Xalq artİstİ: Bizi
yaşadan tamaşaçıların alqışları və
diqqətidir
17-07-2017 [ 12:02 ] [ oxunub:43
] A+ | A-
Müsahibimiz Azərbaycan Dövlət Akademk
Milli Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü
Rafiq Əzimovdur
-Rafiq müəllim, bəlkə söhbətimizə
bir qədər keçmişdən, sizin uşaqlıq illərinizdən
başlayaq...
-Uşaqlığım elə də firavan
keçməyib. Deyərdim ki, olduqca
ağır və çətin uşaqlıq dövrü
keçirmişəm. Çünki mən dünyaya gələndən
3 il sonra artıq müharibə başladı. Atam əsgərliyə
getdi. Çarşablı, ömrü boyu işləməyən
anam bizi böyütmək üçün işləməyə
məcbur oldu.
- Çətin uşaqlıq dövrü
keçirməyinizə baxmayaraq mədəniyyətə, incəsənətə
maraq sizdə uşaqlıq illərinizdən yaranıb.
4-cü sinifdə oxuyanda xor dərnəyinə, daha sonra tar və
dram dərnəyinə üzv olmusunuz...
- -Bəli, sənətə gəlməmişdən
əvvəl pis uşaqlara
qoşulmamaq, vaxtımı səmərəli keçirmək
üçün o vaxtlar müxtəlif dərnəklərə
gedirdim. Bizim məhəllədə məşhur tarzən
Qurban Pirimov yaşadığı üçün atam
çox istəyirdi ki, mən də tanınmış tarzən
olum. Odur ki, tar dərnəyinə getməyə
başladım. Mənimlə birlikdə tara gedənlər bu
gün artıq məşhur tarzənlərdir. Mən də
onlarla birlikdə müxtəlif mərasimlərdə ansamblda
çıxış edərdim. Hər dəfə
çıxışlarımız zamanı
alqışları eşidəndə elə bilirdik ki, bizim
üçün yeni dünya açılır. Sonra bir təsadüf
nəticəsində uşaq dram dərnəyinə, daha sonra
böyüklər üçün dram dərnəyinə
getdim. Dram dərnəkləri xalq
teatrının adını daşıyırdı. Uşaq
dram teatrının rəhbəri məşhur Vidadi rolunun
ifaçısı Xalq artisti Əli Qurbanov, böyüklər
üçün dram dərnəyinin rəhbəri isə
Lütfü Məmmədbəyov idi. Bu dərnəklər
bizi məhəllədən uzaqlaşdırdı. Artıq mən
aktyor olmaq arzusu ilə yaşayırdım. O zamanlar gecələr Gənc Tamaşaçılar
Teatrının, gündüzlər isə Dram Teatrının
tamaşalarına baxardıq. Bu bizdə aktyorluğa
böyük həvəs yaradırdı.
-Sənədlərinizi teatr institutuna təqdim
edəndə ailənizə heç nə deməmişdiniz.
Bunun səbəbi nə idi?
- Çünki o zaman bir çox valideynlər
kimi mənim də valideynlərim övladlarının artist
olmasını istəmirdi. Qeyd etdiyim kimi, atam tarzən
olmağımı çox istəyirdi. O zamanlar əmim
oğlu Cəbrayıl Əzimov Moskvada Kinematoqrafiya
İnstitutunu bitirib, “Azərbaycanfilm” kinostudiyasında rəssam
işləyirdi. Bir çox filmlərin, o cümlədən
“Uzaq sahillərdə”, “Bəxtiyar”, “Görüş”, “Leyli və
Məcnun” və s. ekran əsərlərinin baş rəssamı olub. Onun vasitəsilə
aktyorluğa sənəd verdim. Ona deyirdim ki, atam, anam mənə
icazə vermir bəlkə sən deyəsən. Elə bu
cür də oldu. Mən məktəbi bitirən kimi sənədlərimi Mirzəağa Əliyev adına
Teatr İnstitutuna verdim. Daxil oldum və 4 il orada təhsil
aldım. Biz 2-ci kursda oxuyanda Moskvada incəsənət
ongünlüyünə hazırlıq prosesi gedirdi, o cümlədən
də Rus Dram Teatrında 4 tamaşa hazırlanırdı. Demək
olar ki, bizim kursun uşaqlarının 70%-i orada epizodik rollarda
iştirak edirdi. Bizim üçün qürurverici hal
idi ki, Moskvada ədəbiyyat və incəsənət
ongünlüyündə iştirak edirdik. İnstitutu bitirdikdən
sonra Azərbaycan Dövlət Akademik Dram Teatrında işə
düzəldim. Orada müxtəlif
sənətkarlarla bir yerdə çalışdım
ki, onların hərəsi ayrı-ayrılıqda bir məktəb
idi. Bu günə qədər fərəh hissi keçirirəm
ki, mənim əmək kitabçamda Akademik Milli Dram
Teatrının adı yazılıb. Bu il artıq 55-ci ildir ki, bu teatrda fəaliyyətdəyəm,
oynadığım rollar da
repertuardadır. Hazırda bədii rəhbərimiz Azərpaşa
Nemətovdur. Onun hazırladığı, repertuara
saldığı tamaşalar
tamaşaçılar tərəfindən hədsiz maraqla
qarşılanır.
-Həm teatr, həm kino çəkilişləri
zamanı maraqlı hadisələr baş verir və həmin
hadisələr daha sonra maraqlı xatirələrə
çevrilir. İstərdim maraqlı xatirələrinizi
bizimlə bölüşəsiniz.
- Bəli, maraqlı xatirələrdən
birincisi odur ki, gənclərin filmlərə baş rollara dəvəti
çox nadir hallarda olurdu. Mən ilk dəfə “Leninqrad
qrup”un istehsal etdiyi “Mənim əziz atam” filminə baş
rollardan birinə dəvət
almışdım. Filmin ssenari müəllifi
bakılı idi. O, bakılıları çox sevirdi. 1969-cu
ildə onun ssenarisinə dəvət aldım. Ssenari
ilə tanış olmaq üçün məni və tərəf
müqabilim Əminə Yusifqızını evinə dəvət etmişdi.
Əminə xanım bildirdi ki, əliboş getməyək, o,
tort alsın, mən də içki. Çaxır aldım.
İçəri girəndə
rejissor bizi “I əməliyyatı” filmindəki Şurik
rolunun aktyoru Aleksandr Demyanenko
ilə tanış etdi. Baxıram mənə baxıb
gülümsəyir, öz-özlüyümdə fikirləşdim
mən bunu televiziyadan tanıyıram, bəs bu məni hardan
tanıyır? Sən demə əlimdəki
çaxırın markasını tanıyıb, məni yox.
Belə tanış olduq. Rejissor
soruşdu ki, ssenari ilə tanışsan? Bildirdim ki, povesti də
oxudum, ssenarini də.
Povest surəti daha çox açır, ssenaridə
isə çox sxematik verilib. Mən bu
fikrimi ona deyəndən sonra povestdən səhnələri
ssenariyə əlavə etdi. Kinoda 4
uşağım var idi. Rejissor 3-nü
tapmışdı, birini yox. Mənə dedi ki, gör
qonşuda uşaqlardan kim varsa mənə
de. Mən də bir uşaq tapdım. Növbəti çəkilişimiz bulvarda idi.
Dondurma səhnəsi çəkilirdi.
Rejissor dedi ki, sən
elə edə bilərsənmi gətirdiyin uşaq
çəkilişdə ağlasın? Dedim ağlayar. Gənc
Tamaşaçılar Teatrının gənc aktrisalarından
biri dondurma satan qız rolunda idi. Həmin
qıza dedim ki, uşağa dondurma verməsin. Desin
ki, boğazın ağrıyar. Uşaq hamı
kimi pulunu uzatdı ki, dondurma alsın, qız ona dondurma vermədi.
Uşaq başladı ağlamağa. Gördüm rejissor sevincindən
atılıb-düşür. Çəkilişdən
sonra məni çağırıb dedi ki, sən nə etdin
uşağa? Rejissora dedim ki, həmin ağlayan uşaq mənim
öz oğlumdur. Demək olar ki, oğlumun qədəmləri
düşərli oldu, həmin ildən başlayaraq hər il mən filmə çəkilməyə
başladım. “Yeddi oğul istərəm”, “Xatirələr
sahili”, “Qızılqaz”, “Ömrün ilk günü” kimi filmlərdə
rol aldım.
-Rafiq
Əzimov deyəndə tamaşaçıların yadına
ilk növbədə “Yeddi oğul istərəm” filmi
düşür. Gəlin bir az bu filmdən
danışaq. Çünki bu film Azərbaycan
kino sənətinin möhtəşəm nümunələrindəndir.
Və siz bu
filmdəki obrazla sənətə öz
möhürünüzü vurmusunuz.
- Bu filmlə
bağlı çox xatirələrim var. “Yeddi oğul istərəm”lə
bağlı onu deyə bilərəm ki, mən heç zaman
at sürməmişdim. Biz bir aydan artıq müddətdə
cıdır meydanında təlimlər keçdik.
Bizə orada yaxşı at sürməyi öyrədirdilər.
Bizim hər birimizin atının adı var idi.
Mənim atımın adı “Limon” idi. Bir dəfə Fatmaidə öz atımla deyil,
Ənvərin atı ilə gəzməyə
çıxdım. Təpəyə qalxdıqdan sonra
aşağı düşəndə sən demə
aşağıda xəndək var imiş, mənim də xəbərim yox.
Atlar da çox hissiyyatlı heyvanlardır.
Xəndəyi görəndə özünü
saxladı. Yıxılmamaq üçün mən də
tutdum atın
boynundan fırlandım, ancaq
tarazlığımı saxlaya bilməyərək
yıxıldım xəndəyin içinə. Həmin bu məqamda
o zaman kinostudiyanın direktoru olan Adil İsgəndərov
yıxıldığımı görəndə dedi ki,
qadam, o sənin atındı? Dedim yox, Ənvərin
atıdır. Sənin atın hardadır?
Dedim ağaca bağlamışam. Dedi ki, sən bilmirsən
ki, özgə atına minən tez düşər? Ölərsən film yarımçıq qalar.
Bunların hamısı təkcə mənim
başıma gəlməyib. Yeddimizin də çəkiliş
məqamında belə xatirələri var.
-Adil
İsgəndərovun timsalında, sözün əsl mənasında
məşhur sənətkarlarla çiyin-çiyinə
çalışmısınız. Bugünkü
kino və teatr sizi qane edirmi?
- Hərdən
gileylər eşidirik ki, hanı o əvvəlki filmlər? Bu bizim yaralı yerimizdir. Gileylərin
yaranma səbəbi odur ki, indi o rejissorların, aktyorların
çoxu haqq dünyasındadır. Onların
filmləri, televiziyada oynadıqları tamaşalar çəkilib
qızıl fondda qalıb. Onları mən
canlı görmüşəm. Gənclər
onların çoxunu bəlkə tanıyır, bəlkə
tanımır. Yaxşı olardı ki, gənclər
onları tanısın, onların yaradıcılıqları
ilə yaxından tanış olsun. Biz onlardan çox şey öyrənmişik. Bu sənət aləmində qoca, cavan, yaş həddi
məni maraqlandırmır. İstedadlı
və istedadsız aktyor var. Deyirlər istedadlılara kömək
etmək lazımdır, istedadsızlar özləri yol tapa
bilirlər. Biz
çalışırıq ki, əlimizdən gələn qədər
kömək edək. Xalqımız
istedadlı xalqdır. Biz istərdik ki, siz
gənclər daha da yaxşı filmlər izləyəsiniz.
Deyirlər su gələn arxa bir də gələr.
İstedadlı gənclərimiz var. Məsələn,
“Buta” filmi Avstraliyada birinci yer qazanıb.
- Rafiq
müəllim, filmlərdə bəzən aktyorları gərgin,
təhlükəli epizodlarda dublyorlar əvəz edirlər. Bilmək istərdik ki, sizi hər hansı bir filmdə
dublyor və ya kaskadyorlar əvəz edibmi?
- “Yeddi oğul istərəm” filmində bir çox
döyüş səhnələrində kaskadyorlar çəkilib.
Çünki orada elə səhnələr
var ki, onları oynamağa aktyorlara icazə vermirdilər.
Adil İsgəndərovun sözü olmasın,
“ölərsən kino yarımçıq qalar”. Ona görə də çətin məqamlar olan yerlərdə
kaskadyorlar paltarlarımızı geyinib çəkilirdilər. Bu oyunları Tofiq
Tağızadə elə gözəl montaj edib ki,
tamaşaçılar bunu heç vaxt ayıra bilməmişdilər.
Amma çox filmlərdə olub ki, özüm
çəkilmişəm. Məsələn,
“Arxadan vurulan zərbə” filmində arxamca bıçaq
atılan səhnədə demək olar ki, mən ölümdən
qurtardım. Bıçaq atanı sirkdən
dəvət etmişdilər. Məşqlər
prosesində bıçağı 10 dəfəyə
yaxın atdı, biri də yerə düşmədi.
İki dubl çəkdik, üçüncüsündə rejissor mənə
“əyil” komandasını gec dedi. Bu zaman
bıçaq mənim başımın üstündən
keçdi. Operatorların, rəssamların vahiməsi mənim həyəcanımı
daha da artırdı. Hamısı gəlib
başıma baxdı. Bu hadisələr
indi xatirə kimi xatırlanır. Amma hər
dəfə o filmə baxanda bizə və ya haqq
dünyasında olanlara rəhmət diləyirlər. Çünki bu aktyorlar Azərbaycan kinosuna
qızıl hərflərlə yazılıb.
- Siz
kinoda və ya teatrda ekspromt improvizasiyalardan istifadə
etmisinizmi?
-Olub. Əsasən də gərginlik keçirəndə. Ulu öndər Heydər
Əliyev tamaşalarımıza baxmağa gələndə
inanın ki, səhərdən teatrda olurduq
özümüzü kökləyirdik. Onun hər gəlişi
aktyorlarda böyük bir məhəbbət, sevinc hissi
yaşadırdı. Bir dəfə Dədə Qorqud rolunu ifa edirdim.
Bir məqamda söz yadımdan
çıxdı. Elə bir sözdür
ki, o sözlə də bütün hadisə
bağlıdır. İçəri girəcəyim
məqamda həyəcandan söz yadıma düşdü.
Çox gərgin anlar yaşadım. O
zaman ulu öndər Heydər Əliyev zalda Nəbi Xəzri ilə
bir sırada oturmuşdu. Tamaşa qurtarandan sonra
bizi çox təriflədi. Bu tamaşa Dədə
Qorqudun 1300 illik yubileyinə həsr olunmuşdu. Bütün türk dünyasından tamaşanı
izləməyə gəlmişdilər. O zaman Ulu Öndər
Nəbi Xəzriyə sual verdi ki, Nəbi,
sənin ad günün nə vaxtdır? Dedi: bu gün. Qucaqlaşdılar. Ulu Öndər
hər bir sənətçiyə qarşı çox diqqətli
idi. Ümumiyyətlə,
Ulu Öndər mənim ifamda olan dörd tamaşamıza
baxmağa gəlib. Bilirsiniz, bu bizim ömür
tariximizə qızıl hərflərlə yazılıb.
-Bəzən elə olur ki, bir çox kinolarımız epizodik
rollarla da yaddaşlarda qalır. Sizin də belə
rollarınız olubmu?
- Bilirisiniz, epizodik rolları həm teatrda, həm
də kinoda oynamışam. Epizodik rolu ifa etmək çox
çətindir. Deyirlər rolun böyüyü, kiçiyi
olmur. Aktyorun böyüyü, kiçiyi olur. Mən hər
hansı bir rolu canlandıranda rolun
ağırlığına baxmıram. Onun məzmununa
baxıram. Düşünürəm ki, mən
tamaşaçının qarşısına çıxanda
sözümü deyə biləcəyəm? Tamaşadan sonra
tamaşaçı hansı təəssüratla gedəcək,
mənim üçün o maraqlıdır.
- Nə vaxtsa demisiniz, səhnə səadətimdir...
Doğrudanmı bu belədir?
- Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü, teatrşünas Rafiq Rəhimli yubileyimlə
bağlı “Səhnə səadətimdir” adlı kitab
yazıb. Çox xoşbəxtəm ki, həm teatrda yubileyim keçirildi, həm
də Azərbaycan Televiziyasında haqqımda film çəkildi.
Yubileyimlə bağlı mənə, eyni zamanda, ev də
bağışladılar. Ulu öndər Heydər Əliyev
onun layiqli davamçısı Prezident İlham Əliyev diqqət
və qayğılarını mədəniyyət və incəsənət
işçilərindən heç vaxt əsirgəməyiblər.
Səhnə mənim doğrudan da səadətimdir. Dövlətimizin
başçısı İlham Əliyev ilk dəfə
Prezident seçiləndə mən təbrik teleqramı
vurmuşdum. Cənab Prezident də teleqramımı
cavablandırmışdı. Prezidentin
cavablandırdığı teleqramı hələ də
saxlayıram. Övladlarıma, nəvələrimə də
deyirəm ki, məndən sonra onu saxlasınlar. Bütün
bunlar Rafiq Rəhimlinin yazdığı həmin kitabda qeyd
olunub. Deyirlər təsir əks təsirə bərabərdir.
Bizi də yaşadan tamaşaçıların
alqışları və diqqətidir.
Şəmsiyyə
Əliqızı.
İki
sahil.- 2017.- 15 iyul.- S.21.