Müstəqil siyasətə
qayıdış tarixi
Heydər Əliyev-Vətənini
sevən və dayağı xalq olan lider
... 1987-ci il oktyabrın 24-də “Pravda” qəzetində
dərc olunan “SSRİ Ali Sovetinin Rəyasət Heyətində”
başlıqlı məlumatda deyilirdi: “ SSRİ
Ali Sovetinin Rəyasət Heyəti səhhətinə görə
pensiyaya çıxması ilə əlaqədar SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsindən azad
edilməsi barədə Heydər Əliyeviç Əliyev
yoldaşın xahişini təmin etmişdir.” Həmin
gündən başlayaraq sovet üsul-idarəsinin mərkəzi
sayılan Kremlə Heydər Əliyevlə bağlı
böhtanlarla dolu anonim məktublar göndərildi. Haqsızlığa qarşı barışmaz,
mübariz olan Ulu Öndər Rusiya televiziyasının populyar
“Həqiqət anı” publisistik verilişinin
aparıcısı Andrey Karaulova verdiyi müsahibədə o
dövrdə baş verən hadisələri belə şərh
edir: “Əsl səbəb təkcə səhhətimlə
bağlı deyildir, hərçənd əlbəttə,
mən həqiqətən xəstələnmişdim. Səbəblər
odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən
özümə qarşı qeyri-səmimi münasibət hiss
edirdim. Bu, çox şeydə özünü büruzə
verirdi. Mən vicdanla işləyirdim, işimdə heç
bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv
hisslərinin əsiri oldu, vəssalam.”
Sonra “istefa”sının səbəblərini belə
izah edir: “ Nə bir söhbət oldu, nə də səsvermə.
Sadəcə Qorbaçov məni öz yanına
çağırdı- iş otağında daha iki nəfər
də vardı-dedi: Sən getməlisən. Dedim: Əgər
baş katib mənim işləməyimi istəmirsə onda mən
gedərəm.”
Mərhum xalq şairi Bəxtiyar Vahabzadə “ məcburi
istefaya” təəssüfünü “Ey vah, Moskvadakı yeganə
və ən böyük qalamız yıxıldı” sözləri
ilə bildirdi. Ulu Öndərin Siyasi Bürodan
uzaqlaşdırılmasından 15 gün sonra Qarabağ məsələsi
ortaya atıldı. Baş katibin arvadı Raisa
Qorbaçovanın ən yaxın adamı, Qorbaçovun
iqtisadi məsələlər üzrə müşaviri
Aqanbekyanın Parisdə səsləndirdiyi “Dağlıq
Qarabağ Ermənistana verilməlidir” sözləri ilə
bu gün də davam edən münaqişənin təməli
qoyuldu. Moskvanın “Qarabağ əməliyyatı”
üçün sipər olan, zəkası, uzaqgörən
siyasəti ilə Kreml mənsublarından
üstünlüyünü fəaliyyəti ilə bildirən
Heydər Əliyev savadsız siyasətçiləri biliyi,
dövlətçilik təcrübəsi ilə heyran qoyurdu.
Ermənilərə havadarlıq edən sovetlərin
rəhbərliyi Dağlıq Qarabağ Vilayət Sovetinin
növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan
SSR tərkibindən çıxarılıb Ermənistan
SSR-in tərkibinə verilməsi haqqında” qəbul
edilmiş əsassız qərarı sükutla
qarşıladı. Qarabağda, o cümlədən
Əsgəranda qan töküldü, Sumqayıt hadisələri
törədildi. Bakıda çoxsaylı
insanın iştirakı ilə mitinqlər keçirildi.
İmperiyanın siyasətinə uyğun
planlaşdırılan və daxili vəziyyətin gərginləşməsinə,
torpaqlarımızın işğalına yönələn
hadisələr Azərbaycan xalqının etirazına səbəb
oldu. 30 il Dövlət Təhlükəsizliyi Komitəsinin
rəhbər vəzifələrində çalışan
Heydər Əliyev bu qurumun əməkdaşları tərəfindən
təqib olundu. Separatçıların Azərbaycana
qarşı silahlı təcavüzü haqqında məlumatlar
Ermənistanın mənafeyinə uyğun istiqamətə
yönəldildi. 1989-cu ildə
Mərkəzi Komitənin plenumu ərəfəsində
Kommunist Partiyasının bir çox üzvünə, o
cümlədən Heydər Əliyevə MK-dan
çıxmaları barədə müraciət olundu.
Dağlıq Qarabağın Ermənistana verilməsini şərtləndirən
məsələlərin formal müzakirələri zamanı
yenə də separatçılara dəstək göstərildi.
Azərbaycanda şiddətlənən ümumxalq
etirazının yatırılması üçün fövqəladə
vəziyyət elan olundu. Millətlərarası ədavəti
gərginləşdirən erməni ekstremistlərinin törətdikləri
vəhşilikləri səssiz izləyən Kreml
münaqişənin suni surətdə
qızışdırılmasına hesablanan təxribatlara
biganəlik göstərdi.
Ulu öndər Heydər
Əliyev bu hadisələrə etiraz olaraq bir neçə
onilliklər üzvü olduğu, xidmət etdiyi Kommunist
Partiyasının sıralarından çıxdı.
Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək
hadisələri Azərbaycanın suveren hüquqlarının
pozulması, siyasi təcavüz adlandırmaqla baş verənlər üçün SSRİ rəhbərliyini, Qorbaçovu ittiham edən fərdi
pensiyaçı Heydər Əliyevin həyatı
üçün təhlükə yarandı. Bakıda baş
verən etirazlar, iğtişaşlar üçün Heydər
Əliyevi təqsirləndirən Kreml Ulu Öndər
haqqında təxribat xarakterli məqalələri dərc etməklə
fenomen insan haqqında səhv təsəvvür yaratmağa
çalışdı. Amma unutdular ki, istedad hər zaman
parıltısı ilə varlığını göstərir.
Vəziyyət isə getdikcə
ağırlaşırdı. Azərbaycanın fədakar
oğlunun Moskvada yaşadığı hər gün onun həyatı
üçün təhlükəli idi. Çıxış
yolu isə 70 ildən artıq “qardaşlıq ailəsinin” məkrli
ocağını tərk edərək doğma Vətənə,
Azərbaycana qayıtmaq idi. Hər an izlənildiyi
üçün Moskvanı tərk etmək qeyri-mümkün
olsa da dərin zəkaya malik siyasətçi, dövlətçilik
təcrübəsi olan Heydər Əliyev Azərbaycana
dönməyin yollarını tapdı.
...22 iyul 1990 -cı il bəlkə də salnaməmizə
yazılan ən şanslı tarixlərdən biridir. Həmin
gün Moskvadan Bakıya qayıdan Heydər Əliyevin xalq
arasındakı şəxsi nüfuzundan qorxan Kremlin ölkəmizdəki nökərləri
təşvişə düşdülər. Müxtəlif
yollarla onu paytaxtdan uzaqlaşdırmaq istəyənlər hətta
fiziki təsirlərə əl atılacağını belə
gizlətmirdilər. Sovetlər dövründə birinci katib
kimi qurub-yaratdığı respublikadakı şəxsi mənzilində
belə yaşamağa imkan verilmədiyi üçün məcbur
qalıb ata ocağına-Naxçıvan qayıdan Ulu Öndəri
həmyerliləri doğma övladı kimi
qarşıladılar. Blokadada qalan Naxçıvana
qayıdışı ilə müxtar respublikanı Ermənistanın
təcavüzündən qoruyan Ulu Öndər bazar
iqtisadiyyatının əsas şərtlərindən olan
özəlləşdirmə siyasətinə də burada
başladı.
O vaxtkı Azərbaycan rəhbərliyinin
ögey münasibətinə baxmayaraq muxtar respublikada vəziyyət sabit idi. Naxçıvanlılar
həmişə olduğu kimi, müdrikliyini göstərərək
Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər,
erməni işğalçılarına tutarlı cavab verdilər,
Azərbaycanın mərkəzi hökumətinə də
öz etiraz səslərini qaldırdılar:
Naxçıvanda heç bir məkrli ssenariyə yol verilməyəcəkdir.
Heydər Əliyev o illərdə nəinki Naxçıvan,
Azərbaycan üçün də tarixi qərarlar qəbul
etdi. Sədrlik etdiyi Ali Məclisin sessiyasında “Naxçıvan Sovet Sosialist Muxtar
Respublikası” adından “sovet, sosialist”” sözləri
çıxarıldı. Naxçıvanda ilk dəfə
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni,
gerbi bərpa olundu. Azərbaycanın Milli Məclisi
qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan
dövləti də bu bayrağı rəsmi dövlət
bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet
İttifaqının saxlanması üçün keçirilən
qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Yəni,
bu addımlar Azərbaycanın dövlət müstəqilliyini
şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət,
cəsarət, öz xalqına, öz millətinə nə qədər
bağlı olduğunu göstərdi.
Ulu öndər Heydər Əliyevə
ümumxalq ehtiram və hörmətindən, milyonların
onu dövlət
başçısı görmək tələbindən
ehtiyatlanaraq Konstitusiyada yaş məhdudiyyəti ilə
bağlı dəyişiklik edildi. Hətta Heydər
Əliyevin prezidentliyə namizədliyini irəli sürən
təşəbbüs qruplarının qeydə
alınmasından belə imtina edildi. Ulu Öndərin əhali
tərəfindən belə sevildiyinə qısqanclıqla
yanaşanlar unudurdular ki, nəinki ölkə daxilində, xarici ölkələrdə belə
bu müdrik insana hörmət və ehtiram sonsuz idi. Belə
münasibətlərin nəticəsi idi ki, Naxçıvan
MR Ali Məclisinin Sədri Heydər Əliyevin bir xahişi ilə
blokadada qalan Naxçıvana İrandan və Türkiyədən
elektrik enerjisi verildi. Humanitar yardım kimi muxtar respublika əhalisinin
ərzağa olan tələbatı ödənildi. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun
intensiv fəaliyyəti üçün geniş imkanlara malik
Naxçıvan hava limanı, Bakıda isə muxtar
respublikanın nümayəndəliyi açıldı.
Ankarada Ulu Öndərin təklifinə əsasən
aparılan danışıqların nəticəsi kimi Araz
çayı üzərində Türkiyə və Azərbaycanı
birləşdirən, həyat yolu
adlandırılan “Ümid körpüsü” salındı.
Muxtar respublikanı erməni separatçılarının
hücumlarından qorumaq üçün Qars müqaviləsi
təzələndi. 1992-ci ildə hakimiyyətdə olan
AXC-Müsavat cütlüyünün ssenariləri əsasında
hazırlanan dövlət çevrilişinə cəhdlər
xalqın həmrəyliyi sayəsində uğursuzluqla nəticələndi. Naxçıvan MR Ali Məclisinin Sədri
kimi Heydər Əliyevin imzladığı tarixi sənədlər
bütünlükdə Azərbaycanın sonrakı
inkişafının əsas parametrlərini əks etdirirdi.
Fəaliyyətinin
Naxçıvan dövrünü əhatə edən illərdə
ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin
təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin
milli həmrəylik və birliyi barədə qərarın qəbulu
idi. SSRİ-nin cənub sərhədlərini qoruyan sovet
ordusunun hərbi arsenalı, silah-sursatı muxtar respublikada
qalmaqla bütün ordu hissələrinin Naxçıvandan
çıxarılmasına nail oldu. Məhz o
illərdə yaradılan Naxçıvanın inkişafı
və müdafiəsi fonduna yığılan vəsait Milli
Ordunun möhkəmlənməsinə sərf olundu. Ən
başlıcası isə Azərbaycanın ictimai- siyasi həyatında
aparıcı rol oynayan, ölkənin gələcəyinə
böyük ümidlər vəd edən Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi.
Xalqın təkidli tələbi
ilə parçalanmaqda olan Azərbaycanı
daxili qarşıdurma və xarici dövlətlərin məkrli
müdaxilələrindən qorumaq üçün Bakıya
dəvət olunan ümummilli lider Heydər Əliyevin
Naxçıvandan Bakıya, böyük siyasətə
qayıdışı şərəfli xilaskar
missiyasının başlanğıcı oldu.
1993-cü ildə tarixi Qayıdışı
ilə insanları bürüyən stresdən, xaosdan, ölkəni
isə parçalanmaq təhlükəsindən xilas edən
Heydər Əliyev bir daha müstəqilliyin qarantı
olduğunu subut etdi. Ulu Öndər 1994-1995-ci
illərin acı xatirələri kimi yaddaşlarda iz salan
dövlət çevrilişlərinə cəhdləri də
mətinliklə, qətiyyəti sayəsində aradan
qaldırdı. Daxili və xarici düşmənlərin birgə
planlaşdırdığı cinayətlərə müdrikliyi
ilə qalib gələn Ulu Öndər 2003- cü ildə keçirilən prezident seçkiləri
ərəfəsində xalqa ünvanlanmış tarixi
müraciəti ilə bir daha Azərbaycana vurğunluğunu
bildirən, müstəqilliyin əbədi olması
üçün göstərdiyi xidmətlərin davamlı
olmasını istəyən Heydər Əliyev siyasi
davamçısı və özü qədər
inandığı cənab İlham Əliyev kimi səriştəli,
iradəli dövlət başçısını Azərbaycan
xalqına bəxş etdi.
Hazırda dünya birliyində Azərbaycan
qüdrətli dövlət, sivilizasiyalararası dialoq məkanı,
Cənubi Qafqazda və MDB-də lider kimi tanınırsa, bu
nailiyyət Heydər Əliyev məktəbinin layiqli
davamçısı Prezident İlham Əliyevin bu irsə
sadiqliyinin nəticəsidir. Əsası Ulu Öndər tərəfindən
qoyulan və Prezident İlham Əliyevin qətiyyətlə
davam etdirdiyi neft
strategiyasının uğurlu həlli nəticəsində Azərbaycan
Avropa İttifaqı dövlətlərinin etibarlı enerji təminatçısı
kimi tanınır.
... Ağıl və zəkasından
mənəvi silahı kimi istifadə edən, təcrübələri,
siyasi bacarıqları, fenomen istedadı ilə fərqlənən
tarixi şəxsiyyətlərlə birgə, hətta birincilər
sırasında adı çəkilən ümummilli lider Heydər
Əliyevin liderlik fəlsəfəsinin təkrarolunmazlığının
sübutu müasir Azərbaycanın müstəqilliyi,
beynəlxalq aləmdə qazandığı nüfuz, siyasət
və diplomatiya sahəsində əldə etdiyi misilsiz nailiyyətlərdir.
Azərbaycan dünya miqyasında multikultural cəmiyyət
kimi özünü təqdim edir və bizim nümunəmiz
bir çox ölkələrdə dərin təhlil olunur.
“Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr
bizə çox baha başa gəldi. O hadisələri
yada salarkən bir daha görürük ki, bu gün Azərbaycan
sözün əsl mənasında inkişaf yolundadır”
söyləyən Prezident İlham Əliyevin
vurğuladığı kimi, bu gün Azərbaycan müstəqil
dövlət olaraq özünü dünya miqyasında
tanıdıb, nüfuz qazanıbsa bu, Ulu Öndərin
xilaskarlıq missiyasının məntiqi nəticəsidir.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2017.- 22 iyul.- S. 8.