Fransada “Azərbaycan
parkı”nın və Xurşidbanu Natəvanın abidəsinin
açılışı olub
İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Evian şəhərində, Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan parkı”nın və parkda “Dostluq” bulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi olub.
Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti, Evian-le-Bən şəhərinin meri Mark Fransina, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, ölkəmizin Fransadakı səfirliyinin iqtisadi və regionlarla əməkdaşlıq məsələləri üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov, Heydər
Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev, yerli ictimaiyyətin və mətbuatın nümayəndələri, eləcə
də Fransada və İsveçrədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Evian-le-Bənin meri Mark Fransina bu günün İsmayıllı şəhərinə həsr olunduğunu bildirib. İsmayıllının şərəfinə salınmış “Azərbaycan parkı”nın, eləcə
də Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın parkın mərkəzində ucaldılmış heykəlinin açılışından şərəf duyduqlarını vurğulayıb. Qeyd edib ki, Xurşidbanu Natəvanın heykəlinin Evyan-le-Bəndə
ucaldılması iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək. Qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov parkın açılması münasibətilə şəhər sakinlərini təbrik edib. Bildirib ki, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin Evyan-le-Bən
şəhərində ucaldılması qürurverici haldır. O, İsmayıllıda “Evyan-le-Bən” parkının açıldığını və rayon muzeyində dost şəhərlə bağlı guşənin fəaliyyət göstərdiyini qeyd edib. Belə layihələrə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Heydər
Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev təmsil etdiyi qurumun iki ölkə arasındakı əlaqələrə böyük önəm verdiyini, çoxsaylı layihələr həyata keçirdiyini, tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun mədəniyyətimizin təbliği üçün gördüyü işlərdən danışıb. Qeyd edib ki, Fondun dəstəyi ilə Parisdə mütəmadi olaraq “Azərbaycan şəhərciyi” təşkil olunur, Kan şəhərində ölkəmizin tarixi və mədəniyyətinə həsr olunan, artıq ənənəyə çevrilmiş sərgi keçirilir, tariximiz, mədəniyyətimiz, eləcə də milli mətbəximizlə bağlı kitablar fransız dilinə tərcümə edilir. İki xalqın qarşılıqlı şəkildə bir-birinin mədəniyyətini daha yaxından tanıması üçün müntəzəm olaraq Fransanın müxtəlif şəhərlərində mədəniyyət tədbirləri keçirilir.
O, “Azərbaycan parkı”nın, “Dostluq bulağı”nın, eləcə də Xurşidbanu Natəvanın abidəsinin açılışında Fondun böyük əmək və dəstəyindən söz açıb. Tədbir iştirakçılarına şairənin böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşündən danışıb. Bildirib ki, Azərbaycanın görkəmli şairəsinın abidəsinin Evian kimi turizm şəhərində ucaldılması bura gələn turistlərə də ölkəmizi tanımağa imkan verəcək. Qeyd edib ki, “Azərbaycan parkı”nın və Natəvanın abidəsinin açılışı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin zənginləşməsinə böyük töhfədir.
Azərbaycanın Fransadkı səfirliyinin iqtisadi və regional məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb. Bildirib ki, artıq iki ölkənin 15 şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Evian-le-Bən ilə dostluq və əməkdaşlıq xartiyası 2015-ci ildə imzalanıb və həmin il
İsmayıllıda Evian parkının təməli qoyulub. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirib, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfələrindən və bu sahədə beynəlxalq səviyyəli platformaya çevrilməsindən söz açıb.
Tədbir
iştirakçılarına görkəmli şairə
Xurşidbanu Natəvanın anadan olduğu Şuşa şəhəri,
Qarabağ bölgəsi haqqında ətraflı məlumat verən
E.Məmmədov qeyd edib ki, iki şəhər arasında
dostluğun rəmzi olan “Azərbaycan parkı”
qarşılıqlı əməkdaşlığın, eləcə
də bütün dünyada multikulturalizm və mədəniyyətlərarası
dialoqun inkişafına öz töhfəsini verəcək. O,
iki ölkə arasındakı mədəniyyət əlaqələrinin
möhkəmlənməsinə verdiyi töhfələrə
görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür
edib.
Tədbir iştirakçıları Xurşidbanu Natəvanın
heykəlinin müəllifləri Salhab Məmmədov və
Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə
görə təşəkkür ediblər.
Sonda xanəndə
Günay İmamverdiyeva Əməkdar Artist Toğrul Əsədullayevin
(kamançada) və Rövşən Qurbanovun (tarda)
müşayiəti ilə “Şuşanın dağları”
xalq mahnısını və “Azərbaycan”
mahnısını ifa edib.
Evian-le-Bənin meri Mark Fransina AZƏRTAC-a müsahibəsində
bildirib ki, İsmayıllı şəhəri ilə dostluq və
əməkdaşlıq xartiyasının imzalanması
ideyasını dərhal dəstəkləyib və əməkdaşlığın,
əlaqələrin genişləndirilməsi
üçün əlindən gələni əsirgəməyib.
“Düşünürəm ki, bundan sonra da əməkdaşlığımızı
daha da genişləndirəcək və inkişaf etdirəcəyik. İsmayıllı
şəhərinin icra başçısı ilə
apardığımız fikir mübadiləsində əlaqələrimizin
perspektivlərindən söz açdıq və gələcəkdə
təhsil sahəsində də birgə layihələr həyata
keçirməyi qərara aldıq. Turizm sahəsində
də əlaqələri genişləndirmək istəyirik”,
-deyə Mark Fransina bildirib.
Evian şəhəri merinin mədəniyyət işləri
üzrə müavini Alən Giro xalqlar arasındakı
münasibətlərdə mədəniyyətin böyük
rolu olduğunu bildirib.
“Mədəniyyət xalqlar arasında mübadilə deməkdir. Mübadilə
isə çox vacibdir. Onun sayəsində
insanlar bir-birini yaxşı tanıyır. Bu da onlara tarixlərini də yaxşı
tanımağa imkan yaradır. Dostluq da
insanlar arasında mübadilədir. Bugünkü
mürəkkəb dünyada bizi dostluq xilas edəcək.
Əminəm ki, gələcəkdə daha
böyük layihələri birgə həyata keçirəcəyik.
Yaşasın Azərbaycan-Fransa dostluğu!”,- deyə A.Giro
vurğulayıb.
Iki sahil.-
2017.- 4 iyul.- S.11.