Dahi şəxsiyyət və
qüdrətli lider
Mənim həyat amalım yalnız
bütün varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət
olmuşdur.
Çoxəsrlik dövlətçilik
ənənələrinə malik Azərbaycan xalqının
tarixində misilsiz xidmətləri olan şəxsiyyətlər,
görkəmli dövlət xadimləri zaman-zaman böyük
işləri və əməlləri ilə milli
yaddaşımızda silinməz iz buraxmışlar. Belə tarixi şəxsiyyətlərin içərisində
müstəqil Azərbaycanın qurucusu və memarı, xalqının
ümummilli lideri adını qazanmış görkəmli
dövlət xadimi, dünya şöhrətli siyasətçi
Heydər Əliyevin şəxsiyyəti, onun uzaqgörən və
titanik idarəçilik fəaliyyəti müstəsna yer
tutur.
Ümummilli lider Heydər Əliyev Azərbaycan
xalqının yaddaşında qurucu və xilaskar, onun sonsuz məhəbbətini
qazanmış öndər kimi əbədiyaşardır. Dahi
şəxsiyyət xalqımızın taleyində,
ictimai-siyasi və mədəni-mənəvi həyatında
ölçüyəgəlməz rol oynamış, dövlətçiliyimiz
naminə misilsiz xidmətlər göstərmişdir.
Ulu öndər Heydər Əliyev dünyanın
nadir, unikal, seçilən siyasət adamı, qlobal münasibətlərə
təsir etmək gücündə olan lider idi. Onun fəaliyyəti
yalnız konkret sahələri əhatə etmir, həm də
ümummilli və beynəlxalq əhəmiyyətli məsələlərin
çözülməsinə xidmət edirdi.
Heydər Əliyevi ümummilli lider səviyyəsinə
yüksəldən əsas cəhətlərdən biri də
onun Azərbaycanla, Azərbaycan xalqı ilə qırılmaz
tellərlə sıx bağlı olması idi. Ulu öndər
bu barədə deyirdi: “Mən on il Moskvada yaşamışam,
Sovetlər İttifaqının rəhbərlərindən
biri olmuşam və bu rəhbərliyin imkan verdiyi ən
yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı
unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra
qayıtmışam Azərbaycana, Naxçıvanda bir daxmada
yaşamışam. Gecəm də Azərbaycan olub,
gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır,
mənim Vətənimdir”.
Azərbaycanı düşünmək, məmləkətinin
qayğıları ilə yaşamaq başlıca amalı
olan ulu öndər Heydər Əliyevin Vətən sevgisinin sərhədi
yox idi. Onun Vətən, xalq üçün
çalışmaq həvəsi, millətinə
mümkün qədər çox fayda vermək istəyi
sonsuz idi. Hər zaman Azərbaycan xalqının
mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı
olması ilə daim qürur duymuş, dahi rəhbərin
"Mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik
kəlamı dillər əzbəri olmuş, hər bir
azərbaycanlının iftixarla səsləndirdiyi devizə
çevrilmişdir.
Çətin və ağır
günlərində sınaq qarşısında qalanda
xalqının səsinə səs verən ümummilli lider
Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə
götürmüş, "Mən ömrümün qalan hissəsini
də xalqıma bağışlayıram" - deyərək
hakimiyyət sükanının arxasına keçərək,
qısa müddətdə dövlətlə xalqın
birliyini, yekdilliyini təmin etmişdir. Məhz müstəqil,
vahid, dünya birliyinin tanıyaraq, hörmət etdiyi Azərbaycan
kimi dövləti qurmaq və yaşatmaq, xilaskar ulu öndər
Heydər Əliyevə nəsib oldu.
1993-cü ildə ölkəmizin
üzərini qara buludların aldığı çətin
bir vaxtda, ulu öndər xalqının
çağırışına səs verərək,
düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq
üçün ağır bir məsuliyyəti üzərinə
götürməklə Azərbaycanın əbədi müstəqilliyini
təmin etdi. Dahi şəxsiyyətin
gördüyü işlər, yürütdüyü
müdrik, məqsədyönlü daxili və xarici siyasət
nəticəsində ölkədə sabitlik bərqərar
oldu, qonşu dövlətlərlə münasibətlər tənzimləndi,
daxildəki pozucu, separatçı qüvvələrlə
mübarizə gücləndi və onların qanunsuz fəaliyyətlərinin
qarşısı alındı. Azərbaycan dünya dövlətləri
arasında öz layiqli yerini tutdu. Azərbaycan dövləti
hifz olundu və onun müstəqilliyi əbədiləşdirildi.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanın dövlət
müstəqilliyi bizim üçün ən əziz, ən
qiymətli nailiyyətdir və bu nailliyəti - dövlət
müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması, daimi və əbədi olması bundan
da çətindir” sözləri real həyatda gerçəkləşdi.
Azərbaycanın dövlət müstəqilliyi
ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində
qorundu və əbədiləşdirildi. 1995-ci ildə qəbul
edilmiş və müəllifi məhz ulu öndər Heydər
Əliyev olan ilk Konstitusiyamız isə hüquqi, demokratik,
dünyəvi dövlət quruculuğunu və Azərbaycanın
gələcək inkişaf yolunu müəyyənləşdirdi.
Ümummilli lider dünya azərbaycanlılarına
müraciət edərək deyirdi: «Əgər sən azərbaycanlısansa,
bilməlisən: dünya azərbaycanlılarının bir
müstəqil dövləti var - Azərbaycan, dünya azərbaycanlılarının
bir tarixi Vətəni var - Azərbaycan. Dünya azərbaycanlıları
öz tarixi vətənlərini, müstəqil dövlətlərini
müqəddəs hesab etməli, onun ətrafında birləşməlidirlər».
Azərbaycan xüsusi xidmət
orqanlarının inkişaf tarixi də bilavasitə
ömrünün böyük bir hissəsini bu orqana həsr
etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin
adı ilə sıx bağlıdır. Heydər
Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində
əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində,
xüsusilə də komitə rəhbərliyinə irəli
çəkildiyi 1965-1967-ci illərdən sonrakı dövrdə
olduğu kimi, respublika və ittifaq rəhbərliyində
çalışdığı müddətdə belə, Azərbaycanın
xüsusi xidmət orqanlarına öz
qayğısını əsirgəməmiş, xüsusi xidmət
orqanlarında çalışanların qarşısında
ciddi tələblər qoymuş və onlara dəyərli nəsihətlərini
vermişdir: "Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat
orqanı o vaxt qalib gəlir, öz vəzifəsini yerinə
yetirir ki, orada peşəkar əhvali-ruhiyyə, peşəkar
kadrlar və iş üslubu olsun. Peşəkarlıq səviyyəsinin
artırılmasının sərhədi, hüdudu yoxdur. Ona
görə də siz daim peşəkarlığınızın
təkmilləşdirilməsi üzərində işləməlisiniz,
oxumalı, öyrənməlisiniz, çox savadlı, bilikli
insanlar olmalısınız".
Ulu öndər Heydər
Əliyevin xüsusi xidmət orqanlarının əməkdaşlarının
qarşısında qoyduğu ən ümdə vəzifələrdən
biri də xalqın əsrlər boyu yaratdığı və
yaşatdığı milli- mənəvi sərvətlərə
sədaqətlə yanaşmaq, onun milli maraqlarını
qorumaq prinsipi idi. Ulu öndər Heydər Əliyev
bildirirdi: «Mən bu gün böyük iftixar
hissi ilə deyə bilərəm ki, dövlət təhlükəsizliyi
orqanlarında rəhbər vəzifələrdə islədiyim
zaman, bu orqanın basçısı olduğum zaman və
ondan sonra Azərbaycan Respublikasının
başçısı olduğum zaman Azərbaycan xalqının
millli mənafeyinə əks olan heç bir addım
atılmamışdır. Amma nə qədər belə təkliflər,
belə təzyiqlər var idi”.
Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi köklərini dərindən bilən
ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik
etdiyi bütün dövrlərdə həmin problemi daim diqqət
mərkəzində saxlamış, o dövrdə
Dağlıq Qarabağda baş verən təxribat hərəkətlərində
Ermənistan SSR-in rəhbərlərinin əlinin də
olduğunu çəkinmədən bildirmişdir. Həmin illərdə Dağlıq Qarabağda
yaşayan ermənilər Azərbaycan torpaqlarına gəlmə
olduqlarını nəinki başa düşmüş, hətta
diyara köçürülmələrinin 150 illiyi münasibəti
ilə abidə də qoymuş, bir çox ermənilər isə
Dağlıq Qarabağı özünə doğma torpaq
hesab etməyərək köçüb getmişdilər.
Ulu öndər Heydər
Əliyevin səyi ilə milli ordumuzun formalaşması və
döyüş qabiliyyətinin yüksəldilməsi
üçün böyük işlər
görülmüş, torpaqlarımızın müdafiə
olunması üçün genişmiqyaslı tədbirlərin
həyata keçirilməsi nəticəsində ərazilərimizi
işğaldan azad, ölkəmizi düşmənlərdən
müdafiə etmək qabiliyyətinə malik ordu
quruculuğuna geniş diqqət yetirilmişdir. Hələ
1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan təhsil
müəssisəsini - görkəmli sərkərdə Cəmşid
Naxçıvanskinin adını daşıyan hərbi məktəbi
yaratmaqla Azərbaycanın müstəqillik əldə etməsindən
20 il öncə milli hərbi kadr hazırlığı
üçün zəruri bazanın ən yüksək
səviyyədə təşkilinə nail olan ümummilli
lider Heydər Əliyevin bu cəsarətli addımının
əhəmiyyəti, müstəqil dövlət
quruculuğundakı rolu əvəzsiz idi.
Ulu öndərin layiqli varisi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin inamlı və
düşünülmüş daxili və xarici siyasət
strategiyası nəticəsində əldə edilmiş
uğurlar daha da inkişaf etdirildi, milli
maraqlarımızın və mənafelərimizin etibarlı
qorunması təmin olundu. Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə
bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə
olunan nəticələr xalqın sabaha olan inamını
qat-qat artırdı, Heydər Əliyev yolunun layiqincə davam
etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın
etibarlı əllərdə olduğuna sarsılmaz əminlik
yaratdı.
Ulu öndər Heydər
Əliyev siyasətinin Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsini aydın görən
xalqımız bu siyasəti yüksək dəyərləndirdi
və ölkə Prezidenti ətrafında daha sıx birləşdi.
Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident
seçkilərindən öncə xalqa müraciətində
deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Bu gün Azərbaycan dövlətinin
iqtisadi inkişafı o qədər davamlı, xalqla iqtidar
arasında yaranmış birlik o qədər
sarsılmazdır ki, hazırda dünyanı çalxalayan
böhrana baxmayaraq, xalqımız öz sabahına inanır,
heç bir ümidsizliyə qapılmır. Ölkə
Prezidentinin indiyədək həyata keçirdiyi siyasət
nəticəsində yaradılan potensial tam imkan verir ki, Azərbaycan
sürətlə tərəqqi yolunu bundan sonra da davam etdirsin.
Bu inamı bizə ölkədə hökm sürən
sabitlik, xalqın öz Prezidentinə etimadı və
Prezidentin öz xalqına arxalanması yaradır. Azərbaycanın
davamlı olaraq qazandığı qələbələr, əldə
etdiyi nailiyyətlər onun reytinqini ilbəil artırır. BMT-nin “Ümumdünya iqtisadi vəziyyəti və
2016-cı il üçün perspektivlər” adlı
hesabatında göstərilir ki, 2016-cı və 2017-ci illərdə
Azərbaycanda iqtisadı artım müvafiq surətdə 2,5 və
2,9 faiz olacaqdır, bu da inkişaf dinamikasının davam edəcəyini
sübut edir. Azərbaycanın müdafiə qüdrətinin
artması da beynəlxalq reytinq agentliklərinin diqqətindən
yayınmayıb. Davos İqtisadi Forumu zamanı
Amerika nəşri “U.S.News and World Report”un “Dünyanın ən
güclü orduları: güc amili” reytinq cədvəlində
Azərbaycan ordusu 60 ən güclü ordu sırasında
38-ci yeri tutub, Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi
ölkələri qabaqlayıb.
Dünya ölkələrində
idmanın inkişafını araşdıran “Sportcal” resursu
dünyanın 97 faizini əhatə edən 190 ölkədə
vəziyyəti öyrənərək 81 ölkə arasında
Azərbaycanı 37-ci yerə, idmanın insan həyatına təsiri
reytinqi üzrə Bakını 100 şəhər arasında
26-cı yerə layiq görüb. Bunlardan əlavə,
qədim Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər
Paytaxtı” seçilməsini, 2017-ci ildə İslam Həmrəylik
Oyunlarının Azərbaycanda keçiriləcəyini,
2018-ci ildə Naxçıvanın “İslam Mədəniyyət
Paytaxtı” elan olunmasını və başqa tədbirləri
də qeyd etmək olar.
Müasir dünyanı
sarmış çətinliklərə, beynəlxalq iqtisadi,
siyasi-hərbi və təhlükəsizlik sahəsində
mövcud böhrana baxmayaraq, ulu öndər Heydər
Əliyevin yaratdığı möhkəm təməllər
əsasında Prezident İlham Əliyev tərəfindən
Azərbaycanın maraqlarının və təhlükəsizliyinin
etibarlı qorunması naminə inamla həyata
keçirilən düşünülmüş, məharətli,
tarazlaşdırılmış və uzaqgörən siyasət
xalqımızı bundan sonra da qoruyacaq, dövlətimizi daha
da qüdrətləndirəcəkdir. Xalqımız
inanır ki, nə qədər Azərbaycan dövlətinin
sükanı arxasında ümummili liderin layiqli
davamçısı, böyük siyasətçi və
dövlət xadimi İlham Əliyev dayanır, o bütün
sınaqlardan qələbə ilə çıxacaq,
bütün çətinliklərin də öhdəsindən
layiqincə gələcək, müstəqilliyimiz əbədi
olacaqdır.
Həzi Ağammədov
İki
sahil.- 2017.- 14 iyul.-S.14.