Xocalı qırğıni insanlıq əleyhinə
törədilmiş
soyqırımıdır
“Xocalı faciəsi erməni millətçilərinin
yüzilliklər boyu türk və Azərbaycan xalqlarına
qarşı apardığı soyqırımı və etnik
təmizləmə siyasətinin qanlı səhifəsi idi”
Prezident İlham Əliyev
Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 25 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulub, 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.
Dünya hələ də susur...
Erməni vandallarının Xocalıda törətdikləri vəhşilikləri isə dünyanın nüfuzlu “Krua l’Eveneman”, “Newsweek” jurnalları, “The Sunday Times”, “The Times”, “İzvestiya”, “Financial Times”, “Le Mond”, “The Washington Post”, “Reuters” agentliyi, “Channel 4 News” televiziyası və digər media vasitələri işıqlandırıblar. İstər 1992-ci ilin fevralında, istərsə də hadisədən sonrakı günlərdə Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla əcnəbi jurnalist gəlib. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhşətə gəlirdilər. Həmin günlərdə dünyanın məşhur qəzet və jurnallarında xarici jurnalistlərin Xocalı soyqırımı haqqında məlumatları dərc olunurdu. Bu müdhiş günlərdə xarici KİV-lərdə yer alan informasiyalar bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı dəhşətlərini tam dolğunluğu ilə əks etdirməsə də, hər halda, dünya ictimaiyyətində faciənin miqyası haqqında müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətli idi. Amma təəssüflər olsun ki, soyqırımın baş verdiyi və ondan sonrakı günlərdə xarici mətbuatda yüzlərlə bu kimi məlumatlar yayımlansa da, dünya dövlətləri bu dəhşətli hadisə haqqında məlumatlı olsalar da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənləri adları çəkilən mətbuat orqanlarının məxsus olduqları dövlətlər indiyədək soyqırımı kimi tanımayıblar.
Xocalı
insanlıq əleyhinə törədilmiş
soyqırımıdır
Qeyd edək ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş soyqırımıdır. Xatın, Liditsa, Oradur, Ruanda soyqırımıları kimi, Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları təsdiq edir.
Xocalının yer üzündən silinməsi ermənilər
üçün strateji xarakter daşıyırdı
Əlbəttə, bu gün həmin hadisələri geniş rakursda təhlil etdikdə bəlli olur ki, ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Bu məqsəd isə hər şeydən əvvəl ondan ibarət idi ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa çalışırdılar.
Birincisi, ermənilərin məqsədi, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu. Serj Sarkisyan özü etiraf edərək deyib ki, “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağı bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı”.
İkincisi, Xocalının strateji mövqedə - separatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi, Qarabağdakı yeganə aeroportun da burada olması idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərini narahat edirdi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi. Ermənistanın indiki prezidenti Serj Sarkisyan da etiraf edib ki, Xocalı Qarabağı Ermənistanla birləşdirən yeganə hava məkanı idi: “Bilirsiz belə şeylər barədə yüksək səslə danışmazlar. Deyərlər ki, mümkündür. Mən də belə davranıram. Çünki Azərbaycanın keçmiş rəhbəri deyib ki, bunlar ermənilər yox, azərbaycanlıların özləri olub. Amma yenə mən deyirəm ki, həqiqət başqa cürdür. Hər halda, Xocalı bütün Qarabağı boğaza yığmışdı. Çünki bizi Ermənistanla birləşdirən aeroport orada idi”.
Xocalı
soyqırımı və AXC-Müsavat
cütlüyünün siyasi
maraqları
Azərbaycanın tarixində ən təəssüf doğru məqam isə ondan ibarətdir ki, erməni daşnakları xocalılıları, bütövlükdə isə azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdiyi bir vaxtda Bakıda bu hadisələrə reaksiya vermək, törədilən qırğınların dünya ictimaiyyətinin diqqətinə çatdırmaq əvəzinə siyasi hakimiyyət uğrunda savaş gedirdi. Xocalı soyqırımının üzərində siyasi məqsədlərini reallaşdıran AXC-Müsavat cütlüyü hakimiyyəti istefaya çağırır, cəbhədə vuruşan hərbçiləri Bakıya yönəldirdi. Hətta, ən acı fakt ondan ibarət idi ki, adları çəkilən ünsürlər Xocalı faciəsinin azərbaycanlılar tərəfindən törədildiyini də iddia edirdilər. Əlbəttə ki, bu, birbaşa olaraq, Ermənistanın mövqeyini müdafiə etmək və onların işğal planlarına yarınmaq idi. Məhz AXC-Müsavat cütlüyü bu soyqırımı faktından istifadə edərək hakimiyyətə gəlmək üçün özünə zəmin yaratdı və Bakıda döyüş səhnələri qurmaqla, Şuşanın, Laçının və digər rayonlarımızın Ermənistan tərəfindən işğalına da şərait yaratdı.
İlk dəfə ulu
öndər Heydər Əliyev Xocalı
soyqırımına
hüquqi-siyasi qiymət verib
Bu cür vəziyyət Azərbaycan dövləti və xalqı üçün fəlakət idi. Ona görə də xalq ikinci Xocalı faciəsi yaşamamaq üçün Ümummilli Lideri hakimiyyətə gətirdi. Məhz Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi. Ümummilli Lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə - “boz zona”ya çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər dəlil-sübutların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Prezident İlham
Əliyev Xocalı
soyqırımının
tanıdılmasını prioritet
istiqamət kimi müəyyənləşdirib
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib. “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” deyən dövlətimizin başçısı İlham Əliyev Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün bütün resursları və vasitələri işə salıb. Hətta, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul edib, Prezident İlham Əliyev isə Xocalı soyqırımının 20-ci və 25-ci ildönümləri haqqında Sərəncamlar verib. Məhz, birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün dövlət başçısının, ölkənin siyasi elitasının iştirakı ilə 2012-ci ildə ümumxalq yürüşü keçirilib. Elə bu il də belə bir yürüşün keçirilməsi nəzərdə tutulub.
Mehriban xanım Əliyevanın xüsusi
səyi nəticəsində Azərbaycan
həqiqətləri
dünyanın hər yerində
nümayiş etdirilir
Bu gün Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən Heydər Əliyev Fondu 2005-ci ildən başlayaraq, müxtəlif dillərdə “Qarabağ həqiqətləri” toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Həmçinin “Qarabağ həqiqətləri” oxuculara alman və macar dillərində təqdim olunub. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılıb, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100-dən artıq nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri sərgiləri təşkil olunur. Yəni anlaşılan odur ki, Heydər Əliyev Fondu bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fasiləsiz və effektiv işləyən təşkilatdır.
Leyla Əliyevanın “Xocalıya ədalət”
kampaniyası bütün
xocalılıların
səsini dünya ictimaiyyətinə
çatdırır
İnformasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və hazırda 50-dən artıq ölkədə minlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyasıdır. Kampaniyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsini və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.
Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkənin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb. Həmçinin Meksika, Pakistan və digər ölkələrin parlamentləri də Xocalı soyqırımını tanıyan sənədlər qəbul ediblər.
Xocalı
soyqırımının təbliği yeni
mərhələyə
qədəm qoyub
Göründüyü kimi, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Xocalı soyqırımı, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların, faktların, fotoşəkillərin dəqiqliyinə xüsusi diqqət yetirilməlidir ki, düşmənlərimiz bundan əleyhimizə istifadə edə bilməsinlər. Erməni yalanlarının qarşısının alınması üçün ən səmərəli yol Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ayrı-ayrı ölkələrin parlamentlərində tanınmasına nail olmaqdır. Bu işdə isə hər bir azərbaycanlı fəal olmalı və əsl vətəndaşlıq mövqeyini ortaya qoymalıdır.
Ramil Vəlibəyov,
YAP Nizami rayon təşkilatı
Gənclər
Birliyi sədrinin I müavini,
doktorant
İki sahil.- 2017.- 24 fevral.- S.16.