Turizm sənayesinin
qeyri-neft sektorunda payı getdikcə artır
Milli Məclisin Regional məsələlər
komitəsinin üzvü Azər Badamovun yap.org.az saytına
müsahibəsi
- Azər
müəllim, ölkəmizdə son dövrlərdə
qeyri-neft sektorunun inkişafına göstərilən diqqət
və qayğı aqrar sahənin inkişafında da xüsusi
əhəmiyyət daşımaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Son bir
neçə ildə dünyada hökm sürən qlobal maliyyə böhranı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşması
qeyri-neft sektorunun inkişafını daha da sürətləndirilməsini
olduqca zəruri edirdi. Bu baxımdan
son 13 ildə neft gəlirlərindən
istifadə etməklə
iqtisadiyyatın şaxələndirilməsi
istiqamətində həyata
keçirilən tədbirlər
böyük nikbinlik doğurur. Sənayedə və kənd
təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat
imkanlarının genişlənməsi
qeyri-neft sektorunu, dolayısı ilə kənd təsərrüfatının
inkişafı üçün
münbit şərait
yaradır.
Ötən illərdə
ölkədə qeyri-neft
sektorunun inkişafının
dəstəklənməsi tədbirləri
çərçivəsində infrastruktur quruculuğuna böyük diqqət göstərilib. Hazırda
Azərbaycan infrastruktur
təminatı baxımından
dünyanın ən qabaqcıl ölkələri
sırasında yer alır. Təkcə bu il 150 min hektardan çox
torpağı əkin
dövriyyəsinə cəlb
etmək və burada yüksək məhsuldarlığa nail
olmaq məqsədilə
suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə
250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib.
Azərbaycanda iqtisadi sahədə
həyata keçirilən
bu və ya digər məqsədyönlü
tədbirlər nəticəsində
qeyri-neft sektoru inkişaf edib, ölkənin ixrac potensialı artıb. Əgər bir vaxtlar ölkə iqtisadiyyatında neft sektorunun çəkisi təxminən 80 faiz civarında idisə, hazırda bu nisbət qeyri-neft sektorunun xeyrinə dəyişib. Prezident İlham Əliyevin vurğuladığı kimi,
biz bu gün
inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib.
Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın
təxminən 65 faizini
təmin edir. O ki qaldı
konkret olaraq kənd təsərrüfatının
inkişafı məsələsinə,
bu ilin aprelində
ölkə Prezidentinin
Sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının
müşavirəsində də
səsləndirildiyi kimi,
artıq Azərbaycan dünyada öz aqrar məhsulları ilə tanınıb şöhrət tapmaqdadır. İxracın təşviqi
üzrə qəbul edilən qərarlara uyğun olaraq, “Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin icrası uğurla davam etdirilir. Ən əsası isə pambıqçılıq
və baramaçılığın
inkişafı yönündə
atılan addımlar təqdirəlayiqdir.
Bu gün ölkəmizdə
bu sahələrlə
məşğul olmaq
istəyən sahibkarlara
yaxından kömək
göstərilir. Əminəm
ki, yaxın gələcəkdə kənd
təsərrüfatının inkişafı istiqamətində
atılan addımlar öz real nəticələrini
ortaya qoyacaq və aqrar sahənin qeyri-neft sektorundakı payı daha da artacaq.
- Ölkəmizdə qeyri-neft sektorunun digər sahələrinin inkişafı istiqamətində
də real addımlar atılır, bu yöndə qanunvericilik bazası gücləndirilir. Yeri gəlmişkən, bu yaxınlarda «Turizm haqqında» yeni qanun layihəsi parlamentdə iki oxunuşda qəbul edilib. Turizm mövsümünün başlandığını
nəzərə alsaq,
bu sahədə hansı irəliləyişləri
qeyd edə bilərsiniz?
- 2004-cü ildən bu yana həyata
keçirilən regionların
sosial iqtisadi inkişafı Dövlət
proqramları bölgələrimizin
simasını dəyişib.
Bu gün ucqar dağ kəndlərimizdə belə
yüksək səviyyəli
infrastruktur formalaşdırılıb.
Bütün kəndlərin
qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmini, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi
yönümündə addımlar
atılır. Yəni, regionlarda
görülən məqsədyönlü
tədbirlər ölkəmizin
ümumi daxili məhsulunda turizm sənayesinin payının
əsaslı şəkildə
artmasını şərtləndirir.
Ötən ay Milli Məclisdə «Turizm haqqında» qanun layihəsinin müzakirəsi zamanı da vurğulanmışdı
ki, Azərbaycana mart-may aylarında gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə
25 faiz artıb. Eləcə də, ötən il səyahət və turizm sənayesinin Azərbaycanın ümumi
daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat olub. Turizm
sənayesinin qeyri-neft
sektorunda payı daha da yüksəlməkdədir.
Göründüyü kimi, bu kifayət
qədər yüksək
rəqəmdir və turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq məsələsində
öz müsbət effektini göstərir. Cəlbedicilik baxımından
isə paytaxt Bakı ilə yanaşı digər bölgələrimiz də
xarici turistlər üçün maraq kəsb edir. Buna görə də hər bölgənin turizm sahəsində potensialı
və ənənələri
əsas götürülməklə
müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət
səviyyəsinin get-gedə
yüksəlməsi də
xarici ölkələrin
vətəndaşlarının ölkəmizə marağını
artıran amillər sırasındadır.
-Azər müəllim,
digər bir məsələ haqqında
da fikirlərinizi bilmək istərdik. Parlament «Bələdiyyə
üzvlərinin etik davranış qaydaları
haqqında» qanun qəbul edib. Ümumiyyətlə, bələdiyyələrin
fəaliyyətinin daha
da inkişaf etdirmək üçün
hansı addımların
atılması zəruridir?
- Ölkəmizin uğurlu iqtisadi-sosial inkişafı, dünyanın
siyasi palitrasındakı
yeri yeniləşməyə,
modernləşməyə stimul
verən əsas amillərdəndir. Bu mənada, bələdiyyə
institutlarının iş
prinsipində, onlarla bağlı qanunvericilikdə
də zaman-zaman təkmilləşməyə ehtiyac
duyulur. Azərbaycanda bələdiyyələr inkişaf
yolundadır. O cümlədən,
bələdiyyələr ölkəmizin
sosial-iqtisadi inkişafı
prosesində yaxından
iştirak edirlər. Azərbaycanda bələdiyyələr
fəaliyyətə başladığı
1999-cu ildən etibarən
regionların sosial-iqtisadi
inkişafına öz
töhfələrini verməkdədirlər.
Yerli özünüidarəetmə
orqanları ötən
dövr ərzində
böyük təcrübə
qazanıblar. Məhz bunun nəticəsidir ki, bələdiyyələrimiz
fəaliyyətlərində xeyli uğurlar əldə ediblər. Bu gün çox
uğurlu sosial-iqtisadi
layihələr həyata
keçirən bələdiyyələrimiz
var ki, onların
bu işi əhali tərəfindən
yüksək qarşılanır.
Təbii ki, yerli özünüidarəetmə
orqanları yerli məsələlərlə məşğul
olduqları üçün
onların işi insanlar tərəfindən
daim diqqətlə izlənilir. Sevindirici haldır ki, bələdiyyələrlə əlaqədar
mükəmməl qanunvericilik
bazası da yaradılıb. Zərurət
yarandıqca, bu sahə ilə bağlı qanunlar təkmilləşdirilir, yeni
qanunlar qəbul olunur. Bu baxımdan,
«Bələdiyyə üzvlərinin
etik davranış qaydaları haqqında» yeni qanun da
əhəmiyyətlidir. Hesab edirəm
ki, belə bir qanunun qəbul
edilməsi yerli özünüidarəetmə orqanlarında
nizam-intizamı, bütövlükdə
iş keyfiyyətini əhəmiyyətli dərəcədə
artıracaq. Ümumiyyətlə,
hər bir dəyişiklik, hər bir yenilik bələdiyyələrin
həyatında müsbət
mənada əhəmiyyət
kəsb edir. Bələdiyyə qulluqçularının
etik davranış qaydaları məsələsi
olduqca vacib məqamlardandır ki, müvafiq qanunda bu məsələ öz əksini tapıb. Vurğulayım ki, hər bir
bələdiyyə üzvü
öz üzərində
işləməlidir. Peşəkarlığının, o cümələdn fərdi məsuliyyətinin
artırılması, vətəndaşların
hüquq və azadlıqlarına hörmətlə
yanaşılması, işgüzar
nüfuza hörmət
kimi nüanslar mütləq şəkildə
nəzərə alınmalıdır.
Ən əsası isə qarşısındakı şəxslərlə
mədəni davranış
qaydalarına riayət
olunmalıdır. Bu əsas məqamdır. Prezident İlham Əliyev də vurğulayıb ki, bütün məmurlar xalqın yüksək etimadını doğrultmalıdır.
O cümlədən də
bələdiyyə üzvləri
onları seçən
insanların problemlərinin
həlli ilə məşğul olduqları
zaman etik davranış qaydalarına
riayət etməlidir.
İki
sahil.- 2017.- 9 iyun.- S.10.