İtaliya mətbuatında Azərbaycanda qadınların cəmiyyətdə
roluna dair məqalə
yayımlanıb
İtaliyanın “Cronache di Napoli” və
“Cronache di Caserta” qəzetlərində italyan analitiklər Domeniko
Letisiya və Daniela Kafarellinin birgə müəllifi olduğu
“Azərbaycan qadınları keçmiş və gələcək
arasında” adlı məqalə dərc olunub.
Məqalədə Azərbaycan qadınlarının ölkəmizin siyasi, sosial, iqtisadi və mədəni həyatında yaxından iştirakı, dövlətin və cəmiyyətin inkişafında əvəzsiz rolu barədə geniş məlumat verilir.
Yazıda müəlliflər Azərbaycanın təkcə multikulturalizm sahəsində deyil, həmçinin gender bərabərliyi və qadınların hüquqlarının qorunması istiqamətində də dünyaya nümunə olduğunu bildirirlər. Məqalədə Azərbaycan dövləti tərəfindən qadınlara göstərilən xüsusi qayğıdan danışılır, ölkəmizdə sosial-iqtisadi, təhsil, mədəniyyət və əmək sahələrində gender bərabərliyinin təşviqi üçün hər cür şəraitin yaradıldığı vurğulanır. Bu istiqamətdə vacib addımlar kimi 1995-ci ildə Azərbaycanın BMT-nin “Qadınlara qarşı ayri-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyasına qoşulması, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Qadınların rolunun artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi”, həmçinin 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında imzaladığı fərmanlar haqqında məlumat verilir.
Məqalədə tarixboyu Azərbaycanda qadınların dövlətin və cəmiyyətin idarəçiliyinin həyata keçirilməsində əhəmiyyətli rol oynadıqları, ən mühüm qərarların qəbul edilməsində kişilərlə bərabər yaxından iştirak etdikləri bildirilir. 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də müsəlman Şərqində ilk dəfə olaraq qadınlara səs hüququnun verildiyi qeyd olunur.
Həmçinin Azərbaycan qadınlarının elm və təhsil sahəsində də böyük nailiyyətlər qazandıqları bildirilir, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva və tanınmış ədəbiyyatşünas, şərqşünas və tənqidçi-alim Aidə İmanquliyevanın xidmətləri sadalanır.
Müəlliflər
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müasir Azərbaycan dövlətçiliyi və
cəmiyyətinin inkişafında fəal iştirak
edən Azərbaycan qadınının ən parlaq
siması olduğunu bildirir,
onun Azərbaycanın tarixi
və mədəni irsinin
qorunmasında əvəzsiz töhfələrindən söz açırlar.
İki sahil.-
2017.-10 iyun.- S.9.