YAP dünənin, bu günün,
gələcəyin partiyasıdır
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə”
İnstitutu ərazi ilk
partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvü, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov müstəqil Azərbaycanın uğurlarından, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bir-birindən əhəmiyyətli uğurlara imza atır, ən yüksək zirvələri fəth edir. Ümummilli lider Heydər Əliyevin “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır” fikrini bir daha xatırladan F.İsmayılov qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasına inam və etimadın göstəricisi ölkədə keçirilən seçkilərdir. YAP qələbələr partiyası kimi nüfuz qazanıb.
F.İsmayılov qeyd etdi ki, gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Cənab İlham Əliyevin YAP Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə söylədiyi bu fikirlər bir daha xatırlandı: “Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizi müxalifət partiyası kimi başlamışdıq. Ancaq buna baxmayaraq, Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak etmişdir. Bu, bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır.”
Bildirildi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz yeni dövrə qədəm qoymuş, quruculuq-abadlıq işləri başlanmışdır. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, Azərbaycan xalqının onun ətrafında birləşməsi və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizi o illərin çətin, ağır vəziyyətindən çıxardı. 1993-2003-cü illər Azərbaycanın tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Məhz həmin möhkəm təməl üzərində bu gün müstəqil Azərbaycanımız inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz davamlı uğurları ilə dünyanın diqqətindədir.
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov gündəliyə uyğun olaraq hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, YAP Yasamal rayon təşkilatının 2015-ci ildə keçirilən X konfransında “Neftqazelmitədqiqatlayihə” ərazi ilk partiya təşkilatının sıralarında 329 nəfər təmsil olunurdu. Həmin vaxtdan ötən dövr ərzində bu say 366 nəfərə çatıb.
X.İbrahimov təşkilatın sıralarında üzvlərin sayının günbəgün artmasını Heydər Əliyev ideyalarına sədaqətin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisi kimi qeyd etdi. Populizmdən uzaq olan Yeni Azərbaycan Partiyası Azərbaycanın daha da möhkəmlənməsinə, çiçəklənməsinə, yeni-yeni hədəflərə nail olunmasına öz töhfəsini verməyə çalışır.
X.İbrahimov vurğuladı ki, uğurlu addımları ilə cəmiyyətdə yeri və rolunu möhkəmləndirən Yeni Azərbaycan Partiyası gələcəyə doğru inamla irəliləyir.
Tədbirdə çıxış edən institutun əməkdaşı Elçin Kazımov ərazi ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş dəyərləndirdi.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, Azərbaycanda xeyli sayda siyasi partiyalar fəaliyyət göstərir. Onların əksəriyyəti Yeni Azərbaycan Partiyasından əvvəl yaradılmışdır. Ancaq xalqın istəyi əsasında yaranan yeganə partiya Yeni Azərbaycan Partiyasıdır. Bu partiyanın yaradılması üçün xalq ulu öndər Heydər Əliyevə müraciət edib. Xalq bu partiyanın yaradılması istiqamətində addımlar atarkən onu ulu öndər Heydər Əliyevin ətrafında insanların birləşməsi formasında təsəvvür edib. Bu amillər Yeni Azərbaycan Partiyasının yaranmasını, bugünkü gücünü, qüdrətini təmin edib. Dünya tarixində çox az sayda siyasi təşkilatlar yada salmaq, nümunə gətirmək mümkündür ki, yaranandan cəmi 6 ay sonra onun yaradıcısı hakimiyyətə gəlsin, partiyası da iqtidar partiyasına çevrilsin.
O da vurğulandı ki, arxada qalan illər Azərbaycanın tarixinə bir-birindən əhəmiyyətli uğurlar yazıb. Azərbaycan çox möhtəşəm inkişaf mərhələsi yaşayır. Ölkəmiz ən çətin günlərini arxada qoyaraq, bu gün bütün istiqamətlərdə uğurla addımlayır. YAP ona olan ümidləri doğrultdu. Azərbaycanın bu günündən müstəqilliyinin ilk illərində yaşadıqlarına baxanda bütün çətinliklər, faciələr, təhlükələr daha aydın görünür. Xalqımız ulu öndər Heydər Əliyevin bu çətinlikləri aradan qaldıracağına böyük inam bəsləyirdi. Bu inamı uğurlu, düşünülmüş siyasəti ilə doğruldan dahi şəxsiyyət Heydər Əliyev bugünkü reallıqlarımızın möhkəm təməlini qoydu. YAP qələbələri ilə tutduğu yola sadiqliyini təsdiqləyib.
T.Əhmədov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 13 ildə möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Yeni Azərbaycan Partiyası Azərbaycanın uğurlarına töhfələri ilə özünə inamı daha da gücləndirir, qüdrətləndirir. Şübhəsiz ki, bundan sonra da Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etdiriləcək, iqtisadiyyatın şaxələndirilməsi siyasəti davam etdiriləcək. Regionların sosial-iqtisadi inkişafına xidmət edən Dövlət proqramlarının uğurlu icrası təmin ediləcək. İnkişafın Azərbaycan modeli beynəlxalq səviyyədə təqdir olunur.
Çıxışlarda ümumi fikir bu oldu ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yeni-yeni hədəflərin dəstəkçisi və icraçısıdır. Keçilən yol ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu tezisi bir daha xatırlatmağı bir tələb kimi qarşıya qoyur: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
Sonra partiya sıralarına daxil olmaq üçün müraciət olunan ərizələrə və təşkilati məsələlərə baxıldı. YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının 17 nəfərdən ibarət yeni İdarə Heyətinin tərkibi təsdiqləndi, sədr və müavinlər, həmçinin YAP Yasamal rayon təşkilatının XI konfransına nümayəndələr seçildi.
İki sahil.- 2017.- 4 fevral.- S.5.