Gəncədə "Xocalı" abidəsi açılıb

 

Gəncədə Xocalı sakinləri üçün salınan qəsəbədə Xocalı Soyqırımının 25-ci il dönümünə həsr edilən tədbir keçirilib.

Mərasimdə "Xocalı faciəsi" qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Onlara Allahdan rəhmət dilənib.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev "Xocalı" abidəsinin açılışını edib. Abidə önünə gül dəstələri qoyub.

Hündürlüyü 6,12 metr olan abidə kompleksi 3 bölmədən ibarətdir. Abidənin mərkəzində Xocalı faciəsini əks etdirən kompazisiya yaradılıb. Abidə üzərindəki ana feryadı heykəli Xocalı faciəsində gözü yaşlı qalan ananı tərənnüm edir. Anidənin hazırlanmasında 150 kv.m. qara mərmərdən istifadə olunub, ətrafı abadlaşdırılıb, 180 kv.m. əraziyə daş döşənib.

Anım mərasimində icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı Soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt çıxmayacaq.

Elmar Vəliyev sözünə davam edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə, ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı "Xocalı soyqırımı" günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən, Xocalı Soyqırımının haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Tədbirdə AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon Kosalar kənd sakini Ülkər Quliyeva, Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev çıxışlarında vurğulayıblar ki, amansız cinayətə rəvac vermiş ermənilər törətmiş olduqları faciə ilə qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər.

Çıxışlardan sonra Rəna Teymurqızının "Dərd yükü" adlı poemasının motivləri əsasında səhnələşdırilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Zamin Məmmədov

 

İki sahil.- 2017.- 28 fevral.- S.20.