Terror qurbanlarının
xatirəsi yad edildi
Milliyyəti, vətəni, əqidəsi
olmayan, adı belə insanları dəhşətə salan,
damarlardakı qanı donduran, milli mənsubiyyəti bilinməyən,
ölüm qoxulu əməlləri ilə dünya ictimaiyyətini
narahat edən terror hadisələri ümumbəşəri bəla
kimi ölkələri dolanmaqdadır.
Dünyanın
müxtəlif ölkələrində baş verən
qanlı hadisələr də göstərir ki, terror
aktları beynəlxalq, regional sabitliyə ən böyük təhlükədir.
2001-ci ildə Amerikada qoşa göydələnlərin
dağıdılmasından sonra ABŞ-ın yaratdığı
beynəlxalq antiterror koalisiyasına qoşulan və illərdən
bəri ermənilərin hərbi, ekoloji, mədəni və mənəvi
terrorundan əziyyət çəkən Azərbaycan milliyyəti,
vətəni olmayan terrorçulara qarşı mübarizədə
səyini əsirgəmir.
Artıq
müasir texnologiyalardan belə
istifadə etməklə törədilən terror elə qorxulu kabusdur ki, onun dəhşətlərinin
yalnız bütün xalqların gücündən, qüvvəsindən
istifadə etməklə aradan qaldırılması
mümkündür. Son illərdə dünyada baş verən
qətliamlar göstərir ki, ən qüdrətli dövlət
də nə qədər
güclü müdafiə olunsa belə terrora qarşı təkbaşına
mübarizə apara bilməz.
Bütün
dünya xalqlarını düşündürən və
çox mühüm məsələyə həsr olunan milli,
fiziki, nüvə təhlükəsizliyinin möhkəmlənməsi
sahəsində beynəlxalq əməkdaşlığın
gücləndirilməsi üçün səylərin
artırılması, uzunmüddətli və səmərəli
əməkdaşlıq məsələlərində daha
ciddi addımların atılması kimi prioritetlərin diqqətə
çatdırıldığı məqamlarda
vurğulanır ki, planetdə sülhün bərqərar
olunması, silahlar üçün ayrılan vəsaitin
insanların rahat, əmin- amanlıq şəraitində
yaşamasına sərf edilməsi terrorizmə qarşı
mübarizənin başlıca amilidir.
Türkiyədə,
İraqda, Suriyada, Fələstində, Əfqanıstanda...
baş verən terror hadisələri, dinc əhaliyə,
güc strukturlarına qarşı yönələn
hücumlar çox saylı kütləvi insan tələfatları
kənd və şəhərlərin dağılması ilə
nəticələnən terrorların hədəfləri,
maraqları qarşılarına qoyduqları məqsədlərinə
çatmaq üçün dinc əhalini qorxu altında
saxlamaqdır. Kütləvi qırğınlar törətməkdən
belə çəkinməyən terrorizmə qarşı
mübarizə məqsədilə yaradılan beynəlxalq
koalisiyanın səylərinə baxmayaraq “çiçəklənən”
bu bəşəri bəla hər gün qanlı əməliyyatlara
imza atır. Terrorizmin qarşısının
alınmasında əməkdaşlığın gücləndirilməsi
ilə bağlı beynəlxalq konfranslar təşkil olunsa
da sərhəd tanımayan, bəşəriyyət
üçün ən böyük təhlükə olan
terrorun qan-qada nəfəsli
güllə səsləri susmaq bilmir
30 aprel
2009-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində (keçmiş Azərbaycan Dövlət Neft
Akademiyasında) törədilən, 13 nəfərin
ölümü , xeyli tələbənin yaralanması ilə
nəticələnən terror dünyada törədilən
qanlı hadisələrin siyahısına daxil edilib.
Azərbaycan
xalqını sarsıdan, nifrətlə
qarşılanan bu hadisədə dünyasını dəyişmiş
müəllim və tələbələrin xatirəsi
universitetin kollektivi tərəfindən qeyd olunur.
Universitetin
foyesində düzəldilmiş barelyefin
açılış mərasimində çıxış
edənlər bildirdilər ki, hadisə zamanı həlak
olanların xatirəsinin əbədiləşdirilməsi bəşəri
bəla olan terrora qarşı ən təsirli mübarizə
üsuludur.
Universitetin
rektoru , professor Mustafa Babanlı 8 il bundan əvvəl namərd
gülləsinin qurbanı olan universitetin müəllim və
tələbələrinin xatirəsinin daim əziz
tutulduğunu bildirdi:
- Sabitlik
və sülhün tərəfdarı olan xalqların
qardaşlıq, dostluq şəraitində yaşaması
üçün aparılan bütün danışıqlarda
sülhsevər siyasəti, diplomatik səyləri ilə diqqət
çəkən, terror cəhdlərinə qarşı
mübarizədə fərqlənən Azərbaycan tolerant
ölkə olduğunu siyasətinə sadiqliyi ilə təsdiqləyib.
Milliyyətindən asılı olmayaraq insanlığa, bəşəriyyətə
yönəlmiş cinayət olan belə aktlara qarşı
beynəlxalq səviyyədə aparılan mübarizədə
fərqlənən Azərbaycan erməni terrorundan əziyyət
çəkən ölkə olmaqla beynəlxalq koalisiyanın
üzvü kimi də səylərini əsirgəmir. Çox
təəssüf ki, qanlı əllər
universitetimizdən də yan keçməmişdir. 30 apreldə
terrorçunun gülləsi ilə susdurulan müəllimlərimizin,
tələbələrimizin ruhuna hörmət olaraq bu təşəbbüsu
həyata keçirdik. Bununla da onları daim öz
sıralarımızda hiss etdiyimizi bildirdik. Həlak
olanların əksəriyyəti gənclər olduğu
üçün bu, ölkə gənclərinin terrora
qarşı mübarizədə fəallığını
artıran, qüvvələrini səfərbər edən bir
addımdır. Hər gün bu barelyefin qarşısından
keçən tələbələr Vətənə layiq
övlad kimi yetişməklə daim gənc qalacaq terror
qurbanlarının xatirəsinə ehtiramlarını yüksək təhsilləri ilə
bildirməlidirlər.
Barelyefin
hazırlanmasında əməyi olan Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı,
tanınmış heykəltaraş Ömər Eldarova, onun
yetirməsi Nurəli Şahbazova barelyefin ideya müəllifi
kimi minnətdarlığını bildirən Mustafa
Babanlı çəkilən zəhməti terror
qurbanlarının xatirəsinə ən böyük ehtiram
adlandırdı.
“Təbiətdə
rast gəldiyimiz zəhərli varlıqlar arasında
toxunulmadıqda belə ziyan verən
yeganə əqrəbdir ki, rast gəldiyi bütün
canlılara zərər verir, sancır” söyləyən
Ömər Eldarov bildirdi ki, barelyefdə terrorçunu məhz
əqrəbin simvolunda verməkdə
niyyətləri dinc əhaliyə qarşı amansız vəhşiliklər
törədən terror təşkilatlarının ümumi
obrazını ifadə etməkdir:
-Universitetin
rektorluğu ilə apardığımız məsləhətləşmələrdən
sonra belə qərara gəldik ki, həlak olanları
qızılgül, terrorçunu isə əqrəbin
simasında çatdırmaq
daha məqsədəuyğundur. Pannoda yer alan qəmli
qızılgüllərin qöncə və ya tam
açılmış halda göstərilməsi isə həlak
olanların yaşlarına uyğun ifadəli təsvirdir.
Mustafa müəllimin barelyefin hazırlanmasında çəkdiyi
zəhməti onun pedaqoq kimi tələbələrə
ehtiramı, vətəndaşlıq borcu
adlandırardım.
Milli Məclisin
deputatı, YAP Siyasi Şurasının üzvü,
partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət
İbrahimqızı bu təşəbbüsü terrora
qarşı mübarizədə ən təsirli vasitə adlandırdı:
- Səbəblərindən,
kimə qarşı törədilməsindən asılı
olmayaraq terror təşkilatları arasında fərq
qoyulmamalıdır. Harada baş verməsindən asılı
olmayaraq sonda həyatını itirən insanlar,
dağılan, xaraba qoyulan şəhərlər,
öldürülənlər gələcəyimizi etibar edəcəyimiz
uşaqlar, gənclərdir. Qanlı hadisələrin
separatçılıq halları ilə müşayiət
olunması isə daha böyük fəlakətlər törədir.
Kütləvi qırğınlarla,
soydaşlarımızın qətli ilə nəticələnən
belə dəhşətlərin şahidi olan Azərbaycan illərdən
bəridir ki, terrorun, separatçılığın
ağrı-acısını yaşayır. 30 aprel hadisələri
də Azərbaycan xalqının xatirəsində daim
yaşayacaq, terror qurbanları yad olunacaq. Deyildiyi kimi, həlak
olanların hamısı universitetin sayılıb seçilən
tələbələri, müəllimləri idi. Namərd
gülləsinə qurban getməsəydilər bu gün onlar
da həmkarları kimi, ölkə iqtisadiyyatının
inkişafında əsl vətəndaş kimi fədakarlıq
göstərəcək, Vətənə layiq
olduqlarını xidmətləri ilə bildirəcəkdilər.
Çox təəssüf ki, bu günü yaşamaq onlara nəsib
olmadı. İnanıram ki, universitetin tələbələri
gələcək işləri ilə həlak olanların
arzularını da yaşadacaqlar. Universitet rəhbərliyinin
bu təşəbbüsünü bütünlükdə
terrora məruz qalmış bütün
soydaşlarımızın xatirə simvolu
adlandırardım.
Milli Məclisin
deputatı, YAP Xətai rayon təşkilatının sədri,
ADNSU-nun professoru Hüseynbala Mirələmov
çıxış edərək 30 aprel terror
qurbanlarının xatirəsinin əbədiləşdirilməsini
təqdirəlayiq hal adlandırdı:
- Bəşəriyyətin üzləşdiyi terrorizm o qədər nəhəngdir ki, heç bir ölkə bu bəlaya qarşı təkbaşına mübarizə apara bilməz. Terrorizm əleyhinə mübarizədə öz sözünü deyən ölkəmizdə Vətən yolunda şəhid olanlara, terror qurbanlarına hörmət və ehtiram dövlət siyasətinin əsasını təşkil edir. Universitetdə təşkil olunan bu mərasim, hazırlanan barelyef bu siyasətə uyğun həyata keçirilən tədbir, ən xeyirxah təşəbbüsdür.
Terror
qurbanlarının valideynləri də çıxış
edərək dünyadan vaxtsız köçmüş
övladlarının xatirəsinin əbədiləşdirilməsinin
rəmzi olan barelyefin hazırlanmasında əməyi olan hər
kəsə- universitetin rektorluğuna, müəlliflərə
minətdarlıqlarını bildirdilər.
Xuraman
İsmayılqızı
İki sahil.- 2017.- 21 fevral.- S.20.