Səudiyyə Ərəbistanı –

İslam mədəniyyətinin beşiyi

 

Bu müqəddəs diyara səfər uzun illər xatirələrdən silinməyəcək

 

30 ilə yaxındır ki, jurnalistika sahəsində çalışıram və bu müddət ərzində bir çox xarici dövlətə səfər etmişəm. Müxtəlif ölkələrin mədəniyyəti, dili, dini, irqi fərqli insaların yaşam tərzi ilə tanış olmuşam. Doğrudan da bənzərsiz, bir-birindən fərqlidir dünyanın hər bir bölgəsi. Görünür elə budur Allahın yer üzündəki möcüzəsi. Sözsüz ki, bu səfərlərimin hər biri həyatımda yeni səhifə, yeni baxışdır. İslam mədəniyyətinin beşiyi Səudiyyə Ərəbistana səfərimiz də uzun illər xatirələrdən silinməyəcək, həyatımzın ən maraqlı günləri sırasında yer alacaq.

 

Yanvarın  31-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dost ölkəyə-Səudiyyə Ərəbistanına səfərində onu müşayiət edən bir qrup media təmsilçisindən  biri kimi təəssüratlarımı bölüşmək, eyni zamanda, medianın ölkələr arasında əlaqələrin inkişafında, həqiqətlərin təbliğində, qısa desək, ictimai fikrin formalaşmasında oynadığı rola bir diqqət yetirmək istərdim. Əbəs yerə deyilmir ki, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bəzən təsəvvürlərimiz gerçəkliklərlə təzad təşkil edir. Ancaq gördüklərim Səudiyyə Ərəbistanı haqqında oxuduqlarım və eşitdiklərim qədər varmış.

Hər zaman bizlərə  müəyyən məlumatların əldə olunmasında yardımçı olan “vikipediya”nın bələdçiliyi ilə  Səudiyyə Ərəbistanı haqqında da  kifayət qədər məlumat əldə etməklə  dost ölkə ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Əldə etdiyim  məlumatlara istinad edərək müşahidələrim nəticəsində ilk dəfə gördüyüm  qonağı olduğum ölkə ilə yaxından tanış olmaq fürsəti əldə edib, bu məlumatlara özlüyümdə bir rəng qatmaq istərdim. Qeyd olunduğu kimi, üç qitəyə (Avropa, Asiya, Afrika) gedən yolların Səudiyyə Ərəbistanında  qovuşması, okeana birbaşa çıxışı olması, ərazisində çox zəngin neft yataqlarının (ehtiyatlarına görə dünyada 1-ci) yerləşməsi ölkənin iqtisadi-coğrafi mövqeyini olduqca əlverişli edir. Səudiyyə Ərəbistanı şimaldan İraq, Küveyt, İordaniya, İsrail, cənubdan Yəmən, Oman, cənubi-şərqdən BƏƏ, qərbdən isə yalnız Misir ilə həmsərhəddir. Səudiyyə Ərəbistanının qərbində yerləşən Qırmızı dəniz vasitəsilə ölkə Cibuti, Sudan, Eritreya ilə həmsərhəddir. Dənizin ən böyük  hissəsi Səudiyyə Ərəbistanına düşür. Ölkənin şərqində Fars körfəzi yerləşir. Körfəz vasitəsilə onlar İran və Bəhreynlə həmsərhəddir. Ərəblər buradan hər il minlərlə ton neft çıxarırlar. Səudiyyə Ərəbistanı demək olar ki, Qırmızı dənizdə və Fars körfəzində Ərəbistan yarımadasının və bir neçə sahilboyu adanın 80 faiz  ərazisini tutur. Əhalisi 29  milyon nəfərə yaxındır. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar (99%) təşkil edir. Səudiyyə Ərəbistanında qeyri-müsəlmanlar azdır. Ciddə şəhərində kiçik qruplar şəklində iudaistlər, pravoslavlar (yunanlar), protestantlar (amerikanlar və ingilislər) və katoliklər (italyanlar və başqaları, ümumilikdə 13 min qeyri-müsəlman) yaşayırlar.

Səfər çərçəvəsində bir çox görüşlərin iştirakçısı olduq. Səudiyyə Ərəbistanının aparıcı televiziya kanalında, “Əl-Cəzirə” qəzetinin redaksiyasında, ən böyük dövlət informasiya agentliyi SPA-dasair, və ilaxır.

 

Kral Əbdüləziz adına Tarix Muzeyi Səudiyyə Ərəbistanının

keçmiş və müasir tarixinin aydın mənzərəsini yaradır

 

Səfər çərçivəsində Kral Əbdüləziz adına Tarix Muzeyində də olduq. Muzey  Səudiyyə Ərəbistanının tarixinin aydın mənzərəsini yaradır. Qeyd edək ki, 622-ci ildə Ərəb xilafəti yaradılıb. Xilafət Şimali Afrikanı, Mərkəzi Asiyanı, Şərqi Anadolunu, Qafqazı, Pireney yarımadasını tərkibinə qatıb, bu ərazilərdə İslam dinini yayıb. Ərəbistan ərazisi XVI əsrdən Osmanlı imperiyasının tərkibinə daxil olub. 1902-1913-cü illəri əhatə edən milli azadlıq mübarizəsi nəticəsində İbn Səud ərazini türklərdən azad edib. 1915-ci ildə Böyük Britaniya İbn Səudu Nəcdin və Hicazın kralı kimi tanıyıb.

Birinci Dünya müharibəsi başa çatdıqdan sonra indiki Səudiyyə Ərəbistanının ərazisində müstəqil HicazŞammar krallıqları, Nəcd Əmirliyi adlı dövlətlər mövcud idi. İngilislərin Ərəbistanda feodal dağınıqlığını qoruyub saxlamaq cəhdlərinə baxmayaraq, ölkədə birləşmə uğrunda hərəkat başlandı.

Nəcd əmiri Əbdül Əziz ibn Səud 1918-1921-ci illərdə Şammar krallığını tabeliyinə qatdıqdan sonra özünü Nəcd sultanı elan etdi. 1922-ci ildə İngiltərə Nəcdə qarşı mübarizəyə başladı. Bu mübarizədə ingilispərəst Hicaz kralı Hüseynin qüvvələrindən istifadə edilirdi. Lakin Hüseyn 1924-cü ildə məğlub edildi. Səud özünü həm də Hicaz kralı elan etdi. Həmin il Asir Əmirliyi də Səudun hakimiyyətinə tabe edildi. Yeni birləşmiş krallıq rəsmən 1927-ci ildə "Hicaz, Nəcd və birləşmiş vilayətlər krallığı" adlandırıldı. Böyük Britaniya yeni yaradılmış ərəb dövlətinin müstəqilliyini tanımalı oldu. 1938-ci ildə müəyyən hissəsi krallığın tərkibinə daxil olan İran körfəzində neft aşkar edildi, neft hasilatına başlandı. 30-cu illərdə ABŞ kapitalı Səudiyyə Ərəbistanı iqtisadiyyatına nüfuz etməyə başladı. ABŞ inhisarları ölkədəki zəngin neft ehtiyatlarını istismar etmək üçün Səudiyyə Ərəbistanından uzun müddətə konsessiya aldılar. Sonralar “ARAMKO” adlı beynəlxalq neft şirkəti təşkil olundu. Səudiyyə Ərəbistan İkinci Dünya müharibəsində bitərəfliyini qoruyub saxlamağı bacardı.

 

OPEK-in əsas üzvü olan bu ölkəni

neft səltənətinin kralı da adlandırmaq olar

 

İkinci Dünya müharibəsindən sonra Səudiyyə Ərəbistanının daxili və xarici siyasəti neft amili ilə müəyyən olunurdu. Bir neçə il ərzində vaxtilə yoxsul olan Krallıq duru yanacaq ixrac edən qüdrətli dövlətə çevrildi. Hələ müharibə illərində regiona maraq göstərən ABŞ müharibədən sonra da Səudiyyə Ərəbistanı ilə işgüzar əlaqələri genişləndirdi. Birləşmiş Ştatlar ölkənin mühüm strateji əhəmiyyətli rayonu olan Dahranda hərbi-hava bazası inşa etmiş, Böyük Britaniyanın müqavimətinə baxmayaraq, 1950-ci ildə uzunluğu 1720 km olan və ildə 15-20 milyon ton ötürücü transərəb neft kəmərinin çəkilməsinə nail olmuşdu. Amerika “ARAMKO” neft şirkətinin zəngin neft yataqlarını istismara verməsi nəticəsində Səudiyyə Ərəbistanı rekord nəticələr əldə etdi. Əgər 1944-cü ildə ölkədə 1 milyon ton neft hasil edilirdisə, 1967-ci ildə bu rəqəm 129,8 milyon tona çatdırıldı. Neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanı artıq 1966-cı ildə Yaxın Şərqdə birinci, bazar iqtisadiyyatı ölkələri arasında isə dördüncü yeri tuturdu. Misirə 1956-cı il təcavüzü zamanı Səudiyyə Ərabistanı “ARAMKO”-ya İngiltərə və Fransaya neft satmağı qadağan etdi və eyni zamanda onlarla diplomatik münasibətləri kəsdi. 60-cı illərin sonundan etibarən Səudiyyə Ərəbistanının xarici siyasəti ikili səciyyə daşıyırdı. Bir tərəfdən o, demokratik və milli-azadlıq hərəkatlarına (xüsusilə Ərəbistan yarımadasında) qarşı çıxır, Yaxın və Orta Şərqdə, Afrikada mühafizəkar rejimləri müdafiə edir, inkişaf etmiş ölkələr ilə iqtisadi və siyasi əlaqələri genişləndirmək xətti yeridir, digər tərəfdən, ərəb ölkələrinə qarşı İsrailin təcavüzünü pisləyir və bu işğaldan ziyan çəkmiş ərəb ölkələrinə maddi yardım göstərirdi. Ərəb ölkələrinin 1974-cü ildə Rabatda keçirilmiş konfransında Səudiyyə Ərəbistanı Fələstin Azadlıq Təşkilatını Fələstin ərəb xalqının yeganə qanuni nümayəndəsi kimi tanımışdı. Səudiyyə Ərəbistanı İsrail ilə Misir arasında birtərəfli Kemp-Devid sövdələşməsini pisləmişdi. 70-ci illərdə dünya bazarında neftin qiymətinin artması neft ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının gəlirini on dəfələrlə artırdı. Səudiyyə Ərəbistanı dünyanın inkişaf etməkdə olan ölkələrinin liderinə çevrildi.

Bu gün də Səudiyyə Ərəbistanının iqtisadiyyatı əsasən neft gəlirlərinə söykənir. Bu ölkə dünyada neft ixracına görə birinci yeri tuturOPEC-in aparıcı üzvüdür. Neft gəlirləri ölkə büdcəsinin 75 faizini, ümumidaxili məhsulun 45 faiziniümumi ixracın 90 faizini  təşkil edir. Səudiyyə Ərəbistanı vətəndaşlarının məşğulluğunun artırılması məqsədilə özəl sektorun inkişafına xüsusi diqqət ayırır. Ölkəmizlə Səudiyyə Ərəbistanı Krallığı arasında  əlaqələrin çoxşaxəliliyinin təmin olunması üçün bütün imkanlar mövcuddur. Azərbaycan da tarixən neft ölkəsi kimi tanınıb. Ölkəmizin malik olduğu enerji resurslarından səmərli istifadəsi iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsini şərtləndirir. Xarici siyasətdə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin yüksək səviyyədə olması səfər çərçivəsində keçirilən görüşlərdən, söylənilən fikirlərdən daha aydın şəkildə görünürdü. Bir daha əmin olduq ki, iki dost ölkəni daha da yaxınlaşdıran  dəyərlərimiz mövcuddur.

 

Tarixin dili ilə «danışan» müasir Səudiyyə

 

Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, müxtəlif mədəniyyət mərkəzləri ilə tanışlıq da geniş yer almışdı. Səfərin məqsəd və məramını nəzərə alıb ilk olaraq Səudiyyə Ərəbistanında informasiya resurslarının inkişafına verilən önəmi xüsusi qeyd etmək istərdim. Fevarlın 2-də  Ər-Riyadda  Səudiyyə Xəbər Agentliyinin (SPA)  baş ofisində olduq. Görüş zamanı Səudiyyə  Xəbər Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn agentliyin  ölkənin  informasiya siyasətindəki rolundan, inkişafından bəhs etdi.  Tanışlıq zamanı Xəbər Agentliyində  informasiyaların  hazırlanması və yayılması prosesini izlədik,  fikir mübadiləsi apardıq,  bizim üçün yeni olan təcrübə ilə tanış olduq. Azərbaycanla Səudiyyə Ərəbistanının  media qurumları arasında əlaqələrin daha da  genişləndirilməsi üçün görüləcək işlərin istiqamətlərinə  diqqət yönəldildi.  Agentliyin çoxsaylı ölkələrlə  informasiya mübadiləsi imkanlarının mövcudluğundan bəhs olundu.  Səfərin bu ölkənin  mətbu orqanlarında geniş şərh olunması, yüksək dəyərləndirilməsi  əlaqələrin  inkişafında tərəflərin nə qədər maraqlı olduğunu nümayiş etdirdi. Səudiyyəli jurnalist həmkarlarımızın Azərbaycan haqqında dolğun məlumatlara malik olduqları istər  dərc olunan materiallardan, istərsə də tanışlıq zamanı səsləndirilən  fikirlərdən  aydın oldu.

Vurğulandı ki, media bu əlaqələrdə körpü rolunu daha da zənginləşdirmək  imkanındadır. Məlum olduğu kimi, ötən ilin noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, AsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyindən AZƏRTAC-a keçdi. AZƏRTAC  2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edir. Bu faktın özü media sahəsində əlaqələrimizin inkişafına aydınlıq gətirən bir işıqdır.

«Əl-Cəzirə» qəzetinin redaksiyası ilə tanışlıq bizdə xoş təəssürat yaratdı. Dünyanın informasiya aləmində  tanınan, ölkənin ən aparıcı qəzetlərindən olan «Əl-Cəzirə» Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla geniş müsahibəni dərc edib. Prezident Administrasiyası rəsmisinin  «Əl-İxbariyyə» televiziyasına  müsahibəsində də Azərbayanla dost, qardaş ölkə olan Səudiyyə Ərəbistanı arasında əlaqələrin müxtəlif istiqamətlərlə inkişafı geniş işıqlandırıldı. Ən əsası bir faktı qeyd etmək kifayətdir ki,  Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın müstəqiliyini tanıyan ilk  ölkələrdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Səfər çərçivəsində hörmətli Əli Həsənovun Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşü iki ölkə arasında əlaqələrin bugünkü səviyyəsinə bir daha işıq saldı. Müsahibədə iki ölkənin bugünkü nüfuzuna, imkanlarına bir daha diqqət yönəldilərək bildirilir ki,  Səudiyyə Ərəbistanı Krallığı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və İslam aləminin nüfuzlu ölkərindən biridir.  25 ililk müstəqillik tarixinə malik olan Azərbaycan bu dövr ərzində uğurlu daxilixarici siyasəti nəticəsində  Cənubi Qafqaz regionunun siyasi, iqtisadi  humanitar mərkəzi,  bölgənin lider  dövləti statusuna yüksəlib. Bu baxımdan ölkələrimiz arasında  əlaqələrin daha da möhkəmləndirilməsi  üçün böyük imkanlar mövcuddur.

 

İslam həmrəyliyi bu günümüzün əsas çağırışlarındandır

 

Səfərimiz bu baxımdan da xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə  2017-ci ilin ölkəmizdə «İslam Həmrəyliyi ili» elan edilməsi də Azərbaycanın tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyət və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməsindən irəli gəlir. O da məlumdur ki, bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Xatırladaq ki, I İslam Oyunları Səudiyyə Ərəbistanında keçirilmişdir. 2005-ci il aprelin 8-20-də Məkkə, Mədinə və Ciddə şəhərlərində təşkil olunmuş yarışlarda Azərbaycan yığması 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunmuşdur. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr arasında 8-ci pillədə qərarlaşmışdır.

Dövlətimizin  başçısı möhtərəm İlham Əliyev IV İslam Həmrəyliyi  Oyunlarının xalqlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində çox əhəmiyyətli addım olacağını bildirir: «Əminəm ki, Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıqdostluq Oyunları olacaqdır.» Prezident İlham Əliyev eyni zamanda bu reallığı da diqqətə çatdırır: «Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdirfaşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.»

 

İnformasiya bolluğu, mədəniyyətlərin

yaxınlaşması ölkələr arasında körpüdür

 

Səfər zamanı keçirilən hər bir görüş öz mahiyyəti baxımından önəmli və maraqlı idi. Bu sıradan  Mədəniyyət və İnformasiya Nazirliyində keçirilən görüşü xüsusi qeyd etmək istərdim. Səfər proqramının zənginliyində,  maraqlı görüşlərin və tanışlıqların  təşkilində bu qurumun   əməyini xüsusi qeyd etməliyik. Nazirliyin yerinə yetirdiyi funksiya müzakirə olunan məsələlərə aydınlıq gətirir. Görüş zamanı iki ölkə arasında  əlaqələrin daha da inkişafı üçün görüləcək işlər barədə geniş fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi. Medianın bu əlaqələrin inkişafında oynadığı körpü rolu bir daha açıqlandı.

Diplomatik İnstitutda keçirilən  görüşolduqca maraqlıməqamlarla yadda qaldı. İnstitutda ayrı-ayrı dövlətlər üzrə ixtisaslaşdırılmış ekspertlər konkret araşdırmalar aparır, həmin dövlətlərlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafına öz töhfələrini verirlər. Azərbaycan haqqında da dolğun məlumatların əldə olunması, araşdırmaların zənginliyi əlaqələrimizin inkişafında mühüm rol oynayan amillərdəndir. Bu mərkəzdə  müsəlman dünyasının  problemlərin, gələcək perspektivlərinin müzakirə olunması, təkliflər irəli sürülməsi  məmnunluq doğurdu.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov «Əl-Cəzirə» qəzetinin baş redaktoru Xalid əl- Maliki ilə görüşündə  Azərbaycanın dünyada islam həmrəyliyinin möhkəmləndirilməsində  rolu ilə bağlı suala cavabında bu məqamı  xüsusi qeyd edib ki,  Azərbaycan həm də müsəlman ölkələrinin media ictimaiyyəti arasında əlaqələrin  möhkəmləndirilməsi  istiqamətində  məqsədyönlü addımlar atır və səmərəli təkliflərlə çıxış edir.  2016-cı ilin  oktyabrında  Bakıda İslam  Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib. Bu təşəbbüs reallığa çevrilərək müsəlman ölkələrinin media nümayəndələri arasında əlaqələrin möhkəmlənməsinə, onların İslam dünyasının ortaq maraqlarının müdafiəsi üçün səfərbər olunmasına böyük töhfə verəcək.

 

Müqəddəs Məkkə və Mədinəyə doğru...

 

Səfərin sonuna doğru irəlilədiyimiz günlərdə Ciddə, oradan isə müqəddəs  Məkkə və Mədinə şəhərlərinə yola düşdük. Ən maraqlı və yaddaqalan anlardan olan Məkkə və Mədinəyə səfərimiz və müqəddəs ocaqları ziyarətimiz oldu. Başa çatan hər səfər növbəti  görüşlərin başlanğıcıdır, deyiblər.

İnanıram ki, müqəddəs torpaqlara qısamüddətli səfərimiz hər birimizdə xoş təəssürat yaratmaqla müsəlman ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti barədə deyilənləri təsdiqlədi. İslamın mənəvi dünyamıza bəxş etdiyi zənginliklərlə  daha yaxından tanış olmaq   üçün yaradılan imkan üçün dövlətimizə və bu səfərin təşəbbüskarlarına və təşkilatçılarına minnətdarıq. Səfərdə olarkən yerli həmkarlarımızın  Azərbaycanda  keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı suallarını cavablandırarkən dünyada qüdrətli ölkə kimi tanınan respublikamızda  idmanın inkişafı ilə bağlı aparılan siyasət barədə söylədikləri fikirləri bir daha təkrarlamaq istəyirəm: Azərbaycanda  gördükləriniz sizi təəccübləndirəcək. Bir daha inanacaqsınız ki, Şərq ilə Qərb arasında körpü olan Azərbaycan İslam dəyərləri ilə bəşəri zənginliklərin vəhdətində müasirləşən Odlar Yurdu, Xəzərin mavi incisidir.

 

Görüşənədək, Səudiyyə Ərəbistanı!

 

Səfər proqramı çərçivəsində keçirdiyimiz maraqlı görüşləri bir qəzet yazısına sığışdırmaq çox çətindir. Çətin olsa da, səfərimiz haqqında qısa təəsüratımızı sizinlə bölüşdük.

Maraqlı xatirələrlə zəngin olan səfərimizdə bizimlə  həmsöhbət olanlara «əlvida» deyil, «görüşənədək» söyləyərək doğma Azərbaycana üz tuturuq. Təyyarəmiz paytaxtımız üzərində dövrə vuranda ürəyimizdə doğma hiss yarandı. Bir daha əmin olduq ki, gəzmək nə qədər maraqlı olsa da, Vətənə məhəbbət bütün duyğuları üstələyir.

 

Vüqar Rəhimzadə,

Bakı-Ər-Riyad-Ciddə-Bakı

 

İki sahil.- 2017.- 18 fevral.- S.12-13.