Xarici bazarlarda Azərbaycan məhsullarına
maraq artır
“Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”na uyğun müəyyənləşdirilən
vəzifələr müxtəlif istiqamətli olsa da bir məqsədə
yönəldilir: Yerli potensialdan daha səmərəli
istifadə etməklə keyfiyyəti beynəlxalq standartlara
uyğunlaşdırmaq, daxili bazarımızı daha keyfiyyətli
yerli məhsullarla təmin etmək, xarici bazarlarda məhsullarımıza
marağı artırmaq, Azərbaycan brendli məhsulların
dünya bazarlarına idxalını, ölkəyə
investisiya axınını sürətləndirmək,
mükəmməl baza formalaşdırmaq.
Bunun üçün isə ilk növbədə
ölkədə dinamik inkişafda olan biznes mühitinin
yaxşılaşdırılması, iş adamlarının
daha səmərəli fəaliyyəti üçün
münbit şəraitin yaradılması tələb olunur.
Tanınmış beynəlxalq maliyyə təşkilatlarının
illik hesabatlarında Azərbaycanın islahatlar ölkəsi
kimi tanınması, iqtisadiyyatın bir neçə sahəsi
üzrə ilk onluqda yer alması
ölkəmizdə bu istiqamətdə davam etdirilən
siyasətin uğurudur. Dünyanın aparıcı beynəlxalq
təşkilatlarının hesabatlarında adı yüksək
pillələrdə çəkilən Azərbaycan iqtisadi sahədə
liderliyini həmişə qoruyur. “Doinq Business-2017”
hesabatında ölkəmizin 65-ci pillədə qərarlaşması
aparılan islahatların məntiqi nəticəsidir. Hesabatda
qeyd olunduğu kimi Azərbaycan dünyada 3 və daha çox
islahat aparan 29 ölkədən biridir. “Xarici
ticarətin aparılması” göstəricisinə görə
də fərqlənən ölkəmizin islahatlar ölkəsi
kimi tanınması, iqtisadi böhrandan qorunmaq
üçün əlavə təsir imkanlarının tətbiqi
sahəsində düşünülmüş siyasət
aparılması dünya iqtisadi birliyində mövqeyimizi
möhkəmləndirir. Əsas
odur ki, biznes mühitinin
yaxşılaşdırılması ilə azad rəqabətin
gücləndirilməsi üçün zəmin
yaradılır, xarici bazarlarda Azərbaycan brendli malların
çeşidinin artırılması kimi vəzifələrin
həlli ilə yerli məhsulların keyfiyyətinin beynəlxalq
standartlara uyğunlaşdırılması, idxal sahəsində yol verilən nöqsanlara qarşı mübarizənin gücləndirilməsi
imkanlarını artırır.Buna görə də qeyri-neft
sektorunun ÜDM-də rolu gücləndirilir, Azərbaycan
brendi ilə dünya bazarlarına çıxarılan yerli məhsulların ixracda payının daha
böyük rəqəmlərlə ifadə olunması sərbəst
rəqabətə əsaslanan bazar
münasibətlərini möhkəmləndirir. İllərdən
bəri böhran vəziyyətində olan dünya
iqtisadiyyatının əsas problemlərinin həlli ilə
bağlı müzakirələrdə də diqqət yetirilən
əsas məsələ bazarların ekoloji cəhətdən
daha keyfiyyətli, təmiz məhsullarla təmin
olunmasıdır.
ÜDM-də payı artan özəl bölmənin
inkişafına diqqətin artırılması müasir
dövrümüzün başlıca tələbidir. Son 12
ildə ölkədə 70 mindən artıq özəl
müəssisə yaradılmış, sosial məsuliyyət
olan əhalinin işlə təminatı istiqamətində
önəmli islahatlar aparılmış, sahibkarlara güzəştli
şərtlərlə 1 milyard 700 milyon manat kredit
verilmişdir. Bu il isə analoji rəqəm 200 milyon manat nəzərdə
tutulub. Özəl sektorun inkişafı, iş
adamlarının sərbəst fəaliyyəti, şəffaflığın
təminatı üçün əlverişli münbit,
işgüzar şərait yaranmışdır. Belə ki,
sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə
dayandırılmış, lisenziya tələb olunan fəaliyyət
növlərinin sayı 59-dan 37-yə endirilmiş, dövlət
rüsumunun məbləği paytaxtda 2, regionlarda isə 4 dəfə
azaldılmışdır. Lisenziyaların “ASAN xidmət” mərkəzlərində
verilməsi ilə iş adamlarını narahat edən
süründürməçilik halları aradan
qaldırılmışdır. Qiymətlərin tənzimlənməsi,
idxala mane olan süni maneələrin aradan qaldırılması
istiqamətində görülən tədbirlər sayəsində
inhisarçılıq, korrupsiya hallarına qarşı
mübarizə gücləndirilir. Azərbaycanda ixracın təşviqi
sistemi yaradılır, dünya bazarına
çıxarılan məhsulların keyfiyyəti beynəlxalq
standartlara uyğunlaşdırılır. Bu onu
göstərir ki, son illər ərzində ölkə
iqtisadiyyatının güclənməsinə, rəqabətədavamlı
ixrac potensialına imkan yaradan sahələrə böyük həcmli
investisiyalar qoyulur, dövlət dəstəyi gücləndirilir.“Qeyri-neft
məhsullarının icrasının
stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”kı Sərəncamın
tətbiqi ilə vergi proseslərinin beynəlxalq standartlara
uyğunlaşdırılması, qeyri-neft məhsullarının
istehsalı və ixracının
stimullaşdırılması rəqabət qabiliyyətinin
artırılması təmin olunur. “Xarici
ölkələrə ixrac missiyalarının təşkilinə,
xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə,
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə,
yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına
ödənilən hissəsinin müəyyənləşdirilməsi
və ödənilmə mexanizminin tənzimlənməsi
Qaydası” haqqındakı Fərman dünyada geniş
yayılan mütərəqqi təcrübənin ölkəmizdə
tətbiqinə geniş imkan yaradır.
İmzaladığı sərəncamlarla Azərbaycan məhsullarının dünya bazarlarına
çıxarılma mexanizmini, iş adamlarına olunan güzəştləri
müəyyənləşdirən Prezident İlham Əliyev
bildirir ki, bu yeniliyin tətbiqi, Azərbaycanın yerli məhsullarının
təbliği ilə yüksək uğurlara nail olunacaq. İqtisadi
islahatları və iqtisadi siyasətin məqsədyönlü
davamı üçün ilk növbədə maliyyə və
iqtisadi sabitlik olmalıdır. Azərbaycanda makroiqtisadi sabitlik
təmin olunur. İdxaldan asılılıq azalır və tələbat
daha çox yerli istehsal hesabına ödənilir. “Qeyri-neft
sektorunun inkişafı bizim prioritetimizdir... Sənaye
istehsalı, kənd təsərrüfatının
inkişafı istiqamətində çox ciddi addımlar
atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə
proqram kimi təqdim etdiyim layihələr artıq
reallaşır” söyləyən Prezident İlham Əliyev sənaye
parklarının yaradılmasına xüsusi diqqətlə
yanaşır. Nəzərdə tutulduğu kimi Mingəçevir
Sənaye Parkında tikiləcək 9 zavodun hər birində 5
mindən çox iş yeri yaradılacaq, böyük sənaye
şəhəri kimi imkanları genişləndiriləcək.
Balaxanı Parkında 5 zavod fəaliyyətə
hazırdır. Neftçala Sənaye Zonasında yaxın
vaxtlarda iki müəssisə fəaliyyətə
başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli
qoyulub. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi
ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi
qəbul edilib. Kənd təsərrüfatını
inkişaf etdirməklə
ölkə əhalisinin keyfiyyətli ərzaq məhsulları
ilə təminatının
yaxşılaşdırılması istiqamətində
aparılan islahatların nəticəsi olaraq aqroparkların
yaradılması da sürətlə gedir. “Bu
günə qədər bizim təşəbbüsümüzlə
və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı
yaradılmışdır. İndi 38 böyük aqropark
yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə
çox məsuliyyətlə yanaşdı. Tezliklə 38
aqroparkın yaradılması bizim ixrac
potensialımızı böyük dərəcədə
artıracaqdır” söyləyən Prezident İlham
Əliyevin pambıqçılığın
inkişafına göstərdiyi diqqət sahəsində
“ağ qızıl”ın şöhrəti bərpa olunur, əkin
sahələri artırılır. Aqrar sahənin
gəlirli sahələrindən olan
baramaçılığın inkişafını təmin
edən tut tingləri sahələrinin
artırılması, Şəki ipək kombinatının fəaliyyətinin
yaxşılaşdırılması ilə zəngin tarixə
malik və perspektivi olan ipəkçilikdə
dönüş yaradılır. Otuz rayonda
baramaçılıq inkişaf edir və 739 kənddə
insanlar baramaçılıqla məşğul olurlar. Gəlirli
sahə olan baramaçılığın inkişafı
üçün Prezidentin ehtiyat fondundan ayrılan 4,5 milyon
manat vəsait hesabına Qax Barama Damazlıq Mərkəzi
yaradılacaq. Gətirilən avadanlıqlar hesabına Şəki
ipək kombinatının tam gücü ilə işləməsi
təmin olunacaq. Yaxın gələcəkdə
Azərbaycanda 1000 tondan çox barama tədarükü nəzərdə
tutulur.13 rayonda tütün əkini ilə bağlı
islahatların aparılması ilə
bölgələrdə tütün fabriklərinin
yaradılması, keyfiyyətli məhsul ixracı nəzərdə
tutulur. Cənub zonasında
çayçılığın bərpası, çəltikçiliyə
marağın çoxalması, iqlim şəraitinə
uyğun zeytun, fındıq, badam bağlarının
artırılması, kartofun, soyanın əkini ilə xarici
bazarlara çıxarılacaq yerli məhsulların sayı
artırılacaq. Heyvandarlıq iki faizdən çox
artıb. 38 aqroparkda heyvandarlıq kompleksləri
yaradılıb. İyirmi yeddi rayonda 14 min hektarda şəkər
çuğunduru əkini də ölkəyə xeyli
investisiya gətirəcək.
Qeyri-neft sektorunda istehsal olunan məhsulların
ixracında artım 27 faiz təşkil edib. “Biz ixracın
coğrafiyasını da genişləndirməliyik. Ənənəvi
bazarlar var. Biz o bazarlarda varıq, mövqelərimizi daha da
gücləndirməliyik, yeni bazarlara da
çıxmalıyıq. Bu istiqamətdə də
görülən işlər artıq nəticə verir. Biz indi bir neçə Körfəz ölkəsinə
öz kənd təsərrüfatı və emal məhsullarımızı
ixrac etməyə başlamışıq.Asiya ölkələrinin
bazarlarına çıxırıq və
çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin
bazarlarına da çıxaq” söyləyən Prezident
İlham Əliyevin vurğuladığı kimi,
“Azexport” portalının yaradılması da bu istiqamətdə
atılan çox ciddi bir addımdır: “İndi portala
bütün dünyadan sifarişlər gəlir. Amma əvvəllər
heç kim bilmirdi ki, biz nə istehsal edirik. İndi bilirlər,
müraciət edirlər, elektron qaydada müqavilələr
bağlanır. Yəni, bu, böyük bir hadisədir və
belə addımların atılması görün
sahibkarların işini nə qədər yüngülləşdirir.
Bütün əsas bazarlar olan ölkələrə indi
dövlət və özəl sektorun nümayəndələrindən
ibarət ticarət missiyaları göndərilir. Biz öz məhsullarımızı
xaricə ixrac etməliyik”.
Qarşıya qoyulan məqsədə
çatmaq üçün isə dövlətin hüquqi,
maddi, mənəvi dəstəyi yetərincədir. Sahibkarlara 6 ayda güzəştli şərtlərlə
63 milyon manat kredit verilib. Ümumiyyətlə,
bütövlükdə güzəştli şərtlərlə
iki milyard manat kredit ayrılıb. İnvestisiya təşviqi
mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə
görə Azərbaycana 1,6 milyard manat dəyərində
investisiya qoyulub. “Əgər bu mexanizm olmasaydı,
bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı
müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz
buna getməliyik və nəticə də göz
qabağındadır. İnvestisiya təşviqi
mexanizmi qədər bizə investisiya gətirən ikinci amil
yoxdur. Ona görə, sahibkarlar da bunu
yüksək qiymətləndirirlər. İş
yerləri də açılır və gözəl iqtisadi sənaye
potensialı yaranır. İxracın təşviqi
mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var” söyləyən cənab
İlham Əliyev bildirir ki, neft kapitalının insan
kapitalına çevrilməsi üçün qeyri-neft
sektorunun ÜDM-də payı gələcəkdə daha
çox olmalıdır.
Xuraman
İsmayılqızı.
Iki sahil.-
2017.-20 iyul.- S.13.