Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Kannda Azərbaycan mədəniyyəti günlərinin
açılışı olub
İyulun 13-də Fransanın Kann şəhərində
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Azərbaycan mədəniyyəti günləri
başlayıb.
Mədəniyyət günləri çərçivəsində
Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul
Nərimanbəyov: rənglər melodiyası” sərgisinin
açılış mərasimi keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin köməkçisi,
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
çıxış edərək, Fond tərəfindən
müxtəlif ölkələrdə təşkil olunan və
Azərbaycanın tərənnümünə yönələn
bu cür layihələrin ölkəmizin tarixi və mədəniyyətinin
tanıdılması, Azərbaycan haqqında həqiqətlərin
dünyaya çatdırılması baxımından əhəmiyyət
daşıdığını bildirib.
Azərbaycan təsviri incəsənətində
böyük rol oynamış Toğrul Nərimanbəyovun
yaradıcılığından söz açan Anar Ələkbərov
bu layihənin ərsəyə gəlməsində əməyi
olan hər kəsə, o cümlədən Kann şəhərinin
meriyasına təşəkkür edib.
Bildirib ki, sərgi çərçivəsində,
həmçinin Heydər Əliyev Fondunun T.Nərimanbəyovun
həyat və yaradıcılığı haqqında
kitabı təqdim olunur. Bu kitabda rəssamın Azərbaycanda
və xarici muzeylərdə saxlanılan, hətta şəxsi
arxivindəki nadir əsərləri barədə məlumatlar
yer alıb.
Anar Ələkbərov Toğrul
Nərimanbəyovun həm də vokal ifaçısı
olduğunu diqqətə çatdıraraq, sərginin video
bölməsində rəssamın
yaradıcılığı haqqında Heydər Əliyev
Fondu tərəfindən hazırlanmış filmlərin
nümayişinin onu daha yaxından tanımağa imkan verdiyini
vurğulayıb.
Kann şəhəri merinin müavini Frank
Şıkli çıxış edərək Azərbaycan mədəniyyəti
günlərinin burada təşkil edilməsinin ənənəyə
çevrildiyini deyib. O, Azərbaycanın və Kann şəhərinin
mədəniyyətə böyük önəm verdiyini
söyləyib. F.Şıkli Qəbələ və Kann
arasında imzalanan əməkdaşlıq və dostluq
xartiyasını xatırladaraq, iki şəhər arasında
əlaqələrin iqtisadiyyat, idman və təhsil sahələrini
əhatə etdiyini diqqətə çatdırıb. Eyni
zamanda, gələcəkdə turizm vasitəsilə mədəniyyətlərin
qarşılıqlı təşviq ediləcəyini bildirib.
F.Şıkli qeyd edib ki, sərgidə
nümayiş olunan əsərlər Kann sakinlərinə və
turistlərinə Azərbaycanın folklorunu, mədəniyyətini
daha yaxından tanımağa imkan verəcək. Belə mədəniyyət
tədbirləri iki ölkə arasında əlaqələrin
daha da möhkəmlənməsinə töhfə verir.
“Kann şəhəri Azərbaycanla əməkdaşlıqdan
məmnundur və onu daha da genişləndirmək istəyir.
Əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsində
maraqlıyıq”, - deyə F.Şıkli vurğulayıb.
“Toğrul Nərimanbəyov: rənglər
melodiyası” sərgisi Kann sakinləri və turistlər
üçün avqustun 1-dək açıq olacaq. Sərgidə
rəssamın 30-dan çox əsəri təqdim edilir.
Kiçik kinoteatr zonasında görkəmli rəssamın
həyat və yaradıcılığı haqqında
videomateriallarla tanış olmaq mümkündür. Eləcə
də sərgi zalı ərazisində milli üslubda zona
yaradılıb. Burada ziyarətçilərə Heydər
Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov
haqqında nəşrləri təqdim olunur.
Azərbaycan mədəniyyəti günləri
çərçivəsində iyulun 13-də konsert
proqramı da təqdim edilib.
Konsertdən əvvəl Anar Ələkbərov
çıxış edərək, tədbir
iştirakçılarına Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın xoş
arzularını çatdırıb.
Bildirib ki, Kannda beş ildir təşkil
olunan Azərbaycan mədəniyyəti günləri şəhər
sakinlərinə, eləcə də yüzlərlə turistə
ölkəmizin mədəniyyəti, incəsənəti,
musiqisi, tarixi keçmişi və bu günü ilə
tanış olmağa imkan yaradır. Əsrlər boyu müxtəlif
mədəniyyətlər və sivilizasiyalar
arasında körpü rolunu oynayan Azərbaycanda müxtəlif
millətlərin və dinlərin nümayəndələri
sülh, əmin-amanlıq və dostluq şəraitində
yaşayıb, ölkəmiz tolerantlıq, multikulturalizm, mədəniyyətlər
və dinlərarası dialoq sahəsində beynəlxalq
platformaya çevrilib. Azərbaycan dünyamiqyaslı tədbirlərin
keçirildiyi məkan kimi tanınır. BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq
Humanitar Forumu kimi mötəbər tədbirlərin Bakıda
keçirilməsi multikulturalizm dəyərlərinin təşviqi
sahəsində Azərbaycanın fəaliyyətinin yüksək
qiymətləndirilməsindən xəbər
verir. 2015-ci ildə Azərbaycanın birinci Avropa Oyunlarına,
bu ilin may ayında isə IV İslam Həmrəyliyi
Oyunlarına uğurla ev sahibliyi etməsi ölkəmizin həm
Şərq, həm də Qərb dəyərlərinə eyni
yanaşmasının daha bir sübutudur.
Anar Ələkbərov
xalqımızın ənənələrini,
kökünü və tarixini qoruyub saxlayaraq dünya mədəni
müxtəlifliyinə böyük hörmətlə
yanaşdığını, Heydər Əliyev Fondunun mədəni
müxtəliflik, tolerantlıq və qarşılıqlı
hörmət prinsiplərinə əsaslanaraq xalqlararası əlaqələrin
möhkəmlənməsinə, mədəniyyətlərarası
dialoqun genişləndirilməsinə xidmət edən layihələr
həyata keçirdiyini diqqətə çatdırıb.
Fondun Fransada həyata
keçirdiyi layihələrin Azərbaycan
reallıqlarını yerli ictimaiyyətə
çatdırdığını və çox böyük
maraqla qarşılandığını vurğulayan A.Ələkbərov
qeyd edib ki, Fransanın 20-dən çox şəhərində
təşkil olunmuş Azərbaycan mədəniyyəti
günləri ölkələrimizi,
xalqlarımızı daha dərindən, daha dolğun
tanımağa, eləcə də humanitar sahədə əlaqələrin
inkişafı üçün yeni imkanlar açır. Azərbaycan-Fransa
münasibətləri dostluq, qarşılıqlı maraq,
hörmət əsasında qurulub və son illər bir
çox sahələrdə sürətlə inkişaf edir.
Dövlət və özəl qurumlar arasında əlaqələr
qurulub və ikitərəfli münasibətlər möhkəmlənib.
Son bir neçə ildə Fransanın və Azərbaycanın
müxtəlif şəhərləri, regionları arasında
15-dək dostluq və əməkdaşlıq xartiyası
imzalanıb.
Keçən il Nitsa şəhərində
çoxlu sayda insanın həlak olması ilə nəticələnən
dəhşətli terror aktını xatırladan A.Ələkbərov
ölkəmizin Ermənistanın hərbi təcavüzünə
məruz qaldığını və ərazilərimizin 20
faizinin işğal edildiyini, zəbt olunmuş bu ərazilərdə
etnik təmizləmə aparıldığını, bir
milyondan çox azərbaycanlının qaçqın və
məcburi köçkünə çevrildiyini bildirib.
“Dövlətimiz dünya
üçün dəhşətli bir bəlaya
çevrilmiş terrorizmin bütün təzahürlərini
qətiyyətlə pisləyir. İnanırıq ki,
bütün xalqlar qüvvələrini səfərbər edərək
insan təhlükəsizliyini, demokratik dəyərləri, vətəndaşların
hüquq və azadlıqlarını təhdid edən,
günahsız insanları hədəfə götürən
terrorizmin qarşısını almağa müvəffəq
olacaqlar”, - deyə Anar Ələkbərov qeyd edib.
Heydər Əliyev Fondunun icraçı
direktoru 14 İyul - Fransanın Milli Bayramı münasibətilə
fransız xalqını təbrik edib, onlara sülh və əmin-amanlıq
arzulayıb.
Sonra Fransada Azərbaycanın Dostları
Assosiasiyasının sədri Jan-Fransua Mansel
çıxış edərək, ölkəmizdə təşkil
olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə
keçirilməsindən danışıb.
İyulun 4-də Ermənistan
silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində
kiçik Zəhranın həlak olması ilə bağlı
Fransa Prezidentinə müraciət etdiklərini, onu
sülhün bərqərar olması istiqamətində səylərini
səfərbər etməyə
çağırdıqlarını xatırladıb.
J.Mansel qarşıdan gələn
2018-ci ilin Azərbaycan üçün çox əlamətdar
olacağını, müsəlman Şərqində ilk
demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illiyinin qeyd ediləcəyini tədbir
iştirakçılarının diqqətinə
çatdırıb.
Kann şəhəri merinin müavini Frank
Şıkli bildirib ki, ölkələrimizin sıx dostluq əlaqələri
var. Ölkələr eyni dəyərləri bölüşəndə
dostluq daha da möhkəm olur. Azərbaycan mədəniyyəti
günləri vasitəsilə mədəniyyəti təşviq
edirik. Müharibələr, terrorlar, ilk növbədə, mədəniyyəti
məhv etməyi hədəfə alır. Çünki mədəniyyət
xalqların döyünən ürəyi, kimliyi, sərvətidir.
“Biz Azərbaycanın Kannda olması ilə fəxr
edirik, Azərbaycan da Kannda olması ilə fəxr edir”, - deyən
F.Şıkli ölkələrimizin əlaqələrinin daha
da möhkəmlənməsində insanlar arasındakı
münasibətlərin böyük rol
oynadığını bildirib. O, Kann şəhərinin Azərbaycana
xüsusi hədiyyəsi olduğunu bildirərək, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın fransız rəssam Olivier Domin tərəfindən
çəkilmiş portretini Anar Ələkbərova təqdim
edib.
Daha sonra tədbir Azərbaycan musiqiçilərinin
konsert proqramı ilə davam edib.
Qonaqlar, həmçinin Kannda ənənəvi
olaraq keçirilən pirotexnika festivalı çərçivəsində
təşkil olunan atəşfəşanlığı izləyiblər.
Qeyd edək ki, Heydər Əliyev
Fondu Azərbaycan mədəniyyəti, ədəbiyyatı,
tarix və ənənələrinin təbliği, ölkələr
və xalqlar arasında əlaqələrin genişlənməsinə
xidmət edən layihələr çərçivəsində
mütəmadi olaraq sərgilər, konsert proqramları, “Azərbaycan
şəhərciyi” və digər tədbirlər təşkil
edir. Bu layihələr Azərbaycanı yaxından
tanımağa geniş imkanlar yaradır.
Kannda ardıcıl təşkil olunan mədəniyyət
günləri isə hər il ölkəmizi müxtəlif tərəflərdən
kəşf etməyə imkan verir. Bu günədək
Kannda “Qız qalası”, “Qafqazın mirvarisi olan Azərbaycanın
mədəni dəyərləri”, “Azərbaycan
xalçaları incəsənətdə”, “Gəncə və
Qəbələ: iki şəhər fransız fotoqrafların
gözü ilə”, “Bir günəş altında” və digər
bu kimi sərgilər keçirilib, muğam, klassik, caz
musiqilərindən ibarət konsert proqramları, atəşfəşanlıq
şouları təşkil olunub.
Mədəniyyət günləri müddətində
həm də Kannın məşhur Kruazett bulvarı boyunca əsl
Azərbaycan ab-havası yaşanır. Belə ki, bu günlərdə
Kann şəhəri və bulvar ərazisi Azərbaycanın
tanıtım baner və posterləri ilə bəzədilir.
Şəhla Ağalarova
İki
sahil.- 2017.-15 iyul.- S.5.