1993-cü ildən başlayaraq Azərbaycan inkişaf yolu ilə gedir

 

Ölkə Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bir daha bu reallığı diqqətə çatdırdı ki, Azərbaycan xalqının müdriklik göstərərək ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsi ilə bugünkü uğurların əsası qoyuldu

28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev bir daha diqqəti müstəqilliyimizin ilk illərində ölkəmizin yaşadığı duruma yönəldərək bildirmişdir ki, 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi: “Azərbaycan xalqı müdriklik göstərərək böyük lideri-Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildən sonra Azərbaycanda inkişaf dövrü başlamışdır və bu gün bu dövr davam edir...Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi. Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir.”

Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisinin reallıqda öz əksini tapdığı təsdiqlənir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yerirolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu uğurlar göydəndüşmə deyil, böyük səylərin və qətiyyətin nəticəsidir. 1993-cü ilin bu günlərini yada salaq. Həmin dövrdən bizi 24 illik zaman fasiləsi ayırır. Hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi xalqın sabaha ümidlərini heçə endirmişdir. Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan xalqı vəziyyətdən çıxış yolu axtarırdı. Belə çətin məqamda  Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. İyunun 9-da Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.

Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyası önə çəkilir. Dahi şəxsiyyət Heydər Əliyev uğurlu daxilixarici siyasəti ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. Məhz onun xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi. Məhz tarixi paralellər 1993-cü il 15 iyunun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılmasını şərtləndirən amillərə işıq salır. Ulu öndər Heydər Əliyev üçün ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. 1993-cü ilin oktyabrında Prezident seçilən Ulu Öndər andiçmə mərasimində bildirmişdir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.” Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını daha da artırdı. Ulu öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək, ölkədə ictimai-siyasi sabitliyin qorunmasını hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Uğurlu siyasət Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu. Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin  imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu sazişdən sonra imzalanan onlarla müqavilə, Anlaşma Memorandumları Azərbaycanın bu gününə, sabahına olan inamdan qaynaqlanır.

Artıq qeyd etdiyimiz kimi, bu gün dünya TAP, TANAP, “Cənub” Qaz Dəhlizi layihələrindən və perspektivlərindən bəhs edir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə Azərbaycan dünya enerji bazarına yollarını daha da genişləndirdi, çoxtərəfli əməkdaşlığın qurulması üçün imkanlar yarandı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.

Ulu öndər Heydər Əliyev iqtisadisiyasi islahatların vəhdətliyini qarşıya mühüm vəzifə kimi qoyurdu. Azərbaycanın demokratiya yolunda inamlı addımları dahi şəxsiyyətin uğurlu islahatlarından qaynaqlanır. Azərbaycanın demokratik inkişafını qəbul etməyən daxilixarici qüvvələr hər vəchlə bu yolda böyük maneələr yaratmağa çalışırdılar. Ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq yolunda hansı maneələrlə üzləşdiyi hər kəsə məlumdur. Lakin ulu öndər Heydər Əliyev uğurlu addımları ilə bu maneələri dəf etdi, 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul olundu, həmin ilin yanvarın 25-də Azərbaycanın bayrağı bu mötəbər qurumun qarşısında dalğalandı. Beləliklə, ölkəmiz öz həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün növbəti tribunanı əldə etdi. Bu uğurumuzu şərtləndirən əsas amillər təbii ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində insan hüquqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, demokratik seçkilərin keçirilməsi, çoxpartiyalı sistemin yaradılması və s. kimi sahələrdə uğurların əldə edilməsi idi. Bu addımların nəticəsidir ki, hazırda Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Dövlətimizin başçısı Respublika Günü münasibətilə rəsmi qəbulda da bu məqamı xüsusi qeyd etmişdir: “Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz varbu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır.”

Artıq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizin səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkir. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlukəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsidir.

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə keçirilən andiçmə mərasimində bu əsas məqamı da diqqətə çatdırmışdır ki, belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Məhz xalq-Heydər Əliyev birliyi, həmrəyliyi bugünkü uğurların təməlində dayanır. Aforizmə çevrilən “Heydər Əliyevin adı çəkiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev düşünülürfikri də reallıqlara əsaslanır. Ulu Öndər bildirmişdir: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Tarixi paralellər fonunda Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmətlə səciyyələnir. Əbəs yerə deyilmir ki, dövlət o zaman güclü, qüdrətli olur ki, onun güclü, xalqını düşünən lideri var. Azərbaycan tarixində, xalqın yaddaşında ulu öndər Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və qalacaqdır.  Birinci hakimiyyəti illərində iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı Qırmızı Bayraqlar ölkəsinə çevirən  ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə nail olaraq bugünkü uğurlarımıza yol açdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət quruculuğuna yolu məhz onun hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bu gün müdafiə qüdrəti ilə fərqlənən Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı.

Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Məhz həmin dövrdə ölkəmizə qarşı ədalətsiz “907-ci düzəliş” qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən fəaliyyətinin əsas istiqamətlərindən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Uğurlu daxilixarici siyasət nəticəsində erməni yalanları ifşa olundu, dünya Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini öyrənməyə çalışdı. 2001-ci ildə ABŞ-da baş verən terror aktı, eyni zamanda Azərbaycan dövlətinin diplomatik səyləri nəticəsində “907-ci düzəliş”in ədalətsizliyi təsdiqləndi. Ulu öndər Heydər Əliyevin elə bir ölkəyə səfəri olmazdı ki, aparılan danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəltməsin.  Xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapır. Bu təhlillər əsasında mütəmadi səsləndirilən “Qurtuluş Azərbaycana nə verdi” sualına cavablardan biri məhz budur ki, Azərbaycan beynəlxalq təcriddən informasiya blokadasından çıxa bildi. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.

Təbii ki, bir yazı çərçivəsində Qurtuluşun ölkəmizə qazandırdığı uğurları əhatə etmək qeyri-mümkündür. Ümumiləşdirilmiş şəkildə desək, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın ifadəsini yaratmaqla yanaşı, onun ideyalarının dünənimiz, bu günümüz və gələcəyimiz üçün əsas olduğunu bir daha indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2017.-14 iyun.- S.5.