“Böyük Azərbaycan şairi Nizamı”
Londonda
Y.Bertelsin ilk dəfə ingilis dilinə tərcümə edilən
“Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı
keçirilib
İyunun
5-də Londonda XIX əsr Kraliça Viktoriya dövründə
təsviri incəsənətin əsaslarını qoyan məşhur
rəssam Lord Leytonun (1830-1896) ev muzeyində
(www.rbkc.gov.uk/subsites/museums/leightonhousemuseum1.aspx) Oksford
Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin
(www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) şərqşünas-alim
Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi
Nizami” (“The Great Azerbaijani Poet, Nizami”) kitabının ingilis
dilinə ilk akademik tərcüməsinin təqdimat mərasimi
keçirilib. Qərbdə böyük nüfuza malik
olan məşhur şərqşünas alim, professor Yevgeni
Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ilk dəfə
1940-cı ildə rus dilində çapdan çıxıb. Həmin
vaxtdan etibarən kitab nəinki ingilis dilində, ümumiyyətlə,
təkrar nəşr olunmayıb. Bertelsin bu əsəri Azərbaycan
tarixinə, elminə, mədəniyyətinə, irsinə,
akademik nüfuzuna, eləcə də milli maraqlarına
böyük töhfədir. Kitabda Nizami Gəncəvinin həyat
və yaradıcılığı araşdırılır,
onun yalnız şair yox, dünya şöhrətli filosof,
mütəfəkkir olduğu bildirilir. Kitab bir daha sübut
edir ki, Nizami Gəncəvinin əsərləri 900 ildən
sonra da aktuallığını itirməyib.
Lakin indiyədək kitabın ingilis dilində
tərcüməsi olmadığından əcnəbi alimlər
bu əsərdə yer alan məlumatları əldə etməkdən
məhrum olublar. Məhz Oksford Universitetinin Nizami
Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən
rəhbəri akademik Nərgiz Paşayevanın təşəbbüsü
ilə Azərbaycan üçün böyük əhəmiyyət
kəsb edən bu akademik elmi əsərin dünya elm
adamlarının ixtiyarına verilməsi mümkün
olub. Kitab üçün illüstrasiyaların
orijinalları dünyanın ən qədim kitabxanalarından
götürülüb və kitab keyfiyyətli şəkildə
Britaniyanın “Gilgamesh” nəşriyyat evində
(http://www.gilgamesh-publishing.co.uk/index.html) çap edilib. Şərqşünas-nizamişünas
alim, SSRİ Elmlər Akademiyasının müxbir
üzvü, SSRİ Dövlət mükafatı laureatı Y.E.Bertelsin
əsərinin ingilis dilinə edilən akademik tərcüməsi
Oksford Universiteti ilə yanaşı, Avropanın
aparıcı kitabxanalarına paylanılacaq.
Lord Leytonun rəsm və heykəltəraşlıq
əsərləri ilə bəzədilmiş, Birləşmiş
Krallıqda XIX əsrin ən möhtəşəm
binalarından hesab edilən bu məkanda keçirilən tədbirdə
Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin rəhbəri akademik Nərgiz Paşayeva və Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun
iranşünaslıq üzrə aparıcı professoru,
kitabın redaktoru Edmund Herziq ilə yanaşı, Azərbaycan
Respublikasının Baş nazirinin müavini, Xalq
Yazıçısı Elçin Əfəndiyev, Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif
Əlizadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, akademik Rasim Əliquliyev, dilçi alim,
Milli Məclisin deputatı Nizami Cəfərov, Oksford
Universitetinin İnkişaf Departamentinin rəhbəri xanım
Liesl Elder və həmin qurumun rəhbərinin müavini Antoni
Qrin, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin
professoru, ərəb dili üzrə mütəxəssis Julia
Bray, ABŞ-ın Tulane Universitetinin
professoru Elia Brankaforte, Kembric Universitetinin doktoru Razia Sultanova,
Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin
ərəb dili müəllimi Julian Faultless, Britaniya
Kitabxanasının (British Library) türk kolleksiyaları
üzrə rəhbəri Maykl Erdmann, “Gilgamesh” nəşriyyat
evinin rəhbəri Maks Skott, Britaniya Parlamentinin Lordlar
Palatasının üzvləri, Birləşmiş
Krallığın elmi akademik dairələrinin üzvləri,
tələbələr, Londonda akkreditə olunmuş diplomatik
korpusun və ictimaiyyətin nümayəndələri,
ziyalılar iştirak ediblər.
Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun iranşünaslıq üzrə aparıcı
professoru, kitabın redaktoru Edmund Herziq tədbirdə
iştirak etməkdən məmnunluğunu ifadə edib. O qeyd
edib ki, belə gözəl və möhtəşəm məkanda
tədbirə qatılmaq hər insana nəsib olmur.
“Bütün qonaqlara tədbirdə iştirak etdiyinə
görə təşəkkürümü bildirirəm. Bu,
çox gözəl bir tədbirdir. Bizi bu gün buraya toplayan əsərin
nəşri ilk, lakin sonuncu olmayan bir layihədir. Bu elmi əsərdən
sonra nəşr ediləcək kitabların kataloqunu sizə təqdim
etmirəm, lakin həmin elmi işlərin əsas amalı, əsas
məqsədi haqqında məlumat vermək istəyirəm.
Bizim məqsədimiz Azərbaycan və ya rus
dilində onilliklərlə çap edilmiş, lakin ingilis
auditoriyasına məlum olmayan əsərləri ingilisdilli
auditoriyaya tanıtmaqdan ibarətdir. Mərkəzin
fəaliyyət dairəsi sırf elmi əsərlərin tərcüməsindən
daha genişdir. Mərkəz tədqiqatçı
tələbələrə dəstək göstərir.
Nizami Elmi Mərkəzi tərəfindən Azərbaycanda
maraqlı arxeoloji qazıntılar aparılır, mütəmadi
olaraq Britaniyada müxtəlif “dəyirmi masa”lar,
elmi konfranslar və digər tədbirlər keçirilir. Ümidvaram ki, gələcəkdə Oksfordda
keçiriləcək bu cür tədbirlərdə də
sizlər fəal iştirak edəcəksiniz. Lakin bu gün bizi bu salona toplayan əsas məqsəd
hazırladığımız bu kitabın təqdimatıdır.
Nəyə görə məhz bu kitab bizim ilk nəşr
etdiyimiz kitab olub. Nizami Gəncəvinin
adını daşıyan və həmin böyük şəxsiyyətə
həsr edilmiş kitabın tərcüməsi sözsüz
ki, məqsədəuyğun bir seçimdir. Nizami dünyanın ən məşhur və ən
tanınmış şairlərindən biridir. Şərq aləmində əsrlər boyu bu ad
böyük bir rəmzə çevrilib. Nizami, həmçinin
Qərb aləminə də tanış
idi. Bu da seçimimizin doğruluğunu təsdiqləyən
amillərdən biridir. Digər əsərlərin
seçimi də bizim bu məqsədimizə xidmət edəcəkdir.
Müəllif Yevgeni Bertels tərəfindən
Nizamiyə həsr edilmiş başqa kitablar da var və
onların da tərcüməsi məqsədəuyğun
olardı. Kitabın nəşr edildiyi 1940-cı ildə,
zənnimcə, rusdilli auditoriyada da Nizami haqqında bilən
çox az insan olmuşdur. Bertels
çox ciddi və dərin tədqiqatçı olduğuna
görə, onun çox dəyərli əsərləri
olduğu halda, o, elə hesab edirdi ki, Şərq ədəbiyyatı
ilə məşğul olan tədqiqatçı
üçün bu, çox vacib məsələdir. Bertelsin əsas məqsədlərindən biri Şərqə
Günəş kimi doğan dahi şairlərin Qərb aləminə
tanıdılması olmuşdur. O, bu məqsədə
çatmaq üçün elmi fəaliyyətinin
böyük hissəsini dahi şairlər haqqında əsərlərin
hazırlanmasına həsr etmişdir ki, bu da həmin
şairləri daha geniş auditoriyaya təqdim etmək məqsədini
güdürdü. Bu kitabın maraqlı cəhəti
odur ki, nəinki Nizami haqqında, kitabda onun zamanı və
dövrü haqqında da məlumat verilir. Müəllifin sözlərinə görə, bu əsər
çox böyük missiyanın həyata keçirilməsinə
nail olub. Eyni zamanda, Nizaminin görkəmli
Azərbaycan şairi kimi tanınmasında bu kitabın rolu
böyükdür. Məhz bu əsərin
ərsəyə gəlməsindən sonra Bakıda bir tərəfdən
elmi əsərlər, digər tərəfdən çoxlu dərsliklər
çap edilməyə başlanıb. Bu
isə Nizaminin yenidən dərk edilməsinə, ona lazımi
qiymətin verilməsinə səbəb olub.
Düşünürəm ki, kitabın başqa bir maraqlı
cəhəti var və - bəlkə də Bertels bu haqda
heç düşünməyib, – bu, ondan ibarətdir ki,
kitabın adı “Böyük Azərbaycan şairi Nizami”
sonradan İran alimlərinin arasında bu günə qədər
də davam edən bir müzakirəyə, qarşıdurmaya gətirib
çıxarıb. Məhz buna görə
kitabın ingilisdilli auditoriya üçün
hazırlanmasında məqsədlərdən biri də ondan
ibarətdir ki, kitabı oxuyanlar buradakı fikirlərin milliyyətçilikdən
irəli gəlmədiyini dərk edəcəklər. Bu, çox gözəl, sadə, eyni zamanda,
asanlıqla oxunan və böyük şəxsiyyət
haqqında dürüst məlumatları geniş auditoriyaya
çatdıran bir kitabdır. Mən
inanıram ki, bu kitabdan sonra rusdilli auditoriyada olduğu kimi,
ingilisdilli auditoriyada da Nizaminin pərəstişkarları
artacaqdır. Mənim böyük iftixar
hissi ilə yazdığım ön sözdə qeyd edilir ki,
kitab yaradılan zaman həmin konsept də nəzərdən
qaçmır. Bu kitabın konsepti Qərb
oxucuları üçün də əhəmiyyətlidir.
Kitabın yarandığı dövr, 1930-cu illərin
sonu heç də parlaq dövrlərdən deyildi. Stalinin repressiyalarının pik nöqtəsi olan
dövr idi. Azərbaycanda da Mir Cəfər
Bağırovun respublikaya rəhbərlik etdiyi həmin
dövrdə repressiya qurbanlarının sayı heç də
az olmayıb.
Mən bir neçə qısa qeydlə
çıxışımı başa vurmaq istəyirəm. Burada sizlərin
qarşısında durmaqdan və çıxış etməkdən
böyük şərəf hissi duyuram. Bu layihə
üzərində çalışanların sayı heç
də az deyil. Kitabı rus
dilindən tərcümə edən Maroussia
Bednarkieviçdir. Fars dilində olan
sitatları Ceyms Vayt, kitabın ön sözünün müəllifi
mənimlə Elçin müəllimdir. Eyni
zamanda, bu kitabı nəşr edən “Gilgamesh” nəşriyyat
evinə (http://www.gilgamesh-publishing.co.uk/index.html) təşəkkür
etməyi özümə borc bilirəm. Nəhayət,
Nizami Gəncəvi Mərkəzinin bütün işlərində
olduğu kimi, bu işdə də bizə ən böyük
köməyi göstərən akademik Nərgiz xanım
Paşayevaya öz dərin təşəkkürümü
bildirirəm. Bizim gördüyümüz
işlərin heç biri onun dəstəyi və hərtərəfli
köməyi olmadan həyata keçə bilməzdi. Əgər tərcümə etdiyimiz kitabın
seçimi bizlərə verilsəydi, çox güman ki, biz
belə vacib və aktual olan əsər seçməyə də
bilərdik. Bir daha Nərgiz xanıma təşəkkür
edirəm”, - professor E.Herziq çıxışını
tamamladı.
Daha sonra
Oksford Universitetinin Nizami Gəncəvi adına
Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin
Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz
Paşayeva qonaqları salamlayaraq, onlara tədbirdə
iştirak etdiklərinə görə minnətdarlığını
bildirərək dedi: “Möhtərəm qonaqlar, əziz
dostlar! Dünya mədəniyyəti irsinin parlaq siması
şair və mütəfəkkir Şeyx Nizami Gəncəvinin
həyat və yaradıcılığına həsr
olunmuş “The Great Azerbaijani poet Nizami” kitabının təqdimat
mərasiminə xoş gəlmisiniz!
Kitab 1940-cı ildə görkəmli rus şərqşünas
alimi Y.Bertels tərəfindən qələmə
alınmış və Bakıda nəşr edilmişdir. O tarixdən bu günə qədər
kitab yenidən nəşr edilməmiş və 77 il ərzində heç bir Avropa dilinə tərcümə
olunmamışdır.
Bugünkü
təqdimat Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və
Qafqazşünaslıq Proqramının nəşrə
hazırlanan kitablar silsiləsindən ilk elmi kitab, ilk akademik tərcümədir.
Belə görünür ki, 77 il çox
olsa da, bu qədər gözləməyə dəyərdi.
Nizami haqqında hələ XIII əsrdən etibarən
məlumatlar yazılmağa başlanmışdır. XIII əsr
müəlliflərindən Məhəmməd Övfi, Zəkəriyyə
Qəzvini və başqaları Nizami haqqında yazmış,
onun Gəncədən olduğunu qeyd etmişlər. Əmir Xosrov Pəhləvi, Əlişir Nəvai kimi
klassiklər də Nizamini özlərinə ustad bilmişlər,
irsini yüksək qiymətləndirmişlər. O
dövrdən bu günə qədər
Nizamişünaslıq inkişaf etmiş və böyük
bir elmi sahəyə çevrilmişdir. Bunun nəticəsi
olaraq, Nizamişünaslığın Avropa, Yaxın Şərq,
Rusiya və Azərbaycan elmi məktəbləri yarana
bilmişdi.
Bu gün təqdim olunan kitabın müəllifi Yevgeni
Bertels Rus-Peterburq Şərqşünaslıq Məktəbinin
görkəmli nümayəndəsidir. Rus
Nizamişünaslığının gözəçarpan
tarixi, ilk növbədə, Yevgeni Bertelsin adı ilə
bağlıdır. Bertels “Böyük Azərbaycan
şairi Nizami” əsəri ilə Nizami
yaradıcılığının daha geniş – Azərbaycan
kontekstini və aspektini bir elmi təlim, yanaşma kimi
ortalığa qoydu və təqdim etdi. Məşhur
qeyri-azərbaycanlı şərqşünas-alim Y.Bertels
şair – Nizami; məkan, tarixi fon – Gəncə;
sənətkarlıq məsələləri – farsdilli, azəri
üslubi poeziya məfhumlarını bir-birinə sıx
bağladı.
Maraqlıdır ki, Oksford Universitetində 1985-2002-ci illərdə
fars-ərəb ədəbiyyatı üzrə
çalışmış professor Culiya Skott Meysami 1995-ci ildə
“Yeddi gözəl”i ingilis dilinə çevirib çap
etdirmişdir.
Həmin kitabın ön sözündə ingilis alimi Nizami
poeziyasında azəri dilinin ritorik incəliyini və cazibədarlığını
özündə əks etdirdiyini və Nizami
poeziyasının üslubunu ənənəvi fars
Xorasani üslubundan fərqləndiyini qeyd etmişdir. Onun yazdığı fikirlərlə Bertelsin
kitabındakı fikirlər arasında bir bağlantı
olduğu aydın nəzərə çarpır.
Rus-Peterburq Şərqşünaslıq Məktəbinin
Boldırev, Krımski, Bartold, Marr, Levkiyevskaya kimi görkəmli
nümayəndələri Nizami
yaradıcılığını məhz bu elmi aspektdən təqdim
və təbliğ etmişlər.
Azərbaycanda da Nizamişünaslıq aparıcı
elmi sahəyə çevrilmiş, dəyərli elmi kitablar və
tədqiqatçılar dəstəsi yaranmışdır. Amma əfsuslar
olsun ki, bu əsərlərdən bir-iki müəllifi
çıxmaq şərti ilə heç biri Avropa dillərinə
tərcümə edilməmişdir.
Burada bir məqama da toxunmalıyıq. Bəli, Nizami
irsinin Azərbaycan elmi məktəbi XX əsrin 30-cu illərindən
sonra öz kulminasiya nöqtəsinə çatdı. Bu səbəbdən Nizami irsinin Azərbaycanda, sovetlərdə
öyrənilmə prosesinə yanaşmada bir ideoloji məzmun,
bir ideoloji sifariş fərziyyəsi ehtimalı da yarana bildi.
Amma Azərbaycan Nizamişünaslığının əksər
qiymətli elmi əsərləri və dəyərli müəllifləri
– Həmid Araslı, Mikayıl Rəfili, Rüstəm
Əliyev, Azadə Rüstəmova, Əliyar Səfərli, Nüşabə
Araslı, Məmməd Cəfər, Teymur Kərimli və
başqaları sovet dönəmində yaşayıb yaratsalar
da, Azərbaycan Nizamişünaslığı hələ
sovet dönəmindən əvvəl və sovet dönəmi
ilə əsla bağlı olmayan müəlliflərin adı
ilə bağlıdır.
Hələ
XIX əsrdə Azərbaycan müəllifləri Abbasqulu
ağa Bakıxanov, M.F.Axundzadə, daha sonra M.S.Ordubadi, Firudin bəy
Köçərli Nizami yaradıcılığına öz
əsərlərində toxunmuşlar, bioqrafik məlumatlar
vermişlər.
Amma sırada iki ad, iki kitab dəyərli, tutarlı və
inkaredilməzdir. Belə ki, 1951-ci ildə görkəmli
şəxsiyyət və dövlət xadimi, AXC-nin
yaradıcılarından biri, eyni zamanda, alim, publisist, dramaturq
M.Ə.Rəsulzadə Ankarada “Azərbaycan şairi Nizami”
monoqrafiyasını çap etdirir. Özünün
yazdığına görə, bu əsər 1951-ci ildən
çox əvvəl hazır idi və onun çapının
gecikməsi həyatının çətinlikləri və
II Dünya müharibəsinin başlanması səbəbindən
oldu. M.Ə.Rəsulzadənin Nizami
haqqında qələmə aldığı monoqrafiya Azərbaycan
Nizamişünaslığının ən parlaq elmi əsərlərinin
ön sırasındadır. Bu əsər heç zaman
sovet ideologiyası və ideoloji sifarişlə bağlı ola bilməz.
İkinci kitabın adı “Şeyx Nizami”dir. Kitabın
müəllifi XX əsrin əvvəllərinin Gəncə
maarifçi-ziyalılar çevrəsinin tanınmış
nümayəndəsi, Gəncə Seminariyasının məzunu
və sonralar müəllimi Mirzə Məhəmməd Axundzadədir. Kitab 1909-cu ildə
Gəncədə Hacı Həsənzadə mətbəəsində
Azərbaycan dilində ərəb əlifbası ilə
çap edilmişdi.
Bu misallar Azərbaycan
Nizamişünaslığının sırf 30-cu illərdən
sonra, sovet ideologiyasının, hətta Stalinin mədəni
planının bir hissəsi kimi deyil, obyektiv və müstəqil
elmi tarixinin olduğunun göstəricisi və sübutudur.
Əlbəttə,
Nizamişünaslığın dəyərli hissəsinin
böyük qismini fars alimlərinin əsərləri
təşkil edir. İranda Vəhid Dəstgerdi,
Səid Nəfisi, Əli Əkbər Şəhabi və bir
çox başqaları Nizami haqqında dəyərli əsərlər
yazmışlar. Xüsusi olaraq qeyd etmək istərdim
ki, bu gün təqdim etdiyimiz kitab 1957-ci ildə Tehranda fars dilində “Nizami, şaere-bozorge-Azərbaycan”
adı ilə çap edilmişdir. Fars dilinə
Hoseyn Məmməd-zadə Sədiq tərəfindən
çevrilmişdi. Bu işə görə fars alimlərinə öz təşəkkürümüzü
bildiririk. Həmçinin türk alimlərindən
Əhməd Atəş, Nihad Banarlı, Əhməd
Kabaklı və başqaları da Nizami irsini tədqiq
etmişlər.
Avropa şərqşünaslığında Nizami
yaradıcılığına maraq əsasən XVIII-XIX əsrlərdən
qaynaqlanmağa başlamışdır. 1871-ci ildə
macar alimi Vilhelm Baxer Leypsiqdə “Nizami və əsərləri”
monoqrafiyasını alman dilində çap etdirir. 1836-cı ildə ingilis alimi Ceyms Atkinson “Leyli və
Məcnun” poemasını ingilis dilinə çevirir. Edvard Braun XIX əsrin sonlarında öz əsərlərində
“İsgəndərnamə”yə aid fikirlər yazır.
Məşhur şərqşünas Hammer “İsgəndərnamə”dən
100-ə qədər beyti alman dilinə tərcümə edir.
Beləliklə, Nizami milli kimlik və etnik mənsubiyyət
çərçivəsini yaran universal fiqur və universal bəşəri
dəyərli ədəbiyyatın möhtəşəm
nümayəndəsidir. O, öz “Xəmsə”si ilə Şərqin qədim vəhdəti–vücud
fəlsəfəsinin, bu gün dəbdə olan multikulturalizm
termininin mahiyyətini hələ o dövrdə “Yeddi gözəl”in
nümunəsində bədii əksini yaratmış oldu.
Onun sənəti və bədii sözü ilahi
enerjisinin transformasiyası kimi insanı, məhəbbəti, ədəbiliyi,
daxili aləmin kamilliyini bəşəriyyətin əsas
qoruyucu çətiri və səddi kimi bədii obrazlarla təqdim
və təsvir etdi.
Bizim məqsədimiz Nizaminin, məhz onun dahi
yaradıcılığının etik-estetik qayəsinə
uyğun olaraq təqdim və təsdiq etməkdir. Şeyx Nizami heç zaman
parçalayıcı, ixtilaf yaradan fiqur olmayıb və ola da bilməz. Çünki onun
yaradıcılığı insanları və məmləkətləri
birləşdirici qüvvəyə malikdir. Nizamiyə görə, müxtəliflik
qaçılmaz və obyektivdirsə, deməli, bir araya gəlmək
bacarığı və istəyi də, vəhdətə can
atmaq arzusu da inkarsız, labüd və mütləqdir.
“Qoy hamı bilsin ki, mənim şair könlüm iki hərf
ilə hər şey yarada bilir!”
Bu kitabın ərsəyə gəlməsində
professor Herziqin dediyi kimi, insan əməyi çox əziz və
qiymətlidir.
Mən öz təşəkkürümü
hörmətli professor Herziqə bildirmək istəyirəm.
O, məni və kitabın ərsəyə gəlməsində
əməyi olan hər kəsi vurğuladı. Buna
görə ona təşəkkür edirəm. Amma həqiqət ondan ibarətdir ki, professor Herziqin
və Oksford Universitetinin dəstəyi olmasaydı, mən
heç nə edə bilməzdim. Mən
anlayıram ki, 800 illik tarixə malik universitet özündən
kiçik olanlara çox nəvaziş ilə yanaşır.
Oksford Universitetinin bütün heyətinə təşəkkür
edirəm. Mən bu gözəl məkanda
bizim tədbirimizin keçirilməsinə şərait yaradan
Lord Leyton Muzeyinin rəhbərliyinə öz təşəkkürümü
bildirirəm. Əlbəttə, mən
Britaniyanın “Gilgamesh” nəşriyyat evinə və onun rəhbəri
Maks Skotta öz təşəkkürümü bildirirəm.
Mən bütün kitabsevərləri
alqışlayıb, təşəkkür edirəm. Təşkilati
məsələlərdə bizə böyük dəstək
olmuş Azərbaycan Respublikasının səfirliyinə
öz təşəkkürümü bildirirəm. Kitaba ön sözü yazan Elçin müəllimə,
tədbirə gələn qonaqlara - Akif müəllim, Rasim
müəllim, Nizami müəllimə öz təşəkkürümü
bildirirəm. Burada əyləşən
Oksford Universitetinin və Britaniyanın digər aparıcı
universitetlərinin alimlərinə, tələbələrə
və yüksək qonaqlara öz təşəkkürümü
bildirirəm.
Onu da qeyd edim ki, mənim atam Bertelsi şəxsən
tanıyırdı, babam yazıçı Mir Cəlal
Paşayev Bertelsi evimizdə qonaq etmişdir. Dünyada olan
alimlər həmişə dünyada olsunlar, dünyadan
köçüb gedənlərin isə ruhu həmişə
üstümüzdə, yüksəkdə olsun. Hamınıza bir daha təşəkkür edirəm”.
Xalq
Yazıçısı Elçin Əfəndiyev
çıxışında deyib: “Oksford Universitetinin Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin
yaranması və artıq 5 ilə yaxın bir dövrdə fəaliyyəti
son dərəcə böyük ədəbi, elmi, ictimai,
siyasi əhəmiyyətə malik bir hadisədir. Mən onun şahidi idim ki, hörmətli akademikimiz
Nərgiz Paşayeva hansı bir həvəs ilə, hansı
bir şövq ilə bu Mərkəzin yaradılmasına
çalışırdı. Əziz
dostlar, mən yenə də fürsətdən istifadə edib
həm Oksford Universitetinin müəllim heyətinə, həm
də akademik Nərgiz Paşayevaya bu Mərkəzin
yaradılmasındakı fəaliyyətlərinə görə
təşəkkürümü bildirirəm. Nizami Gəncəvi Azərbaycanın Gəncə
şəhərində anadan olub, lakin onun
yaradıcılıq diapazonu o qədər geniş idi, onun
fikirləri, humanizmi, tolerantlıq və ədalətə
çağırış ideyaları o dərəcədə
idi ki, o, milli çərçivələrə
sığmadı. Akademik Nərgiz
Paşayevanın dediyi kimi, bu gün Nizami nə dərəcədə
Azərbaycan sənətkarıdırsa, o dərəcədə
də böyük ingilis şairidir, böyük bəşəri
sənətkardır. Hörmətli
professor E.Herziq qeyd etdi ki, bu gün Nizami dünyada məşhurdur.
Bu, həm yaradıcılıq baxımından
belədir, həm də cismani baxımdan. Nizami
adı Azərbaycanda ən geniş yayılmış adlardan
biridir. Bu gözəl gecənin rəmzi
hadisəsi hesab etdiyim bir məqamı da diqqətinizə
çatdırmaq istəyirəm. Buraya gələn
bizim böyük filoloqumuzun adı da Nizamidir. Təxminən
900 il bundan əvvəl yazıb yaradan
Nizaminin adı da bu gün alimlərimizdə, akademiklərimizdə
yaşayır və ona görə də bu hadisəni mən
rəmzi hesab edirəm. Əziz dostlar, bir məqama
da diqqət çəkmək istərdim. Nizami
Gəncəvi Mərkəzi kimi bir Mərkəzin Oksford
Universitetində yaranmasının, həmçinin siyasi əhəmiyyət
daşıdığını qeyd etmək istəyirəm.
Nəyi nəzərdə tuturam? İlk növbədə, bu gün böyük bir bəla
bəşəriyyətin başı üzərindən
asılıb – bu, terrorizmdir. Bu, elə bir
qüvvədir ki, bütün bəşəriyyəti məhv
etmək istəyir. Terrorizmin milliyyəti və
coğrafi məkanı yoxdur. Təəssüflər
olsun ki, terroru bəzən Şərq və İslam dünyası
ilə bağlayırlar, bəzən eyniləşdirirlər.
Belə hesab edirəm ki, bu gözəl aurada
keçən məclis həmin iddialara gözəl bir
cavabdır. Şərqin, belə deyək,
Nizaminin humanizmi heç vaxt terror yarada bilməz. Çünki terrorçunun dini, milliyyəti,
valideynləri yoxdur. Mən bir daha Oksford
Universitetinin rəhbərliyinə, akademik Nərgiz
Paşayevaya təşəkkür edirəm. Əminəm ki, bu Mərkəz zaman keçdikcə
daha müsbət nailiyyətlər əldə edib yeni töhfələr
verəcək”.
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif
Əlizadə öz çıxışında
vurğulayıb: “Bertelsin kitabının burada təqdimatı,
akademikimiz Nərgiz Paşayevanın bir alim, bir istedad sahibi
kimi Oksford Universitetində təmsil olunmağı
böyük bir qələbədir. Nizami Gəncəvini
850 ildən artıqdır bütün dünyadaki alimlər,
şairlər, akademiklər öyrənirlər, təhlil
edirlər. Nizami Gəncəvi bu gün
Avropaya böyük pəncərə açır. Mən bilirəm ki, bu gün Nərgiz Paşayeva da
öz fəaliyyəti ilə I Pyotr kimi Avropaya yeni pəncərə
açır. I Pyotr o pəncərəni
siyasi məqsədlər üçün açırdı,
lakin Nərgiz Paşayeva elmi akademik intellektual pəncərə
açır. Mənə elə gəlir
ki, bu kitabın ingilis dilinə tərcüməsini Azərbaycan
elminin nailiyyəti hesab etmək olar. Çünki
bütün dünya bu gün ingilis dilində
danışır, ingilis dilində təhsil alır. Nərgiz Paşayeva öz
çıxışında Nizami Gəncəvi haqqında hərtərəfli
danışdı və mən dahi şairimiz haqqında
danışmağı özümə rəva bilmirəm.
Amma bir şeyi qeyd etmək istəyirəm ki, Nərgiz
Paşayeva bu böyük addımı ataraq özünəməxsus
bir uğura imza atmışdır. Nərgiz
xanım bu gün Azərbaycan təhsilini yenidən quran,
yaradan bir mütəxəssis kimi fəaliyyət göstərir.
Mən hər il Nərgiz xanımın rəhbərlik
etdiyi universitetin “Məzun günü” tədbirində
iştirak edirəm və hər il məndə belə bir təəssürat
yaranır ki, Azərbaycan təhsilinin, elminin gələcəyi
parlaqdır. Mən əminliklə deyə bilərəm
ki, Mərkəz fəaliyyətini uğurla davam etdirəcək
və bir müddət sonra Avropanın başqa şəhərlərində
Nizami haqqında kitablar nəşr olunacaqdır. Bu yaxınlarda mən italyan alimlərindən təklif
almışam. Onlar bizdən razılıq
istəyiblər ki, Bertelsin bu kitabını italyan dilinə tərcümə
etsinlər. Bir sözlə, demək istəyirəm
ki, fəaliyyət davam edir və Nizami
yaradıcılığı, onun dahiliyi, azərbaycanlılığı
Avropada və dünyada addımlayır”.
Daha sonra
akademik A.Əlizadə diqqətə çatdırdı ki, Azərbaycan
Milli Elmlər Akademiyasında dahi Nizami adına
qızıl medal təsis edilib. “İldə bir
Azərbaycan aliminə və bir xarici alimə həmin medal təqdim
edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti belə qərara gəlib ki, bu il
qızıl medala Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin
rəhbərləri Nərgiz Paşayeva və professor Robert
Hoyland layiq görülsünlər. Qeyd etmək istəyirəm
ki, Nərgiz xanımın elmi fəaliyyəti nəzərə
alınaraq, bu il may ayının 2-də o,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü seçilib”, - deyə akademik A.Əlizadə
bildirib.
Sonra AMEA-nın prezidenti Akif Əlizadə Nərgiz
Paşayevaya akademik diplomunu təqdim edib.
Tədbirdə, həmçinin qonaqlara muğam
ustası, xanəndə Fərqanə Qasımovanın
ifasında konsert proqramı da təqdim olunub.
Beləliklə,
Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin
uğurlu layihələrindən biri olan “Böyük Azərbaycan
şairi Nizami” kitabının ingilis dilinə akademik tərcüməsinin
təqdimat mərasimi yüksək səviyyədə
keçdi və böyük marağa səbəb oldu. Qeyd edək
ki, 2013-cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü
ilə Oksford Universitetində yaradılan bu Mərkəz Birləşmiş
Krallıqda Azərbaycanı hərtərəfli, sistemli
öyrənən ilk və yeganə elmi-akademik qurumdur. Fəaliyyət göstərdiyi qısa müddət
ərzində bu qurum Oksford Universitetinin funksional elmi tərkib
hissəsinə çevrilə bilib. Nizami Gəncəvi
Elmi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul
edilmiş və tanınmış struktur bölməsi olaraq,
həmin universitetin təkcə Şərqşünaslıq
fakültəsi ilə bağlı məsələləri
deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə
elm və təhsillə bağlı olan bütün məsələlərdə
Azərbaycan üzrə koordinator səlahiyyətlərinə
malikdir.
Orxan İsmayılov
İki
sahil.- 2017.- 9 iyun.- S.6.