Bəhruz Quliyev: Azərbaycan
dünyanın
ən qabaqcıl,
müasir ölkələrindən biridir
“Səs” Media Qrupunun rəhbəri,
fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz
Quliyevin “İki sahil” qəzetinə müsahibəsi
- Bəhruz müəllim,
bu il ölkəmizdə
keçiriləcək İslam Həmrəyliyi
Oyunlarının əhəmiyyəti barədə nə deyə
bilərsiniz?
-Bu ilin “İslam Həmrəyliyi ili” elan olunması heç də təsadüfi deyil. Bilirsiniz ki, 2014-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının baş Assambleyasının toplantısında növbəti Oyunların 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar verilib. Məhz ictimai fikri İslam Həmrəyliyi Oyunlarına yönəltmək, eyni zamanda, dövlət qurumlarının Oyunlara diqqətini artırmaq məqsədi ilə Prezident İlham Əliyevin xüsusi Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olundu. Artıq Sərəncama uyğun olaraq müxtəlif konfranslar, tədbirlər, layihələr həyata keçirilir. Onu da qeyd edim ki, beynəlxalq yarışlar təkcə idman yarışı olaraq səciyyələndirilməməli, bu, həm də ölkəmizin nüfuzu, apardığı uğurlu xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Necə ki, bizim idmançılar beynəlxalq səviyyəli yarışlarda ölkəmizi, bayrağımızı təmsil edirlər, eləcə də bura gələn hər bir ölkənin nümayəndəsi ölkəsini təmsil edəcək və eyni zamanda Azərbaycanla tanış olacaq. Elə nüfuzlu mədəni, idman yarışları var ki, onlara qarşı xüsusi diqqət var. Həmin yarışların keçirildiyi ərəfədə bütün beynəlxalq ictimaiyyətin diqqəti ora yönəlir. Hesab edirəm ki, Azərbaycan dünyadakı yerindən və rolundan istifadə edərək bu cür yarışların ölkəmizdə keçirilməsini təmin edir, özünün beynəlxalq imicini daha da artırır. Mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ilə tanınan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında da özünün turizm potensialını, mədəni dəyərlərini və tarixini nümayiş etdirəcək. İslam Həmrəyliyi Oyunlarının Əməliyyat komitəsinin məlumatında qeyd olunur ki, hazırda 53 ölkə Oyunlara qatılması ilə bağlı rəsmi qeydiyyatdan keçib və ümumilikdə 20 idman növündə 24 kateqoriya üzrə yarışlar təşkil olunacaq. Yarışlarda 3000-3500 atletin iştirakı gözlənilir. Oyunların tarixində heç bir zaman bu qədər iştirakçı ölkə olmayıb. Bu rəqəmlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan tam təhlükəsiz ölkədir və üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Keçirilən hər yarışdan sonra Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını müşahidə edirik. İnanıram ki, növbəti beynəlxalq yarışdan sonra da Azərbaycan bir daha dünyaya birlik, sülh, hörmət və mükəmməllik ideyalarını özündə əks etdirən həmrəylik mesajını çatdırmış olacaq.
- Qeyd etdiniz ki, İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün 53 ölkə artıq qeydiyyatdan keçib. Oyunların tarixində ilk belə göstəricidir. Sizcə bu qədər ölkənin müraciət etməsi Azərbaycana olan marağın təzahürü deyilmi?
-Bəli, bu, sözügedən Oyunların tarixində ilk belə göstəricidir. Birinci, ikinci, üçüncü İslam Həmrəyliyi Oyunlarında bu səviyyədə iştirak qeydə alınmayıb. İkinci Oyunlar, ümumiyyətlə, baş tutmayıb. 2009-cu ildə İranda nəzərdə tutulan Oyunlar Körfəz ölkələrinin arasındakı çəkişmələrdən dolayı reallaşmadı. Bu gün isə dünyada gedən proseslərə nəzər salsaq görərik ki, Azərbaycan sabit, sakit ölkə kimi analiz edilir. Bir sıra ölkələrdə terror hadisələri, siyasi kataklizmlər, iqtisadi böhran, o cümlədən müxtəlif problemlər yaşandığı halda, Azərbaycanda mövcud vəziyyət olduqca yüksək dəyərləndirilir. Digər başlıca səbəblərdən biri də Azərbaycanın bütün İslam ölkələri ilə əməkdaşlıqlarının dostluq münasibətinə çevrilməsidir. Məhz bütün bunların nəticəsidir ki, xüsusilə son illərdə ölkəmizə artan marağı görməkdəyik. Ona görə də bir sıra ölkələr İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini alqışlayır və burada iştirak edəcəkləri üçün sevinclərini ifadə edirlər. Bunun başlıca səbəblərindən biri də bütün dövlətlərlə olan balanslı siyasətdir. Əminliklə deyə bilərik ki, hazırkı vəziyyət bundan sonrakı illərdə də davam edəcək, ölkəmiz daim inkişaf meyarını, sabitliyi hədəf götürərək bir çox ölkələrə nümunə olacaq.
- İslam
ölkələri ilə qurulan bu dostluq münasibətlərindən
çıxış etsək deyə bilərikmi bu, münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həllinə
öz töhfəsini verəcək?
-Ümumiyyətlə, hər idman yarışının kökündə bir siyasət dayanır. Bütün tədbirlərin görünən və görünməyən tərəfləri olur. Belə ki, mötəbər beynəlxalq idman yarışları bir tərəfdən ölkəyə turist axınını artırırsa, digər tərəfdən Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaqda bizə kömək edir. Bu mənada İslam Həmrəyliyi Oyunları Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının geniş ictimaiyyətə çatdırlması imkanı yaradacaq. Təbii ki, açılış mərasimində iştirak edəcək İslam dünyasının təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fikirlərini bölüşəcəklər, bu yöndə öz mövqelərini ifadə edəcəklər. Təbii ki, ölkəmizə ayaq basan hər bir qonaq Azərbaycan həqiqətləri ilə yaxından tanış olacaq və bunu öz ölkəsində təbliğ edəcək. Onu da qeyd edim ki, bəzi İslam ölkələri var ki, Ermənistanın işğalçılıq siyasətinə etiraz olaraq düşmən ölkə ilə istər siyasi, istərsə də iqtisadi, mədəni əlaqələri dayandırıb. Bu ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla həmrəy olduğunu göstərərək Ermənistanı bir dövlət olaraq tanımır və onunla heç bir diplomatik əlaqə qurmur. Dəfələrlə bildiriblər ki, zəbt olunmuş torpaqlar azad edilməyənə qədər ermənilərlə əlaqələr bərpa olunmayacaq. Çünki Səudiyyə Ərəbistanı müsəlman həmrəyliyi prinsiplərindən çıxış edir və müsəlman ərazilərini işğal edənlərlə əlaqələr qura bilməz. Bu nümunə onu deməyə əsas verir ki, İslam ölkələri həmrəylik nümayiş etdirərək düşmənlərə qarşı birlikdə addım atacaq. Əgər səhv mövqedə olanlar varsa da, həmin ölkələr də öz siyasətlərində gec-tez korrektə edəcəklər.
- Səudiyyə
Ərəbistanından söz
düşmüşkən, ötən həftə Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi
Əli Həsənovun rəhbərliyi ilə bir
qrup media nümayəndəsi
Səudiyyə Ərəbistanı Krallığına səfər
etdi.
Onların arasında siz də var idiniz. İstərdik, səfərlə
bağlı təəssüratlarınızı
bölüşəsiniz.
-Dövlətlərarası münasibətlərin yaxınlaşması məqsədi ilə müxtəlif dövrlərdə dövlət rəsmiləri, ictimai institutların nümayəndələri xarici ölkələrdə səfərdə olurlar. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin yenidən gündəmə gəlməsinə zəmin yaratdı. Həmçinin münasibətlərimizin inkişafına yeni töhfə oldu. Əli Həsənov Krallığın aparıcı simaları ilə görüşlərin hər birində Azərbaycan reallıqlarını diqqətə çatdırdı. O, Səudiyyə Ərəbistanının yerli mətbuatına bir neçə müsahibələr verdi. Müsahibələrində Azərbaycanın bugünkü inkişafı, gələcək planları haqqında fikirlərini qeyd etdi. Səfər çərçivəsində biz də media nümayəndələri olaraq öz növbəmizdə dövlət rəsmiləri ilə görüşlər keçirdik, müxtəlif diskussiyalar apardıq. Ən yaddaqalan görüşlərimizdən biri Diplomatik Akademiyada analitika ilə məşğul olan bir qrup alimlə görüşümüz oldu. Biz dünyada və İslam aləmində baş verən prosesləri nəzərdən keçirdik, dövlətlərarası münasibətlərə dair fikirlərimizi bölüşdük. Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə yanaşı, mən də onların nəzərinə çatdırdıq ki, Azərbaycanın bir marağı var, o da İslam dinini dünyaya dostluq, qardaşlıq, sülh dini kimi göstərməkdir. Qeyd etdik ki, bu gün müsəlman ölkələrini qarşı-qarşıya qoyan məzhəb ayrı-seçkiliyi Azərbaycanda yoxdur, bütün dinlərə, məzhəblərə eyni baxış, eyni yanaşma mövcuddur. Nümunə olaraq 2016-cı ildə ölkəmizdə vəhdət namazının qılındığını göstərdik. İslamofobiyanı dağıtmaq üçün İslam dünyasının birləşməyə ehtiyac olduğuna diqqəti çəkdik. Ərəblər bunu heyrətlə qarşıladılar və həqiqətən də Azərbaycanın İslam dünyası üçün gördüyü işləri müsbət qiymətləndirdilər. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini alqışladılar. Onlar bizim dini baxışlarımızı sözün əsl mənasında təqdir etdilər.
- Səfər
çərçivəsində müqəddəs məkanlar
Məkkə və Mədinəni ziyarət etmisiniz.
Maraqlıdır hansı hissləri keçirdiniz?
-Səfər proqramına uyğun olaraq biz Ümrə ziyarəti etdik. Kəbə evini ziyarət etdiyim anlar deyərdim ki, həyatımın ən şirin xatirəsinə çevrildi. Hər zaman mənim üçün maraq kəsb edən Qurani-Kərim kitabının nəşr olunma prosesini izlədim. Belə ki, media nümayəndələri ilə birlikdə Mədinə şəhərində Qurani-Kərim kitabının nəşr olunduğu məkana getdik və prosesi yaxından izlədik. Məlum oldu ki, müqəddəs kitabımız dünyaya Mədinədən yayımlanır. İki minə yaxın işçi qüvvəsi olan nəşriyyat evi hər il müxtəlif dillərdə 12 milyon Qurani-Kərim kitabı çap etdirərək xarici ölkələrə yayır. Sevindirici haldır ki, orada Azərbaycan dilində də Qurani-Kərim çap olunur. Səfərlə bağlı xatirələr olduqca çoxluq təşkil edir. İnanıram ki, bu şirin xatirələr daim qəlbimdə yaşayacaq.
- Siz
bir sıra media orqanlarının
işini də yaxından izlədiniz,
müxtəlif qəzetlərin, saytların ofislərində oldunuz. Azərbaycan mediası ilə Səudiyyə
mediasının fərqli cəhətlərini nədə gördünüz?
-Səudiyyə Ərəbistanına səfər etməzdən əvvəl o ölkəni çox zəngin, amma buna baxmayaraq çox geridə qalmış ölkə kimi xarakterizə edirdim. Yəni, müasirlikdən geri qalan ölkə kimi fikrimdə canlandırırdım. Lakin səfər fikirlərimi tamamilə alt-üst etdi. Əslində kənardan fərqli görünən ölkədə inkişaf tempi olduqca yüksəkdir. Gündəlik 100 min tirajla çıxan “Əl Cəzirə” qəzetinin redaksiyasında olarkən fikirlərimdə düzəliş etməyə bilməzdim. Gün ərzində iki dəfə çıxan qəzetin özünün çap mətbəəsi var idi ki, orada qəzet çapı üçün hər cür yüksək şərait yaradılmışdı. Hiss elədim ki, Səudiyyə Ərəbistanı heç də müasirlikdən geri qalmayıb. Artıq Səudiyyə Ərəbistanının adı çəkiləndə fikrimdə müasir, inkişaf etmiş, zəngin, mədəni ölkə canlanır.
-
Maraqlıdır qürbət eldən baxanda
Azərbaycan necə görünürdü?
Darıxırdınızmı Vətən üçün?
-Deyərdim ki, siz bütün səfərlərimdən sonra gəldiyim qənaətə toxundunuz. Harada olmağımdan asılı olmayaraq Azərbayacanım üçün darıxıram. “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” misalını xatırlayıram. Gəzmək, görmək, başqa ölkələrlə tanış olmaq çox yaxşı haldır, amma Vətən elə Vətəndir. Əksər Avropa, Amerika, Şərq dövlətlərindən səfərdən qayıdan zaman gəldiyim qənaət o olub ki, Azərbaycan dünyanın ən qabaqcıl, müasir ölkələrindən biridir, insanları mənəvi baxımdan gözəl olmaqla yanaşı, əsrarəngizliyi ilə göz oxşayır. Qürbətdə olarkən Azərbaycanı nə qədər çox sevdiyini, ona nə qədər bağlı olduğunu anlayırsan. Vətənimin hər qarış torpağı canımız, qanımız qədər əzizdir.
Şəmsiyyə
Əliqızı,
İntizarə Məmmədova
İki sahil.- 2017.- 18 fevral.- S.20.