Ailənin möhkəmləndirilməsi dövlət
siyasətinin mühüm tərlib hissələrindən
biridir
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicaran Hüseynovanın www.yap.org.az
saytına müsahibəsi
– Hicran
xanım, artıq 11 ildir ki,
Dövlət Komitəsi fəaliyyət göstərir. Keçən
müddət ərzində hansı uğurlara imza
atmısınız?
– Ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və vətəndaş hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Bildiyiniz kimi, ölkədə bir sıra dövlət qurumları ailə, qadın və uşaq istiqamətləri üzrə bu və ya digər vəzifələri yerinə yetirirlər. Lakin ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və bu siyasətin sistemli şəkildə həyata keçirilməsində xüsusi dövlət təşkilatının yaranmasına ehtiyac vardı. Və bu zərurətdən irəli gələrək, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu onu göstərir ki, Azərbaycan Hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim nəzərində saxlayır, bu isə ölkəmizin daha da güclənməsinə gətirib çıxarır. Eyni zamanda, bu Komitənin yaradılması böyük məsuliyyət tələb edirdi. Belə ki, mən xüsusilə, qeyd etmək istəyirəm ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var.
Bu günlə 11 il əvvəli müqayisə edəndə, həqiqətən də, Komitənin bir sıra nailiyyətlər əldə etdiyinin şahidi oluruq. İlk növbədə, biz stereotipləri və yalnış təsəvvürləri sındırmağı bacarmışıq. Fikrimcə, bu çox vacibdir, “qadın hüquqları”, “uşaq hüquqları”, “məişət zorakılığı”, “valideyn məsuliyyəti” “erkən nikah”və digər anlayışlarını qabardaraq, insanların təfəkkürlərinə, düşncələrinə təsir edə bilmişik. Bunu bizə müraciət edən vətəndaşların ildən – ilə sayının artması ilə izah edə bilərik. Və çox sevindirici haldır ki, Komitəyə təkcə problemlərlə, deyil, artıq iş qurmaq, sahibkarlıqla məşğul olmaq, ictimai həyatda fəal iştirak etmək üçün gənclər, qadınlar, hətta uşaqlar da müraciətlər edirlər. Əlbəttə, bu bizim nailiyyətimizdir.
Bu sahədə çoxlu qanun və qanunlara dəyişikliklərin qəbul olunmasını nəzərə alaraq, onların implementasiyası ilə bağlı mütəmadi olaraq tədbirlər keçiririk. Qadın və uşaq hüquqları, xüsusilə gender və məişət zorakılığı üzrə hakimlər, vəkillər üçün spesifik təlimlər keçirilir. Və artıq müsbət nəticələrə nail olmuşuq. Yerliöüzünü idarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ailə, qadın və uşaq siyasəti üzrə mühazirələr təşkil olunur. Bakı Dövlət, İncəsənət və Mədəniyyət universitetlərində fakultativ dərslər keçirilir. Keçən müddət ərzində ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələr həyata keçirmişik, bəzi layihələrimiz davam edir. Nümunə üçün deyə bilərəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə memorandum imzalamışdır. Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısınin alnması ilə bağlı” tədbirlər planı təsdiq olunmuşdur. Biz QHT-lərlə möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq. Mən bu sahədə, xüsusi ilə, Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının və partiyanin Qadınlar Şurasının fəaliyyətinin qeyd etmək istərdim. Respublikanın bütün bölgələrini əhatə edən bu Şura ilə birlikdə qadın və uşaq hüquqlarının qorunması sahəsində müxtəlif layihələr həyata keçirmişik.
– Son illər bütün dünyada ailə institutunun böhran
etməsini müşahidə
edirik. Bəs Azərbaycanda vəziyyət necədir?
– Biz Şərqlə Qərbin qovuşduğu coğrafi mövqedə yerləşirik. Buna görə də dünyada gedən proseslərə baxmayaraq, klassik ailə modeli deformasiyaya məruz qalmır. Bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə çox böyük rəğbətlə yanaşır. Bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bizim malik olduğumuz əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə qorunur və gələcək nəsillərə ötürülür. Həmçinin, ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Məsələn, elm və texnologiyanın inkişafının ailələrə təsirini göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Müasir dövr, informasiya, texnologiya dövrüdür, istər- istəməz bu prosesdən kənarda qalab bilmərik. Lakin, biz ailələrimizi – bu, qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, mütərəqqi dəyərlərdən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. Əfsuslar olsun ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Bunların sırasında məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma, intihar halları var. Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir.
Ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə ildə-ilə qanunvericilik bazasının daha da güclənməsi ilə yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Bunun üçün məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsllə gənc nəslin dialoqunu təşkil edirik. 2008-ci ildən etibarən Komitə tərəfindən keçirilən “Ailə bayramı”nda, bütün Azərbaycanın rayonlarını təmsil edən, 100-ə yaxın ailə iştirak edir. Bu gün ölkəmizdə xüsusi fərqlənən, nümunəvi və uzunömürlüyü ilə seçilən ailələrimiz çoxdur. Həmin ailələrin təcrübəsi hamıya, xüsusən də gənclərə nümunədir. Və elə yeri gəlmişkən, qeyd edim ki, Komitə tərəfindən belə ailələrin, ümümiyyətlə, ailə dəyərlərimizin təbliği ilə bağlı “Azərbaycan ailəsi” kitabı çap olunmuşdur. 2009-cu ildən başlayaraq Komitə, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə, “Azərbaycan ailəsi” adlı film festivalı uğurla həyata keçirilir. Burada əsas məqsəd mövcud problemləri işıqlandırmaqla, onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Mən burada xüsusilə, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyətin qeyd etmək istərdim. Onlar, icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Təkcə, son 5 ildə Mərkəzlərin fəaliyyətindən 71 270 vətəndaş bəhrələnmişdir. Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq, qadınlar və uşaqlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda dəyirmi masalar, seminar- treninqlər təşkil edilir.
Bütövlükdə isə, biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin briliyant, qızıl, gümüş yubleylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən – nəslə yaşadılır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə dövlət başçımızın diqqəti sayəsində həmin ailələrin bir çox problemləri artıq həll olunmuşdur. Burada əsas məqsəd belə həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda, onları sosial və iqtisadi həyatda iştiraka cəlb etməkdir. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi”, “Azərbaycan gəncliyi”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramıları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və digər sərəncamlar hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsi”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir.
– Azərbaycan dünyanın nüfuzlu dövlətlər
sırasındadır. Qadınlarımızın bu
inkişafda rolunu necə qiymətləndirirsiniz? Sizin rəhbərlik
etdiyiniz Komitə bu sahədə hansı işləri
görür?
– Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Biz əvvəldə Komitənin 2006-cı ildə yaranmasını qeyd etdik. Ancaq, bu proses hələ 90-cı illərdən başlamışdır. 1993-cü ildə, tariximizin həlledici dövründə Ulu öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi Azərbaycanı vətəndaş müharibəsindən, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa vaxt ərzində həm hərbi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai siyasi stabillik dövlət siyasətinin bütün sahələri kimi bu istiqamətlərin də inkişafına güclü stimul verdi. Böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun olması idi. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Öz müstəqilliyini elan etdikdən sonra ölkəmiz bir sıra Konvensiylara, o cümlədən, 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasına qoşulmuşdur. Davamlı olaraq milli qanunvericilik təkmilləşdirilmiş və gücləndirilmişdir. “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” verilən Sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə , Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Azərbaycan Respublikası Qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırır. Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü -cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Azərbaycanda fəaliyyətdə olan ailə, qadın, uşaq yönümlü QHT-lər respublikada formalaşan vətəndaş cəmiyyətinin çox mühüm tərkib hissəsidir. Qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakçılığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı ildən ilə artır. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri – hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması cox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərglənirlər. Bu gün bütün qurumlarda gender fokul-pointlər var və onlar təmsil etdikləri qadınların problemlərinin həllində öz müsbət töhfələrini verirlər.
Azərbaycan əhalisinin
ümumi sayının 50,2% -ni təşkil edən qadınlar
cəmiyyətin müxtəlif sferalarında
çalışırlar. Onların
ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər
sahələrdə əldə etdikləri uğurlar,
bütövlükdə dövlətimizin nailiyyətidir. Azərbaycanın
demək olar ki, əksər rayonlarında İcra Hakimiyyəti
başçılarının müavinləri
qadınlardır. Dövlət
qulluğunda çalışanlar arasında qadınların
xüsusi çəkisi 29,2%- ə çatmış,
sahibkarlar arasında isə qadınların
iştirakçılığı 20%- ə çatmışdır.
Bədən tərbiyəsi və idmanla məşğul
olanların 40% -i
qadınlardır. Milli Məclisdə qadın
millət vəkillərinin sayı da artır. Əgər
1990-cı ildə bütün deputatların 4,3%-ni, qadınlar
təşkil edirdisə, 2015-ci il parlament seçkilərində
qadın millət vəkillərinin sayı artaraq 16,8%-ə
yüksəlmişdir. 2009-cu ildəki
seçkilərdə bələdiyyə üzvü
seçilmiş qadınlar 26,7% olub. 2014-cü ildə isə
bələdiyyə üzvü seçilmiş
qadınların sayı 35% təşkil etmişdir. Eləcə də, hüquq-mühafizə və məhkəmə
orqanlarında, diplomatik sahədə çalışan
qadınlarımızın sayı ildən-ilə
artmaqdadır. Əlbəttə,
bu müsbət göstəricilərə nail olmaq
üçün qadınlarımıza bir sıra silsilə tədbirlər,
təlimlər keçirik. “Dayaq” Mentorluq
layihəsi çərçivəsində
qadınlarımızda özünə inam hissini artırmaqda
köməklik edirik, onlar üçün müasir
dövrün və əmək
bazarının tələblərindən irəli gələn
istiqamətlərdə fəaliyyət göstərməkdə
maarifləndirici treninqlər təşkil
edirik. Qadınların ictimai və siyasi həyatda
iştirakçılığının
artırılması sahəsində bir sıra layihələr
həyata keçiririk. Xüsusi ilə uğur qazanmış
qadın nümunələrinin
təbliği müsbət nəticələrə səbəb
olur. Beynəlxalq təcrübənin öyrənilməsi və
tətbiq olunması, eyni zamanda təcrübə mübadiləsinin
aparılması da vacib məsələlərdəndir. Bununla
bağlı, BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi
Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi
Proqram çərçivəsində bir neçə konfrans
və forumlar keçirilmişdir. Azərbaycan Respublikası
bu tədbirlərdə aktiv iştirak etmişdir. Qeyd etmək
lazımdır ki, 2012-ci ildə birgə təşkilatçılıqla
Qadın sahibkarların III Forumu da Bakıda
keçirilmişdir. SPEKA – ya sədrlik edən Azərbaycan
regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır.
Digər mühüm bir tədbir isə İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin nazirlərinin “İnkişafda
qadınların rolu” mövzusunda V konfransı olmuşdur.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Konfrans
iştirkaçılarına müraciəti dövlətimizin
bu məsələyə xüsusi maraq və diqqət göstərdiyini
bir daha sübut etmişdir. Artıq həm
Avropa, həm də MDB ölkələrinin tanınmış
dövlət və ictimai-siyasi xadimləri Azərbaycanın
gender bərabərliyinin təmin olunması sahəsində əldə
etdiyi təcrübənin şərq ölkələri
üçün yaxşı bir nümunə ola biləcəyini
qeyd edirlər. Eyni tendensiya artıq BMT və İslam
Əməkdaşlığı Təşkilatı çərçivəsində
də formalaşmışdır.
Sevindirici haldır ki,ölkəmiz qadın hüquqlarının təmin olunması sahəsində tarixdə bir çox ilklərə imza ataraq məhz bu sahədə də qərblə şərq arasında bir körpü rolunu oynaya bilər. İstanbulda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu” mövzusunda VI, Qadın və Ədalət II Beynəlxalq Konfranslarda irəli sürdüyümüz bütün təkliflər nəzərə alınaraq, qəbul olnan qətnamələrə əlavə olundu. Eyni zamanda, BMT-nin dəstəyi ilə nəşr edilən TUDOR ROSE adlı nüfuzlu nəşrlərdə Azərbaycanın ailə və gender siyasətinə dair məqalələrin yer alması, fransız yazıçısının Azərbaycanda qadın hərəkatına həsr edilmiş kitabının nəşri göstərir ki, bu sahədə ölkəmiz düzgün strategiyalar müəyyənləşdirmişdir.
– Hicran xanım, bildiyimiz kimi,
bütün dünyada iqtisadi böhran yaşanır, bu
proses Azərbaycana da müəyyən qədər təsir
göstərir. Bunun ailələrə təsirinin
qarşısının alınması barədə nə deyə
bilərsiniz?
– Hazırda dünya iqtisadiyyatında böhran yaşanır və bu proses Azərbaycana təsir edir. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi, müəyyən qədər iqtisadi çətinliklər yaratdı. Ancaq sevindirici hal ondan ibarətdir ki, sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı üçün mühüm işlər aparılır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda böyük ruh yüksəkliyi yaratmışdır. Və əlbəttə, aktual məsələlərdən biri də, kənd və rayonlarda yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakçılığının artırılmasıdır. Bu məqsədlə Komitəmiz tərəfindən bir sıra layihələr həyata keçirilir. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir. Artıq layihə çərçivəsində Sabirabadda 7, Masallıda14, Neftçalada 6 qadın biznes fəaliyyətinə başlayıb. Və bu da, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Layihənin davamı kimi, Biləsuvar və Salyanda hazırlıq işləri görülür. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Ailə büdcəsinə, onun sosial rifahının yaxşılaşmasına öz tövhəsini verir. Digər tərəfdən, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhətdən asılı olmur. Son illərdə paytaxtda və regionlarda qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir: belə ki, əgər 2012-ci ildə 73 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 889 nəfərə qalxmışdır, yəni 20%-ə çatmışdır. Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz tövhəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhətdən asılı olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar. Qadınlarımız üçün Qadın Resurs Mərkəzləri yaratmışıq və burada digər məsələlərlə yanşı maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması, yazılması sahəsində qadınlarımıza təlimlər keçirilir. Ailənin gəlirləri, onun düzgün xərclənməsi və digər məsələlər izah olunur. Burada digər bir məqam da kiçik və orta biznes fəaliyyətinə başalyan qadınlara resuslardan, xüsusilə banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Bir məsələni unutmaq olmaz ki, qadınların hüquqlarının müdafiəsinə nail olmaq üçün, məişət zorakılığının aradan qaldırılması vacibdir. Komitə Gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yalnış fikirləri dəyişmək üçün çox güclü layihələr keçirir, araşdırmalar aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2011-ci ildə 207 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları»ına əsasən Komitə tərəfnidən məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılıb. Banka daxil olan məlumatların təhlili məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilmişdir. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir. Monitorinq qrup üzvlərinin iştirakı ilə bir neçə rayonlarda növbədən kənar iclas keçirilərək, baş vermiş məişət zorakılığı hallarının baş verməsi səbəbləri, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsi məsələləri müzakirə edilir, müvafiq qərarlar verilir.
– Uşaqları sağlam, cəmiyyətə faydalı
vətəndaş kimi böyütmək çətin və
məsuliyyətli, mənəvi qüvvə tələb edən
bir işdir. Uşaq problemlərinin həlli istiqamətində
həyata keçirilən layihələr istənilən nəticəni
verirmi?
– Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və priortet istiqamət təşkil edir. Bildiyiniz kimi, ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqında Konvensiya”dır. Beynəlxalq müqaviləyə ölkənin qoşulması uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Bu prinsiplərin formalaşdırıması və həyata keçirilməsi nəticəsində Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş 300 mindən çoxu uşaqların hərtərəfli qorunmasını və müdafiəsi sistemi təkmilləşdirildi. Bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında, təbliğ olunmasında və beynəlxalq səviyyədə düzgün qiymətinin tapmasında dövlət strukturları, bütün ictimai qurumlar, hər bir vətəndaş imkanları çərçivəsində əlindən gələni edirlər. Bu baxımdan Heydər Əliyev Fondu və onun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. Komitəmiz də bu prosesdə öz imkanları çərçivəsində fəaliyyət göstərərək, beynəlxalq tədbirlərdə erməni işğalçılarının əməlləri haqqında məlumatları çatdırır. Komitənin hazırladığı “Müharibə uşaqların gözü ilə” adlı kataloqda, eyni zamanda, “Uşaqlar müharibənin günahsız qurbanlarıdırlar” kitabında Ermənistanın torpaqlarımızı işğal etməsi, onun ağır nəticələri, Xocalı faciəsi özünün bədii və sənədli ifadəsini tapmışdır.
Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti davamlı tədbirlər həyata keçirir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqlara göstərdikləri qayğı, həmçinin, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini daha da artırmışdır. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitəmiz mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə, uşaq iştirakçılığına yönəlmişdir. Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Valideyn məsuliyyətinin artırılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə və “Uşaq hüquqları” haqqında Qanuna dəyişikliklərin edilməsi haqqında Qanunlar qəbul olunmuşdur. Uşaqların sağlamlığı, təhsili və hüquqlarının müdafiəsi istiqamətində çoxlu sayda Dövlət Proqramları qəbul edilmişdir.
Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Biz istəyirik ki, onlar öz həmyaşıdlarının problemlərini ictimailəşdirsinlər, kömək etsinlər. Bu sahədə il ərzində müxtəlif təlimlər, treninqlər keçirmişik. Uşaq Forumlararası Əlaqələndirmə Şurası çox aktiv fəaliyyət göstərir. Qeyd edim ki, bu il IV Ümumrespublika Uşaq Forumu keçiriləcək. Eyni zamanda, 2018-ci ildə ölkə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının icrası üzrə ölkə BMT-nin Uşaq Hüquqları Komitə qarşısında hesabat verəcək, bununla bağlı ciddi hazırlıq işləri aparılır. Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi üçün 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır. Bütün məlumatlar Komitədə ümumiləşdirilərək, tövsiyələr hazırlanır və Nazirlər Kabinetinə təqdim etdilir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmış, artıq məlumatlar daxil edilir. Bunun nəticəsində biz uşaq məsələləri üzrə dəqiq statistikasını biləcəyik ki, bu da həmin sahədə daha effektiv perventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq.
Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması və maarifləndirmənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Valideyin himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun, eləcə də, müxtəlif peşələrin öyrədilməsi təmin olunması sahəsində işlər davam edir. Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, həm bilik yarışları, olimpiadalar keçirilir, sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunur.
– Komitənin gələcək fəaliyyəti barədə
də fikirlərinizi bilmək istərdik. Qarşıdakı əsas
hədəflər nədən ibarətdir…
– Əlbəttə ki, bu sahədə gələcək hədəflərimiz artıq müəyyənləşmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə uşaqların bütün sahələrdə hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. “Azərbaycan ailəsi” Strategiyası yekunlaşmaq üzrədir. Uşaq Strategiyası rəy üçün Hazirlər Kabinetinə təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır.
Hər bir cəmiyyətin inkişafı onun vətəndaşına göstərdiyi diqqətdən asılıdır. Müstəqil Azərbaycan Respublikasında hər bir vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradılmışdır. Onların məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsi, ictimai fəallığının artırılması üçün münbit şərait var. Və bu istiqamətdə işlərin daha da güclənməsi üçün biz də öz üzərimizə düşən vəzifələri layincə yerinə yetirməyə çalışacağıq.
İki sahil - 2017.- 7 fevral.- S.10.