Qarabağlar Türbə Kompleksinin bərpası bəşər mədəniyyətinə verilən töhfədir

 

Görkəmli pedaqoqelm xadimi Əziz Şərif nahaq yerə Naxçıvanı ərazicə kiçik, mənəviyyatca böyük diyar adlandırmayıb.

Naxçıvan dünya elm, siyasət, hərb, ədəbiyyat və incəsənətinə verdiyi töhfələri, yetişdirdiyi görkəmli şəxsiyyətləri və memarlıq abidələri ilə zəngindir. İlk görənlər tarixi abidələrlə zəngin bu diyarı açıq səma altında muzey də adlandırırlar. Sovetlər dönəmində gözdən uzaq, könüldən iraq düşmüş Naxçıvanın qapıları indi bütün dünyaya açıqdır. Son 20 ildə keçdiyi sürətli inkişaf yolu bu bölgəni qısa zaman kəsiyində dünyanın ən müasir şəhərləri sırasına çıxarmışdır. İndi Naxçıvan mötəbər  tədbirlərin,  beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, bu qədim diyar 2018-ci il üçünİslam Mədəniyyətinin Paytaxtı” seçilib. Şəhərsalma mədəniyyətinin 5 min il yaşının faktlarla sübut edildiyi bu qədim oğuz yurdu bəşər mədəniyyətini zənginləşdirən qədim və orta əsr memarlıq abidələri ilə zəngindir. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət  üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq “Naxçıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib. 12-ci əsrdə Naxçıvan memarlığının ən yüksək zirvəsini fəth edən memar Əcəmi yaradıcılığı təkcə Azərbaycan memarlığına deyib, həm də Şərq memarlığına güclü təsir edib.

Bu gün Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra tarix və mədəniyyət abidələri tədqiq edilərək pasportlaşdırılıb. Abidələrin bərpası da həyata keçirilən təqdirəlayiq işlər sırasındadır. Son illər Naxçıvanqala, Xanlıqlar kəndindəki Parçı imamzadəsi, Gülüstan türbəsi, Əlincəqala və digər  onlarla  abidə bərpa olunaraq  ziyarətçilərin istifadəsinə verilib. Zəngin tarixi-mədəni irsin daşıyıcısı olan 1200-dən artıq tarixi abidənin 57-si dünya əhəmiyyətli abidələr sırasındadır. Dünya memarlığının inciləri siyahısına daxil edilmiş abidələr sırasında Qarabağlar Türbə Kompleksinin xüsusi yeri vardır. Abidə orta əsr Azərbaycan memarlığının nadir sənət əsərlərindəndir.

Bu yaxınlarda muxtar respublikada səfərdə olmuş fransalı rejissor Jan Claude Forestier  öz təəssüratlarını calameo.com portalında belə qeyd edir: «Ərazi kiçik olsa da, memarlıq baxımından zənginliyi ilə seçilir. Ərazidəki əksəri müsəlman və türk üslubunda tikilmiş bu abidələrin incəliyi və geometrik detalları insanı heyran edir. Abidələr çox mükəmməl şəkildə yenidən bərpa olunubQarabağlar türbəsini ziyarət edən rejissor bu kompleksin Azərbaycanın abidələri arasında ən möhtəşəmlərdən biri olduğunu qeyd edir. “Abidə tarixi İpək Yolunun üzərində yerləşən ən nüfuzlu dayanacaq nöqtəsi və ən azı 40 minarəyə sahib dini kompleksin tək sahibidir”,-deyə bildirir. 

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna, oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi hesab olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanılıb. Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət tədqiqat qrupu yaradılıb.

Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Qarabağlar ətrafında böyük orta əsr yaşayış yerlərinin, karvansarayların aşkar olunması onun tarixi İpək Yolunun üzərində yerləşməsi ilə bağlıdır. Şəhərin Yaxın Şərq ölkə­ləri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Bəzi mənbələrin məlumatlarına görə, şəhərin əsası XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulmuşdur. Şəhərin Elxanilər dövründə (1256-1353) salınıb inkişaf etməsi ilə də bağlı məlumatlar vardır. Qarabağlar türbəsinin də tikilməsi həmin dövrə təsadüf edir.

Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın isə XIV əsrdə tikildiyini qeyd etmişlər. Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə on iki bucaqlı olub divarları daşdan, günbəzi isə kərpicdən inşa edilmişdir. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarımsilindrdən ibarətdir. Türbənin səthi firuzəyi rəngli kaşılarla həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Yarımsilindrlərin üzərində içərisində ərəb əlifbası ilə “ləiləhəilləllah Məhəmmədən Rəsulallah” (Allah­dan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur) kəlməsi həkk edilən kvadratlar dəfələrlə təkrar olunmuşdur.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə söhbətimiz zamanı bildirdi ki, bu tip ornamentdən 1322-ci ildə inşa olunan Bərdə türbəsində də istifadə edilib. Elə buna görə də bəzi tədqiqatçılar Qarabağlar türbəsi ilə Bərdə türbəsinin memarının eyni şəxs olduğunu bildirmişlər. Vəli Baxşəliyev bununla belə Qarabağlar türbəsinin konstruksiyasının fərqləndiyini də qeyd etdi: “Türbənin özünəməxsus memarlıq xüsusiyyətlərindən biri 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərinə, dünyanın dörd tərəfinə yönəlmiş və türbənin görünüşünün mükəmməlliyini təmin etmişdir. Ehtimal ki, türbənin dörd baştağlı quruluşu əski inanclarla bağlı olmuşdur. Baştağların səthi kaşılar vasitəsilə həndəsi və nəbati üslubda naxışlanmışdır. Türbənin gövdəsini təşkil edən yarım­silindrlərin yuxarı hissəsində kaşılarla işlənmiş kitabələrin qalıqları saxlanmışdır. Ehtimal ki, bu kitabələr Qurani-Kərimdən götürülmüş kəlmələrdir. Memarlıq abidələrində və qəbirüstü monumental tikintilərdə bu tip kitabələrə rast gəlinir.”

Naxçıvan İslam dünyasının qədim şəhərlərindəndir, bunu bölgənin Qarabağlar Türbə Kompleksi  kimi qədim tarixi və mədəniyyət abidələri bir daha sübut edir. İslam mədəniyyəti nümunələri ilə zəngin olan bu qədim şəhər bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanın inciləri sayılan bu abidələrin bərpası, qorunması isə öz növbəsində bəşər mədəniyyətinə verilən töhfədir.

 

Ruhiyyə Rəsulova,

Naxçıvan Televiziyasının baş redaktoru

 

İki sahil.- 2017.- 17 fevral.- S.14.