Həmrəylik, birlik xalqımızın
böyük sərvətidir
İslam həmrəyliyi
radikalizm və ekstremizmə qarşı mübarizədə ən
güclü vasitədir
Prezident İlham
Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi
ili” elan olunması mütərəqqi addım, müsəlman
ölkələri arasında birliyin möhkəmlənməsinə
yönəlmiş təşəbbüsdür. Müstəqillik əldə etdikdən
sonra dövlətlərarası münasibətlərin
möhkəmləndirilməsi,
çoxəsrlik tarixə,
oxşar adət-ənənələrə malik müsəlman ölkələri
arasında iki və çoxtərəfli əlaqələrin qurulması
istiqamətində aparılan siyasət özünü
doğruldur.
“Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq” söyləyən Prezident İlham Əliyev xüsusilə müsəlman ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur.
Dünya ictimaiyyətinin diqqətini cəlb edən beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi sübut edir ki, çoxkonfessiyalı, çoxmillətli ölkə kimi tanınan Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Dünyanın tanınmış simalarının, mütərəqqi, sağlam düşüncəli insanların iştirak etdikləri tədbirlərdə ümumi maraqlara xidmət edən müzakirələr aparılır, xoşagəlməz meyillərin aradan qaldırılması üçün çıxış yolları axtarılır. Qanlı toqquşmaların, müxtəlif bölgələrdə müharibələrin davam etdiyi müasir dövrümüzdə dini, milli zəmində qan tökülməsi bütünlükdə dünya siyasətinə təsir edən amildir. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi ilə müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını almaq, sabitliyin təminatı üçün müsbət meyilləri gücləndirmək insanlığa verilən dəyərdir.
Dünyanın 100-dən çox ölkəsini birləşdirən Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi dünya siyasətinə təsir imkanları artan Azərbaycan münaqişəli problemlərin həllində tutduğu ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə sabitliyin təminatı üçün öz sözünü deyir, mövqeyini bildirir, müxtəlif dinlərə məxsus millətlər arasında əlaqələrin yaradılmasına töhfə verir. 2008-ci ildə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəmlənməsi üçün Avropa ölkələri mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin dəvət olunması dünyada çox böyük əks-səda yaratmışdı. Bir il sonra “Bakı prosesi”” adı verilən belə görüşlərin- İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropadan mədəniyyət nazirlərinin də dəvət olunması alternativi olmayan tolerantlıq və multikulturalizmə, humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfə kimi tarixi əhəmiyyəti ilə seçildi. “Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq” söyləyən Prezident İlham Əliyevin həmrəylik ili ilə bağlı imzaladığı Sərəncam təqdirəlayiqdir və Azərbaycanda aparılan siyasət bu müsbət meyillərin güclənməsinə xidmət edir.
Forumlarda dəfələrlə səsləndirildiyi kimi, həmrəylik, birlik Azərbaycan xalqının böyük sərvətidir. Bütün dinlərə məxsus tarixi abidələr dövlət tərəfindən qorunur, ehtiyac duyulduqda dövlət vəsaiti hesabına bərpa olunur. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir. Müxtəlif dinlərə məxsus bayramlar birlikdə qeyd olunur. Qafqazda ən qədim alban kilsəsi ölkəmizdədir. Qədim zərdüştlük, atəşpərəstlik məbədi qorunub saxlanılır. Başqa sözlə deyilsə, bütün dinlərə hörmət və etiram Azərbaycanın dövlət siyasətidir və ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır, ümumi inkişafımıza xidmət edərək ictimai əhval-ruhiyyəni qaldırır.
Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında da məqsəd insanları bir amal naminə birləşdirməkdir. Çünki təhlükəli meyil olan islamofobiya, ksenofobiyanın davam etdiyi müasir dövrümüzdə millətlərarası həmrəyliyin güclənməsi vacibdir.
Əfsuslar olsun ki, dünyada təhlükələr artır. Qanlı toqquşmalar, müharibələr nəticəsində Suriyada və digər müsəlman ölkələri tamamilə dağıdılır, yüz minlərlə günahsız insan həlak olur, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşür. Belə hallar radikalizm meyillərini gücləndirir. İnsanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tuturlar. “ Stop İslam” deyən Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətlərə yol verilir. Bəla burasındadır ki, Avropada radikal qüvvələrə daha böyük dəstək göstərilir, sivilizasiyalararası toqquşma təhlükəsi artır və çox böyük fəlakətlər törədilir.
Təbiidir ki, islamofobiya bütün İslam aləmini narahat edir. Bilərəkdən İslam haqqında mənfi rəy formalaşdırılır, terrorla eyniləşdirilir. Amma həqiqətdə terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Müsəlman aləmində gedən radikallaşma, təriqətçilik, silahlı dəstələrin maliyyələşdirilməsi, müəyyən dairələr tərəfindən dəstək qazanması da narahatedici amillərdir. Ona görə də həmrəyliyin, millətlərarası birliyin təminatına xidmət edən, təbliğatı əhəmiyyəti ilə seçilən tədbirlərin davamlı olması vacibdir.
“İslam Həmrəyliyi İli”ndə 57 müsəlman ölkə idmançılarını bir araya gətirəcək İslam Həmrəyliyi Oyunlarının keçirilməsi tərəfdaşlığa və dostluğa dövlət səviyyəsində göstərilən diqqətdir. Birinci Avropa Oyunlarından sonra İslam ölkələri arasında belə möhtəşəm yarışların təşkili ilk növbədə İslam həmrəyliyini gücləndirəcək. Bütün dünya ictimaiyyəti görəcək ki, İslam sülh, mərhəmət və qardaşlıq dini, Azərbaycan isə böyük imkanlara malik müsəlman ölkəsidir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.
Azərbaycan o ölkələrdəndir ki, səsini ucaldır, dini radikalizmə, insanlara qarşı ədalətsizliyə qarşı mübarizəni əməli işi ilə diqqətə çatdırır. Sülhsevər mövqeyini “Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır” sözləri ilə bəyan edən Prezident İlham Əliyev vurğulayır ki, İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşı mübarizədə ən güclü vasitədir. İslam Həmrəyliyi Oyunlarını təşkil etməklə müxtəlif dinlərə humanizm prinsipindən yanaşan, fərql baxış sərgiləyən Azərbaycan insanları zərərli ideologiyaların, məzhəb və dini ayrı-seçkiliyin təsirindən qorumaqla dini siyasiləşdirməyə çalışanlara da cavabdır. Belə tədbirlər zəngin milli mənəvi dəyərləri əsrlərdən bəri qorunub saxlanılan İslamın təbliği baxımından da əhəmiyyətlidir.
Xuraman
İsmayılqızı
İki sahil.- 2017.- 15 fevral.- S.9.