə lap dəqiqini desək, etinasızlıqdanmı gözəllik üçün “qazanılan” ağır xəstəlik, daha sonra onun müalicəsi yolunda “tökülən” pullar oldu. Maraqlı tendensiyadır, deyilmi?!.
Yuxarıda qeyd etdiyim mənzərənin hansı ünvanda şahidi olduğumu yazmayacağam. Çünki buna ehtiyac yoxdur. Şəhərdə addımbaşı yan-yana düzülən gözəllik salonlarını və ya bərbərxanaları, stomatoloji kabinetləri görməmək sadəcə mümkün deyil. Deyilənə görə səmada hər kəsin payına bir ulduz düşür, amma mən deyərdim ki, paytaxtımızda az qala addımda hər vətəndaşa bir salon düşür.
Niyə yazıda məhz gözəllik salonlarının hədəfə alındığını soruşa bilərsiniz? Ona görə ki, belə salonların böyük əksəriyyətində gigiyena qaydaları gözlənilmir, alətlər pis sterilizə edilir, onlardan düzgün istifadə olunmur, təmizliyə riayət edilmir, işçilər tibbi yoxlamadan keçmir, daraqlar, hətta alınandan yararsız hala gələnə qədər bir dəfə də olsun dezinfeksiya olunmur. Qayçılar, manikür, pedikür üçün nəzərdə tutulan alətlər də onun kimi... Bir sözlə, istifadə olunan alətlərin sterilizə və dezinfeksiya edilməməsi sözügedən obyektləri real təhlükə mənbəyinə çevirib. Amma nə badə salon işçilərinə gigiyena barədə sual edəsən. O dəqiqə cavab hazırdır: “Əlbəttə, dezinfeksiya edirik, spirtləyirik”. Lakin məlumatınız olsun ki, aləti sadəcə spirtləmək yetərli deyil! Alətlər mütləq dezinfeksiya edilməlidir. Onları spirtlə silmək, suda qaynatmaq təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün mütləq şəkildə xüsusi aparatlardan istifadə olunmalıdır. Həmin o nəzərdə tutulan xüsusi avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra onlardan istifadə tam təhlükəsiz olur.
Gözəllik mərkəzlərində, bərbərxanalarda, döymə və pirsinq salonlarında istifadə olunan kəsici alətlər, daraqlar və saç şəkilləndiricilərinin sterilizə edilmədən istifadəsi göbələk infeksiyasına, hepatit B,C və HİV xəstəliyinə qədər gətirib çıxara bilir.
Əsrin qorxulu bəlalarından biri də Hepatit C xəstəliyidir. Hepatit C xəstəliyi hazırda dünyada qorxulu xəstəliklər sırasındadır. Hətta mütəxəssislər artıq həyəcan təbili çalırlar. Belə ki, araşdırmalara görə, bu gedişlə hepatit C sürətlə artacaq və 2020-ci ildə viruslu xəstələrin sayı indikindən dəfələrlə yüksək olacaq. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin 4 %-i artıq Hepatit C xəstəliyinə yoluxub. Adıçəkilən virusa yoluxma səbəbi kimi gigiyena qaydalarına əməl etməyən gözəllik salonlarının rolu olduğu düşünülür.
Rəsmi statistikaya görə, hazırda dünyada 170 milyon nəfər Hepatit C xəstəliyindən əziyyət çəkir.
Tibb işçiləri Hepatit C-nin bütün hepatit növlərinin ən təhlükəlisi olduğunu deyirlər. Bu xəstəliyə yoluxmaq üçün 0,00001 ml qan kifayət edir, yəni hər hansı alətin üzərində olan bu qanı adi gözlə görməmək də mümkündür. Bu virus ən çox qan yolu ilə keçir və çox zaman gözlənilmədən və qısa bir vaxtda “öz işinə” başlayır. Haşiyə çıxıb onu da qeyd etmək istərdim ki, gənclər arasında yayılan tatu, pirsinq HİV virusunun yayılmasında müəyyən çəkiyə malikdir.
HİV, Hepatit A, B, C və s. viruslar bir çox hallarda orqanizmə məhz özümüzdən xəbərsiz, qan vasitəsilə daxil olur. Buna görə də baş çəkdiyimiz salonlarda, bərbərxanalarda, stomatoloji kabinetlərdə gigiyena qaydalarının düzgün yerinə yetirilməsini bilavasitə özümüz nəzarətdə saxlamalıyıq. Hər müştəridən və ya xəstədən sonra istifadə olunan alətlər mütləq dezinfeksiya olunmalıdır! Saç baxımı edilən zaman daraqlar, qayçılar mütləq şəkildə dezinfeksiya edilməli, ancaq ondan sonra başqa bir insan üçün istifadə olunmalıdır.
Bugünkü həyatımızda ən aktual məsələlərdən biri də sağlamlıqdır. İnsan üçün dünyada hər şeydən əziz həyatdır, həyatda ən əziz şey isə sağlamlıqdır. Sağlamlığın qeydinə qalmaq xəstəliyi müalicə etmək yox, onun əvvəlcədən qarşısını almaqdır. Sağlamlığı qorumaq isə hər kəsin öz əlindədir!
Günel Eyyubova
İki sahil.- 2017.- 4 fevral.- S.14.