Azərbaycanın yükdaşımalar üzrə tranzit rolu genişlənir
Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, təməli 2007-ci ildən qoyulan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edir. Azərbaycan üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan İpək yolunu əlaqələndirəcək BTQ vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları artacaq. Uzunluğu 828 kilometr olan “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin nəzərdə tutulan vaxtda istifadəyə verilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyə arasında aparılan danışıqlarda qədim “İpək Yolu”nun təşəbbüskarı kimi Azərbaycanın əhəmiyyətli rolu daim qiymətləndirilir. Layihəyə əsasən müəyyənləşdirilən, Gürcüstanın Marabda yaxınlığındakı stansiyada təməli qoyulan dəmir yolunun tikintisinə başlanması münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dəmir İpək Yolu” tikintidə iştirak edən, dəmir yolunun inşası üçün iradəsini ortaya qoyan tərəfdaş dövlətlərin birgə səyinin töhfəsidir.
Qeyd olunduğu kimi, Çindən gələn və əsasən Transsibir magistralı ilə daşınan yükləri Gürcüstandan keçərək İstanbula çatdıracaq, oradan isə Avropaya istiqamətləndirəcək layihə əsas tranzit mərkəzinə çevrilməklə iqtisadi səmərəlilik baxımından da böyük əhəmiyyətə malikdir.
Layihəyə görə, BTQ dəmir yolu ilə ilk mərhələdə 1 milyon sərnişin, 6 milyon ton yük daşınması nəzərdə tutulur. Sonrakı illərdə sərnişinlərin sayı 5 milyona, yüklərin həcmi 17 milyon tona çatdırılacaq. Layihənin gerçəkləşməsinə ilk günlərdən dəstək olan Qazaxıstan və Çin bəyan edib ki, BTQ ilə bu ölkələrə ildə 10 milyon ton yük daşınacaq. Bu yolun 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisinin payına düşür. Layihə maliyyə təminatı baxımından da fərqlidir. Belə ki, əvvəlki neft-qaz layihələrinin gerçəkləşməsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyindən istifadə edən təşəbbüskar dövlətlər böyük geosiyasi inqilab adlandırılan BTQ-nin çəkilişini yalnız öz vəsaitləri hesabına reallaşdırırlar. Bu sahədə Azərbaycanın xidmətləri isə önəmlidir. Belə ki, iqtisadiyyatının dinamik inkişafı sayəsində maliyyə imkanları artan Azərbaycan dəmir yolunun Gürcüstan hissəsinin inşası üçün dost ölkəyə 25 il müddətinə illik bir faizlə 200 milyon dollar kredit ayırıb.
Son illərdə dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranının davam etməsinə, maliyyə bazarının dəyişən qiymətləri ilə tənzimlənmə ehtiyacına baxmayaraq, layihənin tərəfdaşları dəmir yolunun çəkilişi üçün tələb olunan əlavə vəsaitləri təmin etməklə tikintini sürətləndirmişlər. Yerləşdiyi əlverişli coğrafi mövqedən, enerji layihələrindən əldə olunan vəsaitlərdən istifadə edərək BTQ-nin tikintisi üçün lazımi qədər vəsait ayıran Azərbaycan bununla bir daha qüdrətli, müstəqil dövlət olduğunu sübuta yetirdi.
Ölkəmizin təşəbbüsü və başçılığı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi ciddi layihələr reallaşdırılmaqdadır. Azərbaycan bu layihələri reallaşdırmaqla, eyni zamanda “Şimal-Cənub” layihəsi çərçivəsində, öz dəmiryol xəttini İran dəmiryol xəttinə birləşdirməklə “İpək Yolu”nun Cənubi Qafqaz və Xəzər regionunda şaxələndirilməsinə nail olacaq.
Açıqlamalara görə,
Şərqlə Qərb arasında il ərzində
təxminən 40 milyona yaxın konteyner hərəkət edir.
Bu konteynerlərlə müxtəlif
yüklər daşınır. Azərbaycan isə
artıq həmin yüklərin daşınmasında mühüm halqalardan birinə
çevrilir. İlkin
hesablamalara görə, “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizi üzrə il
ərzində 10-15 milyon ton
yük daşınması
planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər
əldə edə bilər. Bu, təxminən ildə
250-300 milyon dollar deməkdir.
Ümumiyyətlə, bu layihələrin
reallaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan,
İran Azərbaycan, Gürcüstan
üzərindən keçməklə, şimalda
Rusiya və oradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə
üzərindən Avropaya, əksinə
yüklərin daşınmasına imkanlar
yaradacaq.
Önəmli nəqliyyat layihələrinin reallaşması ölkəmizin qeyri-neft məhsullarının, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılan keyfiyyətli ərzaqların ixracını da sürətləndirəcək. Ən əsası isə yüklərin mənzil başına qısa yolla, az müddətdə çatdırılması təmin olunacaq. Belə ki, indi 30- 40 günə ünvanına çatdırılan yüklər BTQ istifadəyə verildikdən sonra bu müddət 7 günə başa gələcək. “Cənub-Qərb” nəqliyyat dəhlizi İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldacaq. Vaxtın belə səmərəli təşkili yüklərin daşınması üçün lazım olan maliyyə vasaitlərinə qənaət olunmasına da təminat yaradacaq, marşrutların rəqabətədavamlılığını, əlverişli tariflərin tətbiqini təmin edəcək.
Cari ilin
may ayında
Çində keçirilən “Bir kəmər
- bir yol”
strategiyası” adlı beynəlxalq Forumda iştirak edən
Azərbaycanın nümayəndə heyəti tədbir
çərçivəsində yüklərin
daşınması ilə əlaqədar Azərbaycanla Çin arasında sənəd imzalayıb.
Sənəd SOCAR-la Çin Milli Neft Korporasiyası
(CNPC) arasında imzalanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat
dəhlizi barədə
ətraflı məlumatlar
verilib. Qeyd olunub ki, Azərbaycanın
Çinin “Bir kəmər - bir yol” strategiyasının iki istiqamətindən biri olan və
tarixi İpək yolu üzərində yerləşən ölkələr
arasında iqtisadi sahədə münasibətlərin
daha da genişləndirilməsini
nəzərdə tutan
“İpək Yolu”nun çəkilməsinə böyük töhfələr vermək
imkanları çoxdur.
Bu layihələrin
daha da inkişaf
etdirilməsi məqsədi
ilə Azərbaycan və Gürcüstan daha sıx əməkdaşlıq
edir. Xatırladaq ki, Azərbaycan
və Gürcüstan
dəmir yolu rəhbərləri arasında
dəmir yoluna konteyner daşımalarının
daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb.
Həmin sənədə
əsasən, Gürcüstanla
Azərbaycan arasında
dəmir yolu ilə konteyner daşımalarına rəqabətə
davamlı, eləcə
də 50 faizə qədər güzəştli
tariflər tətbiq olunmuşdur və bu qiymətlər yükdaşımalara
tətbiq edilir.
Xuraman İsmayılqızı
İki sahil.-
2017.-10 iyun.- S.8.