"Naxçıvanın
turizm potensialının tanıdılmasında medianın
rolu"
Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
(KİVDF) təşkilatçılığı ilə
KİV rəhbərlərinin Naxçıvan Muxtar
Respublikasına səfəri çərçivəsində
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq
Münasibətlər və Xarici Dillər fakultəsinin
inzibati binasının akt zalında "Naxçıvanın
turizm potensialının tanıdılmasında medianın
rolu" mövzusunda konfrans işə başlayıb. Movqe.az-ın
məlumatına görə, tədbirdə
çıxış edən KİVDF-nin icraçı
direktoru Vüqar Səfərli konfrans iştirakçılarını
salamlayaraq ölkənin aparıcı media rəhbərlərinin
Naxçıvana ikinci dəfə səfər etdiyini bildirib.
O, deyib ki, ötən ilin oktyabr ayında da KİVDF-nin həyata
keçirdiyi layihə çərçivəsində media rəhbərləri
20 nəfərlik heyətlə Naxçıvana səfər
ediblər. V. Səfərli ötən il baş
tutan səfərin Naxçıvan Muxtar Respublikasının
ali orqanları ilə media arasında əlaqələrin
genişləndirilməsi məqsədini
daşıdığını söyləyib.
İcraçı direktor bu dəfəki səfərin məqsədinin
isə Naxçıvanın turizm potensialının tanıdılmasında
medianın köməyindən istifadə etməkdən ibarət
olduğunu bildirib. Naxçıvana səfərə gələn
Nümayəndə Heyəti ilə konfrans
iştirakçılarını tanış edən V. Səfərli
Naxçıvanın böyük turizm potensialına malik
olduğunu söylədi: "Biz ötən səfərimizdə
də Naxçıvanın tarixi və mədəni abidələrlə
zənginliyinin, turizm cəlb etmək üçün
böyük potensiala malik olduğunun şahidi olduq. Bu gün
Naxçıvanda turistlərin maraqlandıran Duzdağ
Fizioterapiya Mərkəzi var ki, bu şəfa
ocağının potensialından lazımınca istifadə
olunmur. Bizim Naxçıvana səfərimizin məqsədi də,
bu cür turizm obyektlərini mediada geniş təbliğ etməklə
Naxçıvan Muxtar Respublikasına dəstək
olmaqdır".
Daha sonra konfransda Naxçıvan
Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı
kafedrasının müdiri, filologiya üzrə fəlsəfə
doktoru Şəhla Şirəliyeva çıxış edib.
Ş. Şirəliyeva Naxçıvan Muxtar Respublikasında
KİV-in hərtərəfli qayğı ilə əhatə
olunduğunu söyləyib. Ş. Şirəliyeva
Naxçıvanda azad mətbuatın
inkişafının, söz azadlığının təmin
olunması və informasiyanın operativ
çatdırılmasının diqqətdə
saxlanıldığını söyləyib: " Muxtar
Respublikada televiziya və qəzetlər ən müasir
avadanlıqlarla təmin edilib. Hazırda Muxtar Respublikada
"Şərq qapısı" ilə yanaşı, 8 şəhər
və rayon qəzeti, 4 jurnal, universitet televiziyası və
radiosu daxil olmaqla 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət
göstərir. "Universitet" televiziyası
və "Naxçıvan"radiosu həftənin
üç günü kabel şəbəkəsi vasitəsilə
universitet şəhərciyində, eləcə də
açıq formada Naxçıvan şəhərində
yayımlanır. Ölkəmizdə və dünyada nəşr
olunan 100-dən artıq qəzet və jurnal abunə yolu və
mətbuat yayımı vasitəsilə muxtar respublika əhalisinə
çatdırılır. Naxçıvan
Dövlət Televiziyasının, "Şərq
qapısı" qəzetinin internet saytlarının istifadəyə
verilməsi, Naxçıvan Dövlət Televiziyasının
və Radiosunun internet üzərindən bütün
dünyaya yayımlanması, muxtar respublikada ölkə
telekanallarının və informasiya agnetliklərinin müxbir
postlarının faəliyyət göstərməsi
Naxçıvanda informasiya blokadasının
yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi
inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların
oxucu, tamaşaçı və dinləyicilərə
çatdırılmasına imkan verir. Müasir dövrdə
azad mətbuatın inkişafını internet olmadan təsəvvür
etmək mümkün deyil. Son illər muxtar
respublikada yeni texnologiyaların iqtisadiyyatın və həyatın
bütün sahələrində tətbiqi, 4-cü nəsil
mobil rabitə şəbəkəsinin, Vətəndaşların
Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası
Elektron Sənəd Dövriyyəsi Sistemlərinin istifadəyə
verilməsi, yaşayış məntəqələrinə
fiber-optik kabel xətlərinin çəkilməsi, sürətli
internetə çıxış imkanlarının
yaradılması informasiyaların daha çevik formada əldə
olunmasına, ötürülməsinə və
yayılmasına imkan verir. Bu gün muxtar respublikanın
yaşayış ərazilərinin 98 faizində genişzolaqlı,
99 faizində isə simsiz internet xidməti göstərilir. Muxtar respublikanın yaşayış məntəqələrində
sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal
yayımı təmin edilmiş, quraşdırılan Yeni Nəsil
Telekommunikasiya Sistemi üzərindən də televiziya
kanallarını izləmək və digər xidmətlərdən
yararlanmaq imkanı yaradılıbdır. Naxçıvan
Muxtar Respublikasında rəqəmsal televiziya vericiləri
quraşdırılmışdır ki, bu xidmət vasitəsilə
67 televiziya proqramının yayımı, Naxçıvan
Dövlət Televiziyasının isə ölkədə ilk dəfə
olaraq yüksək keyfiyyətli HD formatda yayımlanması təmin
edilibdir. Naxçıvan Muxtar Respublikasında kütləvi
informasiya vasitələrinin inkişafında ali təhsilli
jurnalist kadrların hazırlanması xüsusi yer tutur.
Hazırda muxtar respublikada jurnalistika sahəsi üzrə kadr
hazırlığı 50 illik zəngin tarixə malik olan
Naxçıvan Dövlət Universitetində həyata
keçirilir. Ali Məclis Sədrinin
qayğısı nəticəsində 2001-ci ildən
universitetdə jurnalistika ixtisası fəaliyyətə
başlamış, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı
kafedrası yaradılaraq, 2005-ci ildən etibarən Mətbuat
tarixi və Radiotelejurnalistika ixtisasları üzrə magistr
hazırlığına başlanıb. Ötən dövrdə
jurnalistika ixtisasını 200-ə yaxın tələbə
bitiribdir. Bu gün məzunlarımız ölkəmizdə,
eləcə də muxtar respublikamızda müxtəlif
kütləvi informasiya vasitələrində
çalışırlar. Naxçıvan Dövlət
Universitetində jurnalistika ixtisası tələbələrinin
peşəkar səviyyədə hazırlanması diqqətdə
saxlanıb, 2011-ci ildə ali təhsil ocağının Media
Mərkəzi fəaliyyətə başlayıb. Hazırda
universitetin “Qeyrət” nəşriyyatı fəaliyyət
göstərir, “Yeni fikir” qəzeti və “Elmi əsərlər”
jurnalı çap olunur. 2006-cı ildə tədrisyönümlü
"Universitet" televiziyası fəaliyyətə
başlayıbdır. “Naxçıvan Dövlət
Universitetində elektron təhsil şəbəkəsi və
rəqəmsal multimedia infrastrukturu” layihəsi uğurla
tamamlanmışdır ki, bu layihənin də ikinci
mühüm tərkib hissəsi məhz rəqəmsal
multimedia infrastrukturu ilə bağlı idi. Layihə çərçivəsində
“Universitet” televiziyasında yaradılan yeni infrastruktur video-dərslərin
hazırlanmasında və distant tədrisin tətbiqində
geniş imkanlar açmışdır. Bu məqsədlə
televiziya müasir texnologiyalarla təchiz olunmuş, burada
virtual studiya quraşdırılıbdır. 2011-ci ildə
efirə çıxan “Nuhçıxan” radiosunda universitetin
gündəlik həyatını işıqlandıran
informasiya proqramlarının, vətənpərvərlik
mövzusunda verilişlərin, maraqlı müsahibələrin
hazırlanmasında jurnalist tələbələrin
böyük əməyi vardır".
Natiq bildirib ki, Naxçıvanın turizm
potensialının təbliğini gələcəyin jurnalistlərinə
dərindən öyrətmək, onlarda bu sahə üzrə
peşə vərdişi formalaşdırmaq üçün
səylə çalışırlar: "Bu gün müasir
dünyada turizmin təbliğini medianın imkanları olmadan
düşünmək mümkün deyil. Geniş təsir
imkanlarına və əhatə dairəsinə malik olan mətbuat
orqanları turizm potensialının təbliğində və
turizm imicinin formalaşmasında əsas vasitə hesab olunur.
Hazırda muxtar respublikada bu funksiya Naxçıvan Dövlət
Teleradiosu və "Şərq qapısı" qəzeti tərəfindən
yerinə yetirilir. Jurnalistlərin sosial şəbəkələrdəki
aktivliyi və bunun hesabına əldə olunan nəticələr
onu deməyə əsas verir ki, təbliğat mexanizmi
düzgün qurulmuşdur. Lakin bu işdə bir məsələ
diqqətdə saxlanılmalıdır ki, o da turistlərə
onların dilində təbliğat aparmaqdır. Juralistika
ixtisasında xarici dillərin tədrisinə
üstünlük verilməsi, tələbə-jurnalistlərin
bir və ya bir neçə xarici dili bilməsi qarşıda
duran əsas vəzifələrdəndir.
İnanırıq ki,
"Naxçıvanın turizm potensialının
tanıdılmasında medianın rolu" mövzusunda
keçirilən konfrans səmərəli olacaq,
qarşılıqlı fikir mübadiləsinin
aparılmasına, yeni istiqamətlərin və vəzifələrin
müəyyənləşdirilməsinə öz töhfəsini
verəcəkdir".
Konfransda çıxış edən
Naxçıvan Universitetinin iqtisad üzrə fəlsəfə
doktoru Əli Cabbarov qonaqları salamlayaraq Naxçıvan
Muxtar Respublikasının ölkəmizin mühüm turizm mərkəzlərindən
olduğunu söyləyib: "Muxtar Respublikanın turizm
potensialı turistlərin və bura ilə maraqlanan hər kəsin
diqqətini cəlb edir. Keçmiş İttifaq
dövründə sərhədyanı bir region kimi xarici
turistlərin üzünə bağlı olmuş muxtar
respublika indi hər yerdən gəlmiş turistlərlə
dolub daşır. Turistlərə xidmət
göstərən gömrük-keçid məntəqələri,
ən müasir təyyarələri qəbul edən beynəlxalq
hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir
komfort standartlarına cavab verən mehmanxanalar, zəngin milli mətbəx
təklif edən yeməkxana və restoran müəssisələri,
qədim və zəngin tarixi-mədəni irs, turistlərin
muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini
təmin edən təhlükəsiz şərait
Naxçıvana gələn turistlərin sayını
artırıbdır. Hazırda il ərzində
400 mindən artıq turistin səyahət etdiyi
Naxçıvan, dövlət başçılarının
işgüzar görüşlər keçirdiyi,
tanışlıq-maarifləndirmə, müalicə-rekreasiya,
idman-sağlamlıq və dini-ziyarət məqsədilə səyahət
edən turistlərin ən çox müraciət etdikləri
məkana çevrilib. Formalaşan turizm potensialından bəhrə
götürmək üçün tələb olunan çox
ciddi təşkilati-kadr məsələləri ilə
yanaşı sözsüz ki, təbliğat mexanizminin də səmərəli
olması mühüm amildir. Bu baxımdan, hesab edirik ki, məhz
məqsədyönlü şəkildə həyata
keçirilən təbliğat vasitəsilə bu gün
turizmdən əldə olunan nəticələri dəfələrlə
yaxşılaşdıra bilərik".
Ə. Cabbarov Naxçıvanın turizm
ehtiyatları barəsində informasiyanın dünyada
yayılması məsələlərinə təkcə bu
istiqamətdə işlər görməklə arzuedilən nəticələrə
çatmağı düşünməyin çox çətin
olduğunu söyləyib: "Hansısa çap və ya
elektron informasiya resursunda yerləşdirilmiş turizm
ehtiyatı haqqındakı məlumat hələ turistlərin
gəlməsinə motiv ola biləcək gücdə deyil.
Söz yox ki, hər birimizin turistləri regiona çəkə
biləcək unikal resurslar haqqındakı yazı, foto və
video məlumatlarımız dünyaya yayıldıqca turistləri
maraqlandıran resursların da sayı artır. Ancaq
dünya təcrübəsi göstərir ki, geniş səyahət
təcrübəsinə malik olan bir turistin
paylaşdığı müsbət təəssüratın
yaratdığı motiv çox zaman birtərəfli olaraq həyata
keçirilən təbliğatdan daha çox təsirli olur.
Buna görə də peşəkar, yəni çox səyahət
edən turistlərə yönəlmiş təbliğat
mexanizminin qurulmasına bu istiqamətdə ən səmərəli
vasitə kimi baxmaq olar. Turizmin təbliğat
işində, xüsusən media vasitəsilə həyata
keçirilən təbliğatyönümlü işlərdə
uğur qazanmaq üçün müasir tələbkar
turistin profilinin yaxşı öyrənilməsi, başqa
sözlə, onun tələbini, maraq və mənafelərinin
nəzərə alınması lazımdır. Misal üçün, bu gün dünyada geniş
yayılmış, ancaq yaşadığımız regionda hələ
də çox tətbiq olunmayan sosial turizmə baxdıqda
Naxçıvan Duzdağına müalicə
üçün gələn vətəndaşlar və
Ağbulaq İstirahət Mərkəzinə müxtəlif
kateqoriyalardan olan uşaq və gənclər
üçün sosial tur paketlərinin təklifi
Naxçıvanın turizm imici və turistlərin də
marağı baxımından çox uğurlu təbliğat
obyektidir. Ümumdünya Turizm Təşkilatının sənədlərində
də tövsiyə olunan “Turizmi əhalinin bütün təbəqələri
arasında yayaraq kütləviləşdirmək, məhdud
fiziki imkanlı və aztəminatlı insanları turizmə cəlb
etmək” kimi bəşəri müddəaların artıq
Naxçıvanda çoxdan tətbiq olunduğunun və bunun
ənənəsinin yaradıldığının şahidi
olarıq. Naxçıvan təkcə istirahət və
rekreasiya məqsədilə deyil, eyni zamanda müalicə, dini
və ekoturizm kimi sosial məzmunu daha dərin olan səyahətlərə
maraq göstərən turistlər üçün də
cazibədar məkandır. Bütün
bunların həssaslıqla qiymətləndirilməsi, turizm
potensialımızdan daha səmərəli istifadə
olunması üçün ötən ilin mart ayında
Naxçıvan Muxtar Respublikası Ali Məclisində
Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi
ilə bağlı müşavirədə dövlət
qurumlarına, eləcə də kütləvi informasiya
vasitələrinə verilmiş ciddi
tapşırıqları və onların icrası istiqamətində
görülmüş işləri qeyd etmək
lazımdır. Davamlı turizm və səmərəli
təbliğat mülahizələri baxımından
diyarımıza gələn hər bir turistin növbəti
mövsümdə yenidən Naxçıvanı seçməsi
bizim əsas hədəfimizdir. İnanırıq ki, məhz
bu, turizm potensialımızın tanıdılmasında ən
uğurlu vasitədir. Bu baxımdan, media
nümayəndələri, birbaşa turizmin təbliği ilə
məşğul olan jurnalistlər istər informasiya
saytlarında və elektron mediada, istərsə də sosial
şəbəkələrdə mədəniyyətlərarası
dialoqun elçiləri kimi müasir turistlərin diqqətini
Naxçıvanın təkcə yerləşdiyi
mövqeyə deyil, həm də malik olduğu tarixi zənginliklərə
və xalqımıza xas milli adətlərə yönəltməyi
bacarmalıdırlar. Bundan əlavə, 2018-ci ildə İslam
Mədəniyyətinin paytaxtı elan edilmiş
Naxçıvanın dünya ilə paylaşacağı
çox dəyərlər vardır. Artıq bundan sonra muxtar
respublikaya səfər edən qonaqlar Naxçıvanda turistlərə
qarşı tolerantlığın yüksək səviyyədə
olduğunu, peşəkar servislərə necə diqqət
yetirildiyini bir daha görəcəklər. Turistlər bunu
görənə qədər jurnalistlər tərəfindən
təbliğat işlərinə başlamaq, obyektiv və zəngin
təəssürat yaratmaq isə medianın əsas vəzifələrindən
olmalıdır. Yəni bu işdə hər bir jurnalist vətəndaşlıq
mövqeyini də ortaya qoymağı bacarmalıdır. Bu
gün Naxçıvandakı tarixi abidələr ən
yüksək səviyyədə mühafizə olunur,
onların dünya mədəni mirasına
qazandırılması üçün mümkün olan hər
bir tədbir görülür. Naxçıvan
şəhərinin tarixini və qədim mədəniyyətini
özündə qoruyub saxlayan Naxçıvanqalanın, Nuh
Peyğəmbərin məzarüstü türbəsinin,
xalqımızın məğrurluq rəmzi Əlincəqalanın
bərpa olunması, Gülüstan türbəsinə yenidən
həyat verilməsi, qədim tarixə və mühüm
əhəmiyyətə malik “Qarabağlar Türbə
Kompleksi”nin bərpası işlərinə
başlanılması bu sahədə də
Naxçıvanın öncül olduğu nümunələrdəndir.
Müqəddəs Əshabi-Kəhfin
sorağına gələn zəvvarlar üçün
yaradılmış rahat ziyarət şəraiti hər bir
turistdə, Naxçıvana gələn hər bir qonaqda dərin
məmnunluq və ehtiram hissləri yaradır, növbəti
ziyarət üçün zəmin formalaşır.
Ekoturizm, ümumiyyətlə, təbiətlə birbaşa
ünsiyyət yaradan hər bir turizm növü insanların
sağlam həyat keçirməsi, uşaq və gənclərin
təbiətə qarşı sevgisinin dərinləşməsi
üçün mühüm tərbiyəvi vasitədir. Naxçıvanda yaşıllıqların
qorunması və ərazisinin daha da artırılması
istiqamətində görülən böyükmiqyaslı işlər,
mühafizə olunan təbiət ərazilərinin cazibədar
fauna və flora zənginliyi muxtar respublikanın geniş ərazisindəki
ekoturizm marşrutlarından istifadəyə yaxşı
imkanlar yaradır. Naxçıvanın bütün kənd
yaşayış məntəqələrinə aparan
yolların müasir standartlara uyğun yenidən inşa
olunması və kəndlərdə aparılmış
müasirləşmə muxtar respublikada kənd-yaşıl
turizminin inkişafına yeni təkan verib. Bir vaxtlar hətta
yerli sakinlərin belə çətinliklə keçib
getdiyi kənd yolları ilə indi turizm
mövsümünün qaynar vaxtlarında on minlərlə
turist öz lüks avtomobili ilə Naxçıvanın
dağ kəndlərinə üz tutur. Bax bütün
bunların jurnalistlər tərəfindən müqayisəli,
təhlilli və obyektiv formada müxtəlif dillərdə həm
yazı, həm foto, həm də video formatında turistlərə
çatdırılması vacib məsələdir. Bu prinsip
bu gün Naxçıvanda həyata keçirilən
turizm-tanıtım fəaliyyətinin əsasında durur. Naxçıvan artıq festivallar şəhəri
kimi tanınmağa başlayıb. Ötən illərdən
başlayaraq Naxçıvanqalada keçirilmiş
“Yaradıcı əllər”, ölkəmizdə və
dünyada ilk olan “Göycə”, “Çörək”, “Bal və
arıçılıq məhsulları” və “Kətə”
festivalları, on günə yaxın davam edən özünəməxsus
Novruz bayramı şənlikləri Naxçıvanın
turizm etiketinə çevrilmiş, geniş reaksiya
doğurubdur. Naxçıvanda peşəkar servis
işçiləri qarşısında qoyulmuş vəzifələr
taksi sürücüsündən turizmin idarəçiliyi
üzrə məmurlaradək hamılıqca həvəslə
yerinə yetirilir. Naxçıvan şəhəri üzrə
ekskursiya marşrutu, muxtar respublikanın paytaxtından
Duzdağ şaxtaları, Əlincə qalası, Batabat,
Əshabi-kəhf, Ordubad, Gəmiqaya və Qarabağlar istiqamətlərinə
təşkil olunan turlar turistlər tərəfindən məmnunluqla
qarşılanır. Bütün bunlar isə müasirləşən
qədim Naxçıvanı turistlərə sevdirən və
bütün naxçıvanlıları sevindirən işlərdir.
Naxçıvanın turizm cazibədarlığı
haqqında çox danışmaq olar. Ancaq
Naxçıvana səyahət edən turistlərdən ən
yaddaqalan təəssüratlarını soruşduqda
onların məhz rahat və təhlükəsiz səyahət
edə bildiklərini, xidmət sahələrində
dürüstlük və qonaqpərvərik gördüklərini,
xalqımızın tolerantlığına heyran qaldıqlarını
bildirməsini tanıtım və təbliğat
baxımından çox sevindirici hal kimi qiymətləndirmək
mümkündür. Ona görə də media
kanalları vasitəsilə Naxçıvana səyahət edən
turistlərin təəssüratlarının yayımlanıb
paylaşılması, Naxçıvanda fəaliyyətdə
olan turizm marşrutları üzrə test turlarının
keçirilməsi, bu işdə də turizm mütəxəssisləri
ilə bərabər jurnalistlərin də
iştirakını maraq doğuracaq təklif kimi qiymətləndirmək
mümkündür. Bu istiqamətdə, son illərdə
Naxçıvanın turizm potensialının təbliği ilə
bağlı görülmüş işlərə
baxdıqda “Naxçıvan” Universiteti və Şərq
Qapısı qəzeti xətti ilə ölkəmizin mərkəzi
mətbuatında, eləcə də Türkiyədə,
ABŞ-da, Rusiyada, BƏƏ-də dərc olunmuş
çox sayda elmi və publisistik məqalələri
görürük. Təkcə son 3 il ərzində Şərq
Qapısı qəzetində Naxçıvanın turizm
potensialı ilə bağlı 70-ə yaxın məqalə
dərc olunub. Bu məqalələr qəzetin internet
saytında ayrıca “turizm” bölümündə yerləşdirilib.
Bunlar arasında Naxçıvanın turizm
marşrutları, kənd turizm və ekoturizm məkanları,
tanışlıq dəyəri kəsb edən qədim tarixi
abidələri, milli mətbəx və qonaqpərvərlik
elementləri, habelə yaradılmış turizm infrastrukutu
müəssisələri haqqıda yazılar
üstünlük təşkil edir. Bundan əlavə, qəzetin
saytının ingilis dilli bölümündə də “turizm”
və “Naxçıvan xarici qonaqların gözü ilə”
başlıqları altında xeyli sayda materiallar,
Naxçıvana səfər edən nüfuzlu qonaqların təəəsüratları
yerləşdirilib".
Konfransda “İki Sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş
redaktoru Bəhruz Quliyev,“Palitra” qəzetinin baş redaktoru Namiq
Əliyev, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı
çıxış edərək Naxçıvanın turizm
imkanlarından söz açdılar. Qonaqlar Muxtar
Respublikanın turizm potensialının daha çox təbliğ
olunması üçün müxtəlif təkliflər səsləndirdilər.
N. Əliyev öz çıxışında
Naxçıvanda tarixi abidələrinin təbliği ilə
daha çox turist cəlb etməyin
mümkünlüyünü vurğulayıb. Konfrans
qarşılıqlı müzakirələrlə davam edib. Tədbirin
sonunda Universitetin jurnalistika fakultəsinin tələbləri də
öz fikirlərini səsləndiriblər.
Zülfiyyə
QULUYEVA
Iki Sahi.- 2017.- 1 iyun.- S.11.