Geofiziklər ötən ili yüksək

göstəricilərlə başa vurublar

 

Məlum olduğu kimi, neft və qaz sənayesinin əsas aparıcı sahələrində-istər yeni yataqların axtarışı və kəşfiyyatında, istərsə də mövcud yataqların işlənməsində əsas geoloji-hidrodinamik informasiya bazası məhz geofiziki tədqiqatlar vasitəsilə yaradılır. Bu tədqiqatların əsas məqsədi neftli-qazlı rayonların dərinlik geoloji quruluşunun öyrənilməsi, müxtəlif tipli strukturların kəşfiyyat qazıması üçün hazırlanması və neft-qazlılığının proqnozu, quyuların geoloji kəsilişinin öyrənilməsi, qazmada geoloji-texnoloji tədqiqatlar, ehtiyatların hesablanma parametrlərinin hazırlanması, neftli obyektlərin perforasiyası, yataqların işlənməsinə geofiziki nəzarət, müxtəlif təyinatlı mühəndisi-geoloji tədqiqatların aparılmasından ibarətdir.

 

Hazırda Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynayan geofiziki tədqiqat işlərinin dünyanın aparıcı servis kompaniyaları ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması və yüksək nailiyyətlər əldə edilməsi istiqamətində mühüm işlər aparılır. Görülən işlər alınan nəticələrə də ciddi müsbət təsir etmişdir. Bunun müqabilində SOCAR-ın Geofizika və Geologiya İdarəsinin (GGİ) əməkdaşları yeni yataqların axtarışı və kəşfi, eləcə də aşkar olunmuş yataqların işlənməsi istiqamətində fədakarlıqla çalışmış və müəyyən nailiyyətlər əldə ediblər. Bununla bağlı oxucularımıza ətraflı məlumat vermək üçün Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinovla görüşdük.

Elçin Şirinov məlumat verdi ki, 2016-cı il geofiziklərimiz üçün ümumən uğurlu olub: “İdarəmiz bu il 53,6 milyon manatlıq iş həcmi yerinə yetirib ki, bu da ötənilki iş həcmi ilə müqayisədə 2,6 milyon manat çoxdur. Yerinə yetirilən iş həcminin təxminən 9 milyon manatı xarici şirkət və kompaniyaların sifarişləri əsasında görülən işlərin payına düşür. Bu da ötən illə müqayisədə 3,0 milyon manat artıqdır. Ötən illərdə olduğu kimi, 2016-cı ildə də Geofizika və Geologiya İdarəsinin əmək kollektivi Azərbaycanın quru və dəniz sahə və yataqlarında geniş şaxəli, müxtəlif xarakterli tədqiqatlar aparıb, maraqlı və dəyərli geoloji nəticələr əldə ediblər. İdarənin strukturuna daxil olan qurumlar- “Kəşfiyyatgeofizika”, “Mədəngeofizika” və “Kompleks Mühəndisi-Axtarış” İstehsalat bölümləri öz iş həcmlərini həm yerli həm də xarici şirkət və kompaniyaların sifarişləri əsasında formalaşdırırlar.”

2016-cı ildə “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün dəniz seysmik ekspedisiyası tərəfindən Abşeron yarımadasının şimalında yerləşən Qoşadaş sahəsində Mezokaynozoy çöküntülərinin geoloji quruluşunun öyrənilməsi, kollektorların yayılma arealının müəyyənləşdirilməsi, məhsuldar obyektlərin seçilməsi məqsədi ilə aparılan üçölçülü (3D) seysmik kəşfiyyat işləri başa çatdırılıb. Ümumilikdə 150 kv.km sahədə üçölçülü seysmik kəşfiyyat işləri yerinə yetirilib, məlumatların emal və interpretasiya işləri aparılaraq yekun hesabat sifarişçi təşkilata təhvil verilib. Bununla yanaşı, “Kəşfiyyatgeofizika” İB-nin Dəniz seysmik ekspedisiyası Bulla-dəniz sahəsində 350 xətti km həcmində ikiölçülü (2D) seysmik kəşfiyyat işlərini həyata keçirib, məlumatların emalı yekunlaşdırılaraq interpretasiya işlərinə başlanılıb. İşlər “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında yerinə yetirilib.

E.Şirinov məlumat verdi ki, illik plana uyğun olaraq quru sahələrində də seysmik kəşfiyyat işləri yerinə yetirilib: “Belə ki, Aşağı Kür NQR-in Xıdırlı-Bəndovan sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi, üçölçülü modelinin tərtib edilməsi və sahə üzrə kollektorların yayılma arealının proqnozlaşdırılması məqsədilə 154 kv.km üçölçülü seysmik (3D), 559.6 xətti km qravimetrik və 553.7 xətti km maqnitometrik kəşfiyyat işləri yerinə yetirilib. Seysmik tədqiqatlar müasir tipli 10000 kanallı “Scorpion”, Qravimaqnitometrik müşahidələr isə “Autograv Scintrex CG-5” tipli qravimetr və PKM-1M tipli maqnitometrlə yerinə yetirilir. Çöl işlərinin iki növbəli iş rejimi ilə yerinə yetirildiyindən və səyyar düşərgələr yaradıldığından yanacaq-sürtkü və digər materiallara xeyli qənaət olunub, əlavə məsrəflərin qarşısı alınıb. Yerinə yetirilən işlər xüsusi əhəmiyyət kəsb etdiyindən Geofizika və Geologiya İdarəsinin rəhbər işçiləri və müvafiq mütəxəssisləri tez-tez iş sahəsinə ezam olunub, işçilərin sosial-məişət şəraiti ilə yaxından tanış olaraq, çöl işlərinin aparılmasına, alınmış materialların keyfiyyətinə baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün yerində lazımi tədbirlər həyata keçirilib.”

Əməkdaşların yüksək peşəkarlığı və zəngin təcrübəsi sayəsində sıx yaşayış məntəqələri, bataqlıq və digər mürəkkəb yerüstü şəraiti ilə səciyyələnən tədqiqat sahələrində işlər ətraf mühitin qorunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət olunmaqla beynəlxalq standartlara uyğun olaraq aparılmaqla, yüksək keyfiyyətli geofiziki məlumatlar alınıb.

Bununla yanaşı, Geofizika və Geologiya İdarəsi ilə Amerika Birləşmiş Ştatlarının “Geokinetiks” şirkəti arasında bağlanılmış müqaviləyə əsasən, “bp” şirkətinin sifarişi ilə Xəzər dənizinin dayazsulu hissələrində və onunla həmtəmas olan quru sahələrində aparılan seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsində də Kəşfiyyatgeofizika İstehsalat bölümünün əməkdaşları fəal iştirak ediblər. Bu işlər də 2016-cı ilin sonunda başa çatdırılıb.

GGİ-nin rəisi onu da diqqətə çatdırdı ki, 2016-cı ildə Zərdab-Şıxbağı-Qışlaq sahəsində yerinə yetirilən çöl geofiziki (seysmik və qravimaqnitometrik) kəşfiyyat işlərinin nəticələrinin emal və interpretasiyası yekunlaşıb, ərazinin geoloji quruluşu dəqiqləşdirilib, neftlilik-qazlılığı proqnozlaşdırılıb, yeni quyuların qazılması üçün tövsiyələr verilib: “Çöl və dəniz tədqiqatları nəticəsində alınmış geofiziki məlumatların emal və interpretasiyası beynəlxalq standartlara cavab verən “ProMax”, “Landmark”, “DV SeisGeo”, “Kingdom Suite” və “Petrel” tipli proqram paketləri ilə təmin olunmuş Geofiziki materialların emal və interpretasiyası ekspedisiyası tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.”

Ötən il idarənin beynəlxalq əlaqələrinin daha da genişləndirildiyini bildirən E.Şirinov vurğuladı ki, “bp”, “Statoil”, “Total”, “Chevon”, “Nobel Oil”, “Statoil” və digər şirkətlərin sifarişləri əsasında müxtəlif xarakterli tədqiqatlar -seysmik məlumatların rəqəmləşdirilməsi, yenidən emal və interpretasiyası və s. yerinə yetirilib və hazırda da bu işlər uğurla davam etdirilir. Ümumiyyətlə bölüm tərəfindən yerinə yetirilən işlər nəticəsində bir sıra mühüm nəticələr əldə edilib.”

İdarə rəisi qeyd etdi ki, geofizikanın əsas istiqamətlərindən biri olan quyularda geofiziki tədqiqat işlərinin ilkin təşəkkül mərkəzlərindən biri məhz Azərbaycan olub: “Bu tədqiqatlar Azərbaycanın quru və dəniz ərazilərində yeni qazılan və işlənmədə olan quyularda İdarəmizin “Mədəngeofizika” İstehsalat bölümünün mütəxəssisləri tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir. Qazmada olan quyularda kompleks mədən-geofiziki tədqiqat işləri əsasən qazmaya geoloji-texnoloji nəzarət, eləcə də istismar quyularında perforasiya-atma və yataqların işlənməsinə geofiziki nəzarət məqsədilə yerinə yetirilir. Bu işlər “Azneft” İB-nin tabeliyindəki Neft-Qazçıxarma idarələri, “Kompleks Qazma İşləri” Tresti, eləcə də respublikamızda fəaliyyət göstərən “SOSAR AQŞ”, “Neftechala OCL”, “Gulf Drilling Supply FZE”, AzGerNeft MMC, “Shirvan OCL”, “Surakhani Oil OC”, “Balakhani OCL”, “Bahar Enerji OCL” və “Qarasu” ƏŞ kimi şirkət və müəssisələrin sifarişləri əsasında yerinə yetirilib. İşlər aparılan zaman alınan ilkin nəticələr mütəmadi olaraq sifarişçi təşkilatların nümayəndələri ilə birgə təhlil edilır, onların təklifləri və iradları nəzərə alınır ki, bu da son nəticələrin etibarlılığına və dəqiqliyinə müsbət təsir göstərir.”

Ötən ildə mütəxəssislərimiz tərəfindən Günəşli, Neft Daşları, Ümid, Bulla-dəniz Mərkəzi Kürovdağ, Qərbi Abşeron və Qaradağ sahələrində qazılan quyularda kompleks qaz karotajı və qazmaya geoloji-geokimyəvi-texnoloji nəzarət işlərinin aparıldığını deyən E.Şirinov vurğuladı ki, bu işlərdə diqqəti cəlb edən əsas amillərdən biri də alınmış nəticələrin birbaşa onlayn sistemində GGİ-yə, SOCAR-ın baş ofisinə və sifarişçi təşkilatlara ötürülməsidir: “Bu da sifarişçi təşkilatlara qazma prosesini birbaşa izləməyə şərait yaradır və quyularda baş vermiş geoloji-texnoloji mürəkkəbləşmələrə operativ müdaxilə etməyə imkan verir. Bununla yanaşı Darvin küpəsi, Günəşli, Neft-Daşları, Pirallahı, Bibiheybət, Duvannı-dəniz, Qala və Lökbatan sahələrində qazılmış quyularda yataqların işlənməsinə geofiziki üsullarla nəzarət məqsədilə impuls-neytron-neytron karotaj işləri aparılmış, əlavə neftli intervallar müəyyən edilib. Görülən işlərin uğurla yerinə yetirilməsi nəticəsində nəzərə çarpacaq iqtisadi səmərə əldə edilib ki, bu da həm bizi, həm də sifarişçi təşkilatları razı salıb.”

Bundan başqa Geofizika və Geologiya İdarəsi qazma quyularında geofiziki tədqiqat işlərini yerinə yetirmək üçün qazma vaxtı karotaj kimi ən müasir texnoloji yenilikləri tətbiq edir. Qazma vaxtı karotaj M/LWD işlərinə İdarədə 2012-ci ildən başlanıb. Bu işlər Qaradağ sahəsində qazılmış bir neçə quyuda aparılıb və burada quyunun layihələndirilən horizonta çatdırılması üçün proqramlaşdırılan əyilmə işləri tətbiq olunub. Compas proqramı vasitəsilə uğurlu nəticələr alınıb.

E.Şirinov qeyd etdi ki, neft-qaz hasilatının artırılması məqsədilə quyuların kəsilişindən, quyu quruluşundan asılı olaraq müxtəlif spesifikasiyaya malik perferatorların seçilib atılması böyük rol oynayır: “Ona görə də İdarəmizdə yerinə yetirilən partlayış-atma işlərinin keyfiyyətini daha da artırmaq məqsədilə beynəlxalq standartlara cavab verən müasir perforator sistemləri alınmış və çoxsaylı quyularda uğurla tətbiq olunub. 2016-cı il ərzində perforasiya işləri üzrə 669 quyuda 940 sifariş uğurla yerinə yetirilib. İdarəmiz 150°C temperaturlu və 150 Mpa təzyiqli quyu şəraitində 1500 mm-dək dəlmə dərinliyinə malik perforatorlarla perforasiya işləri aparmaq imkanlarına malikdir. “Günəşli” yatağındakı 350 saylı horizontal istiqamətlənən quyuda, quyu əyriliyi 76° olan 3068-3110 metr intervalında nasos-kompressor boruları ilə endirilən hidravlik atıcı başlıqlı perforatorla müvəffəqiyyətlə dəlmə işləri aparılıb və quyu yüksək debitlə istismara verilib. İdarəmizin istifadəsində hər ölçüdə istismar kəmərlərində ayırıcı körpülərin qoyulması üçün ən müasir partlayış pakerləri vardır.”

2016-cı il ərzində quyularda açıq lülədə 1316, kəmər buraxılmış quyularda isə 1747 sifariş yerinə yetirildiyini bildirən idarə rəisi əlavə etdi ki, karotaj işləri üzrə yerinə yetirilən sifarişlərin ümumi həcmi 361 quyu üzrə 2123 olub. Tədqiqat işləri əsasında 4675-ə qədər lay neftqazlılıq baxımından dəyərləndirilib: “Quyularda aparılan ölçü işləri əsasında neftli-qazlı intervalların seçilməsi zamanı mütəxəssislərimiz tərəfindən verilən rəylərə diqqət bir qədər də artırılmış və bunun nəticəsində verilmiş rəylərin 95% -i sonrakı perforasiya və sınaq-yoxlama işləri nəticəsində təsdiqlənib ki, bu da çox böyük göstəricidir. İşlərin müasir cihaz, avadanlıq və proqram təminatının köməyi ilə aparıldığından, yeni texnika və texnologiyaların tətbiqi haqqında sifarişçilər üçün mütəmadi təqdimatlar keçirildiyindən, eləcə də qarşıya çıxan problemlərin sifarişçi təşkilatların geoloqları ilə müzakirə edildiyindən, alınan nəticələr bir qayda olaraq, həm bizi, həm də sifarişçiləri razı salıb.”

Geofizika və Geologiya İdarəsinin əsas fəaliyyət istiqamətlərindən biri də Kompleks Mühəndisi Axtarış İstehsalat bölümü (KMAİB) tərəfindən aparılan mühəndisi-geoloji tədqiqat işləridir. E.Şirinov məlumat verdi ki, ötən il KMAİB tərəfindən dənizdə və quruda mühəndisi-geoloji və struktur xəritəalma qazması, batimetriya, fasiləsiz seysmoakustik profilləmə (FSAP), sonar planalma, süxur nümunələrinin götürülməsi və onların kompleks fiziki-mexaniki xüsusiyyətlərinin təyini, sualtı kəşfiyyat video sistemi vasitəsilə hidrotexniki qurğuların, eləcə də müxtəlif kommunikasiya xətlərinin texniki vəziyyətlərinin vüzual öyrənilməsi, qaz-geokimyəvi tədqiqat, və s. işlər yerinə yetirilib: “Əsas məqsəd dənizdə hidrotexniki qurğuların, kommunikasiyaların, neft, qaz boru və elektrik kabel xətlərinin çəkiləcəyi sahələrdə, eləcə də quru ərazilərdə kəsilişin üst hissəsini təşkil edən süxurların kompleks şəkildə öyrənilməsi, qırılmaların, palçıq vulkanlarının aşkar olunması və onların yayılma arealının dəqiqləşdirilməsi, dənizdibi relyefin müəyyənləşdirilməsi, götürülən süxur nümunələrinin kompleks fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi və tədqiqat sahəsinin mühəndisi-geoloji şəraitinin qiymətləndirilməsi olub.”

KMAİB tərəfindən 2016-cı ildə ümumilikdə, quru və dəniz sahələrində 11258 metr mühəndisi-geoloji qazma işləri aparılıb. Bu işlər dənizdə - Bulla dəniz, Çilov yatağı, Neft Daşları, Darvin bankası sahələrində (7531 m) və quruda - Sosial İnkişaf İdarəsinin sifarişi ilə yaşayış binalarının tikiləcəyi sahələrdə (3727 m) aparılıb.

İdarə rəisi onu da bildirdi ki, qazma işləri Xəzər dənizi akvatoriyasında “Zöhrab Vəliyev” gəmisi ilə, quru sahələrdə isə “Kamaz LBU-50”, “Kamaz URB-2,5 A”, Kamaz UQB-5 və s. qazma qurğuları vasitəsilə yerinə yetirilib: “Bundan başqa “Məmməd Süleymanov” gəmisi ilə Bulla dəniz, Çilov, Günəşli, Neft Daşları, Darvin bankası, Abşeron bankası, Səngəçal dəniz, Bakı Buxtası və digər sahələrdə sonar planalma, batimetriya və fasiləsiz seysmoakustik profilləmə işləri yerinə yetirilib, dənizin dərinliyini daha dəqiq ölçməyə və dənizdibi relyefin üçölçülü modelini qurmağa, eləcə də hidrotexniki qurğuların, estakadaların, kommunikasiyaların yerləşdiyi əraziləri vizual şəkildə öyrənməyə imkan verən, uzaqdan idarə olunan video sistem - ROV və “Multibeam” çoxşüalı exolotla tədqiqat işləri aparılıb.”

Mühəndisi-geoloji qazıma işləri zamanı dəniz və quru sahələrdən götürülən süxur nümunələrinin fiziki-mexaniki xüsusiyyətləri KMAİB-nin müasir standartlara cavab verən Mərkəzi mühəndisi laboratoriyasında tədqiq olunub. Laboratoriya müasir çihaz və avadanlıqlarla və yüksək ixtisaslı mütəxəssislərlə təchiz olunduğundan aparılan tədqiqatların nəticələri sifarişçilər tərəfindən razılıqla qəbul edilir. Laboratoriyada əməliyyat şirkətlərinin sifarişləri də yüksək səviyyədə yerinə yetirilib. Bununla yanaşı, müxtəlif təşkilatların sifarişləri ilə quyuların layihə vəziyyətindən naturaya, naturadan plana keçirilməsi, onların dəqiq yerlərinin təyini, naviqasiya təminatı işləri də uğurla icra olunub.

2016-cı il ərzində KMAİB-də aparılan tematik tədqiqat işlərinin nəticələrinin də qənaətbəxş olduğunu diqqətə çatdıran E.Şirinov söylədi ki, Abşeron-Balxanyanı neftli-qazlı zonasında yerləşən strukturların geoloji quruluşu dəqiqləşdirilib, sahələr üzrə məhsuldar layların izlənməsi həyata keçirilib və kollektorluq xüsusiyyətlərinə malik layların paylanma qanunauyğunluğu öyrənilib: “Eləcə də Bakı arxipelaqının Səngəçal-dəniz-Babək, Hamamdağ-dəniz-Naxçıvan və Bəndovan-dəniz-İnam qırışıqlar zonasında məhsuldar layların izlənilməsi, dərinliklər və sahələr üzrə temperatur və təzyiqin paylanma xüsusiyyətlərinin (termobarik şəraitin) qiymətləndirilməsi həyata keçirilib, neft-qazlılıq perspektivliyi tədqiq edilib. Alınan nəticələr gələcəkdə tədqiqat sahələrində aparılacaq axtarış-kəşfiyyat işlərinin istiqamətləndirilməsində mühüm rol oynayacaq.”

E.Şirinov vurğuladı ki, Geofizika və Geologiya İdarəsində kadr hazırlığına, gənclərin məsul işlərə cəlb edilməsinə, onların nəzəri və təcrübi biliklərinin zənginləşməsinə böyük diqqət yetirilir. 2016-cı ildə 310-dan artıq gənc mütəxəssis müxtəlif ixtisasartırma kurslarında, treninqlərdə, təcrübə mübadilələrində öz ixtisaslarını artırıb və bu işlər mütəmadi davam etdirilir.

İdarədə fəaliyyət göstərən gənclər təşkilatının köməyi ilə müxtəlif təyinatlı görüşlər, disputlar, idman yarışları, seminarlar və s. keçirilir ki, bunlar da gənclərin layiqli və sağlam vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. İdarə rəhbərliyi tərəfindən işlərin həyata keçirilməsində gənclərə lazımi dəstək və yardım göstərilir.

Gənc mütəxəssislərin yetişdirilməsinə kömək məqsədilə idarəmiz ali təhsil ocaqları ilə də sıx əməkdaşlıq edir. Belə ki, SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” proqramı çərçivəsində bu il 12 nəfər tələbə idarədə ödənişli istehsalat təcrübəsi keçib. Bundan əlavə, Azərbaycan Texniki Universitetindən 51, Azərbaycan Neft və Sənaye Universitetindən isə 133 nəfər tələbə, eləcə də Qobustan Regional Təlim Mərkəzinin “Karotaj stansiyanın maşinisti” peşəsi üzrə təhsil alan 4 nəfər şagirdi ödənişsiz təcrübədə olublar. İstehsalat təcrübəsi zamanı tələbələrə geofizika və geologiyanın, o cümlədən karotajçı peşəsinin incəlikləri barədə ətraflı məlumat verilib. İdarə rəhbərliyi istehsalat təcrübəsi keçən tələbələrlə vaxtaşırı görüşlər keçirib, onların iş şəraiti ilə yaxından tanış olub.

E.Şirinov, həmçinin mütəxəssis və fəhlələrin peşəkarlıqlarının artırılması məqsədilə gənc mütəxəssislərin SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində təşkil olunmuş müxtəlif kurslara cəlb olunduğunu da diqqətə çatdırdı: “İdarəmizin işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması idarə rəhbərliyi və həmkarlar ittifaqının daim diqqət mərkəzindədir. Belə ki, çöl işlərinin yerinə yetirilməsi zamanı işçilərin sosial-məişət şəraitinin müvafiq qaydada təmin olunması üçün lazımi tədbirlər görülüb. Əməkdaşların iş sahəsinə yaxın ərazidə yerləşən bazalar lazımi vəsaitlərlə, avadanlıqlarla təmin olunub. Dəniz şəraitində çalışan işçi heyəti üçün də müvafiq şərait yaradılıb. İşçilərin və onların ailə üzvlərinin mənalı istirahəti və sağlamlıqlarının bərpası məqsədilə “Nabran”, “Meşəbəyi”, “Park Qusar”, “Qoşa-Çinar” “Palıdlı”, “Naftalan” və s. sanatoriya və istirahət mərkəzlərinə güzəştli göndərişlər verilib. İdarəmizin əməkdaşları, eləcə də onların ailə üzvləri üçün SOCAR Tibbi Sığorta Proqramı çərçivəsində “Paşa” Sığorta hesabına bir sıra tibb müəssisələrində güzəştli müayinə və müalicə olunmasına şərait yaradılıb. Bundan əlavə, təqaüddə olan işçilərin də “Paşa” Sığorta hesabına müayinə və müalicəsinə imkan yaradılıb.”

Geofizika və Geologiya İdarəsinin İdarəetmə aparatı və struktur bölmələrində rəhbərlik tərəfindən təsdiq olunmuş planlar əsasında əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya sahəsində də müəyyən işlər görülüb. Əməyin mühafizəsi xidmətinin işi “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsini İdarə Etməyin Vahid Sistemi”nin, “Neft və Qazçıxarma Sanayesində Təhlükəsizlik Qaydaları”nın və “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nin, TS EN İSO 9001 “Keyfiyyət”, TS EN İSO 14001 “Ətraf Mühit” və TS 18001 OHSAS “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” beynəlxalq idarəetmə sistemi standartlarının tələblərinə əsasən təşkil olunub. İdarə rəisi vurğuladı ki, mütəmadi olaraq GGİ-nin strukturuna daxil olan istehsalat bölümlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və təmin olunması, istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulması, istehsalat xəsarətlərinin, qəzaların, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər həyata keçirilib. Bu məqsədlə 2016-cı ildə İdarənin bölümlərində əmək şəraitinin vəziyyətinə dair mütəmadi olaraq baxış-yoxlamalar həyata keçirilib.

Elçin Şirinov böyük minnətdarlıq hissi ilə qeyd etdi ki, idarənin qazandığı uğurlarda rolu olan mütəxəssislərin fədakar əməyi respublika və SOCAR-ın rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək qiymətləndirilir: “Təsadüfi deyildir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İdarəmizin əməkdaşları müxtəlif dövlət mükafatları ilə təltif ediliblər. Bütün bunların nəticəsidir ki, hazırda sıralarımızda çalışan əməkdaşların bir neçəsi sinələrində “Tərəqqi” medalı daşıyır, bəziləri isə “Əməkdar mühəndis” və “İlin geofiziki” fəxri adları ilə fəxr edirlər. Onlarla əməkdaşımız SOCAR-ın “Fəxri fərmanı” ilə təltif olunublar.”

Həmsöhbətim sonda bir daha xatırlatdı ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib-hazırladığı neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkədə dayanıqlı və davamlı sosial-iqtisadi inkişafa nail olunması, onun inkişaf etmiş dövlətlər sırasına çıxması ilə nəticələnib: “Fərəhli haldır ki, bu nailiyyətlərdə həmişə ölkə Prezidentini dəstəkləyən, ona sadiq olan Azərbaycan neftçilərinin, o cümlədən neftçi-geofizik və geoloqların da əməyi az deyil. Biz gələcək fəaliyyətimizi də bu istiqamətdə davam etdirəcəyik və 2017-ci ildə də qarşımızda duran tapşırıqların müvəfəqiyyətlə yerinə yetirilməsinə var gücümüzlə çalışacağıq.”

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2017.- 15 fevral.- S.12-13.