Naxçıvanın
türk-islam mədəniyyət abidələri
İslam
Əməkdaşlıq Təşkilatının üzv
dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu
ilin oktyabr ayında Bakı şəhərində keçirilən
VI konfransında Naxçıvan şəhəri 2018-ci il
üçün İslam mədəniyyətinin paytaxtı
elan olunmuşdur. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2 iyun 2016-cı ildə
“Naxçıvan şəhərinin 2018-ci il üçün
İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə
əlaqədar Təşkilat Komitəsinin yaradılması
haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamda
qeyd olunur ki, “həmin qərar sivilizasiyalararası dialoqa
mühüm töhfələr verən Azərbaycanın bu qədim
diyarındakı zəngin mədəni-mənəvi irsə
yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli
şəhərlərindən biri kimi Naxçıvan
bütün böyük keçmişi ərzində
İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin
layiqincə qorunub yaşadılmasında özünəməxsus
rol oynamışdır”.
Ölkə
başçısı İlham Əliyevin
imzaladığı bu Sərəncam 2018-ci ildə İslam mədəniyyətinin
paytaxtına çevriləcək Naxçıvan şəhərində,
bütövlükdə muxtar respublika ərazisində son illərdə
geniş meydan verilən milli mənəvi dəyərlərin,
əsrlərdən bəri qorunub yaşadılan və
yüksək dövlət
qayğısı ilə əhatə olunan İslami dəyərlərin,
İslam mədəniyyəti abidələrinin qorunub
saxlanılması, bərpası, inkişaf etdirilməsi və
təbliği sahəsində aparılan işlərin daha
yüksək səviyyəyə çatdırılmasında
mühüm rol oynayacaqdır.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin
2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar
yaradılmış Təşkilat Komitəsinin sədri Vasif
Talıbov Naxçıvan şəhərinin 2018-ci il
üçün İslam mədəniyyətinin paytaxtı
elan olunmasına dair qəbul olunan qərarla əlaqədar
demişdir: “Bu qərar əsaslıdır. Ona görə ki,
Azərbaycanın beş min illik tarixə malik qədim şəhəri
olan Naxçıvan İslam mədəniyyəti nümunələri
ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli
töhfələr vermişdir”.
Naxçıvan ərazisi tarix və mədəniyyət
abidələri ilə zəngin bir diyardır. Həmin
abidələri müəyyənləşdirmək,
pasportlaşdırmaq və qorumaq üçün
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun 6 dekabr 2005-ci ildə imzaladığı
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və
mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili
haqqında” Sərəncamdan irəli gələn
vəzifələrə uyğun olaraq Naxçıvan bölgəsində
1218 tarix-mədəniyyət abidəsi
pasportlaşdırılmış, ölkə və dünya əhəmiyyətli
abidələri özündə əks etdirən
“Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan
və ingilis dillərində, 2008) hazırlanaraq nəşr
edilmişdir.
Naxçıvan şəhərinin 2018-ci il
üçün İslam mədəniyyətinin paytaxtı
elan olunması ərəfəsində muxtar respublikada müxtəlif
tədbirlər həyata keçirilir. Həmin
tədbirin loqosu qəbul edilmiş, türk-İslam abidələrinin
bir qismi bərpa edilmiş və bu iş davam etdirilir, görkəmli
İslam nümayəndələrinin müdrik fikirlərini
özündə əks etdirən kitab, Naxçıvanın
türk-islam abidələri haqqında foto-albom və digər
nəşrlər hazırlanır.
Bu nəşrlər içərisində
AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin
Səfərlinin “Naxçıvanın türk-islam mədəniyyəti
abidələri” adlı monoqrafiyası yenicə çapdan
çıxmışdır. 2017-ci ilin ölkəmizdə
“İslam Həmrəyliyi ili” və Naxçıvan şəhərinin
2018-ci il üçün İslam mədəniyyətinin
paytaxtı elan olunması və bununla
bağlı bir sıra tədbirlərin həyata keçirilməsi
və bu tədbirlərin davam etdirilməsi istiqamətində
görülən və görüləcək işlər
içərisində Naxçıvanın türk-islam mədəniyyəti
abidələrinin öyrənilməsi də vacib tədbirlərdəndir.
Qeyd olunan monoqrafiyanın nəşri vaxtında olmaqla həmin
tədbirlər içərisində özünəlayiq yer
tutur.
“Naxçıvanın
türk-islam mədəniyyəti abidələri”
monoqrafiyasında Naxçıvan bölgəsində olan və
onların bir qisminin günümüzədək gəlib
çatan 100-ə yaxın türk-islam mədəniyyəti
nümunələrindən - məscidlər, türbələr,
imamzadələr, körpülər, karvansaralar, qalalar,
hamamlar, mülki tikililər, buzxanalar və başqa abidələrdən
bəhs edilir.
Məlumdur ki, Ərəb xilafətinin
yaranması ilə onun tərkibinə daxil olan müxtəlif
xalqların mədəniyyətlərini özündə birləşdirən
İslam mədəniyyəti formalaşmış, eləcə
də Naxçıvanda İslam dininin qəbulu ilə qədim
ənənələrə malik olan Azərbaycan
memarlığına yeni xüsusiyyətlər və
üslub daxil olmuşdu. İslam inşaat mədəniyyəti
Azərbaycan memarlığına böyük təsir göstərmişdi.
Bu dövrün memarlıq sənəti öz
ifadəsini əsasən məscidlərin və onların nəzdindəki
mədrəsələrin, zaviyələrin, məqbərələrin,
türbələrin, xanəgahların və b. tikintisində
tapmışdı. Xilafət dövründə, sonra isə Səlcuqlar
zamanında Azərbaycanda və eləcə də
Naxçıvan bölgəsində də çoxlu məscidlər
inşa edilmişdir. Qaynaqlar məlumat verir ki, XVI əsrin
sonlarına yaxın Naxçıvan şəhərində 3
came və 10 məscid olmuşdur. Məşhur türk səyyahı
Övliya Çələbi XVII əsrdə Naxçıvan
şəhərində 70 came və ibadət yeri, 40 məhəllə
məscidi, Qarabağlar şəhərində 70 mehrab, o
sıradan minarəli 40 came olduğunu qeyd etmişdir. XVII əsrdə Naxçıvan şəhərində
33 minarə ucalırmış. Monoqrafiyada muxtar respublika ərazisində
müxtəlif dövrlərdə inşa edilmiş 22 came və
məscidin tarixindən, memarlıq quruluşundan, fəaliyyətindən,
kitabələrindən, məscidlərin bərpasından bəhs
edilmiş, xarakterik xüsusiyyətləri göstərilmişdir.
Müstəqillik illərində həm Naxçıvan şəhərində,
həm də muxtar respublikanın digər yaşayış
yerlərində müasir memarlığın tələblərinə
uyğun məscidlər inşa edilmişdir. Naxçıvan
şəhər məscidinin, Ordubad şəhər Came məscidinin,
Vənənd kənd Came məscidinin kitabələri təhlilə
cəlb edilmiş, onların mahiyyəti izah edilmişdir.
Orta əsrlərin ilkin dövründə,
xüsusilə Xilafət vaxtı məscidlərin yanında mədrəsələr
də açılırdı, hətta bu bəzən məcburi
şəkildə yerinə yetirilirdi. Xəlifə Harun ər-Rəşidin
fərmanına əsasən, hər bir məscidin yanında mədrəsə
tikilməsi nəzərdə tutulurdu. Mədrəsələr
ibtidai və ali dərəcələrə
bölünürdü. Məktəblər mədrəsələr
üçün hazırlıq funksiyasını yerinə
yetirirdi. Uşaqlar 15 yaşınadək məktəbdə təhsil
alır, 16 yaşından sonra isə mədrəsəyə qəbul
edilirdilər. Mədrəsələrdə dini təlim əsas
yer tutsa da orada eyni zamanda ərəb, fars, türk dilləri,
fizika, ədəbiyyat, tarix, coğrafiya, nücum, fəlsəfə,
məntiq, təbabət, riyaziyyat dərsləri də
keçirilirdi. Mədrəsələr üçün
binalar inşa edilirdi. Naxçıvan bölgəsində
də mədrəsələr üçün binalar
yaradılmışdı. Naxçıvan şəhər,
Ordubad şəhər, Yuxarı Əylis, Zaviyə-mədrəsə
kompleksi kimi mədrəsələr daha çox
tanınmışdı. Naxçıvan şəhərində
yaradılmış Atabəylər memarlıq kompleksində mədrəsə
də fəaliyyət göstərmişdi.
“Naxçıvan mədrəsəsi tədrisinin təsdiqinə
dair fərman” adlanan sənəddə Naxçıvan şəhərində
inşa edilmiş iki mədrəsədən bəhs edilir. Bu mədrəsələrin Atabəylər
memarlıq kompleksində Hökumət evi, Came məscidi,
Möminə xatın türbəsi və digər tikililərlə
yanaşı olaraq, Eldənizlər dövlətinin bir
müddət paytaxtı olmuş Naxçıvan şəhərinin
mərkəzi hissəsində yerləşməsi, onların
paytaxtın maarif-təhsil və ideoloji həyatında əhəmiyyətli
yer tutmasından xəbər verir.
Mədrəsələr içərisində
Zaviyə mədrəsəsi xüsusilə seçilmiş və
bölgə əhalisinin təhsilində mühüm rol
oynamışdır. Zaviyə mədrəsə binası
öz orijinal quruluşuna görə bu gün də
Naxçıvan şəhərinə gözəllik verir.
Türk-islam abidələri sırasında
türbələrin özünəməxsus yeri vardır.
Naxçıvan ərazisindəki türbələr bölgənin
ən qiymətli tarixi və memarlıq abidələri kimi
çox qiymətlidir. Bu türbələr
içərisində Yusif Küseyir oğlu, Möminə
xatın, Nuh, Gülüstan, Xaraba Gilan, Qarabağlar, Əlincəçay
Xanəgahı, Əmirxan, Pir Eyvaz və b. türbələr
və türbə kompleksləri neçə əsrlərdir
ki, dəyişən nəsillərin dünyagörüşlərinin
formalaşmasına, tarixi biliklərinin artmasına əsaslı
təsir göstərir. Bu türbələrin böyük bir
qismi bərpa edilmiş, öz əvvəlki görkəminə
gətirilmiş, onlara ikinci həyat verilmişdir. Monoqrafiya
müəllifi 13 türbə, günbəzlər, onların
tarixi, kitabələri, əhəmiyyəti, memarlıq, tikinti
texnikası və quruluşu haqqında dolğun məlumatlar
vermişdir. Bu abidələrin türk-islam aləmində
tutduğu yer və mövqeləri tutarlı faktlarla, tarixi
qaynaqların məlumatları əsasında izah edilmiş, bu
günə qədər qaranlıq qalan bir sıra faktlara
aydınlıq gətirilmişdir.
Naxçıvan bölgəsində yerli əhali
tərəfindən “İmamzadə” kimi tanınan möhtəşəm
memarlıq abidələri mövcuddur. Hazırda muxtar
respublika ərazisində “imamzadə” adı ilə tanınan
üç müqəddəs yer-ziyarətgah vardır. Bunlar
Naxçıvan şəhər İmamzadə kompleksi, Nehrəm
imamzadəsi və Xanlıqlar (Parçı) imamzadəsidir.
Yerli əhalinin söylədiklərinə görə,
Naxçıvan imamzadəsində şiələrin səkkizinci
imamı Rzanın oğlu, Nehrəm imamzadəsində yeddinci
imam Museyi-Kazimin oğlu Seyyid Əqil, Xanlıqlar imamzadəsində
imam Museyi-Kazimin oğlu İbrahim dəfn olunmuşdur.
Göründüyü kimi, “imamzadə” adı imam
övladlarının dəfn olunduğu yerlə əlaqədar
adlandırılmışdır. Hər üç İmamzadə
kompleksi bərpa edilmiş, onlara ikinci həyat verilmişdir.
Naxçıvan ərazisi həm geosiyasi, hə
m də coğrafi mövqeyinə görə
seçilmiş, əhali əsasən çay vadilərində
məskunlaşmışdır. İnsanların həyatında
çaylar nə qədər böyük rol oynasa da, əlaqələrin
inkişafına bir sıra hallarda mane olmuşdur. Ona görə
də insanlar həmin çay keçidlərini keçmək
üçün müxtəlif vasitələrdən istifadə
etmişlər. Bu vasitələrdən ən vacibi və əhəmiyyətlisi
körpülərdir. Naxçıvan ərazisində bir
çoxu günümüzə qədər gəlib
çatmış körpülər də olmuşdur.
Monoqrafiyada 18 körpü haqqında məlumat verilir,
onların tarixi, quruluşu, mövqeyi və əhəmiyyəti
göstərilir. Qaynaqlardan məlum olan Ziyaül-Mülk, Aza,
Şah-Abbas, Qazançı körpüləri, bəzi
körpülər üzərindəki kitabələr
haqqında da maraqlı araşdırmalar
aparılmışdır.
İqtisadi əlaqələrdə
körpülərlə yanaşı, karvansaraların da
böyük əhəmiyyəti olmuşdur. Naxçıvan
bölgəsində də orta əsrlər zamanı
çoxlu karvansaralar inşa edilmişdir. Karvansaralar şəhər
karvansaralarından və ticarət yollarının
qovuşağında yerləşən karvansaralardan ibarət
idi. Səyyahlardan Şardən, İ.Tavernye, Ö.Çələbi,
Ş.Ə.Yəzdi və başqaları Naxçıvan
karvansaraları haqqında maraqlı məlumatlar vermişlər.
Ş.Ə.Yəzdi Ziyaül-Mülk körpüsündən
bəhs edərkən yazır ki, mühəndis məharəti
burada özünü göstərir. Körpünün
üst tərəfini dağa elə birləşdirib ki,
altı boş qalıb və onu karvansara ediblər.
Naxçıvan ərazisi öz qalaları ilə
də məşhurdur. Eramızdan əvvəl
üçüncü minillikdən burada qalalar inşa
edilmişdir. Qız qalası, Əlincəqala,
Naxçıvanqala, Abbasabad qalası, Əfqan qalası və
b. öz möhtəşəmliyi ilə seçilir. Son illərdə muxtar respublikada qalalarla bağlı
möhtəşəm tədbirlər, bərpa işləri həyata
keçirilmişdir. Əlincəqalada, Naxçıvanqalada ən
yüksək səviyyədə bərpa işləri
görülmüş, Tarix-Memarlıq və Tarix-Mədəniyyət
muzeyləri yaradılmış, onlar turizm üçün
mühüm obyektlərə çevrilmişdir.
Türk-islam aləmində hamamların
özünəməxsus yeri və mövqeyi vardır. Orta əsrlər
zamanı Naxçıvan bölgəsində yaradılan
gözəl memarlıq nümunələrindən biri də
hamamlardır. İslam qanunları hamamlara xüsusi əhəmiyyət
verir. Keçmişdə hamamların funksiyası təkcə
insanların yuyunma yeri olmaqla məhdudlaşmırdı. Onlar
həm də insanların istirahət, dincəlmək, söhbət,
görüş yerləri idi. Naxçıvan ərazisində
qalan hamam binalarının quruluşu təsdiq edir ki, onlar
yerüstü və yeraltı olmaqla əsasən üç
hissədən ibrət olmuşdu: Soyunma yerləri, Yuyunma yerləri
və Suyu qızdırma yerləri. Orta əsr qaynaqlarında
Naxçıvan hamamları haqqında maraqlı məlumatlar
vardır. Ö.Çələbi Naxçıvan
hamamından bəhs edərkən yazır: “Cənabi
hamamı son dərəcə gözəl və
işıqlıdır. Qapı və divarı şirəli
kasıdan, döşəmələri isə ağ mərmər
daşdandır. Hamam məhrabaları şahmat
naxışı ilə bəzədilmişdir.
Mehmanxanamıza yaxın Zal paşa hamamı vardır. Onun
bütün qapı və divarı şirəli kasılarla
örtülmüşdür. Döşəməsi başdan
ayağa boz, sumağı və tünd qırmızı mərmər
daşlardandır. Elə işıqlı hamamdır ki, onun
bütün pəncərələri büllurdandır. Həyətin
ortasında böyük bir hovuz var. Xülasə, gözəl
havası olan bu hamamın tərifi, təmizliyi və gözəlliyini
şərh etməkdə qələm belə acizdir”.
Monoqrafiyada mülki tikintilərdən olan Eldənizlər
sarayı, Qeysəriyyə, Səqqəxana, Xan sarayı və
başqaları haqqında da bəhs edilir. Naxçıvan
şəhər, Ordubad şəhər və Cəlilkənd
buzxanaları, onların quruluşu, tarixi və bərpa edilməsi
barədə də məlumat verilir.
Naxçıvandakı
türk-islam mədəniyyət abidələrini yaradan
görkəmli memarlar Əcəmi Əbubəkr oğlu
Naxçıvani, Əmirəddin Məsud Naxçıvani,
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani, Xacə
Cəmaləddin, Şeyx Cühənnah oğlu, Məhəmməd
bəy Hacı oğlu, Hacı Məhəmmədnəqi,
İmamqulu Nəzərəli oğlu və b. haqqında da bəhs
edilir.
Kitabın sonunda çoxsaylı fotoşəkillərin
və qrafik təsvirlərin verilməsi onun
oxunaqlığını və əhəmiyyətini
artırmış olur.
AMEA-nın müxbir üzvü
Hacıfəxrəddin Səfərlinin “Naxçıvanın
türk-islam mədəniyyəti abidələri”
monoqrafiyası uzun illərin elmi axtarışlarının nəticəsi
kimi ortaya çıxmış və Naxçıvanın
tarix və mədəniyyət abidələri haqqında
sistemli və ardıcıl, həm də mükəmməl
məlumat verən dəyərli bir əsər kimi qiymətləndirilməlidir.
Müəllifə yaradıcılıq uğurları
arzulayırıq.
İsmayıl Hacıyev.
İki sahil.- 2017.- 6 iuyn.- S.7.
dı.