Təbii Ehtiyatlar İnstitutunun
uğurlu elmi nəticələri
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən xüsusi diqqət və qayğı bütün elm ocaqları kimi, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda da öz təcəssümünü tapıb. Bu elmi müəssisədə fəaliyyət göstərən üç laboratoriyanın son illər əldə etdiyi elmi nailiyyətlər də elə bununla bağlıdır. Laboratoriya rəhbərləri ilə söhbətimizdə əldə edilən uğurlara aydınlıq gətirməyə çalışdıq.
İlk həmsöhbətim kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovadır. O, rəhbərlik etdiyi Sorbsiya prosesləri laboratoriyasının yaranması, bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirdi ki, 2003-cü ildən fəaliyyətə başlayan laboratoriyada iki istiqamətdə iş aparılır. Birinci istiqamət Naxçıvan Muxtar Respublikasında perspektivli yataqlar olan təbii seolitin fiziki-kimyəvi xassələrinin öyrənilməsi, onların tətbiq sahələrinin müəyyənləşdirilməsidir.
Unikal tərkibinə görə təbii seolit heç bir əlavə və konservant olmadan uzun müddət saxlanılmasına baxmayaraq özünün qiymətli xassələrini qoruyub saxlayır.
Laboratoriyanın ikinci istiqaməti çoxkomponentli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu ilə ayrılmasının nəzəri və praktik əsaslarının işlənib hazırlanmasıdır. Həmsöhbətim bildirdi ki, hidrometallurji proseslərin həyata keçirilməsində əsas aparıcı yerlərdən biri sorbsiyaya məxsusdur. Sorbsiyanın tətbiqi bütünlükdə hidrometalluri prosesin effektivliyini artırmaqla, yüksək keyfiyyətli və xüsusi təmiz məhsulların alınmasını təmin edir, istehsalat dövrünün hasiləsiz və qapalı işləməsinə şərait yaradır.
Öyrəndik ki, işlərin yerinə yetirilməsində AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova, kimya elmləri doktoru, elmi işçi Mahnur Cəfərli iştirak edirlər.
Laboratoriya rəhbəri əldə edilən uğurlardan da danışdı. Qeyd etdi
ki, ötən illərdə seolitlərin
tətbiqi sahələrindən,
onların alınma şəraitindən, habelə
sintezindən bəhs edən və müxtəlif quruluş tipli seolitlər barəsində ətraflı
məlumat verən elmi əsərlər dərc edilib. Elmi-tədqiqat işlərinin
nəticəsi kimi müxtəlif illərdə
Almaniyanın Saarbrüken
şəhərində ingilis
dilində “Müxtəlif
quruluş tipli seolitlərin hidrotermal sintezi” adlı monoqrafiya və sözügedən şəhərdə
rus dilində “Mürəkkəb alümosilikatların
termal və hidrotermal çevrilmələri”
adlı kitab nəşr edilib.
Laboratoriya əməkdaşlarının 2016-cı ildə əldə etdikləri uğurlar da yaddaqalan olub. Belə
ki, ötən ildə yerli xammal əsasında alınan “Erionit tipli seolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı ixtiralar patentə layiq görülüb.
Bundan əlavə, Rusiyanın
Krasnoyarsk şəhərində fəaliyyət göstərən
Elmi-İnnovasiya Mərkəzi
tərəfindən elmi
tədqiqatların inkişafında
olan roluna görə Günel Məmmədova Fəxri fərmanla təltif olunub. Gənc alim AMEA Rəyasət
Heyətinin qrant müsabiqəsində iştirak
edib və apardığı tədqiqat
işlərinin nəticələrinə
əsasən qrant mükafatını qazanıb.
Ümumilikdə laboratoriya əməkdaşlarının
3 kitabı nəşr
olunub, ixtiralarına görə isə 3 patentə layiq görülüblər. Bu günə kimi 300-ə yaxın elmi əsərləri işıq
üzü görüb.
Əsərlərinin də 150-yə yaxını
müxtəlif ölkələrin
nəşriyyatlarında çap
etdirilib.
Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasında isə
region ərazisində bərpa
olunan enerji mənbələrinin öyrənilməsi
və günəş
çeviricilərində istifadə
olunan perspektivli birləşmələrin nazik
təbəqələrinin alınması
və tədqiqi sahələrində elmi-tədqiqat
işləri aparılır. Burada bir baş elmi
işçi, iki elmi işçi, bir mühəndis və bir laborant
olmaqla beş
əməkdaş çalışır.
Laboratoriyanın rəhbəri,
fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev bildirdi ki, burada Naxçıvan
Muxtar Respublikası ərazisindəki bərpa
olunan enerji mənbələri, günəş
şüalarının, yerli
küləklərin, dağ
çaylarının və
geotermal suların enerji ehtiyatları tədqiq olunaraq hesablanıb. Eyni zamanda istehlakçıların
stasionar qaydada enerji ilə təmin olunmaları üçün müasir
tələblərə cavab
verən günəş
çeviricilərinin quraşdırılma
yerləri müəyyənləşdirilib.
Laboratoriya rəhbəri onu da bildirdi ki,
kimyəvi çökdürmə
yolu ilə alınan CdS nazik təbəqəsinin və narın tozunun natrium borhidrid məhlulunda qaralması, bir müddət sonra yenidən əvvəlki sarı rəngini alması məsələsi
bu istiqamətdə bir sıra təcrübələrin
aparılmasına stimul
yaradıb. Hazırda bu metastabil halın mahiyyətini aydınlaşdırmaq üçün
araşdırmalar aparılır.
Mineral xammalın
kimyası və texnologiyası laboratoriyasında
filiz və qeyri-filiz yataqlarının
tərkibinin analizi aparılmaqla yanaşı,
mineral xammal əsasında
bir çox birləşmələrin alınması
həyata keçirilir
və onların tətbiq sahələri müəyyənləşdirilir. Sözügedən laboratoriyada muxtar respublika ərazisində olan, sənaye əhəmiyyətli 41 müxtəlif
faydalı qazıntı
yataqlarından gətirilən
nümunələrin tərkibləri
öyrənilib.
İşlərin yerinə
yetirilməsində əməkdaşlardan
kimya elmləri doktoru Bayram Rzayev, kimya üzrə
fəlsəfə doktoru,
dosent Əhməd Qarayev, laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə
doktoru, dosent Qorxmaz Hüseynov, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva, elmi işçi
Rafiq Quliyev, kiçik elmi işçi Turac Süleymanova iştirak ediblər.
Qürurverici haldır ki, fəaliyyəti dövründə
laboratoriya əməkdaşlarının
31 kitabı işıq
üzü görüb,
ixtiralarına görə
isə 15 patent alıblar. Onların 400-dən çox elmi məqalələrinin 100-dən çoxu xarici jurnallarda, o cümlədən
Türkiyə, Rusiya, Almaniya, ABŞ, İtaliya,
Avstraliya və digər ölkələrin
nüfuzlu jurnallarında
dərc edilib. Eyni zamanda tədqiqatların nəticələri bir çox yerli və xarici beynəlxalq jurnallarda tezislər şəklində
məruzə edilib.
Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyası isə 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb. Laboratoriya
rəhbəri, kimya üzrə fəlsəfə
doktoru Fizzə Məmmədovadan öyrəndik
ki, laboratoriyanın elmi istiqaməti Naxçıvan Muxtar Respublikasında təbii suların yayılma qanunauyğunluqları, onların
kimyəvi tərkibi, ehtiyatı, suvarmaya yararlılıqlarının qiymətləndirilməsidir.
Cari ildə Babək rayonu ərazisindəki suların kimyəvi tərkiblərinin və komponentlərinə görə
ərazinin minerallaşma
şəraitinin öyrənilməsi
nəzərdə tutulub.
İşin icrasına uyğun
olaraq Babək rayonu ərazisində yerləşən bir sıra mənbələrdən
su nümunələri
götürülüb. Buraya Qaraçuq çeşməsi, Cəhri
I və II, Tumbul I və II çeşmələri,
Sirab mineral su yatağının 9 və
12 saylı quyusu, Sirab su anbarı,
Bulqan kanal suyu, Zeynəddin, Kültəpə, Məmməd
Rza-Dizə artezian suyu, Vayxır su anbarından götürülən su nümunələri daxildir.
Cari ildə bu su
mənbələrinin kimyəvi
tərkibləri, minerallaşma
dərəcələri, codluqları
və suvarma üçün yararlılıq
dərəcələrinin öyrənilməsi
nəzərdə tutulub.
Bəli, elm adamlarına yaradılan hərtərəfli şərait
bu gün elmi tədqiqatların imkanlarını genişləndirir
və səmərəli
nəticələrin əldə
edilməsinə geniş
imkanlar yaradır. Təbii Ehtiyatlar
İnstitutunda fəaliyyət
göstərən laboratoriya
əməkdaşları da
göstərilən diqqət
və qayğının
müqabilində fəaliyyətlərini
günün tələbləri
səviyyəsində qurmağa
çalışırlar. Onların son
illər dərc etdirdikləri elmi məqalələr həm
həcminə, həm
elmi səviyyəsinə,
həm də coğrafiyasına görə
öz aktuallığı
ilə seçilir.
Söhbətimizdən də aydın
oldu ki, burada çalışan elmi işçilər elmi nəticələrin təkcə ölkə nəşrlərində deyil,
həm də müxtəlif ölkələrin
nəşrlərində, elmi
jurnallarında işıq
üzü görməsinə
və Naxçıvan
elminin əldə etdiyi nailiyyətlərin dünyada tanıdılmasına
səy göstərirlər.
Türkanə Bəylərli,
AMEA
Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin
əməkdaşı
İki sahil.-
2017.- 8 fevral.- S.13.