Qəhrəman doğulurlar,

Qəhrəman olmurlar!

 

(Aprel döyüşləri şəhidi leytenant Qabil Əbdüləli oğlu Orucəliyevin əziz xatirəsinə)

 

2016-cı ilin aprel ayı şəhidlərimiz müstəqil Azərbaycanın müzəffər hərb tarixinin ilk səhifələrini öz qanları ilə yazaraq əbədiləşdirib dastanlaşdırlar. Tarix səhfələrimizə qanla yazılan həmin günlərdə qəhrəmanlıq səlnaməmiz yazıldı, igidlik heykəllərimiz ucaldı, qələbə tariximizdə qəhrəmanlıq hekayələri doğuldu. Bu cəsur igidlərin əksəriyyətinin yaşları deməyə əsas verir ki, onlar heç işğal olunan torpaqlarımızın üzünü belə görməyiblər. Amma bu Vətən sevdalıları, bu Vətən aşiqləri göz qırpmadan, ölümün üzünə dik baxa-baxa, kəfənlərini əyinlərinə geyinib şüurlu şəkildə, qələbə naminə ölümün ağuşuna atılıblar. Onların sosial şəbəkələrdəki son statusları, paylaşmaları, doğmaları ilə son yazışmaları bunu bir daha sübut edir.

Son dörd günlük haqq savaşı illər öncəki “Məzlum, məğlub Azərbaycan” sindromunu məhv edərək çoxdan bəri həsrətində olduğumuz qələbənın şirinliyini dadızdırdı bizlərə, milli ruhumuzdakı məğrurluğu oyatdı. Dövlət-Ordu-Xalq birliyinin nələrə qadir ola biləcəyi, Azərbaycanın hərbi qüdrəti, diplomatik uğurları isbatlandı. Bu savaş dost sədaqətini təsdiqləməklə yanaşı, əksər dünya dövlətlərini Dağlıq Qarabağla bağlı tarixi həqiqəti etiraf etməyə məcbur etdi. Ən əsası isə, qeyrətli ər oğullarımızın gözüyumulu ölümə getmələri, müharibə zonasını tərk etməyən yerli əhalidəki inam və ruh yüksəkliyi, şəhidlərin dəfn mərasimindəki izdihamlar, Azərbaycan diasporunun fəallaşması, şəhid valideynlərinin o dərdin, acının içində balasından yadigar bayrağı köksünə sıxıb qəzəb və qürurla “Vətən sağ olsun!” deməsi bir daha göstərdi ki, “Azərbaycan!”, “Vətən!” anlayışı, məfhumu artıq 9 milyonluq bir xalqı birləşdirən sarsılmaz ideologiyaya, qələbə əzminə çevrilib. Şəhid olan igidlərimiz öz dəyanət və sədaqətləri ilə düşməndən nə qədər güclü, qürurlu olduqlarını canları, qanları bahasına sübüt etdilər. Şahidi olduğum erməni zülmkarlığından, şəhidlik zirvəsinə ucalan oğullarımızın qəhrəmanlığından yazmaqla ən azı ürəyimin sızıltısı, titrəyişi azacıq da olsa səngiyər zənn edirəm. Ancaq bu müqəddəslik, böyüklük qarşısında kiçikliyimi hiss etdikcə qələmim acizləşir. Hisslərim, duyğularım sonsuz dərəcədə həssas olduğum bu mövzuda dilsiz-ağızssız qalıb.

Qəhrəmanlığı ilə məni təsirləndirən igidlərimizdən olan Qabil Orucəliyevin gənc ömrü, ailənin bütün yükünü, məsuliyyətini öz üzərinə götürməsi, bacılarına qardaşlıq, atasının vəfatından az sonra doğulan qardaşına atalıq etməsi, təzə doğulan övladının üzünü görməməsini düşündükcə özümü Qabilin timsalında bütün şəhidlərimizə qarşı mənən və cismən borclu sayıram, onların qarşısında günahkar olduğumu hiss edirəm. Ona görə özümü günahkar bilirəm ki, mən yaşayım deyə özlərini düşmən gülləsi önünə sipər ediblər.

Ona görə bu qəhrəmanları doğan anaların əllərindən öpüb, qarşılarında baş əymək istəyirdim. Şükürlər olsun ki həmin ilin 11 avqustunda Qabilin ailəsilə görüşməyi Tanrım mənə nəsib etdi. İlk öncə şəhidin məzarını ziyarət etdim. Oradakı mollalardan biri mənə dedi ki, səhər-səhər ailəsi məzarını ziyarətə gəlmişdi. Ev ünvanlarını şəhidin adını deyərək tapdım. Özümü toparlamışdım ki, içimə axan göz yaşlarımı üzə vurub, qaysaq bağlamayan yaralarını qanatmayım. Evə daxil olarkən Qabilin şəkillərini, anasını görəndə özümü heç cürə saxlaya bilmədim. Qəhər boğazımda düyünlənmişdi, sanki boğulurdum. Böyük bacısı da ağladı. Cəsarət edib Təhminə xanımın üzünə baxa bilmirdim. Qabilə hədsiz dərəcədə bənzəyirdi. Sanki qəhrəman şəhidim gözlərim önündə canlanırdı. Üzünü görmədiyi gözəl balası mən gedəndə yatmışdı. Yuxudan oyananda qucağıma aldım, öpdüm, gül qoxusunu içimə çəkdim. Necə də bənzəyirdi atasına. Xanımı Tükəzban xanımın da gözlərinə baxa bilmirdim. Çox heyfslənirdim. Qabilin şəhidliyilə nə qədər ömür bitmişdi. Sanki dörd ay içində neçə illər yaşlanmışdı Tükəzban...Oğul övladının doğulma sevincini yaşaya bilməyən gənc ana, nənə, əmi, bibilər...çox heyfsləndim. Divarlara baxdıqca xeyli söhbət etdik Qabillə, sanki məni duyur, eşidir və cavab verirdi. Az sonra şəhidin əmisi oğlu Abil bəy gəldi. Nuriyə xanım bildirdi ki, o çağırıb Abil bəyi. Qabillə bağlı məlumatları daha dəqiq və dolğun çatdırmaq üçün. 2016-cı ilin aprel ayında torpaqlarımızın bütövlüyü uğrunda Tərtər rayonu istiqamətində gedən döyüşlərdə aprel ayının 1-dən 2-sinə keçən gecə şəhid olmuş Orucəliyev Qabil Əbdüləli oğlu 15.09.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 1998-ci ilin sentyabr ayında Naxçıvan şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olaraq 2006-cı ildən həmin məktəbdə orta təhsil almış, 2006-cı ildə Naxçıvan Hərbi Liseyinə daxil olmuş, 2006-2009-cu illərdə Naxçıvan Hərbi Liseyində, 2009-2013-cü illərdə isə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, 27 iyun 2013-cü ildə Leytenant rütbəsi alaraq 2013-2014-cü illərdə AR SQ-nin TTM-də təkmilləşdirmə kursu keçmişdir. Qabil Orucəliyev hərbi təhsilini başa vurduqdan sonra 23 iyun 2014-cü il tarixdən etibarən AR Silahlı Qüvvələrinin 157 saylı hərbi hissəsində motoatıcı bölüyün motoatıcı taqım komandiri vəzifəsində hərbi xidmətini davam etdirmişdir. O, şəhid olarkən 157 saylı hərbi hissəsinin Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən Qisas postunun komandiri olmuşdur.

2005-ci ildə Qabil Orucəliyev 14 yaşında olarkən, onun atası Orucəliyev Əbdüləli 41 yaşında ürək tutmasından vəfat etmiş, atasının vəfatından 2 ay sonra balaca qardaşı Orucəliyev İsa doğlulmuş, atasının vəfatından sonra az yaşlı 2 bacısının və 1 qardaşının bütün ailə yükü onun çiyinlərinə düşmüşdür. Qabil 9 iyun 2015-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbdə oxuyarkən sinif yoldaşı olmuş Tükəzban xanımla ailə həyatı qurmuş, (22 iyun 2015-ci il tarixində rəsmən nikah bağlanıb) bu nikahdan 29 mart 2016-cı ildə, yəni şəhid olmasından 3 gün əvvəl bir oğlan övladı doğulmuşdu. Oğlu doğulmazdan əvvəl uşağın doğum vaxtı məzuniyyət götürərək evə gəlib, uşağını görməyi planlaşdırırdı. Lakin 1 aprel 2016-cı il tarixində əmisi oğlu Abil Orucəliyevlə telefon danışığında Tərtər rayonu istiqamətində hərbi vəziyyətin yaxşı olmadığını, bu səbəbdən də posta qalxdığını, ara sakitləşəndən sonra məzuniyyət götürərək evə gələcəyini bildirmişdi. Həmçinin aprelin 1-dən 2-sinə kecən gecə saat 24:00 radələrində sonuncu dəfə həyat yoldaşı Tükəzban xanımla telefonla danışarkən Tərtər rayonu istiqamətində hərbi vəziyyətin pis olduğunu, danışmağa imkanının olmadığını, birazdan özünün ona zəng vuracağını bildirərək telefonu söndürmüşdür. 2 aprel 2016-cı il tarixində təqribən saat 3:00 radələrində ordumuza hücüm əmri verilərkən Ordumuzun Xüsusi təyinatlıları Qabilin komandiri olduğu Tərtər rayonunun Borsunlu kəndində yerləşən Qisas postundan keçərək düşmən üzərinə gedərkən Qabil Xüsusi təyinatlıların önünü kəsərək onun da öz tağımı ilə birgə Xüsusi təyinatlılarla hücuma keçmək istədiyini, bunun əksini qəbul etməyəcəyini, postun komandiri o ola-ola, onun postundan erməni üzərinə ilk olaraq onun deyil də, Xüsusi təyinatlıların hücum etməsini özünə sığışdıra bilməyəcəyini bildirərək, 157 saylı hərbi hissə komandirindən alınmış icazə əsasında O, ən öndə, ordumuzun Xüsusi təyinatlıları ilə birgə düşmən üzərinə hücuma keçmişdir. Döyüş yoldaşlarının (MAXE Rəcəb İbrahimov və MAXE Tural Quliyev) bildirməsinə görə döyüş zamanı Qabil onunla birgə şəhid olmuş 2 yoldaşı baş-leytenant Cavid Dədəkişiyev və MAXE Adil Adilzadə və həmin (Qisas) postdan MAXE Rəcəb İbrahimov və MAXE Tural Quliyev düşmənin Talış kəndi istiqamətindəki mövqelərinə hücuma keçərkən düşmənin yaxınlıqdakı postunu ələ keçirmişlər. Hadisə şahidlərinin bildirməsinə görə Qabil və onun yoldaşları Qisas postundan 15-16 km məsafədə düşmən ərazisinədək irəliləmişlər. MAXE Rəcəb İbrahimovun bildirməsinə görə erməni postunu tutduqdan və oradakı erməniləri zərərsiz hala gətirdikdən sonra Qabil daha da irəlidəki postu tutmaq üçün yoldaşları ilə (baş-leytenant Cavid Dədəkişiyev və MAXE Adil Adilzadə və MAXE Rəcəb İbrahimov) məsləhətləşib və orada deyib ki, “Mən evə-oğlumun yanına qəhrəman kimi qayıtmaq istiyirəm, əgər biz qarşıdakı postu alsaq dövlətimiz bizə ad verəcək, bizi qəhrəman kimi qiymətləndirəcək”. Bundan sonra O, hücum istiqamətlərini müəyyən edərək, yoldaşlarına göstəriş vermiş, müəyyən olunan istiqamətdə irəliləyərkən MAXE Rəcəb İbrahimovun yanına düşmən mərmisi düşərək onu yaralamışdır. MAXE Rəcəb İbrahimovun bildirməsinə görə o yaralandıqdan sonra Qabil yoldaşları ilə birgə irəli getmiş və Rəcəb İbrahimov, huşunu itirdikdən sonra onları bir daha görə bilməmişdir. Döyüş yoldaşlarının bildirməsinə görə Qabil üzərində olan telefondan komandirlərinə zəng vurararq Maqadis kəndinin içərisində mühasirəyə düşdüklərini və onlara kömək göndərilməsini istəyib, lakin Ona vaxtında köməyin getməməsi səbəbindən O və 2 yoldaşı (baş-leytenant Cavid Dədəkişiyev və MAXE Adil Adilzadə) son mərmilərinədək düşmənlə vuruşmuş və qəhrəmancasına şəhid olmuşlar. Onların nəşi düşmən tərəfindən əsir götürülərək yalnız 10 aprel 2016-cı il tarixində dövlətimizə qaytarılmışdır. Döyüş zamanı Qabil və onun 2 yoldaşı çox sayda düşmən zabit və əsgərini zərərsizləşdiriblər. Məhz elə bu səbəbdən də erməni mətbuatı və KİV-ləri döyüş zamanı ancaq Qabilin nəşinin şəkillərini, onun nəşi önündə çəkilmiş videoları nümayiş etdirərək “budurmu türklərin xüsusi təyinatlısı ki, bizim zabitlərimizi öldürüb, kəndimizi dağıdıb” deyirdilər. Qeyd etmək lazımdır ki, Milli Qəhrəmanımız Mübariz İbrahimovdan sonra erməni mətbuatı Qabil haqqında bu qədər yazı yazmışdılar. Qabilin şəhid olması xəbərini aldıqdan sonra onun arxasınca Tərtər rayonuna getdik və orada kənd əhalisi, hərbiçilər, polislər, bir sözlə hər kəs döyüş zamanı Qabilin göstərdiyi qəhrəmalıqdan, qorxmazlıqdan danışırdılar. Döyüş zamanı göstərdiyi qəhrəmalığa görə Qabil Orucəliyev Müdafiə Nazirliyinin 19 aprel 2016-cı il tarixli əmri ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli döş nişanı ilə təltif edilib.

Qabil Orucəliyev oxuduğu 1 nömrəli məktəbdə artıq ilk sevgisini tapmışdı. Onun aşiq olduğu qız elə bir yerdə oxuduğu sinif yoldaşı idi. Tale elə gətirir ki, bu sevginin sonu rəsmi evliliklə yekunlaşır. 2015-ci ilin iyun ayının 9-da gənc leytenantın toy mərasimi keçirilir. Gənc leytenant artıq həyatın ailə şirinliyini dadırdı. Buna baxmayaraq Qabil Orucəliyev yeni qurduğu ailə ilə üst-üstə heç 4 ay yaşaya bilməmişdi. Çünki, o vətənə borcunu yerinə yetirmək üçün xidmətdə idi. Evli olduğu 9 ayda isə çox az müddətdə ailəsinin yanında ola bilirdi. Elə bunun nəticəsidir ki, o yeni doğulan övladının da üzünü görə bilmədi. Şəhid leytenantın həyatının daha bir maraqlı məqamı isə övladı və onun dünyaya gəlməsi ilə bağlıdır. Uşağın dünyaya gəlməsi mart ayının ortalarında olmalı idi və Qabil də həmin müddətdə məzuniyyət götürüb Naxçıvana getməli idi. Ancaq bu baş vermir. Uşağın dünyaya gəlişi bir qədər gecikir. Bu da taleyin bir yazısı imiş. Martın 29- da gecə saatlarında uşaq dünyaya gəlir. Şəhid leytenantımız xidmətdə olduğu üçün oğul övladının üzünü görə bilmir. Ancaq dostuna yazdığı mesajda oğul atası olduğunun sevincini bölüşür və səbirsizliklə həmin görüşü gözlədiyini qeyd edir...

Qabil Orucəliyevin 01 aprel 2016-cı il tarixdə dostu ilə son yazışması...

-Ata olmuşam brat özüdə oğul atası

-Oooo təbriklər böyük oğlan olsun.

-Çox sağ ol qardaşım Allah razı olsun.

-Dəyməz qaqa

- Bəs getmirsən?

-Yox hələ brat inşallah gəlsin evə,

xəstəxanadan sonra gedəcəm..

-Hə qaqa inşallah.

Onun qəhrəmanlığından və son sözlərindən döyüş yoldaşı olmuş gizir İbrahimov danışır: “Ayın 29-u oğlu dünyaya gəldi. Həmin vaxt Qabil çox sevinirdi. Telefonu susmurdu. Hər kəs zəng edirdi. Ondan soruşduq ki, komandir, nə vaxt gedirsən? Dedi ki, istəyirəm elə gedim ki, uşağımı doyunca görüm. Bu söhbət ayın 29-u gecə olmuşdu. Artıq aprelin 1-i idi. Düşmən bizim postlara təxribat xarakterli hücumlar etmək istəyirdi. Aprelin 1-dən 2-sinə keçən gecə düşmən tərəfi qəfil hücuma keçdi. Bizə onları susdurmaq əmri verildi. Biz düşməni əks həmlə ilə geri oturtmalı idik. Çünki, bu dəfə tam fərqli bir şərait yaranmışdı. Ermənilərin məqsədi bizim postları almaq idi. Komandirlər hücum əmri verəndən sonra Qabil bizi yığdı və təlimatları verdi. Onun son sözləri bunlar oldu : “Biz Vətən üçün ciddi sınaq qarşısındayıq. İstəyirəm Talışı ( red- Talış yüksəkliyini nəzərdə tutur) biz alaq. Ora öz bayrağımızı sancaq və ailəmizə qəhrəman kimi qayıdaq. Mən istəyirəm ki, oğlumu görməyə qəhrəman ata kimi qayıdım. Əgər biz Talış yüksəkliyini alsaq, dövlətimiz də bizi qəhrəman kimi qiymətləndirəcək”. Onun bu sözlərindən sonra bütün döyüşçülərdə yüksək əhval-ruhiyyə yarandı və hər birimiz son damla qanımızadək döyüşməyə hazır idik. Həmin vaxt MAXE Adil Adilzadə, baş-leytenant Cavid Dədəkişiyev və leytenant Qabil Orucəliyev gizirlərlə birlikdə düşmənə tərəfə əks hücuma keçdik. Birinci şiddətli döyüşdə düşmənin bir postunu aldıq və səngərlərinə girdik. Orada üz-üzə döyüşlər oldu. Qarşımıza çıxan erməniləri qırırdıq. Qabil çox sərrast atırdı. Düşmən başını itirmişdi. Onlar əllərində olan bütün texnikadan atmağa başladılar. Xeyli ermənini məhv edəndən sonra birinci postu aldıq. Orada səngərin arxa tərəfində bir yer var idi. Ora qorunmaq üçün bir tikili idi. Qabil orada dayandı və siqaret yandırdı. Nəsə fikrə getmişdi. Biz belə başa düşdük ki, üzünü görmədiyi övladı yadına düşmüşdü. Orda bizə dedi:“Biz ermənidən qorxmamalıyıq. Ermənilər kimdir axı? Onlar qorxaq millətdir”. Bu sözləri deyəndən sonra məni və başqa giziri alınan həmin postda qoyub, MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə irəli getdilər. Belə fikirləşdim ki, mən evin yeganə oğlu olduğum üçün və anam mənim himayəmdə olduğu üçün Qabil məni aldığımız postda saxladı. Biz orada dayandıq ki, onlara arxadan hücum olarsa, qarşısını alaq. Həmin vaxt onlar bizdən aralanıb, xeyli irəli getdilər. Artıq düşmən ciddi itkilər vermişdi.Ona görə də bütün növ silahlardan atırdılar. Qabilgil düşməni məhv edərək irəliləyirdi və bizdə arxadan onları qoruyurduq. Həmin vaxt yanımıza mərmi düşdü və baxdım ki, başımdan və qolumdan qan axır. Elə bildim ki, artıq şəhid oluram. Ancaq özümdə güc topladım. Yanımda olan hərbçi yoldaşım məni geri çəkdi. Çox ağır yaralanmışdım. Orada dedim ki, Qabilgil çox irəli gediblər. Onlara kömək lazımdır. Ondan sonra nə baş verdiyi bilməmişəm. Onlar 10 kilomterdən çox getmişdilər. Sonradan mən digər döyüş yoldaşlarımızla əlaqə saxlaraq öyrəndim ki, onlar Talış yüksəkliyinə qədər gediblər. Onlara kömək çatana kimi ermənilər onları vurubmuş. Döyüşlərdə əvvəlcə Adil qolundan güllə yarası alıb. Buna baxmayaraq o döyüşü davam etdirib. Hər üçü bir yerdə şəhid olublar”. Qabilin ailəsi ilə son danışığından və arzusundan yaxın qohumu Əpoş Vəliyev (Elyar İslam) danışır: “Qabil son döyüşündən qabaq Aprelin 1-də anası ilə telefonda danışıb. Anası ilə zarafat edərək, nənə olduğu üçün onu bir daha təbrik etmişdi. O, sanki, gələ bilməyəcəyini hiss etmişdi. Telefonda deyib ki, uşağa atasının adını qoysunlar, o nə vaxt gələcəyini bilmir. Bundan sonra onunla danışıq olmayıb. Sonra şiddətli döyüşlər başlayıb. Ailəmiz çox narahat idi. Çünki, Qabilin telefonuna zəng də çatmırdı. Artıq hiss etmişdik ki, nəsə baş verib. Çünki, O, ailəsinə bağlı biri idi və sağ olsaydı mütləq ailəsi ilə əlaqə saxlayıb, narahat olmamağımız üçün bizə xəbər verərdi. Tez-tez Müdafiə Nazirliyi ilə əlaqə saxlayırdıq. Oradan bizə məlumat verdilər ki, Qabil şəhid olub. Ayın 5-də erməni saytlarında onun fotolarını gördük. Bundan sonra Qabilin şəhid olduğuna tam əmin olduq. Ermənilər Qabilin vurulduqdan sonrakı şəkillərini çəkib, saytlarda yayımlayırdılar. Onun meyidinin şəkillərinin yayılması bizə çox pis təsir edirdi. Amma görün erməni nə qədər qorxaqdır ki, onlar yalnız Azərbaycan hərbçiləri öldükdən sonra ona yaxın düşə bilir. Meyidin şəklini çəkib sosial şəbəkələrdə paylaşmaqla, meyidlərə təhqiredici hərəkətlər eləməklə, ermənilər murdarlıqlarını, qorxaqlıqlarını bir daha sübut etdilər. Ermənilər bu gün də Qabil haqqında yazırlar. Onlar Qabili kəşfiyyatçı kimi təqdim edirdilər. Buna görə də meyitlərin qaytarılmasını 8 gün gecikdirdilər. Biz meyiti alandan sonra baxdıq. Onun alnında güllə yarası var idi. Anası Qabilin şəhid olmasını 10 apreldə bildi. Onlara deyilmirdi. Çünki, anası onu uşaqlıqdan atasız böyütmüşdür. Yoldaşına isə yalnız Qabilin cənazəsinin gətirildiyi gün deyildi. Çünki, o təzə uşaq dünyaya gətirmişdi və biz istəmirdik ki, cənazə gətirilənə kimi bu xəbəri bilsin. Yoldaşı həmin gün Qabili yuxusunda görüb. Yoldaşı həmin yuxunu belə danışırdı:“Qabil yuxuma girdi. Mənə dedi ki,oğlumuzu sənə tapşırıram. Ondan muğayat ol. Torpaqlar alınana kimi müharibə hələ davam edəcək. Mən onsuz da haçansa şəhid olacaqdım. Şəhidlər ölmür. Sən, ağlama!”Cənazə gəlməmişdən yoldaşı da nəsə hiss eləmişdi. Çünki 8 gün idi ki, Qabillə əlaqə yox idi. Amma Qabilin həyat yoldaşı özünə təskinlik verərək deyirdi ki, “Qabil məni və oğlunu tək qoyub getməz. O, bizi çox sevir “. Şəhidin cənazəsi Naxçıvana gətiriləndə yoldaşına zəng etdilər ki, gəl, Qabillə vidalaş. Çünki həmin vaxt Qabilin yoldaşı anasıgildə idi.

Qabilin cənazəsinin Naxçıvana gətirildiyi gün sanki bütün həyat dayandı. On mindən çox insan hava limanına axışmışdı. Cənazə evə aparılarkən yol kənarlarına toplaşmış insanlar hamısı ağlayırdı. Qabilin dəfnində anası onun cənazəsinin altına girərək, qəbiristanlığa kimi onu çiynində daşıdı. Onların yaşadıqları yerdən dəfn edildiyi yerə kimi xeyli məsafə olmasına baxmayaraq insanlar Qabili çiyinlərində apardılar. Dəfndə anası başını dik tutdu. Orada gənclər bir ağızdan deyirdilər :“Ağlama, Ana! Biz hamımız Qabilik!” Anası gənclərə cavab verirdi: “Ağlamayacam! Mənim oğlum qəhrəmandır. Onu qəhrəman kimi dəfn edəcəm”. Qabilin 11 yaşılı qardaşı da var. Dəfndə bayrağı da ona təhvil verdilər. İsa “Vətən sağ olsun” deyib gülümsədi. Əmisioğlu Abil Orucəliyev: “Qabilin dostları, kursant yoldaşları, əsgərləri cənazə alınana kimi mənə gün ərzində bir neçə dəfə zəng edirdilər. Hamısı xahiş edirdi ki, cənazə Naxçıvana gətiriləndə xəbər edin, biz qardaşımıza son borcumuzu vermək istəyirik. Dəfn vaxtı onlar hamısı gəlib, iştirak etdilər. Qabilin dəfnindən 1 gün sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov da başsağlığı vermək üçün gəlmişdi. Həmin günü Vasif müəllimin anası vəfat etmişdi və cənazəsi Bakıdan Naxçıvana gətirilirdi. Buna baxmayaraq Vasif müəllim hüzürün keçirildiyi yerə gəldi və başsağlığı verərək bir neçə saat bizimlə oturdu. Bu şəhid ailəsi üçün böyük dəstək demək idi. Həmçinin digər bəzi rəsmilər üçün bir örnək idi. Bəzi məmurlar cəbhədə hərbçilərin yanında olmalı olduqları halda, italyan müğənnisinin konsertinə getdilər. Bu şəhid ailələri üçün hörmətsizlikdir. Hansı ki, həmin günlərdə ən böyük istirahətə ehtiyacı olan və haqqı çatan müdafiə naziri cənab Zakir Həsənov və cəbhədə döyüşənlər idi. Həmin günlərdə prezidentimiz və xanımı birbaşa cəbhəyə getdi və oradakı insanlara, hərbçilərə dəstək oldular. Bu örnək deyilmi? Ümid edirəm ki, bəzi məmurlar da Prezidentimizdən örnək götürər və konsertlərdə əylənməkdənsə, cəbhə bölgələrinə səfər edib, oradakı insanların çətinliklərinə kömək edərlər. Qabil övladına atasının adını qoymaq istəyirdi. Atasının adı Əbdüləli idi. Amma son zamanlar qoşa adların qoyulmasına icazə vermirdilər. Qabil qərara gəlmişdi ki, uşağın adını Əli qoyar. Bu atasının adının qısalmış variantı idi. Ancaq bu qismət olmadı. Qabil şəhid olana kimi uşağa Əli deyirdilər. Qabil şəhid olduqdan sonra övladına onun öz adını qoydular. Qabil Qabil oğlu Orucəliyev. Uşağa ad qoyulanda anası dedi :“Qoy ermənilər sevinməsinlər ki, biz Qabili öldürdük. Bu gün mən yenidən qəhrəman Qabili böyüdürəm. Çalışacam onu da atası Qabil kimi qəhrəman böyüdüm. Qabillər ölməyəcək, yeni-yeni Qabillər doğulacaq”. Bu çox təsirli bir mənzərə idi. Arzularının aşıb-daşan, ümman çağı idi. Yerə-göyə sığmayan sevincinı cəbhə dostları ilə də bölüşmüşdü. Kim bilir, nə xəyallar qurmuşdu. Ömürlük ata həsrətini, atasına arxalanmaq, qüvvətli ata əlini həmişə çiynində hiss etmək istəyini indi bir ata kimi gerçəkləşdirəcəkdi. Atasızlıqdan övladını kişi kimi böyütməklə qisas alacaqdı. Şirin körpə qığıltısını eşitmək, doyunca boyunu süzmək, qurşaq tutub biləyinin gücünü yoxlamaq keçirdi könlündən. Ona danışılası barıt qoxulu, səngər havalı, qanlı-qadalı qəhrəmanlıq nağılları o qədərdi ki... Azad etdiyi torpaqlarda oğlu ilə əl-ələ, çiyin-çiyinə gəzib: “Oğul, Vətən uğrunda nə canlar vermişik! Sən də bu torpağı sev, onu canından əziz bil, qoru!” demək arzusu ilə uçurdu. Amma... Qarşıda düşmən, arxada Vətən vardı! Düşməndən qaçılmaz, Vətəndən keçilməz! Bildiyiniz kimi Qabil döyüşdə MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə şəhid olub. Qabillə Adilin həm də yaxın dostluğu olub. Bir maraqlı məqam da var ki, onlar bir-birlərinin bəhsinə bığ saxlayırdılar. Qabildən soruşandaki, niyə bığ saxlayırsan? Cavab vermişdi: “Oğul atası gərək bığlı ola.” Onlar bığ saxladıqları üçün xarici görünüşcə şəhid Adil Adilzadə ilə bənzəyirdilər. Onlar dost idilər. Həmişə bir yerdə olurdular. Elə bir yerdə də şəhid oldular. Bu, Qabilin bütün hərbçi yoldaşlarına da təlqin etdiyi yeganə amalı idi. Vaxt olmuşdu təhlükəsiz arxa postlardan birinə dəyişilmək şansını da rədd etmişdi. Onun üçün təlaş, nigarançılıq keçirən doğmalarına əvvəlcə iki barmağını cütləyib: "Bu mənim doğmalarım", sonra isə yumruğunu düyünləyib ürəyinin başına qoyaraq: "Bu isə Vətəndir! Vətəni biz qorumasaq, kim qoruyacaq?!" - deyərmiş! Və o gün - mübarək Şəhidlik məqamına yüksəlmə anı gəldi! “Dünya gücümüzə yaxşı bələddir, hələ biçilməmiş əkilənlərik”!

Bu da bir təsəllidir ki, Qabil özündən sonra Vətəninə, yurduna sahib çıxacaq davamçısı, övladı olduğunu bilərək şəhid oldu. Gözü arxada qalmadı. Bu gün bu evdə mışıl-mışıl uyuyan körpə Qabil atasının general olmaq, oğlunu da hərbçi kimi yetişdirmək istəyni həyata keçirəcək. Şəhidin anası Nuriyyə xanımın da dediyi kimi, düşmənə ən böyük göz dağı olacaq: “Qoy düşmən sevinməsin. Bir Qabilim qəhrəmancasına döyüşüb Vətən uğrunda şəhid oldu. Amma mən bu Qabilimi də igid, cəsur, qorxmaz, mərd, vətənpərvər böyüdəcəm. Körpə Qabilim böyüyəndə fəxr edəcək ki, onun atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.”

Qabilin nəşini gətirmək üçün Tərtər rayonuna gedən əmisi Elmar Orucəliyev komandanlığın, döyüş yoldaşlarının onun haqqında dediklərindən iftixarla, qürurla danışır: "Kəşfiyyat qrupu erməni postunu almaq üçün hücuma keçməyə hazırlaşanda Qabil də könüllü olaraq onlara qoşulmaq istəyir. Gecə hücüm əmri gəlir. Qabil israr və təkidlə: "Əgər mənim postumdan hücüma keçilirsə, mən öndə getməliyəm!" - deyib döyüşə atılır. Komandir geriyə qayıdış əmri versə də, arxadan vurulmamaq üçün söyə-söyə: "Erməni kimdir ki, mən onun qabağından qorxub qaçım!" - deyə biçə-biçə irəliləyir. Qabil, baş leytenant Cavid Dədəkişiyev və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu Adil Adilzadə 8 nəfər əsgər yoldaşını arxada qoyaraq təxminən 15 km irəliləyirlər. Kəşfiyyatçılar onlara gözləmək tapşırığı versələr də, qayıdanda onları orda görmürlər. Rəhbər, baş leytenant Azad Əliyevin dediklərinə görə, getdikləri erməni postunu darmadağın edirlər, sağdakı erməni postuna özləri girir, çoxlu sayda erməni dığası məhv edirlər. Kəşfiyyatçılardan aralı düşən üçlük sonda düşmən pusqusuna rast gəlir. Təxminən 1-ə qalmış Qabilə hərbçi yoldaşlarından zəng gəlir. Qabil:

"Dədədkişiyev yaralanıb və biz deyəsən mühasirədəyik!" - deyir. Sonra ona zəng çatmır. Qabil və yoldaşları şəhid olur... Şəhidlərimiz bu Vətən uğrunda qurban gedibər! Onların qanı yerdə qalmayacaq!" Erməni saytlarının antitəbliğat məqsədilə ən çox paylaşdıqları şəkillərdən birinin Qabilin nəşinin şəkillərinin olmasını, Qabilin nəşinin ən sonda qaytarılmasını, təkcə onun nəşinin əsir düşmüş erməni murdarlarının bir neçəsi ilə əvəzlənməsini şərh, izah etməyə lüzüm görmürəm.

Bəhruz Mürşüdov Qabili belə xatırlayır: "Leytenant Qabil Orucəliyevlə ilk tanışlığım 2014-cü ilin iyul ayında olub. O, Naftalan şəhəri "N” saylı hərbi hissədə bizim taborda taqım komandiri idi. Mən onu özümə təkcə komandir yox, həm də qardaş bilirdim. Taborumuzdakı bütün əsgərlər Qabili çox sevirdi. Bu sevgini o, vətənpərvər söhbətləri, əsgərlərə qayğısı ilə qazanmışdı. 2014-cü il avqust ayının 8-də ermənilər atəşkəsi yenə pozmuşdular. Şəhid xəbəri gəlirdi. Qabil həmin axşam tabora cavabdeh idi. Mən isə bölük növbətçisi idim. Məni otağına çağırdı: "Mürşüdov, mən çox narahatam”, – dedi: "Qardaşlarımız düşmənlə vuruşurlar! Mən burda duruş gətirə bilmirəm, yuxarı qalxmaq istəyirəm”. Az keçməmiş briqadanın qərargahından xəbər gəldi: "Bütün zabit-gizir heyəti silahlansın, yuxarı qalxsın!” Qabil gözlərində sevinc: "Mürşüdov, silah otağını tez aç”, – dedi. Silahı götürdü, üzümə baxdı. "Komandir, ehtiyatlı olun”, – dedim. Əlini boynuma salıb dedi: "Narahat olma, mən ölməyə yox, öldürməyə gedirəm!” Müharibəni lənətləyənlərdən biri, bəlkə də elə birincisi idi O. Çünki atasızlığın bütün iztirab və acılarını hamıdan yaxşı bilirdi. Çox erkən yaşlarından “ailənin kişisi” yükünü çəkmişdi, bacılarına toy edib gəlin köçürmüşdü. Bacıları, ata üzü görməyən kiçik qardaşı İsa onu “Atam!”, “Dədə” deyə çağırırdılar. Gənc yaşından bir üzü qız, bir üzü gəlin kirpiyi ilə od götürə-götürə övlad böyüdən dul qadının taleyi də yaxşı tanış idi ona. Bütün bunlara görə də əsl kişi sənəti seçir... Anaları oğulsuz, oğulları atasız qoymamaq üçün! Həyat özü Qabili sərtləşdirmişdi, mətinləşdirmişdi... Hazırda Xocavənd istiqamətində Vətəni qoruyan leytenant Məmməd Babayev yazır: “Hərbçi olmağımda Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə məndən bir sinif yuxarı oxuyan Qabilin böyük rolu olub. Hərbi forması, vətənpərvərliyi ilə məni də bu sahəyə cəlb edib. Çox vətənpərvər, igid, ürəyi açıq, sadə, mədəni, həm də səbrli insan idi. Oğlu olduğunu eşidib ayın 2-si, axşam saat 7-nin yarısı idi, zəng vurdum. Dedi: “Qardaşım, sonra danışarıq”. Son danışığımız oldu...” Hərbi Liseydən başlamış bütün hərbi təhsil illərini Qabillə bir yerdə keçirən, 2014-cü ilin iyun ayından Naftalan şəhəri “N” saylı hərbi hissədə Qabillə birgə – yaxın postlarda hərbi qulluqda olan leytenenat Cahangir Eyvazov döyüş bölgəsindən Qabil haqqında yazır: “Qabili ilk tanıdığım gündən nə qədər cəsur, mərd, vətənpərvər biri olduğuna əmin olmuşdum. Onunla bağlı bir xatirə heç yadımdan çıxmaz. Mən artıq bir ilə yaxın idi ki, postda xidmət edirdim. Adəti üzrə Qabillə Naftalan şəhərindəki görüşlərimizdən birində salam verməmiş sevinə-sevinə birinci onu dedi ki, artıq mən də post zabitiyəm! Əmrim gəlib, posta qalxacam. Postda xidmət etdiyi müddətdə həmişə yaxşı sorağı gəlirdi. Yuxarı komandanlıq tərəfindən sevilirdi, hərbçi yoldaşları arasında, yerli əhali arasında dərin hörmət qazanmışdı. Həmişə düşmənə layiqli cavab verir, postda ayıq-sayıq keşik çəkirdi. Mən dostumla fəxr edirəm. And içmişik ki, Qabilin qanını yerdə qoymayacağıq.” Ruhun şad olsun Şəhidim! Oğlun Qabil qürurla "Atam Qabil Orucəliyev Qarabağda şəhid olub" deyəcək ...İnşallah tezliklə Qarabağ düşmən işğalından azad olacaq və biz sənin oğlun Qabili Qarabağda gəzdirəcəyik...Balaca Qabil atasının uğrunda şəhid olduğu torpaqlarda möhkəm addımlarla, qürurla gəzəcək...Balaca Qabil də atası kimi igid, qürurlu, qəhrəman, mərd, gülərüz, vətənpərvər olacaq...”

Qəhrəman doğulurlar, Qəhrəman olmurlar! Azərbaycan qadınının qeyrət damarından əmdiyi süd, gənc yaşından qabarlı əlinin halal zəhməti ilə ailə saxlaması, əmisi, polis veteranı, 1990-cı il Sədərək döyüşlərinin fəal iştirakçısı Elmar Orucəliyevin təsvir etdiyi döyüş səhnələri onu Qəhrəman etmişdi. Qabillə bir yerdə döyüşən cəbhə dostları onu xasiyyətcə sadə, dürüst, mehriban və zarafatcıl, eyni zamanda mərd, vətənpərvər, cəsur bir igid kimi xatırlayırlar. Düşmən bilsin!... Bilsin ki, bu gün şəhid balasının tabutunu şərəflə öz çiynində son mənzilə yola salan AZƏRBAYCAN ANASI gün gələcək, şəhid balasından yadigar üçrəngli bayrağı, bir də ciyərparasını başı üzərinə alıb həsrət qaldığımız o torpaqlarda yüyürəcək! Onun qədəmindən, sevinc göz yaşlarından yuyulacaq, paklaşacaq, halallaşacaq bu Vətən torpağı! Onda, Vətən göylərində dolaşan nigaran şəhid ruhları biz bu günkü şahidləri də sabahkı qaziliyimizə bağışlayacaq.

Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində Naxçıvan sakinləri şəhidi son mənzilə yola salıblar. Anası isə həm şərəflə, həm göz yaşı ilə balası ilə sağollaşıb. Cəbhədə davam edən gərginlik zamanı şəhid olan əsgərimiz Qabil Orucəliyev 11 apreldə torpağa tapşırıldı. Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində Naxçıvan sakinləri şəhidi son mənzilə yola salıblar. Q.Orucəliyevin əmisi onun dəfn mərasimində çıxış edərək göz yaşlarını gizləyə bilməyib :"Torpaq Vətən deməkdir, Vətən ana deməkdir. Qabil anası uğrunda şəhid olub. Başda Ali Baş Komandanımız olmaqla belə ordusu olan dövlət daim irəliləyəcək, irəli gedəcək. Allah vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq, qisasları alınacaq.”

Bunu da qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub.Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir. Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb.

 

Aynur Səfərli,

 

Bakı Dövlət Universitetinin dissertantı,

 

Azərbaycan Dillər Universitetinin əməkdaşı

 

İki sahil.- 2017.- 16 fevral.- S.20; 22.