Xalqımızda sənətə sevgi,
sayğı, hörmət sonsuzdur
Əslində bugünkü müsahibimizi Azərbaycanda yeddidən yetmiş yeddiyə hər kəs tanıyır desək yanılmarıq. Bu dəfə “İki sahil” qəzetinin suallarını hər zaman özünəməxsus geyim tərzi, səliqə-səhmanı, pozitiv enerjisi ilə insanların sevgisini qazanan, eyni zamanda 90-a yaxın filmi, Azərbaycan mədəniyyətinə əvəzsiz xidməti ilə yaddaşlarda qalan bir insan- Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Arif Qazıyev cavablandırır
- Arif müəllim, əhvalınız
necədir? Özünüzü necə hiss edirsiniz?
- Şükür Allaha. Yaxşı olmağa çalışıram. Hərdən səhhətim sözümə baxmır. Rahat yeriyə bilmirəm, çox sağ olsunlar yaxşı dostlarım. Kömək edirlər, əlimdən tuturlar. Bir təhər yaşayıram. Amma görmək istədiyim işlər çoxdur. Çəkmək istədiyim filmlər var. Qismət olsa fikrimdə tutduğum işlərin hamısını görüb qurtarmaq istəyirəm.
- Ən son müsahibənizdə qeyd etmişdiniz ki, “Vağzalı” filminin
üzərində işləyirsiniz...
- Həmişə çəkməyə nəsə var. “Vağzalı” mahnısı haqqında film çəkmişəm. Amma işlər tam yekunlaşmayıb. Təəssüflər olsun ki, indi toylarda bəylə gəlin “Mendelson”la zala daxil olurlar. Gül kimi “Vağzalı”-mız var. Onu yaddan çıxartmaq olar?
- Çəkdiyiniz filmlərin çoxu
Azərbaycan sənətkarlarına həsr olunub.
Hətta muğamlarımıza həsr olunan
filmləriniz də var. Niyə film fəaliyyətinizi ancaq
mədəniyyət mövzusu ilə məhdudlaşdırdınız?
- Maraqlı sualdır. Amma çəkdiyim filmləri digər janrda çəkilən filmlərlə müqayisə edəndə görünür ki, heç də digər filmlərin ərsəyə gəlməsində az əziyyət çəkməmişəm. Bu janrda işləmək xüsusi həvəs, qabiliyyət tələb edir. Bu yaxınlarda, iyunun 22-də “Şur” filminin təqdimatı olacaq. Bu filmi neçə il əvvəl çəkmişəm. O vaxt ulu öndər Heydər Əliyev mənə dedi ki, Qaziyev, sən digər muğamlara da film çəkməlisən. Gərək bunun üçün şərait yaradılsın. İnanıram ki, digər filmlərim üçün də mənə şərait yaradılacaq və muğamlarımızın hər birinə aid film çəkə biləcəyəm. Bu kömək tezləşdirilməlidir. Çünki Arif Babayev, Əlibaba Məmmədov və s. kimi görkəmli sənətkarların yaşları çoxdur. Mən onlardan istifadə etməliyəm. Qara Qarayev, Niyazi, Zeynəb Xanlarova, Rauf Hacıyev və s. sənətkarlar haqqında çəkilən filmlərim kimi bundan sonra da çəkilənlər də baxımlı, yaddaqalan olmalıdır.
- Səmimi, söhbətcil
insansız. Eyni zamanda
həmişə qadınların diqqət mərkəzində
olmusuz...
- Nə gözəl (gülür). Qadınlar da təmizliyi, gözəlliyi sevirlər. Həmişə qadınların tərəfini saxlayıram deyə, kişilərin məndən xoşu gəlmir.
Qadınlarsız biz heç kimik. İlk olaraq anamızı götürək. Məsələn, mən atasız böyümüşəm, ancaq hiss eləməmişəm ki, yetiməm. Amma anam dünyasını dəyişəndən sonra bunu hiss etdim...
- Söhbət qadınlardan düşəndə, sevgidən
danışmamaq günah olar...
-Düzdür (gülür). Sevgisiz yaşamaq mümkün deyil. Qadınlardan ruh alıram, ruhsuz da yaşamaq olmaz. Ümumiyyətlə qadınlar kişilərdən zəhmətkeş olurlar. Uşaqlığım kasıb keçib. Anam həmişə çörəyini yeməyib saxlayırdı, bilirdi ki, mən gecə durub çörək istəyəcəm. Qadınlar mərhəmətli, qayğıkeş, mehriban olurlar.
- Məhəbbəti neçə yaşınızda
tapdınız?
- Vallah
yadımda deyil (gülür).
Həyat yoldaşım da aktrisa idi. Gətirdilər ki, yeni filmdə
baş rolu bu qız oynayacaq.
Biri-birimizdən xoşumuz gəlmirdi,
həmişə mübahisə
edirdik. Sonra bilmirəm nə
oldu. Bir-birimizə aşiq olduq.
Evləndik. Övladlarımız oldu. Sonra o bir
daha filmdə çəkilmək istəmədi.
- Yoxsa siz mane oldunuz?
-Yox, mən qadağa qoymadım. Yəqin sonra başa
düşdü ki, ailə, övladlar daha vacibdir.
- Bu qədər işin arasında ailənizə necə vaxt ayıra bilirdiniz? Evdə sizin az-az tapılmağınız
problem yaratmırdı ki?
- Hara gedirdimsə,
ailəmi də özümlə aparırdım.
Heç
vaxt onları tək qoymurdum. Azərbaycanı qarış-qarış gəzdirmişəm övladlarıma.
Ona görə çox problemlərimiz olmurdu.
- Sizdən
söz düşəndə
həmişə geyiminizdən
danışırlar. Xüsusi
geyim zövqünüz
var...
-Əsas
odur ki, geyim insana yaraşsın. Düzünü deyim, mən geyinməyə çox bahalı paltarlar almıram. Elə ayaqqabılarım var ki, tikdirirəm.
Bir dəfə mötəbər
toyda idim. Tanınmış, imkanlı, mötəbər
adamlar var idi həmin toyda. Qonaqların arasında imkanlı insanlardan biri dedi ki, inciməyin
məndən bəlkə
də mənim kostyumum Arif müəllimin kostyumundan
4-5 dəfə bahadır,
amma yenə
də onun kostyumu gözəl görünür. Sən paltara
yaraşa bilməzsən,
gərək paltar sənə yaraşsın.
- Rejissor
olmasaydız hansı peşəni seçərdiniz?
-O vaxt Gəncədə Kənd Təsərrüfatı İnstitutu
var idi, əgər incəsənətə
gəlməsəydim, o instituta
girəcəkdim. Allah Fikrət Əmirova rəhmət eləsin, o vaxt məni gətirdi Bakıya. “Cücələrim” mahnısının ilk ifaçısı
mən olmuşam.
1948-ci ildə Mir Cəfər Bağırovun
qarşısında oxumuşam.
Hələ Gəncədə olarkən teatrda uşaq rollarını oynayırdım. Bu minvalla gəldim çıxdm bu yerə. Mehdi Məmmədov, Rza Təhmasib kimi görkəmli rejissorlar dərs deyib mənə.
- Arif
müəllim, xalqın
sevgisindən, hörmətindən
razısınızmı?
- Çox razıyam. Azərbaycan xalqında sənətə
sevgi, sayğı, hörmət sonsuzdur.
Sadəcə onu oyatmaq lazımdır. Azərbaycan xalqı
mərhəmətli, qayğıkeş,
mehriban xalqdır.
- Səmimi
müsahibə üçün
təşəkkür edirik.
Kollektivimiz adından sizə yaradıcılıq
uğurları, Allahdan
cansağlığı arzu
edirik.
- Çox sağ olun, dəvətiniz üçün. “İki sahil” qəzeti mənə doğma olan qəzetdir. Xoşdur ki, indi bu qəzetin əhatə dairəsi daha da genişdir. Artıq qəzetin intenet televiziyası fəaliyyət göstərir. Hər yerdə səmimi olmaq olmur. Bu ab-havanı yaratdığınız üçün təşəkkür edirik.
Şəfiqə Dadaşova
İki sahil.
- 2017.-14 iyun.- S.13.