Humay Qədimova: Bəzi
insanlar sənət adamlarına baxıb elə bilirlər ki... -
Müsahibimiz
sevilən tarzən Humay Qədimovadır
-Bəlkə
söhbətimizə bir az keçmişdən, sizin
uşaqlıq illərinizdən başlayaq. Humay xanımın uşaqlığı
necə keçib?
-Uşaq vaxtı yaşıdlarımdan fərqlənirdim.
Bilmirəm bu nədən
irəli gəlirdi, amma oğlan kimi bir qız
idim. Heç kimin mənim
xətrimə dəyməyə
cürəti çatmazdı.
İstər oğlanlar, istərsə
də qızlar məndən çəkinərdilər.
Çox
çılğın bir
uşaqlıq keçirmişəm.
Amma yaş üstünə yaş gəldikcə insan dəyişir. Uşaqlığım yaddaşımda bu
cür qalıb.
-Özünüzdə musiqi
istedadını necə
kəşf etdiniz?
- Ailədə iki uşaq olmuşuq. Məndən
böyük qardaşım
var. Bizim ailədə
musiqi həddən artıq çox sevilirdi. Valideynlərimiz dərslərimizi yaxşı oxumağımızı
tələb kimi qoysalar da, bizi musiqiyə də istiqamətləndirirdilər. O zamanlar musiqi məktəbinə qardaşımı
tar, məni isə
fortepiano bölməsinə yazdırdılar. Musiqi məktəbinin
dördüncü sinfində
fikrimi dəyişməyə
başladım. Fortepianoda qiymətlərimin
“əla” olmasına baxmayaraq, tar alətində
ifa etməyə maraq göstərirdim.
Sonralar başa düşdüm ki, fortepiano dərslərində
Avropa bəstəkarlarının
əsərləri daha
çox ifa olunur. Bu əsərlər
isə mənim zövqümə, ruhuma uyğun deyildi. Məni milli musiqimiz özünə çəkirdi.
Qardaşım evdə tarda
məşq edəndə
muğamları, xalq mahnılarını, bəstəkar
mahnılarını artıq
əzbərləmişdim. Qardaşım evdən gedən
kimi onun tarını götürüb
məşq etməyə
başlayırdım. Valideynlərimin və qardaşımın
narazılığına baxmayaraq
fortepiano dərslərinə deyil, tar dərslərinə
girməyimdə israrlı
olduğumu bildirdim.
Valideynlərim tarda mənim ifa etdiyimi görəndən
sonra heyrətə gəldilər ki, sən bunu gizli-gizli
necə öyrənə
bilmisən. Çünki
tar çox həssas alət olduğu üçün qardaşım
bu alətə toxunmağa icazə vermirdi.
Uzun sürən israrımdan sonra valideynlərim məni qardaşımın
tar müəlliminin yanına
apardılar. Elə
ilk andaca mənim tarı tutmağıma baxanda müəllimlər heyrətə
gəldilər ki, bu elə də
asan bir iş deyil. Xanım ifaçı üçün
isə bu, çox çətin bir işdir. Muğamları az
da olsa öyrənmişdim.
Yaşımın qavrayacağı qədər bilirdim. Müəllimlər ifamı dinlədikdən
sonra valideynlərimə
dedilər ki, bu artıq tar ifaçısıdır. Mən tar məktəbinə
1-ci sinifdən yox,
3-cü sinifdən başladım.
Çünki artıq tarın
notlarını bilirdim. Bir sözlə, mən
pianinonun 7 illiyini, tarın 5 illiyi ilə eyni zamanda,
bir ildə bitirdim. Daha sonra iki musiqinin
hansına davam edəcəyimlə bağlı
ailədə bir az söz-söhbət
oldu və belə qərara gəldik ki, hər iki alətdən
Asəf Zeynallı adına Musiqi Kollecinə sənəd verim. İxtisas seçimini müəllimlərin
ixtiyarına verdik. Bilirsiniz ki, tar qədim
zamanlardan bəri kişilərə məxsus
bir alət olub. Fiziki cəhətdən çox güc aparan alətdir. Müəllimlərin qərarı belə
oldu ki, fortepianoda yüzlərlə
bacarıqlı qız
tələbə təhsil
alır. Amma sənin kimi istedadlı qız tar ifaçısı isə
çox azdır. Belə də oldu və məni
tar sinfinə qəbul
etdilər.
-Gec də olsa
ailənizdən dəstək
aldınızmı?
- Çox gec. Məni tanıyan insanlar bunu təsdiqləyə bilərlər ki, hər zaman öz zəhmətimlə
nəsə əldə
etmişəm. Təsəvvür edin ki, bir
neçə saat ard-arda məşq edəndə evdəkilər
narazılıq edirdi ki, başımız getdi. Yəni o barədə mən
ailəmdən dəstək
görməmişəm. Artıq bir neçə uğurlarım olandan sonra başa düşməyə çalışırdılar
ki, bunun məşq saatı olmalıdır. Sonradan anam
mənə hər zaman dəstək oldu.
-Humay xanım, bu sənətin hansı çətinlikləri
ilə qarşılaşmısınız?
- Bilirsiniz, fərqi yoxdur hansı sahə olursa olsun, hər işin başında çətinlik, zəhmət
dayanır. Yəni bunlar olmadan
heç nə mümkün deyil. Çətinliklər, əlbəttə, çox olub. Heç vaxt istəməmişəm deyilsin
ki,
qadın tarzəndir
deyə seçilir. Hər zaman bunu özümə
ayıb bilmişəm.
Çalışmışam desinlər o, nələri
edə bilir, bacarığımdan danışsınlar.
Həm də ailəmdə də çətinliklərim
olub. Bu sənətə
gələndə mənim
14 yaşım var idi. Atamı itirmişdim. Tək bir
ananın himayəsində
yaşamaq çətin
idi. Bəzi insanlar sənət
adamlarına baxıb elə bilirlər ki, hər şey
əladır. Amma inanın
ki, nailiyyət qazanana kimi çox
çətinliklərdən keçmişəm.
-Sənətə muğam üçlüyü şəklində
gəlmisiniz, bu trio sizə istədiyiniz uğuru gətirdimi?
-Əlbəttə. Deyərdim
çox uğur gətirdi. Biz bu qrupu 2002-2003 -cü illərdə təhsil aldığımız kollecdə
tələbə yoldaşlarım
Ulduz və Sima ilə birlikdə yaratdıq. Asəf Zeynallı adına Musiqi
Kollecinin rəhbəri
Nazim müəllim bu xəbəri eşitdikdən sonra bir gün bizə
qulaq asmaq istədi. Doğrudan da çox bəyəndi.
Deyərdim ki, bizə təkan verən qüvvələrdən biri
Nazim müəllim oldu. Bizi bir çox
tədbirlərə göndərdi.
Televiziyaya ilk çıxışımız
da məhz Nazim müəllimin sayəsində
olmuşdu. Sonradan xanəndələrdən
bir çoxu bizimlə çalışmaq
istədi. Maraqlı gəlirdik
insanlara. Biz çox tədbirlərdə
iştirak etmişik.
Gülay Zeynallı, Zenfira İbrahimova, Aytən Məhərrəmova,
Arzu Əliyeva və başqa gənc xanımlar əl-ələ verib çalışırdıq. Deyərdim ki,
mənim ilk uğurum qızlar üçlüyü
ilə olan uğurumdur.
- Tələbəlik illərindən
söz düşmüşkən,
bu gün sizin də tələbələriniz
var. Bir pedaqoq olaraq gələcəyinə
ümid bəslədiyiniz
tələbələriniz varmı?
-Artıq 10 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə
məşğulam. Hazırda
tələbəlik illərimi
keçirdiyim Milli Konservatoriyanın nəzdindəki, Asəf
Zeynallı adına Musiqi Kollecində dərs deyirəm. Onların içərisində, əlbəttə,
gələcəyinə ümid
bəslədiyim tələbələrim
var. Hazırda mənim
bir tələbəm respublika müsabiqəsində
birinci yeri qazanmışdır. Rəhilə Məhərrəmova adlı
bir tələbəm bir neçə müsabiqələrin qalibi
olub. Mən tələbələrimin uğurlarını gördükcə
sevinirəm. Hər müəllim
zəhmətinin bəhrəsini
görəndə xoşbəxt
olar.
-Humay xanım,
son zamanlarda tar ifaçılığından
əlavə, sizi həm də mahnı oxuyarkən görürük.
İstəyirik bu haqda danışasınız...
-Deyə
bilmərəm ki, professional oxuyanam. Bu bir həvəsdir.
Bacardım oxudum. Ancaq bilirəm ki, hansı sahədə daha çox uğur qazana bilərəm. Bu günə qədər tar ifaçılığında müəyyən
uğur qazanmışam,
yəqin ki, bu davamlı da olar. Amma
müğənni kimi
sadəcə özümü
sınamaq istədim. İstədiyim vaxt mahnı oxumağı ata bilərəm.
-Oxumağı ata biləcəyinizi deyirsiniz, bəs nə vaxtsa tarı atmaq məcburiyyətində qalıb
evinizin xanımı olarsınızmı?
- Bu barədə
heç vaxt fikirləşməmişəm. Yəqin ki, yox. Ancaq Allahın
işini heç kim bilmir. Bu,
bir az ruha,
sevgiyə bağlı
bir şeydir. Həmin o insan doğrudan da sevgiyə layiq olarsa, o zaman fikirləşərəm.
-Sənətlə bağlı yaxın gələcək üçün
nə kimi planlarınız var?
-Artıq bu
zamana qədər üç solo konsert vermişəm. Sonuncu konsertim 2013-cü ildə Beynəlxalq Muğam Mərkəzində
olmuşdu. Yaxın gələcəkdə
yeni solo konsert haqqında düşünürəm.
Bu ilin sonuna
qədər alınmasa,
gələn il üçün konsert vermək niyyətindəyəm,
inşallah.
Şəmsiyyə Əliqızı
Iki sahil.- 2017.- 5 iyul.- S.13.