Ölkəmizə turist
axını güclənəcək
Zəngin maddi-mənəvi irsi,
füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi
ilə dillər əzbəri olan Azərbaycan ta qədimlərdən əcnəbilərin diqqətini
çəkmiş, məşhur səyyahlar, təbabət alimləri, nüfuzlu
tacirlər, diplomatlar “Odlar Yurdu”
haqqında ürəkgenişliyi ilə bəhs etmişlər.
Son on
dörd ildə turizm sektoruna göstərilən böyük
dövlət dəstəyi, infrastrukturun təkmilləşdirilməsi,
regionlarda dünya standartlarına cavab verən mehmanxana və
otellərin, sağlamlıq və idman mərkəzlərinin
tikilməsi bu sahənin rəqabət imkanlarını daha da
artırıb. Biznes, istirahət, sağlamlıq, idman turizmini
inkişaf etdirmək üçün böyük layihələrin
həyata keçirilməsi, beynəlxalq sərgilərin təşkil
olunması ölkəmizin turizm potensialının təbliğ
və təşviqinə yeni töhfələr verir.
Prezident İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi, respublikamızın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi, turizmin inkişafına yönəlmiş Dövlət Proqramının həyata keçirilməsi də bu sahənin inkişaf etdirilməsinin ölkəmiz üçün prioritet olduğunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı turizmin inkişaf etdirilməsinə dövlət qayğısının bariz nümunəsidir
Dövlət başçısının imzaladığı sənəddən aydın olur ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını təmin etməlidirlər. Bundan sonra xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanması və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin əks etdirilməsi təmin ediləcək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə qarşılıqlı fəaliyyət göstərərək əlaqələndirmə işləri daha da təkmilləşdiriləcək. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bilavasitə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində əldə edilməsinə şərait yaratmaq məqsədi ilə bütün buraxılış məntəqələrində “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılması qısa müddətdə təmin ediləcək. Respublikamızın xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarında quraşdırılmış “Viza” altsisteminə aid avadanlığın tam işlək vəziyyətə gətirilməsini və vizaların yalnız həmin altsistem vasitəsilə rəsmiləşdirilməsi də qısa müddətdə təmin ediləcək və.s. Təbii ki, son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, Dövlət Proqramlarının qəbul edilməsi ilə ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayaraq beynəlxalq turizm bazarına sürətlə inteqrasiya olunub.
Göründüyü kimi, turizmin inkişafı üçün mövcud imkanlardan kifayət qədər səmərəli istifadə edilməsi ölkəmizə gələn turistlərin sayının bundan sonra da artmasına öz böyük töhfəsini verəcəkdir.
Zahid Rza
İki sahil.- 2017.- 22 fevral.- S.13.